Ombudsmanın nümayəndələri
ölkəmizi Strasburqda
keçirilən Beynəlxalq təlim-seminarda
təmsil etmişlər
Strasburqda Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığının təşkilatçılığı ilə "İnsan hüquqları üzrə milli fəaliyyət planlarının (MFP) inkişafı və implementasiyası" mövzusunda Beynəlxalq təlim-seminar keçirilmişdir.
Azərbaycanı təlim-seminarda İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı və qurumun beynəlxalq əlaqələr sektorunun əməkdaşı Zaur Vəliməmmədli təmsil etmişlər.
Ombudsman Aparatından AzərTAc-a bildirmişlər ki, beynəlxalq tədbirdə insan hüquqları üzrə milli fəaliyyət planlarının hazırlanmasının əsasları və əhatə etdiyi istiqamətlər, bu sənədlərin digər sahələr üzrə qəbul olunmuş MFP-lərlə əlaqəsi, çoxsəviyyəli koordinasiyası, maliyyələşmə imkanları, monitorinqi və qiymətləndirilməsi mövzularında müzakirələr aparılmış, müsbət təcrübələr, çətinliklər və gələcək fəaliyyət aspektləri barədə məruzələr dinlənilmişdir.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tədbirin sessiyalarında Azərbaycanda insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və təmini istiqamətində hüquqi islahatların uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Tədbirdə Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının və ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının nüsxələri iştirakçılara paylanılmışdır.
Səfər çərçivəsində Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Müjneks ilə görüşdə qarşı tərəfə son illərdə Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə həyata keçirilən islahatlar, Ombudsmanın bu sahədə fəaliyyəti ilə bağlı geniş məlumat verilmişdir.
Bununla yanaşı, səfər çərçivəsində Avropa Şurasının Demokratiya üzrə Ümumi Direktorluğunun bərabərlik bölməsinin rəhbəri xanım Liri Kopaçi - Di Migel ilə də görüş keçirilmişdir. Görüşdə insan hüquqlarının, xüsusilə qadın hüquqlarının müdafiəsi istiqamətində ölkəmizdə görülən işlər, Müvəkkilin bu sahədəki fəaliyyəti barədə müzakirələr aparılmış, Azərbaycan Ombudsmanı tərəfindən hər il xarici ölkə ombudsmanlarının, milli insan hüquqları institutlarının nümayəndələrinin və ekspertlərin iştirakı ilə Bakıda ombudsmanların Beynəlxalq konfransının keçirilməsi barədə məlumat verilmişdir.
Bildirilmişdir ki,
bu il iyunun 18-dən 20-dək Azərbaycanın Milli İnsan
Hüquqları Gününə, BMT-nin
"Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv
olunması haqqında" Konvensiyasının qəbul edilməsinin
35-ci ildönümünə, Pekin Bəyannaməsi
və Fəaliyyət Platformasının 20 illiyinə həsr
olunmuş "Qadın
hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının
rolu" mövzusunda
Ombudsmanların XII Bakı Beynəlxalq konfransı keçiriləcəkdir.
Azərbaycan.-2014.-3 aprel.-S.9.