Dahi Amerika yazıçısının qəhrəmanı ingilisdir, yoxsa azərbaycanlı?

 

Görəsən dahilər qəhrəmanlarını necə yaradırlar? Doğrudanmı, bu, yalnız yazıçı təxəyyülünün, istedadının məhsuludur? Məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Hemenqueyin "Əcəl zəngi" romanında baş qəhrəman Roberto Cordanın cilovlanması mümkün olmayan ehtirasları, kükrəyən, adi ölçülərə sığmayan Şərq məhəbbəti, ürəyin sızıltısı qədər doğma Şərq cizgiləri oxucunu valeh edir. Ölümün üstünə cəsarətlə şığıyan diversant dəstəsinin qəhrəman komandiri sevdiyi qızın - Mariyanın qarşısında cəsarətini itirir, igidliyini unudur, onun gözlərinə baxmağa utanır.

Romanın 42-ci fəslində isə maraqlı bir səhnə var. Roberto Cordanın qərargaha təcili göndərdiyi məlumatı gətirən Homeslə Andresi kapral Marti həbs altında saxlayır və əməliyyatın vaxtında yerinə yetirilməsinə mane olur. Məsələyə Stalinlə tez-tez görüşən və bütün İspaniyada böyük nüfuza malik olan sovet jurnalisti, "Pravda" qəzetinin müxbiri Karkov qarışır. O, qapını açıb içəri girirkapral Martinin üstünə qəzəblə qışqırır ki, təcili Homeslə Andresi azad etsingeneral Qoltsun qərargahına göndərsin. Sonra isə kaprala belə deyir:  "Bilirsinizmi, Azərbaycanın hər hansı bir şəhərciyində ədalətsizlik baş verirsə, mənə - "Pravda"nın ünvanına yazırlar. Bu sizə məlumdurmu? Adamlar fikirləşirlər ki, Karkov kömək edəcək".

Hələ otuz il əvvəl əsəri oxuyanda amerikalı yazıçının Azərbaycanın ucqar dağ kəndinin adını çəkməsinə təəccübləndim, düşündüm ki, həm bizim respublikanın adının çəkilməsi, həm də əsərinin baş qəhrəmanının Şərq cizgiləri təsadüf deyil, müəyyən reallıqlarla bağlıdır. Bir dəfə təsadüfən oxudum ki, sovet jurnalisti İlya Erenburqla Ernest Hemenquey söhbətləşəndə biri ispan, o biri isə italyanca danışdığından bir dildə deyilən söz o biri dildə kobud səslənib və iki jurnalistin arası möhkəm dəyibmiş. İlya Erenburq xatirələrində həqiqətən də Hemenqueyə bir qədər soyuq münasibət göstərir, onun içkiyə aludə olduğunu, partizan döyüşlərində iştirak etmədiyini, romanda yazılan bütün əhvalatların isə Hacı adında bir qafqazlının ona danışdığını yazır.

Aradan illər ötəndən sonra internetdə bir daha "Əcəl zəngi" romanının prototipləri ilə maraqlananda maraqlı faktlara rast gəldim. Sən demə, İlya Erenburqun Hemenquey haqqında yazdıqları həqiqətə bir o qədər də uyğun deyilmiş, yəni bu roman viski içilə-içilə yazılmayıb. Amerika yazıçısı İspaniyada jurnalist işlədiyi müddətdə gələcək romanı üçün kifayət qədər maraqlı insanlarla tanış olur, zəngin material toplasa da, baş qəhrəmanını tapa bilmədiyi üçün axtarışlarına davam edir...

1937-ci ildə Madriddə polkovnik Ksantinin adını pıçıltı ilə çəkərdilər. Haqqında əfsanələr dolaşan bu adamı bəziləri makedoniyalı, bəziləri ispan, ya da bask kimi tanıyırdı. Onu az adam görə bilərdi. Bir onu eşidirdilər ki, filan yerdə faşistlərin silah anbarı göyə uçuruldu, filan yerdə aeroport təyyarələrlə birlikdə partladıldı. Ksantinin partizanlardan ibarət bir neçə nəfərlik dəstəsi Madriddən yox olardı, səhəri gün isə yenə harasa partladılardı, göyə sovrulardı, italyan-alman eşolonları dərəyə yuvarladılardı.

