Azərbaycan Prezidenti İlham Əliyev
Naxçıvan Muxtar Respublikasının
90 illik yubileyinə həsr
olunmuş təntənəli mərasimdə iştirak
etmişdir
Naxçıvan, 8 aprel (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir.
Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının salonuna toplaşanlar – muxtar respublikanın hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, ölkəmizdəki diplomatik korpusun, Naxçıvan ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə geniş nitq söylədi.
Prezident İlham
Əliyevin nitqi
- Əziz naxçıvanlılar.
Hörmətli qonaqlar.
Hörmətli səfirlər, əziz dostlar.
Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyini qeyd edirik. Bu gözəl hadisə münasibətilə Naxçıvan Muxtar Respublikasının bütün sakinlərini və eyni zamanda, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Naxçıvan qədim Azərbaycan torpağıdır. Naxçıvanda tarixi abidələr, dini abidələr, memarlıq abidələri, bütün toponimlər Azərbaycan xalqına məxsusdur. Əsrlər boyu Azərbaycan xalqı bu gözəl diyarda yaşamış, yaratmışdır.
Naxçıvanın, eyni zamanda, qədim dövlətçilik tarixi vardır. Qədim Atabəylər dövlətinin mərkəzi Naxçıvan idi. Təsadüfi deyil ki, Naxçıvana 90 il bundan əvvəl Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Bu, gözəl hadisə idi, tarixi hadisə idi. Naxçıvanın rolunu, bu diyarın strateji əhəmiyyətini əks etdirən bir qərar idi. Ancaq bununla bərabər, o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir. Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu, böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü. Bu, ədalətsizlikdir, bu, sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq.
Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət ulu öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı.
Əfsuslar olsun ki, Heydər Əliyevin Azərbaycandan Moskvaya köçməsindən sonra bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da tənəzzül dövrü yaşanmışdı. Əldə edilmiş bütün uğurlar tədricən tənəzzül etmiş və muxtar respublika üçün çox ağır bir dövr başlamışdır. Biz o dövrü yaxşı xatırlayırıq. 1980-ci illərin sonları Naxçıvan üçün əsl sınaq dövrü idi. Xoşbəxtlikdən yenə də Ulu Öndərin rəhbərliyi ilə naxçıvanlılar bu ağır sınaqdan şərəflə çıxa bilmişlər.
Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi.
Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı. O vaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək Ulu Öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir.
Naxçıvanda dövlət çevrilişi cəhdi də olmuşdur. Biz bunu yaxşı xatırlayırıq. Bu, yaxın tarixdir. Ancaq yenə də Ulu Öndərin qətiyyəti, müdrikliyi, cəsarəti, naxçıvanlıların ona olan inamı bu ağır sınaqdan çıxmaq üçün bizə imkan yaratdı. O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Sovet Sosialist Muxtar Respublikası adlandırılırdı. O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Məclisi qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni, bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də Ulu Öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür. Naxçıvan bu ağır sınaqlardan çıxaraq inkişaf yoluna qədəm qoymuşdur.
Ulu Öndərin Azərbaycan tarixində rolu əvəzsizdir. Şəxsiyyətlərin tarixdə rolu haqqında çoxlu kitablar, elmi əsərlər yazılmışdır. Ulu Öndərin həyat və fəaliyyəti, onun siyasəti şəxsiyyətlərin tarixdə rolu haqqında kifayət qədər geniş material verir. Bu böyük şəxsiyyətin rolu o qədər əhəmiyyətli və dəyərlidir ki, bu gün müstəqil Azərbaycan dövləti Ulu Öndərin siyasəti, cəsarəti, uzaqgörənliyi sayəsində inkişaf edir, yaşayır.
