Torpaqdan güc alan adam
- Mais, bəsdir,
özünü əldən saldın. Uşaqları
böyüdüb yerbəyer etmişik: Allaha şükür,
hərəsinin öz ailəsi, uşağı, evi-eşiyi.
Hər birinin ali təhsili var. Nə lazımdırsa, onlar
üçün valideynlik borcumuzu vermişik. Bundan sonra da nə
imkanımız olsa, köməyimizi əsirgəməyəcəyik.
Aldığımız təqaüd babat
yaşamağımıza, bəs
edər. Bundan sonra milyonçu olan deyilik. Odur ki, daşı
tök ətəyindən, sat o yaratdığın təsərrüfatı.
Yaşının bu ahıl çağında gəl otur
ev-eşiyində. Hər dəfə təsərrüfatdan gələndə
səni tanıya bilmirəm. İndi sənin istirahət etməli
vaxtındır. Axı, sən neçə illər müəllimlik
etmisən, vəzifələrdə işləmisən.
Mais
müəllim ömür-gün yoldaşının zəifləmiş
vücuduna, çuxura düşmüş gözlərinə
nəzər saldı. Bir neçə gün bundan öncə
endokrinoloq həkimin dediyi sözlər yadına
düşdü: "Şəkərli diabet xəstələrinə
xüsusi qayğı lazımdır. Onlar dərmanları
vaxtlı-vaxtında atmasalar, pəhriz gözləməsələr,
xəstəlik tədricən bədənin ayrı-ayrı
üzvlərini vurub sıradan çıxarır".
Həkimin
ömür-gün yoldaşı üçün dediyi
sözlərdən Mais müəllim bərk məyus oldu.
Gözü önünə gənclik, tələbəlik illəri
gəldi. Mais müəllim əslən Neftçala rayonunun Cəngan
kəndindəndir. Bu yaşayış məntəqəsini
Salyan şəhərindən Kür çayı
ayırır. Qıvrıla-qıvrıla axıb keçən
çayın Muğan tayında Salyan şəhəri,
Şirvan tayında isə Cəngan yerləşir. İndinin
özündə də bu kəndin əhalisinin
bazarlığı, alış-verişi əsasən Salyan
şəhəri ilə bağlıdır. Mais müəllim
də bu kənddə doğulub boya-başa çatıb.
Bütün kənd uşaqları kimi o da dərslərindn
sonra qoyun-quzu otarıb, həyətlərindəki tənəklərin,
ağacların dibini belləyib, sulayıb, Kürün boz
bulanıq sularında çimib, tilov atıb, balıq tutub.
Yay tətillərində anası Məşədi Səkinə
arvada kolxoz tarlasında kömək edib - kətmən vurub,
pambıq yığıb. Bütün bunlar onun
yaddaşında silinməz izlər buraxıb. 1955-ci ildə
Salyan şəhər 2 saylı orta məktəbi bitirib, H.Zərdabi
adına Gəncə Pedaqoji İnstituta qəbul olub. Tələbəlik
illərinin acısını, şirinliyini dadıb...
Mais
sarışın, şümal oğlan idi. İnstitutda Həqiqət
adlı tələbə qızla tanış olanda başa
düşür ki, artıq ömür-gün
yoldaşını seçib. Həqiqət Gəncənin məşhur
Xasməmmədovlar nəslindəndir. Qaməti, gözəlliyi,
mehribanlığı və ağlı salyanlı tələbə
oğlanı məftun etmişdi. Maisin də çevikliyi,
hazırcavablığı, gülər üzü, hər
şeydən baş çıxarmağa can atması və yaxşı
oxuması qızın ürəyincə idi. Mais onların həyətindəki
mənzillərdən birində kirayədə qalırdı.
Necə deyərlər, hər ikisi sanki bir-birinin ovcunun
içindəydi. İki gəncin mənəvi və ruhi
bağlılığı illər
ötdükcə pərvazlandı və hər ikisi anladı
ki, onlar üçün bir evdə, bir damın altında
yaşamaqdan böyük səadət yoxdur. Ali məktəbi
bitirdikdən sonra el adətincə toyları oldu. Salyan
rayonunun Çuxanlı kəndində müəllim kimi əmək
fəaliyyətinə başladılar. Hər gün evdən
məktəbə, günortadan sonra isə birlikdə evə tələsirdilər.
