Naxçıvan-Şahbuz-Batabat magistral
avtomobil
yolu istifadəyə verilmişdir
Azərbaycan Prezidenti İlham
Əliyevin
Naxçıvan Muxtar
Respublikasına səfəri
Aprelin
7-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil
yolunun açılışında iştirak etmişdir.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən sosial-iqtisadi inkişaf nəticəsində
paytaxt Bakı ilə yanaşı, respublikanın bütün
regionlarında mühüm yol-nəqliyyat layihələri icra
olunur, yeni yollar salınır, mövcud magistrallar ən
müasir səviyyədə yenidən qurulur,
çoxfunksiyalı yol qovşaqları inşa edilir. Təqdirəlayiq
haldır ki, bu layihələr indi hər bir rayonu, kəndi və
qəsəbəni əhatə edir.
Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən
qurulması belə layihələrin Naxçıvan Muxtar
Respublikasında da geniş vüsət aldığını
nümayiş etdirir. Son illərdə Naxçıvanda yol-nəqliyyat
infrastrukturunun müasirləşdirilməsi istiqamətində
həyata keçirilən mühüm layihələr
sırasında öz yeri olan Naxçıvan-Şahbuz-Batabat
avtomobil yolu ilk növbədə əhalinin sosial şəraitinin
yaxşılaşdırılması istiqamətində
görülən işlərdəndir. Yüksək səviyyədə
inşa edilən bu yol nəqliyyatın rahat və maneəsiz
hərəkətinə tam zəmin yaradır.
Dövlətimizin
başçısı əvvəlcə yolun texniki-iqtisadi
göstəricilərini əks etdirən stendlərə
baxdı.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
Prezident İlham Əliyevə məlumat verdi ki, ümumi
uzunluğu 88,8 kilometr olan yolda tikinti işləri keyfiyyətlə
aparılmış, iki il müddətində başa
çatdırılmışdır. Müasir tələblər
səviyyəsində qurulan yolda nəqliyyatın təhlükəsiz
hərəkəti təmin edilmişdir. Yeni yol təkcə
Naxçıvan şəhəri və Şahbuz rayonu
üçün deyil, ümumilikdə muxtar respublika
üçün mühüm iqtisadi əhəmiyyətə
malikdir.
Bildirildi
ki, tikinti işləri zamanı yol yatağı genişləndirilmiş,
hərəkət hissəsinin eni bəzi yerlərdə 17 metrə
çatdırılmışdır. Muxtar respublikada
reallaşdırılan mühüm infrastruktur layihələrindən
biri olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun üzərində
körpülər, beton-selötürücü və su
keçidləri də inşa edilmişdir. Tikinti işləri
aparılarkən nəqliyyat vasitələrinin təhlükəsiz
hərəkəti üçün siqnal dirəkləri və
yol-hərəkət nişanları
quraşdırılmışdır.
Prezident
İlham Əliyev Naxçıvan Muxtar Respublikasının nəqliyyat
yollarının xəritəsinə də baxdı.
Bildirildi
ki, bu gün Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat
infrastrukturunun inkişafı da diqqət mərkəzində
saxlanılır, nəqliyyat kompleksinin yenilənməsinə
xüsusi önəm verilir. Eyni zamanda, kənddaxili və kəndlərarası
yolların da abadlaşdırılması istiqamətində
davamlı işlər görülür. Ümumilikdə,
2013-cü ildə muxtar respublikada 164 kilometr uzunluğunda yol
salınmış və ya əsaslı təmir olunaraq
istismara verilmiş, 21 körpü tikilmiş, 12 körpü
isə təmir olunmuşdur. Prezident İlham Əliyevin
2013-cü il 5 mart tarixli Sərəncamı ilə Babək
rayonunun 13 yaşayış məntəqəsini əhatə
edən 25,6 kilometr uzunluğunda Hacıvar-Vayxır-Sirab yolunun
tikintisinə 6,3 milyon manat vəsait ayrılmışdır.
Həmin vəsait hesabına yolun tikintisi başa
çatdırılmışdır.
Prezident
İlham Əliyev yolun rəmzi açılışını
bildirən lenti kəsdi, yeni yolda avtomobili idarə etdi.
Azərbaycan.-2014.- 8 aprel.- S.4.