Bizim müstəqilliyimiz ən böyük sərvətdir və hamımız yaxşı bilirik ki, XX əsrin əvvəllərində də Azərbaycan müstəqillik qazanmışdı. Ancaq biz o müstəqilliyi qoruya bilməmişdik. O müstəqilliyin ömrü müəyyən səbəblər üzündən uzun olmamışdır. Ancaq bu, reallıqdır və bundan da əlavə məhz o illərdə, müstəqillik illərində, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş qərara əsasən, bizim əzəli torpağımız olan İrəvan Ermənistana verilmişdir. Necə ki, ondan bir neçə il sonra bolşevik sovet hakimiyyəti Zəngəzuru ermənilərə vermişdir. Necə ki, ötən əsrin sonlarında Qarabağ işğal altına düşmüşdür. Görün bizim xalqımız nə qədər böyük faciələr yaşamışdır. Ancaq buna baxmayaraq, xalqımızın iradəsi sınmamışdır. Buna baxmayaraq, Azərbaycan bu gün inamlı inkişaf dövrünü yaşayır. Bu gün güclü Azərbaycan bölgə üçün, region üçün sabitləşdirici rol oynayır. Mən tam əminəm ki, güclü Azərbaycan və güclənən Azərbaycan bizə öz ərazi bütövlüyümüzü bərpa etməyə və gələcəkdə bütün tarixi torpaqlarımıza qayıtmağa imkan verəcəkdir.
O illəri xatırlayarkən bir daha hamımız görürük ki, nə qədər ağır illər idi, ancaq, eyni zamanda, bizim qələbəmiz nə qədər şərəfli idi. Çünki bu qələbə Azərbaycan dövlətinin, Azərbaycan xalqının qələbəsi idi. Azərbaycan xalqı öz müstəqilliyini qoruya bilmişdir. Məhz ona görə ki, müstəqilliyin bünövrəsi 1990-cı illərin əvvəllərində Naxçıvanda qoyulmuşdur. Məhz ona görə ki, 1993-cü ildə Azərbaycan xalqının xahişi ilə Ulu Öndər Naxçıvandan Bakıya getmiş və orada Azərbaycanı böyük bəlalardan, vətəndaş müharibəsindən qurtarmış və Azərbaycana sabitlik gətirmişdir.
1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik, sürətli inkişaf dövrü yaşanır və müstəqilliyimizin banisi Heydər Əliyevin bu uğurlarda rolu əvəzsizdir.
Naxçıvan da sürətlə inkişaf edir. Naxçıvanda
bütün məsələlər uğurla icra edilir.
Bu səfər mənim Naxçıvana son 10 il
ərzində 11-ci səfərimdir. Demək olar ki, hər il Naxçıvana gəlirəm, burada gedən
inkişafla tanış oluram və çox sevinirəm. Sevinirəm ki, bu gün Naxçıvan
çiçəklənən bir diyardır.
Dünən
son bir il ərzində Naxçıvanda
görülən işlərlə bir daha tanış olarkən
gördüm ki, nə qədər böyük işlər
görülür, Naxçıvan rəhbərliyi muxtar
respublikanın inkişafı üçün nə qədər
böyük sevgi ilə, diqqətlə səylər göstərir.
Bütün bu uğurlar münasibətilə
naxçıvanlıları ürəkdən təbrik edirəm.
Naxçıvanın hərbi potensialı böyük dərəcədə
möhkəmlənmişdir. Naxçıvan Ordusu
bu gün güclü Ordudur. Naxçıvan
Ordusunun hərbi texnika ilə təminatı ən yüksək
səviyyədə təşkil edilir. Bu
da təbiidir, çünki Naxçıvan strateji yerdə
yerləşir. Naxçıvan blokada
şəraitində yaşayır və belə olan halda
Naxçıvanın döyüş potensialı ən
yüksək səviyyədə olmalıdır. Bu gün bu, belədir. Gələcəkdə
Naxçıvanın hərbi potensialının gücləndirilməsi
üçün əlavə tədbirlər görüləcəkdir.