Payızda, qışda, küləkli-çovğunlu günlərdə
də, yayın istisində də palçıqlı,
toz-torpaqlı kənd yollarını qoşa
addımladılar. Halal zəhmətləri ilə qaranquş
kimi özlərinə yuva qurdular, ev tikdilər. Qızları
Təranə, Kübra, oğlanları Miryahya dünyaya gəldi.
Balalarının savadlı və ləyaqətli böyüməsi
üçün bilik və
bacarıqlarını əsirgəmirdilər.
Qısa
müddət ərzində işlədikləri müəllim
kollektivi və kənd camaatı arasında hörmət
qazandılar. Lakin Mais müəllimin ürəyində
heç özü də bilmədən bir hiss, arzu pöhrələnirdi.
Özünün dediyi kimi, bəlkə də bu onun kənd
mühitində doğulmasından, ağlı kəsəndən
torpaqla bağlı olmasından, atası Miryahya kişinin kəndlərində
kolxoz sədri işləməsindən və bu keyfiyyətlərin
qanla ona keçməsindən irəli gəlirdi. İstəyi
onu ikinci ali təhsil almağa, kənd təsərrüfatı
mütəxəssisi olmağa sövq edirdi.
1961-ci ildə
sənədlərini indiki Gəncə Kənd Təsərrüfatı
Akademiyasına verir və qiyabi olaraq orada təhsil almaq
hüququ qazanır. Lakin uşaqlarının dünyaya gəlməsi,
iş və ailə qayğıları ona bir müddət təhsilini
davam etdirməyə imkan vermir. Uşaqları pərvazlanandan
sonra təhsilinin arxasınca düşür. Ali məktəbdə
ona bildirirlər ki, müvafiq təlimata görə 3 il təhsildən
ayrılan adamlar mexaniki surətdə oradan kənarlaşdırılırlar.
Gənc oğlan çox mütəəssir olur. Nə edəcəyi
barədə düşünür. Dediyinə görə, o
vaxtkı SSRİ ali və orta ixtisas təhsili nazirinə
açıq məktub yazır ki, mən kənddə
doğulmuşam, canımla-qanımla torpağa
bağlıyam. Atam kənd təsərrüfatı
işçisi olub, anam da kolxozda kətmən vurub, pambıq
becərib. Bunları nəzərə alaraq təhsilimi davam
etdirmək üçün mənə kömək göstərilməsini
xahiş edirəm.
On beş
gün keçəndən sonra Mais müəllim cavab
alır. İstisna hal kimi ali təhsilini davam etdirmək
üçün ona icazə verilir. Beləliklə, Mais qiyabi
təhsil almaqla bərabər, müəllimlik fəaliyyətini
davam etdirir. İnsan cani-dildən seçdiyi sənətə,
peşəyə bağı olanda hörmət də,
şöhrət də özü gəlib onu tapır. O zaman
Salyan Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində
işləyən Nadir Abbasov kadrların seçilib yerləşdirilməsi,
gənclərin irəli çəkilməsi məsələsinə
xüsusi diqqət yetirirdi. Rayon partiya komitəsinin birinci
katibi idarə, müəssisə və kollektivlərdə
olarkən perspektivli kadrları gördükdə onların
qayğısına qalır, inkişaf etmələri
üçün əlindən gələni edirdi. Rayon təhsil
işçilərinin avqust ayında keçirilən
müşavirəsində Həqiqət müəllimin
çıxışını dinləyən raykom katibi bir
neçə gündən sonra onu qəbuluna
çağırtdırır.
Çalışdığı məktəbdə tədrisin
keyfiyyəti, uşaqların dərsə davamiyyəti ilə
bağlı ona suallar verir, siyasi hazırlığını
yoxlayır. Gənc müəllimə rayon mərkəzindəki
internat məktəbində direktor işləmək təklifini
eşidəndə tələsmir:
- Evdə
yoldaşımla məsləhətləşib sizə deyərəm
- cavabını verir.
