Səhiyyə sisteminin müasirləşdirilməsi daim diqqət mərkəzindədir

 

Ümumdünya Səhiyyə Assambleyasının təşəbbüsü ilə 1950-ci ildən dünya ictimaiyyəti hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününü qeyd edir. 1948-ci ilin məhz bu günündə Birləşmiş Millətlər Təşkilatının səhiyyə məsələləri üzrə ixtisaslaşmış agentliyinin - Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılması dünya üzrə qlobal səhiyyə məsələlərinin müzakirəsi, tənzimlənməsi və həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.

Aprelin 7-də ÜST üçün prioritet sayılan problemlər diqqət mərkəzinə gətirilərək geniş müzakirələrə səbəb olur, uzunmüddətli maarifləndirmə proqramları həyata keçirilir. Başqa sözlə, Ümumdünya Sağlamlıq Günü səhiyyə sahəsində beynəlxalq ictimaiyyəti düşündürən başlıca problemlər gündəmə gətirilir, onların həlli yolları üçün geniş imkanlar açılır. Aprelin 7-də Azərbaycanın səhiyyə müəssisələrində də, bu sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarında, ümumən cəmiyyətdə səhiyyə məsələləri ilə bağlı çoxsaylı tədbirlər keçirilir, aktual məsələlər önə çəkilir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il prioritet olaraq bir mövzu dündəmə gətirilir. 2009-cu ilin sağlamlıq gününün mövzusu fövqəladə hallarda tibb müəssisələrinin təhlükəsizliyinə həsr edilmişdir. "İnsan həyatını xilas edək- fövqəladə hallarda xəstəxanaların təhlükəsizliyini təmin edək" devizi ilə keçirilən maarifləndirmə proqramlarında əsas məqsəd dağıntı və təbii fəlakət zamanı baş verən böhranlı və faciəli vəziyyətlərə dözümlü təhlükəsiz tibb müəssəsələrinin yaradılması olmuşdur. 2010-cu ilin Ümumdünya Sağlamlıq Gününün "Urbanizasiya və sağlamlıq" mövzusu urbanizasiyanın bütünlükdə dünya əhalisinin, o cümlədən ayrı-ayrılıqda hər birimizin səhhətinə zərərli təsinin etirafı olaraq seçilmişdir. Həmin ildə ÜST 7-11 aprel tarixində dünya üzrə "1000 şəhər - 1000 həyat" kampaniyası keçirmişdir. 2011-ci ildə sağlamlıq günü "Mikrob əleyhinə dərmanlara qarşı müqavimət: bu gün tədbir görülməsə, sabah müalicə mümkün olmayacaq" devizi altında aparılmışdır. 2012-ci ildə bu günün mövzusu "Sağlam səhhət ömrü uzadır" devizi altında yaşlanma və sağlamlıq məsələlərinə həsr olunmuşdur. Burada başlıca diqqət ona yönəldilmişdir ki, sağlamlıq yaşlı kişi və qadınların bütün ömrü boyunca dolğun və səmərəli həyat sürmələrinə yardım edir.   

XXI əsrdə sağlamlıq geniş sosial təmayüllər baxımından müəyyən edilir. İqtisadiyyatın qloballaşdığı, ailə modellərinin dəyişdiyi, texnologiyaların sürətlə inkişaf etdiyi, urbanizasiyanın artdığı bu əsrdə ən böyük sosial dəyişikliklərdən biri əhalinin yaşlanması məsələsidir. Tezliklə dünyada yaşlı insanların sayı uşaqların sayından və indiyədək olduğundan daha artıq olacaq. 2000-2050-ci illər arasında 80 və daha yaşlı insanların sayı təxminən dörd dəfə artaraq 395 milyona çatacaq. Qarşıdakı beş il ərzində bəşər tarixində ilk dəfə olaraq 65 və ondan yuxarı yaşlı insanların sayı 5 yaşa qədər uşaqların sayından çox olacaq. ÜST-ün Avropa üzrə Regional Ofisinin direktoru bildirib ki, Avropada ömür uzunluğunun artması böyük nailiyyətdir və biz uzunömürlülüyün artırılmasına həyat səviyyəsinin yüksəldilməsi ilə nail olmalıyıq. Ötən ilin sağlamlıq gününün mövzusu isə "Qan-damar təzyiqinə nəzarət et!" devizi altında hipertoniya xəstəliyinə qarşı mübarizə məsələlərinə həsr edilmişdir. Hipertoniya təbabətin ciddi problemi olaraq qalır. Bu, həm adi haldır, eyni zamanda orqanizm üçün ağır vəziyyətdir. Arterial təzyiqin kütləvi surətdə ölçülməsi zamanı müayinə olunanların təxminən 20-30 faizində onun yüksək olması aşkar edilmişdir. Qan təzyiqinin artması ilə insanın xarici mühitə uyğunlaşması arasında müəyyən əlaqə mövcuddur. Əgər insan onu əhatə edən mühitə uyğunlaşa bilmirsə, bu zaman orqanizmdə müxtəlif pozuntular əmələ gəlir ki, onlardan tez-tez təsadüf olunanı hipertoniyadır. Hipertoniya infarkt, insult və böyrək çatışmazlığı kimi ağır xəstəliklərin inkişaf riskini artırır. Təzyiqə nəzarət olunmayanda o, korluğa, aritmiyaya, ürək çatışmazlığına gətirib çıxarır. Yaş artdıqca təzyiqi olan insanların sayı da çoxalır - 20-40 yaşlarında on nəfərdən biri, 50-60 yaşlarında isə hər on nəfərdən beşi bu xəstəlikdən əziyyət çəkir. Bütün dünyada yaşlı adamların 40 faizində hipertoniya xəstəliyi mövcuddur. Bu da hər il 9 milyondan çox ölüm hallarının ilkin səbəbi kimi xarakterizə olunur.