Naxçıvanın hərbi potensialı elə
olmalıdır ki, istənilən təcavüzə
tutarlı, layiqli cavab verə bilsin. Bu
gün bu, artıq reallıqdır. Gələcək
illərdə görüləcək əlavə tədbirlər
hesabına biz Naxçıvanda daha da böyük hərbi
potensial yaradacağıq. Buna imkan
vardır. Azərbaycan dövləti zəngin
dövlətdir. Bildiyiniz kimi, bizim dövlət
büdcəmizin əsas xərcləri hərbi məqsədlər
üçün nəzərdə tutulur. Nə
qədər ki, torpaqlarımız işğal
altındadır, bu, belə də olmalıdır.
Bu gün Azərbaycan Ordusu dünya miqyasında
güclü ordular sırasındadır. Ordu
quruculuğu sahəsində aparılan islahatlar,
Naxçıvanda əlahiddə ordunun yaradılması, bu
ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi
bizim dövlət siyasətimizdir. Yəni,
bundan sonrakı illərdə də Naxçıvanın hərbi
gücünün artırılması üçün əlavə
tədbirlər görüləcəkdir.
Naxçıvanda enerji təhlükəsizliyi məsələləri
öz həllini tam şəkildə tapıbdır. Bu da çox
sevindirici haldır. Bu gün
Naxçıvan 100 faiz səviyyəsində
qazlaşdırılıbdır. Bütün
yaşayış məntəqələrində təbii qaz
vardır. Naxçıvan bu gün elektrik
enerjisi ilə təchizat baxımından öz enerji təhlükəsizliyini
tam şəkildə təmin edə bilibdir.
Hətta ixrac imkanları yaranmışdır.
Biz o illəri yaxşı xatırlayırıq. 1990-cı illərin
əvvəllərində mən də dəfələrlə
Naxçıvana gəlirdim. Biz faktiki
olaraq qaranlıq içində yaşayırdıq. Evlərdə işıq yox idi, nəinki
küçələrdə. İşıq
böyük fasilələrlə verilirdi. Ən
böyük problem işıq idi. Qazdan,
ümumiyyətlə, söhbət belə getmirdi. Ancaq bu gün Naxçıvan nəinki
özünü enerji ilə tam şəkildə təmin
edir, hətta ixrac edir. Ən önəmlisi
ondan ibarətdir ki, Naxçıvanın daxili təminatı
100 faiz bərpa olunan enerji növləri hesabına ödənilir.
Bu da deyə bilərəm ki, dünyada çox
nadir hallarda müşahidə edilən bir mənzərədir.
İndi Naxçıvanın elektrik enerjisi potensialı
220 meqavata yaxındır. Bu imkanları son illərdə
tikilmiş elektrik stansiyaları yaratdı. Son illər ərzində 5 elektrik stansiyası
tikilmişdir. Bu gün elektrik enerjisi ilə
heç bir problem yoxdur. Nəinki bu
gün, gələcəkdə də olmayacaqdır. Çünki biz, əlbəttə, öz enerji
potensialımızı elə təşkil etməliyik ki, uzun
illər bundan sonra da sürətli inkişafımızı təmin
etsin. Çünki heç bir inkişaf
elektrik enerjisiz mümkün deyildir. Naxçıvanın
artan iqtisadi potensialı, sənaye inkişafı, artan əhalisi
diktə edir ki, elektrik enerjisi ilə təchizat daim yüksək
səviyyədə təşkil edilsin. Yəni,
bir sözlə, bu gün bu məsələ öz həllini
tapıbdır.
Dünən
Naxçıvanda sərgilənən yerli istehsal nümunələri
ilə də tanış olmuşam. O sərgidə
Naxçıvanda son illər ərzində
yaradılmış müəssisələrin məhsulları
nümayiş etdirilirdi. Bu da çox sevindirici
haldır. Çünki yerli istehsal
artır. Naxçıvanın sənaye potensialı
artır, ixrac artır və Naxçıvanın artıq 100
milyon dollar səviyyəsində ixrac potensialı
yaranmışdır. Naxçıvanda ərzaq
təhlükəsizliyi məsələləri demək olar
ki, tam şəkildə öz həllini tapmışdır.
