Bakıda Dünya Turizm Təşkilatı Avropa
Komissiyasının 57-ci iclası çərçivəsində
“Səmərəli turizm klasterlərinin
inkişafı” mövzusunda seminar keçirilmişdir
Aprelin
3-də Bakıda BMT-nin Dünya Turizm Təşkilatı
(UNWTO) Avropa Komissiyasının 57-ci iclası çərçivəsində
“Səmərəli turizm klasterlərinin inkişafı”
mövzusunda seminar keçirilmişdir.
AzərTAc
xəbər verir ki, seminarda, ümumilikdə, 31 ölkənin,
həmçinin Dünya Turizm Təşkilatının
nümayəndələri, ekspertləri, Avropa ölkələrinin
aidiyyəti qurumlarının nümayəndələri
iştirak etmişlər.
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Dünya Turizm Təşkilatının
57-ci iclasının və seminarın Azərbaycanda təşkil
edilməsini yüksək qiymətləndirmişdir. Nazir
bildirmişdir ki, bu tədbirlər turizm sahəsində təcrübə
və fikir mübadiləsinin aparılması, ölkələrarası
əməkdaşlığın genişləndirilməsi
baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, bu
tədbirlər Azərbaycanın turizm potensialını Avropada
təbliğ etməyə geniş imkan yaradır.
Son
illər Azərbaycanda turizmin inkişafı baxımından
görülmüş işlərdən söz açan
Ə.Qarayev bildirmişdir ki, bu sahənin inkişafı
Prezident İlham Əliyevin diqqət mərkəzindədir.
Dövlətimizin başçısının
tapşırığı əsasında beş il bundan əvvəl
əsası qoyulan və bu gün minlərlə turistin ən
gözəl istirahət mərkəzinə çevrilmiş
Qusardakı Şahdağ Qış-Yay Turizm kompleksinin istifadəyə
verilməsini Azərbaycanın turizm sahəsində
böyük uğuru kimi qiymətləndirən nazir
demişdir ki, hazırda bu sahənin inkişafı ilə
bağlı işlər davam etdirilir.
Azərbaycanda
olmasından məmnunluğunu ifadə edən Dünya Turizm Təşkilatının
baş katibi Taleb Rifai ölkəmizin turizmin inkişafına
verdiyi dəyərli töhfələrdən söz
açmışdır.
Prezident
İlham Əliyevin turizmin inkişafına göstərdiyi
diqqət və qayğını yüksək qiymətləndirən
natiq vurğulamışdır ki, məhz bu işlər nəticəsində
Azərbaycanda viza rejimi sadələşdirilmiş və
ölkədə elektron viza sisteminin tətbiqinə
başlanılmışdır. Bütün bunlar olduqca təqdirəlayiq
işlərdir.
Dünya
Turizm Təşkilatının baş katibi demişdir ki,
qarşıdakı illərdə Azərbaycanın ev sahibliyi
edəcəyi birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi
Oyunları, eləcə də digər beynəlxalq tədbirlər
ölkənin nüfuzunu artırmaqla yanaşı, buraya gələn
turistlərin sayında ciddi artıma da müsbət təsir
edəcəkdir.
Müasir dünyada klasterlərdən istifadənin vacibliyinə toxunan Taleb Rifai demişdir ki, bu, turizm sahəsində müxtəlif vasitələrdən səmərəli istifadəni təbliğ edir. Bu mütləq dəstəklənməlidir ki, turistlər bundan yararlana bilsinlər. Yeni klasterlərdən səmərəli istifadə Avropa turizminin inkişafına böyük təkan vermişdir. Klasterlərin tətbiqi çox sayda insanın turizmə cəlb edilməsinə və onların səmərəli səyahətinə xidmət edəcəkdir. Hökumət bu işə dəstək verməsə, bu uğurlu olmayacaqdır. İnanıram ki, bu seminarda iştirak edən ekspertlər iştirakçılara seçilmiş mövzuya uyğun dəyərli məlumat verəcəklər.
Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai seminarın işinə uğurlar arzulamış və bir sıra təkliflərini səsləndirmişdir.
Qeyd edək ki,
Dünya Turizm Təşkilatı
Avropa Komissiyasının 57-ci
iclasının və bu tədbir çərçivəsində
seminarın keçirilməsi ilə bağlı qərar Avropa Komissiyasının 56-cı iclasında qəbul
edilmişdir. Həmin iclasda
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev ilə Dünya
Turizm Təşkilatının baş katibi Taleb Rifai arasında tədbirin
Bakıda keçirilməsinə dair saziş imzalanmışdır.
Azərbaycan.-2014.- 4 aprel.- S.4.