2013-cü ildə Ümumdünya Sağlamlıq Gününün əsas məqsədi infarktların və insultların sayının azaldılması olmuşdur. Bunun üçün əhali arasında yüksək qan təzyiqinin fəsadları və səbəbləri barədə maarifləndirmə işini artırmaq, xəstəliyin profilaktikası və fəsadları barədə geniş informasiya vermək, özünənəzarətə nail olmaq, sağlam davranış normaları üçün əlverişli mühitin yaradılmasına çalışmaqs. hədəflərə ciddi əməl etmək başlıca mərama çevrilmişdir.

2014-cü ilin Ümumdünya Sağlamlıq Gününü ÜST "Kiçik sancma, böyük təhlükə" şüarı altında transmissiv xəstəliklərin ciddiartan təhlükəsilə əlaqələndirir. Dünya əhalisinin yarıdan çoxu ağcaqanadlar, milçəklər, gənələr, su ilbizləri və digər keçiricilər vasitəsilə otürülən malyariya, denge, leyşmanioz, Laym xəstəliyi, şistosomoz və sarı qızdırma kimi xəstəliklərin riskinə məruz qalır. Hər il bir milyarddan çox insan transmissiv xəstəliklərlə yoluxurbir milyondan artıq şəxs bu mərəzlərdən həyatını itirir.

ÜST həmçinin bu xəstəliklərin qarşısının tamamilə alınmasının mümkün olduğunu qeyd edir. Bu yaxınlarda nəşr edilmiş "Transmissiv xəstəliklərə dair qlobal xülasə" insanları infeksiyadan qorumaq üçün hökumətlərin, icma qruplarının və ailələrin görə biləcəkləri tədbirləri təsvir edir. ÜST-ün baş direktoru Dr. Marqaret Çan qeyd etmişdir ki, "XXI əsrdə heç kəs ağcaqanadın, milçəyin, mığmığanın və ya gənənin sancması nəticəsində vəfat etməməlidir".

2014-cü ilin Ümumdünya Sağlamlıq Günündə ÜST xəstəlik keçiricilərinə yenidən diqqət verməyə və təhlükəsiz su, sanitariyagigiyena təchizatını yaxşılaşdırmağa çağırır. Avropa regionunda yeni transmissiv xəstəliklər yaranır və kökü kəsilmiş hesab edilən xəstəliklər geri qayıdır. Əhalinin səyahəti, ekologiyada, iqlimdə və ətraf mühitdə baş verən dəyişikliklər, siyasisosial-iqtisadi vəziyyətin pisləşməsi və yoluxmanın qarşısını alan və nəzarət edən tədbirlərin pozulması yenilənən bu ictimai səhiyyə probleminin əsasını təşkil edir. Misal olaraq bundan əvvəl ölkə və ərazilərdə yoxa çıxan malyariyanın gözlənilmədən yenidən yayılmasıdır. Leyşmanioz, Krım-Konqo hemorragik qızdırma, gənə ensefaliti, Laym xəstəliyi və Çaqas xəstəliyi kimi bəlaların regionda baş verməsi və yayılması halları artır. Bu yaxınlarda denge, çikunqunya və Qərbi Nil virusunun əvvəllər rast gəlinmədiyi ölkələrdə baş qaldırması səyahət və ticarət, mümkün ekolojiiqlim dəyişmələri ilə bağlı potensial təhlükələrə işarə verir. 2014-cü ilin Ümumdünya Sağlamlıq Günü hökumətləri və insanları (səyahət edən insanlara xüsusi diqqət yetirməklə) yenidən meydana çıxan təhlükədən qorumaq işinə cəlb etmək üçün vacib imkan hesab olunmalıdır.