Bir
neçə gündən sonra H.Xasməmmədova internat məktəbinə
rəhbərlik etməyə başlayır. Bir neçə
ay keçmişdi ki, Mais müəllim də rayon təhsil
şöbəsində inspektor işinə keçirilir. Hər
ikisi göstərilən etimadı doğrultmaq
üçün yorulmaq bilmədən
çalışırlar. Həqiqət müəllim
sonrakı illərdə Salyan Rayon Partiya Komitəsində
ideoloji məsələlər üzrə katib, rayon icraiyyə
komitəsinin sədri, Mais Ağalarov isə respublika Təbiəti
Mühafizə Komitəsinin Salyan Rayonlararası İdarəsinin
rəisi, kolxoz sədri vəzifələrində işləyirlər.
Sovetlər
birliyi dağıldıqdan sonra hər ikisi bir müddət
işsiz qalır. Sonradan H.Xasməmmədovanı Salyan 76
saylı texniki peşə məktəbinə direktor təyin
edirlər. Mais Ağalarov da bekar durmur. Rayonun Yenikənd kəndi
ərazisində öncə torpaq sahəsi götürür.
Orada kiçik ev, mal-qara saxlamağa tövlə tikir,
torpağı əkib-becərməyə traktor, kotan, mala,
presbağlayan alır. Şübhəsiz, bunların
hamısı birdən-birə hasilə gəlmir.
Yetişdirdiyi müxtəlif növ kənd təsərrüfatı
məhsullarını sataraq özünə "Niva"
markalı maşın alır, təsərrüfata lazım
olan işləri görür. Zəhmətkeşliyi, təsərrüfatçılığı
sayəsində hər şey qaydasında gedirdi. Lakin Həqiqət
müəllimin xəstəliyi elə şiddətlənir ki,
artıq işə də gedə bilmir. Yanında qalıb ona
qulluq etmək, dava-dərmanını vermək lazım idi.
Odur ki Mais müəllim təsərrüfatı satmaq qərarına
gəlir. Qurulu təsərrüfatın müştərisi isə
çox idi. Bir-iki yaxın adama fikrini bildirir. Bir həftədən
sonra telefonuna zəng gəlir. Görüşüb söhbət
etmək istədiklərini bildirirlər. Axşam saat 5-də
rayon mərkəzində görüşməyi vədələşirlər.
Dişi-dırnağı ilə yaratdığı təsərrüfatı
satmaq Mais üçün çətin olsa da, ürəyində:
"Eh! Malı-mülkü həmişə qazanmaq, əldə
etmək olar, əziz sandığın, 40 il bir yastığa
baş qoyduğun adamı isə təkrarən tapmaq
olmaz" - deyir. Odur ki, qiymət üstündə çox da
çək-çevir etmir:
- 6 aydan
sonra amansız ölüm həyat yoldaşımı əlimdən
aldı. Onu torpağa tapşıranda beynimdən, ürəyimdən
qəribə hisslər keçdi. Müqəddəs
kitabımızdakı "insan torpaqdan yaranır və sonra
da torpağa qovuşur" kəlamı yadıma
düşdü. Anladım ki, geci-tezi ona
qayıtdığımız üçün torpaq sıravi fəhlədən
tutmuş ən böyük simalaradək - hamımızın
son mənzili, qəbir evidir. Torpaq bir ana kimi bizi yedizdirir,
içizdirir, üstündə saxlayır və ana nəvazişi,
bir ana kədəri ilə qollarını açıb əbədi
ağuşuna alır. Torpaq
heç kimdən imtina etmir və heç kimə də xəyanət
etmir. Mais müəllim yaşa dolduqca kəlmələri də
müdrikliyi ilə seçilir. Ümumiyyətlə,
dünyaya, zamana Mais müəllimin öz baxışı
var. Onun fəlsəfi fikirləri adamı özünə
çəkir. Hərdən təbi gələndə şeir
də yazır. Deyir ki, insan dünyaya bir seyrçi kimi
baxmamalıdır. Çalışmalıdır ki, ondan elinə-obasına,
heç olmasa övladlarına bir nişanə, yadigar
qalsın. Onu da deyir ki, nə qədər gücü-qüvvəsi
var, insan çalışmalıdır ki, heç kimə
yük olmasın. Maşallah olsun, ömrünün 78-ci
baharını yaşasa da, sapsağlamdır. İndiyə
kimi bir dişi də düşməyib.
