BMT-nin Dünya Turizm Təşkilatı Avropa Komissiyasının Bakıda keçirilən 57-ci iclasının iştirakçıları Mədəniyyət və Turizm Nazirliyində olmuşlar

 

BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) Avropa Komissiyasının Bakıda keçirilən 57-ci iclasının iştirakçıları - Litvanın iqtisadiyyat naziri Evaldas Güstas, Monteneqronun davamlı inkişafturizm naziri Branimir Qvozdenoviç, Albaniyanın şəhərsalma və turizm naziri Eglantina Gjermeni, Xorvatiyanın turizm naziri Darko Lorencin və Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi İştvan Komoroçskinin başçılıq etdikləri nümayəndə heyətləri aprelin 3-də Mədəniyyət və Turizm Nazirliyində olmuşlar.

AzərTAc xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Litvanın iqtisadiyyat naziri Evaldas Güstas ilə görüşündə Azərbaycanın turizm imkanlarından söhbət açılmışdır. Öz növbəsində qonaq da ölkəsi, onun turizm potensialı, iqtisadi imkanları barədə məlumat vermişdir.

 Qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildirən hər iki tərəf əlaqələrinin qurulması və investisiya planları sahəsində fikir mübadiləsi aparmışlar.

* * *

Monteneqronun davamlı inkişafturizm naziri Branimir Qvozdenoviç ilə görüşdə Əbülfəs Qarayev ölkələrimiz arasında ikitərəfli  əməkdaşlığı dərinləşdirmək üçün ilk növbədə  onun hüquqi bazasını formalaşdırmaq istiqamətində qarşılıqlı müqavilənin imzalanmasının vacibliyini vurğulamışdır. Bununla yanaşı, nazir son vaxtlar Azərbaycanın Monteneqroda  həyata keçirdiyi investisiya layihələrindən turizm sahəsinə də pay düşdüyünü  qeyd etmişdir.

Qonaq bildirmişdir ki, Monteneqroya yüzdən çox ölkə investisiya qoymuşdur. Azərbaycanın da ən əsas investisiya qoyan ölkələr sırasında olduğunu diqqətə çatdıran nazir bu layihələrin turizm sahəsində də öz əksini tapdığını söyləmişdir.

Monteneqrolu nazir ölkəsində milli park yaratdığına görə Azərbaycan hökumətinə təşəkkürünü bildirmiş, ARDNŞ tərəfindən həyata keçirilən layihələrin Monteneqronun iqtisadi inkişafına töhfə verəcəyini qeyd etmişdir.

* * *

Daha sonra Əbülfəs Qarayev Albaniyanın şəhərsalma və turizm naziri Eglantina Gjermeni ilə görüşmüşdür.

Albaniyalı nazir Azərbaycanın turizmin inkişaf strategiyası, marketinq planı sahəsində təcrübəsini öyrənmək niyyətində olduqlarını vurğulamışdır.

Əbülfəs Qarayev bu məsələdə Albaniyaya kömək etmək, hər iki ölkənin turizm institutları arasında əlaqələrin inkişaf etdirilməsinin, tələbə mübadiləsi aparmağın əhəmiyyətini diqqətə çatdırmışdır.

Vaxtı ilə Azərbaycan və Albaniya arasında mədəniyyət və turizm sahəsində saziş imzalandığı qeyd edilmişdir. Qərara alınmışdır ki, bu saziş çərçivəsində sırf turizmlə bağlı 2014-2015-ci illər üzrə ayrıca fəaliyyət planı hazırlansın, hər iki tərəfdən konkret tədbirlər və təşəbbüslər o plana daxil edilsinicra olunsun.

* * *

Xorvatiyanın turizm naziri Darko Lorencin ilə görüşdə Əbülfəs Qarayev ölkəmizin turizm üçün əlverişli məkanları, orada yaradılmış şərait barədə qonağa məlumat vermişdir.

Azərbaycana səfərlərindən şad olduqlarını dilə gətirən xorvatiyalı qonaqlar qarşılıqlı turist axınının reallaşdırılması istiqamətində müzakirələr aparmışlar.

* * *

Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi İştvan Komoroçskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə  nazir Əbülfəs Qarayev ölkəmizin turizm imkanları ilə yanaşı, iqtisadi cəhətdən inkişaf etməsindən də danışmışdır.

Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin qurulduğunu vurğulayan tərəflər qarşılıqlı turist səfərlərinin həyata keçirildiyini söyləmişlər. Bunun davamlı olmasının və daha da inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.

 

Azərbaycan.-2014.- 4 aprel.- S.4.