Malyariya Azərbaycanda ictimai səhiyyə səviyyəsində xüsusi təhlükə törədən yeganə transmissiv xəstəlikdir. Azərbaycanda malyariyanın uzun tarixi vardır. Əldə olan mənbələrə əsasən ölkəmizdə malyariyanın başvermə hadisəsi II Kir və Makedoniyalı İsgəndərin hərbi əməliyyatları dövrünə aid edilir.

Azərbaycanda malyariya ilə bağlı vəziyyət 1990-cı illərin başlanğıcında sürətlə pisləşməyə başlamışdı. 1993-1994-cü illərdə malyariya hallarının sayı 23-dən 667-dək artdı və 1996-cı ildə malyariya hallarının sayı 13135-ə çatdı. Bu əsasən pisləşən sosial-iqtisadi şərait, kənd təsərrüfatı işlərində dəyişiklik və kənd təsərrüfatı işçilərinin mövsümi miqrasiyası, o cümlədən silahlı münaqişə nəticəsində təxminən 1 milyon insanın məcburi köçkün olması ilə əlaqələndirilirdi. 1997-ci ildə Kür-Araz və Lənkəran düzənliklərində baş vermiş daşqınlar vəziyyəti daha da pisləşdirdi, çünki bu, ağcaqanad çoxalan sahələri nəzərəçarpacaq dərəcədə artırdı. 1997-ci ildən başlayaraq genişmiqyaslı epidemiyaya nəzarət işləri nəticəsində ölkədə malyariya ilə bağlı vəziyyət yaxşılaşmağa başladı.

2005-ci ildə Daşkənddə ÜST-ün Avropa Regionu ölkələrinin "Malyariyaya nəzarətdən onun eliminasiyasına (aradan qaldırılmasına) doğru" Regional Bəyanatı qəbul edildi. Son bir neçə il ərzində ölkədə malyariyaya nəzarətlə bağlı əldə edilmiş əhəmiyyətli nəticələri nəzərə alaraq Azərbaycan Daşkənd Bəyanatını imzaladı və 2008-2013-cü illər üçün Malyariyanın Eliminasiyası üzrə Milli Strategiya qəbul edildi. Bu strategiya 2008-ci il mart ayının 3-də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edildi.

Yeni milli strategiyanın son məqsədi 2013-cü ilədək malyariya ilə yerli yoluxmaların qarşısının alınması idi. Hazırda bu məqsədə nail olunmuşdur - 2013-cü ildə Azərbaycanda yerli yoluxma nəticəsində malyariya halları qeydə alınmamışdır.

Bu gün Azərbaycanda gerçəkləşdirilən sosialyönümlü inkişaf strategiyası ÜST-ün ötən illər ərzində qarşıya qoyduğu problemlərin həllinə yönəldilmişdir. İnsan amilinin yüksəlişinə xidmət edən çoxşaxəli islahatların uğurla gerçəkləşdirməsi hər bir fərdin maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı vermişdir. İnsan sağlamlığının qorunması, kütləvi qırğın törədən epidemiyaların qarşısının alınması, genefondun saflaşması üçün dünyanın bütün sivil dövlətlərində olduğu kimi, bizim ölkədə də ardıcıl olaraq mühüm tədbirlər keçirilmişdir. UNESCO-nun Beynəlxalq Bioetika Komitəsinin Bakıda keçirilən 18-ci sessiyasında ənənəvi tibbin etik təsirləri, Şərqi Avropada bioetika, bioetika sahəsində UNESCO bəyannamələrinin icrası kimi məsələlər müzakirə edilmiş, tibbin müasir vəziyyətinə, orqanların transplantasiyasına, plastik cərrahiyyənin perspektivlərinə, zərərli cəhətlərinə, onkoloji xəstəliklərin, QİÇS-in qlobal problemlərinə ətraflı yer verilmişdir. Müxtəlif növ tibbi əməliyyatların yaxın və uzaq proqnozlarının insan sağlamlığına təsirindən danışılmışdır. Xüsusi qeyd edilmişdir ki, hazırda tibbbiologiya sahələrində əsaslı keyfiyyət dəyişiklikləri baş verir, səhiyyədə etik normalara riayət edilməsi mühüm amilə çevrilir.