Ömür-gün
yoldaşını itirəndən sonra Mais müəllim
yaşıdlarına qoşulub istirahət etdi, xeyirdən-şərdən
qalmadı. Hər dəfə evə gələndə də
onu sıxan tənhalıqdan, üstünə gələn
divarlardan canını qurtara bilmədi. Yenidən torpaqla
ülfət bağlamaq qərarını verdi. Qonşu
Neftçala rayonunun Qaçaqkənd kəndindəki bir
mülkiyyətçidən 24 hektar torpaq sahəsi aldı.
Burada da yenidən ev, tövlə tikdi, az sayda mal-qara aldı.
Mais müəllim kənddə doğulub, boya-başa
çatdığından aqrar sahənin çətinliklərini
də, uğurlarını da yaxşı bilir. Təcrübəsindən
görüb ki, bir-iki il çətinliyə dözsən,
qarşıdakı illərdə bəhrəsini görəcəksən.
10 baş qoyunun artıb sürü, 5 baş inəyin 20-25
baş olacaq. Səpdiyin 4 ton taxıla qarşı 50 ton məhsul
götürəcəksən.
Mais
müəllimlə yaratdığı fermer təsərrüfatında
görüşdük. Yaz gəldiyindən əkdiyi müxtəlif
növ meyvə ağacları ağ, narıncı, çəhrayı
dona bürünmüşdü. Yamyaşıl taxıl, yonca
sahələri adamın ruhuna, gözlərinə dinclik gətirir.
Yenicə aldığı ağ rəngli "Niva" minik
maşını, traktor və digər texnika, fermaya
işıq çəkdirməsi sanballı təsərrüfat
yaratmaq cəhdindən xəbər verir. Mal-qarası uzaqda -
otlaqda idi. Özü isə sahənin kənarındakı tirənin
üstündə iş görürdü. Bizi görüb
ayağa qalxdı:
- Həmişə
siz gələsiniz, - dedi. Nə iş gördüyü ilə
maraqlandıq. Bildirdi ki, bir azdan bu boş qalan yerə
qarpız, boranı əkəcək. Boranı bitkisinin əhəmiyyətindən
xeyli danışdı. Evə dəvət etdi. Söylədik
ki, belə yaz havasını qoyub qapalı otağa girmək
düz deyil. Mais müəllim fikrimizlə razılaşdı:
- Mənim
kimi siz də deyəsən, təbiət vurğunusunuz - dedi, - onda gəlin bura. - Həyətdəki
taxtadan düzəldilmiş oturacaqda əyləşdik. Xeyli
söhbət etdik. Öyrəndik ki, nə keçmiş, nə
də indiki təsərrüfatını yaradanda dövlətdən
bir manat da olsun, kredit götürməyib. Beş-altı adam
üçün iş yeri açıb. Hərdən xəyalı
keçmişə də pərvaz edir, ötən günləri
yada salır, olanları-keçənləri yad edir:
- Hərənin
bir taleyi var. Hər kəs də Allah verdiyi bu ömür
payını, qismətini bir cür yaşayır. Bir yerdə
oxumuşam ki, M.V.Lomonosov yaxın bir dostuna yazdığı məktubda
belə deyib: "Mən ölümümdən qorxmuram. Ondan
qorxuram ki, xalqım, vətənim üçün görə
biləcəklərimi edə bilməyim". Xoşbəxt o
kəsdir ki, həyatda özündən sonra bir izi, əməli
qalır, arzularını həyata keçirir. Yaxşı zəmanədir.
O kəslər həyatdan narazı olurlar ki, zəhməti
sevmirlər, düşünüb-daşınmırlar, asan
yolla pul qazanmağa, varlanmağa, yüngül həyat tərzi
keçirməyə can atırlar. Şükürlər
olsun, Vətənimiz, onun bir parçası olan
Salyanımız gündən-günə inkişaf edir,
abadlaşır. Prezident cənab İlham Əliyev
bütün sahələr kimi kənd təsərrüfatının
inkişafı, ərzaq təhlükəsizliyi ilə
bağlı çox işlər görür. Bu, hər
birimizi ruhlandırır. Ukraynada baş verən hadisələri
televizorda görəndə ürəyim ağrıyır. O
cür dövlət məkrli siyasət nəticəsində
dağılıb gedir. Allah belə bəlalardan qorusun Azərbaycanımızı.
Gün o gün olsun ki, Qarabağ torpağı düşmən
tapdağından azad olsun - dedi.
Seyran CAVADOV,
Azərbaycan.-2014.- 6 aprel.- S.6.