Naxçıvanda Gənclər Mərkəzi
açılmışdır
Azərbaycan Prezidenti İlham
Əliyevin
Naxçıvan
Muxtar Respublikasına səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də
Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində
Gənclər Mərkəzinin açılışında
iştirak etmişdir.
Ölkəmizdə gənclər siyasəti istiqamətində həyata keçirilən tədbirlər sistemli xarakter almışdır. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti 2003-cü ildən başlayaraq Azərbaycanda uğurlu nəticələrlə yadda qalmışdır. 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi Dövlət Proqramı” bu istiqamətdə mühüm rol oynamışdır. Hazırda həyata keçirilən “Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramı bu tədbirlərin məntiqi davamıdır. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərinin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihələr və proqramlar həyata keçirilir. Bölgələrdə müasir tələblərə cavab verən sosial infrastruktur obyektlərinin və Gənclər mərkəzlərinin, o cümlədən Naxçıvanda Gənclər Mərkəzinin yaradılması da bu məqsədə xidmət edir.
Dövlətimizin başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gənclər Mərkəzində yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verdi.
Gənclər Mərkəzində kompyuter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, interaktiv tir və kafe vardır. Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilmiş, kompyuterlərin hər birinin internetə çıxışı təmin olunmuşdur. Mərkəzdə xarici dillərin tədrisi üçün linqafon sinifləri yaradılmışdır. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnə biləcəklər. Mərkəzin elektron kitabxanasının bazasında minə yaxın ədəbiyyat vardır. Binada gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların intellektual səviyyələrinin artırılması da nəzərə alınmış, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün intellektual zal istifadəyə verilmişdir.
Dövlətimizin başçısı “Xəmsə” intellektual oyununa baxdı.
Tir otağında pnevmatik tüfəng və tapançadan atəş açmaq məşqləri təşkil olunacaqdır. Altızolaqlı tirdə gənclər idmanın atıcılıq növünə daha yaxşı yiyələnmək imkanı əldə edəcəklər. Oyun zallarında yaradılan şərait isə gənclərin stolüstü idman növləri ilə məşğul olmalarına imkan verəcəkdir.
Binada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu üçün iş otaqları ayrılmış, yüksək iş şəraiti yaradılmış və fonda xidməti avtomobil verilmişdir.
Diqqətə çatdırıldı ki, dövlət gənclər siyasəti
Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Son illər gənclərin muxtar
respublikanın ictimai-siyasi, iqtisadi-mədəni
həyatında fəal iştirakı, sosial
problemlərinin həlli və hüquqlarının müdafiəsinin
təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının
artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət
idarəçiliyi və digər sahələrdə gənclərin
irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi,
bütövlükdə, dövlət gənclər siyasətinin
həyata keçirilməsi istiqamətində atılan mühüm addımlardır. Muxtar
respublikada gənclik mərkəzləri, kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, orta
məktəb binaları və digər obyektlər gənclərin
istifadəsinə verilmişdir.
Naxçıvan Muxtar Respublikasında gənclər
artıq cəmiyyət həyatında mühüm
rol oynayırlar. Bu gün
muxtar respublikada gənclərin
sosial müdafiəsinin və məşğulluğunun
təmin edilməsi, yaradıcılıq
axtarışlarının stimullaşdırılması, milli ruhda böyüməsi,
hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi,
sağlam həyat tərzinin təbliği
də diqqət mərkəzindədir. “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara
dövlət qayğısının artırılması
haqqında” 2012-ci il tarixli
Fərman muxtar respublikada
gənclərə göstərilən yüksək diqqət
və qayğının daha bir ifadəsidir. Həmçinin
Naxçıvan Muxtar Respublikası Gənc
İstedadlarının “Qızıl kitabı”nın təsis
edilməsi, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri
yanında Gənclər Fondunun
yaradılması regionda gənclərin cəmiyyətin
aparıcı qüvvəsinə çevrilməsi istiqamətində
atılan mühüm
addımlardır. Son illər muxtar respublikanın
şəhər və rayonlarında Olimpiya
İdman komplekslərinin, idman
mərkəzlərinin, uşaq-gənclər idman
və şahmat məktəblərinin, orta məktəblərdə idman
zallarının və sadə tipli idman qurğularının istifadəyə
verilməsi gənc nəslin fiziki
sağlamlığının qorunması və kütləvi
bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Yeni inşa
olunan Naxçıvan Gənclər Mərkəzi
də bu sahədə atılan növbəti
uğurlu addımdır. Bu
sosial obyekt gənclərin
xüsusi layihələr vasitəsilə vahid bir məkanda
toplanması və asudə vaxtlarının səmərəli
təşkili baxımından xüsusi əhəmiyyətə
malikdir.
Azərbaycan.-2014.- 8 aprel.- S.3.