Ölkəmizdə 2014-cü ilin sərgi mövsümü 13-cü Azərbaycan Beynəlxalq

 turizm və səyahətlər sərgisi ilə açıq elan olunmuşdur

 

 

Aprelin 3-də Bakı Ekspo Mərkəzində Azərbaycanda və bütün Qafqaz regionunda turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri olan 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi (“AITF -2014”) işə başlamışdır. Bununla da 2014-cü ilin sərgi mövsümü açıq elan olunmuşdur.

AzərTAc xəbər verir ki, “AITF” sərgisi təsis olunduğu ildən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Sərgiyə, həmçinin Dünya Turizm Təşkilatı, Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstək göstərilir.

Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun Böyük Britaniyadan olan tərəfdaşı “ITE Group plc” şirkətləri çıxış edirlər.

Bu il sərginin iştirakçılarının sayında da artım vardır. Sərgiyə 2002-ci ildə 14 ölkə qatıldığı halda, “AITF -2014”də 38 ölkədən 351 şirkət və təşkilat təmsil olunur. Sərgi iştirakçılarının 60 faizdən çoxunu xarici, 40 faizini isə yerli şirkətlər təşkil edir.

“AITF -2014” sərgisində bu il ilk dəfə olaraq kurort zonalarında daşınmaz əmlakın satışı və tikintisi sektorunda Türkiyə və Kipr bazarının bir sıra seqmentini nümayiş etdirən, habelə evlərin və biznes obyektlərinin alınmasında maliyyə, hüquqi və məsləhət xidmətləri göstərən üç şirkət - “ETU Homes”, “RealMax” və “AFIK Group” yer alır.

Azərbaycan, Almaniya, Yunanıstan, Litva, Rusiya, Sloveniya və Türkiyənin tibb mərkəzlərinin, habelə kurort və sanatoriyalarının müalicəvi-sağlamlaşdırma və spa turizmi sahəsində ən yeni nailiyyətlər də sərgi iştirakçılarının marağındadır.

“Sarafianos Private Clinic” (Yunanıstan), “UAB SK Imeks Meditinos” (Litva) və “MAX Grundig Klinik Bühlerhöhe” (Almaniya) kimi məşhur klinikalar isə builki sərginin debütantlarıdır. Rusiyanı bu sərgidə Azərbaycanda yaxşı tanınan Qafqaz mineral sularının sanatoriyaları (“Tsentrosoyuz-Kislovodsk”, “Rodnik”, “Rossiya”, “Maşuk”, “Şaxtyor”, “Rus”, “Metallurq”, “Moskva” və s.) təmsil edirlər.

Həmçinin sərgidə “Chinar SPA Naftalan” və “Naftalan Hotel by RIXOS” kimi Azərbaycan sanatoriyaları Naftalan neftinin dünyada məşhur olan müalicəvi xüsusiyyətlərini nümayiş etdirirlər. Bundan əlavə, Litva (“Lithuanian Medical Tourism Cluster” - “LITCARE”) və Türkiyənin (“Turkish Healthcare Travel Council”) tibbi turizm üzrə ixtisaslaşan iri təşkilatları da bu sərgiyə qatılmışlar.

“HOREX Caucasus-2014” sərgisi isə mehmanxana və restoran biznesinin aparıcı nümayəndələrinin həm dünya otel şəbəkələri, həm də kiçik mehmanxana, sanatoriya və pansionatlar, habelə supermarketlər, biznes mərkəzləri, restoran və kafelər üçün lazımı avadanlıq, ləvazimat, məhsul və xidmətlərin istehsalçıları və təchizatçıları ilə görüş yeridir. Bu sərgidə Almaniya, İtaliya, Türkiyə, Rusiya, Hollandiya, İsveçrə, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdən olan aparıcı şirkətlərin yeni məhsul və texnologiyaları nümayiş olunur.

 

Azərbaycan.-2014.- 4 aprel.- S.7.