Müasir dövrdə sağlamlığın təmini insanın fərdi inkişafında sosial həyat göstəricisi və cəmiyyətin sosial güzgüsü sayılır. Bu istiqamətdə ardıcıl və sistemli olaraq həyata keçirilən islahatların nəticəsi kimi son illərdə ölkədə səhiyyə sisteminin maddi-texniki bazası və infrastrukturu yeniləşir, ən müasir texnologiyaların tətbiqi vətəndaşlara göstərilən xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsini təmin edir. Ümumilikdə tibbi xidmətin çağdaş tələblər səviyyəsində təşkili, qarşıya qoyulan bir çox vəzifələrin uğurla həyata keçirilməsi üçün dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin həcmi də ildən-ilə artır. Əgər 2005-ci ildə səhiyyəyə dövlət büdcəsindən 110 milyon manat ayrılmışdısa, 2010-cu ildə bu rəqəm 479 milyon, 2011-ci ildə 545 milyon, 2012-ci ildə 663,3 milyon, 2013-cü ildə 666,3, 2014-cü ildə 725,6 milyon manat olmuşdur. İlk dəfə 2014-cü ilin dövlət büdcəsinin səhiyyə xərcləri bölməsində uşaqların icbari dispanserizasiyası tədbirləri üçün 5 milyon manat vəsait ayrılmışdır.

Ölkə rəhbərinin hələ 11 fevral 2004-cü il tarixdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında bütün fundamental sahələr kimi, səhiyyə sisteminə də geniş diqqət ayrılmışdır. Dövlət proqramı əsasında bölgələrdə insanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsini təmin edəcək bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilmiş - yeni xəstəxanalar, poliklinikalar inşa edilmiş, mövcud səhiyyə müəssisələri müasir tələblər səviyyəsində təmir və bərpa olunmuş, onların maddi-texniki, habelə zəruri tibb ləvazimatları ilə təminatı geniş əksini tapmışdır.

Regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində dövlət başçısı son 10 ildə ayrı-ayrı rayonlarda inşa edilmiş 500-dək yeni müalicə-diaqnostika mərkəzinin, xəstəxananın, poliklinikanın açılış mərasimində iştirak etmiş, eləcə də bu sahədə həllini gözləyən problemlərin aradan qaldırılması üçün aidiyyəti orqanlara tapşırıqlar vermişdir.

Əldə edilmiş uğurlu nəticələrdən biridemoqrafiktibbi statistik göstəricilərin yaxşılaşmasıdır. Son 10 il ərzində ölüm göstəricisi dinamik olaraq azalmış, doğumbununla bərabər təbii artım göstəricisi yüksəlmişdir. Bu göstəricilərə görə, Azərbaycan Avropa ölkələri sırasında irəliləmişdir:  orta ömür uzunluğu artaraq 72,3 yaşdan 73,8 yaşadək yüksəlmişdir. Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq və dərman preparatları ilə təchizatı yaxşılaşdırılmış, istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların çeşidi 60-dan 166-ya çatdırılmış, ambulator-poliklinika müəssisələrinə müraciətlər də 65 faiz çoxalmışdır. Son illər Azərbaycan dövləti vətəndaşların sağlamlığını, sosial rifahını nəzərə alaraq böyük maliyyə vəsaiti tələb edən layihələrin həyata keçirilməsinə xüsusi önəm verir. Dünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin Bakıda keçirilmiş 61-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev bununla bağlı demişdir: "Ölkəmizdə ağır vəziyyətdə yaşayan ailələrə dövlət tərəfindən dəstək verilir. Ağır vəziyyətdə yaşayan 125 min ailə dövlətdən ünvanlı sosial yardım alır. Dünyada hökm sürən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bir dənə də olsun sosial proqrama dəyişiklik edilməmişdir. Bir dənə də olsun yubanma, yaxud da ki, geriləmə olmamışdır. Əksinə, Azərbaycan pensiyaçılarının pensiya təminatı yaxşılaşdırılmışdır... Yaşlı nəsil üçün bu, birbaşa onların sağlamlığına verilən töhfədir. Çünki yaşlı nəsil, əfsuslar olsun ki, dərmanların alınmasına daha çox vəsait xərcləyir".

Əhalinin sağlamlığının təmin olunması xüsusi həssaslığı ilə seçilən elə bir sosial amildir ki, bu sahədə mövcud problemlərin tam aradan qaldırılması üçün bəzən dövlət tərəfindən görülən tədbirlər yetərli olmur. Cəmiyyətin ən müxtəlif təbəqələrinə mənsub insanların şəfa tapmaq üçün əlahiddə köməyə ehtiyacı yaranır. Bu baxımdan, ötən 10 ildə Heydər Əliyev Fondunun həyata keçirdiyi səhiyyə layihələrinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Fondun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə həyata keçirilən bu layihələr 2004-2013-cü illərdə səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insanı yenidən sağlam həyata qaytarmışdır.

Ümumilikdə, son illər həyata keçirilən tədbirlər deməyə əsas verir ki, ölkədə reallaşdırılan sosialyönümlü iqtisadi siyasət insan inkişafını yüksək səviyyədə təmin edir. Ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər hər bir fərdin sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Bütün bunlar isə isə ən müxtəlif beynəlxalq qurumlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirilir.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2014.- 6 aprel.- S.7.