"Pravda" qəzetinin müxbiri Mixail Koltsov (romanda- Karkov) Madriddə "Florida" hotelində Hemenqueyi Ksanti ilə görüşdürür. Ksanti ona İspaniyaya Türkiyədən gələn ticarətçi, indi isə 14-cü korpus komandirinin kəşfiyyat və diversiyalar üzrə məsləhətçisi olduğunu deyir. Hemenquey Ksantidən xahiş edir ki, döyüşün bütün incəliklərini ona öyrətsin, təlimlərə, hətta döyüşlərə aparsın. Ksantinin ilk görüşdə yazıçıdan xoşu gəlməsə də, 1937-ci ilin martında onu hərbi təlim-tədris düşərgəsinə buraxdırır, diversantların hazırlanmasını göstərir. Yazıçı kürəklərində 20 kiloqram partlayıcı aparan 10 partizanla birlikdə faşistlərin arxasına əməliyyata gedir, hərbi sursatla dolu qatarın partladılmasında iştirak edir. Ksanti ilə bir neçə döyüşdə iştirak edən yazıçı axır ki, "Əcəl zəngi" romanının baş qəhrəmanını tapdığını anlayır.

Əslində polkovnik Ksanti İspaniyada respublika ordusunun mərkəzi qərargahında kəşfiyyat-diversiya qrupunun rəhbəri vəzifəsinədək yüksələn sovet kəşfiyyatçısı, milliyətcə osetin Hacı Ömər Mamsurov idi. Lakin Hemenquey heç vaxt əsərinin baş qəhrəmanının sovet kəşfiyyatçısı olduğunu bilmədi. Hacı içmirdi, ali savadlı hərbçi idi, çoxlu mütaliə edir, xarici klassikləri oxuyur, tarixlə bağlı ədəbiyyatı sevirdi. Rəsm əsərlərinin, memarlığın vurğunu idi, arxeologiya ilə maraqlanır, bir neçə dildə sərbəst danışır, rus dilini isə mükəmməl bilirdi. Sovet kəşfiyyatçısı, mayor Mamsurov İspaniyada respublikaçıların məğlubiyyətindən sonra vətənə qayıdır, polkovnik rütbəsi alır, ordenlərlə təltif olunur, Kəşfiyyat İdarəsində "A" şöbəsinə rəhbərlik edir. İkinci Dünya müharibəsində cəbhənin ən gərgin nöqtələrində xüsusi əhəmiyyətli tapşırıqları yerinə yetirir, partizan hərəkatını təşkil və idarə edir, diviziyakorpuslara komandirlik edir, döyüşlərdə şəxsən iştirak edir, 5 dəfə yaralanır, Sovet İttifaqı Qəhrəmanı adını alır və Qırmızı meydandakı qələbə paradından general-leytenant rütbəsində keçir. O, 1968-ci ildə dünyasını dəyişib.

"Əcəl zəngi" romanında "Pravda" qəzetinin müxbiri Karkovun prototipi Mixail Koltsovu 1938-ci ildə saxta ittihamla həbs edərək güllələyirlər. Belə çıxır ki, baş qəhrəman Cordanın prototipi nə azərbaycanlı,  nə də ki  ingilisdir. Yazıçı özü onu ingilis kimi təqdim etməyə qərar verir. Romanda sonuncu gülləsini gicgahına sıxan qəhrəman Robertonun aqibətini Hemenqueyin özü yaşayır. Maraqlıdır ki, 1929-cu ildə böyük birja böhranında atası intihar edən yazıçı bir çox əsərlərində bu haqda qəhrəmanlarının dili ilə danışaraq onu ittiham etmir. Təyyarə qəzasında ağır xəsarət alan Hemenquey 1968-ci ildə atası və "Əcəl zəngi" romanındakı baş qəhrəmanın seçdiyi yolla - gülləni gicgahına sıxaraq dünyanı tərk edir.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2014.-3 aprel.-S.10.