Dünən mən maraqlanırdım,
soruşurdum ki, vəziyyət necədir? Mənə
Vasif Talıbov məlumat verdi ki,
Naxçıvanın əsas ərzaq məhsulları ilə
təminatı tam şəkildə təşkil edilibdir. Bu da böyük nailiyyətdir, böyük
uğurdur.
İnfrastruktur layihələrinin icrası, yolların
çəkilməsi, hazırda içməli su və
kanalizasiya layihələrinin icrası da çox önəmli
hadisədir. Yəni, bir sözlə, Naxçıvanın
bütün sosial, iqtisadi, infrastruktur, hərbi məsələləri
yüksək səviyyədə öz həllini tapır.
Naxçıvan gözəlləşir,
abadlaşır, gözəl, müasir şəhərə
çevrilir.
Nəinki Naxçıvan şəhəri, digər
şəhərlər də. Bütün
rayon mərkəzlərində artıq müasir tibb məntəqələri
vardır. Naxçıvanda ən
böyük mərkəzi xəstəxana tikilir. Ondan əvvəlki dövrlərdə diaqnostika mərkəzi,
doğum mərkəzi tikilmişdir. Yəni,
görülən bütün işləri sadalamaq
üçün çox vaxt lazım olacaqdır, siz
naxçıvanlılar bunları yaxşı bilirsiniz. Sadəcə olaraq mən öz təəssüratlarımı,
öz sevincimi ifadə etmək istəyirəm ki, bu gün
Naxçıvan sözün əsl mənasında inamla,
uğurla inkişaf edir. Sizə,
naxçıvanlılara gələcək işlərdə də
yeni uğurlar arzulayıram.
Bir daha demək istəyirəm ki, bu uğurların təməlində
Ulu Öndərin siyasəti dayanır. Biz, onun
davamçıları bu siyasətə sadiqik. Artıq on bir ilə yaxındır ki, Ulu Öndər
aramızda deyil. Ancaq onun ideyaları, siyasəti,
siyasi xətti yaşayır. Azərbaycan
inamla, uğurla inkişaf edir. Azərbaycan
sözün əsl mənasında müstəqil dövlət
kimi öz siyasətini aparır. Azərbaycan
xalqı bu gün inkişaf edən Azərbaycanın
timsalında müstəqilliyin üstünlüklərini əyani
şəkildə görür. Müstəqillik
ən böyük sərvətimizdir. Hətta
inkişafımız olmasa idi, hətta ağır vəziyyətdə
yaşasaydıq belə, yenə də azadlıq, müstəqillik
hər şeydən üstündür. Ancaq
biz nəinki müstəqil dövlətik, nəinki öz
taleyimiz öz əlimizdədir və müstəqil siyasət
aparırıq, biz uğurlu dövlətik. Biz böyük uğurlara imza atmışıq.
Son on ilin nəticələri göz
qabağındadır. Bu, statistikadır,
bu, tarixdir, bu, reallıqdır. Son 10 il
ərzində iqtisadi sahədə Azərbaycan qədər
inkişaf edən ikinci ölkə olmamışdır. Cəmi
10 il ərzində iqtisadiyyat 3 dəfə
artmışdır.
Bizi uzun illər incidən işsizlik kimi problem demək
olar ki, aradan qaldırılıb. Yoxsulluq səviyyəsi
ən aşağı həddədir. Azərbaycan
bu gün bütün iqtisadi parametrlər üzrə ən
qabaqcıl ölkələrlə eyni səviyyədədir, bəzi
parametrlər üzrə inkişaf etmiş ölkələri
də qabaqlayır. Bizim dövlət xarici
borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir.
Azərbaycanda böyük həcmdə valyuta
ehtiyatları yaradılmışdır və ümumi daxili məhsulumuzun
70 faizini təşkil edir. Büdcə kəsiri
çox aşağı səviyyədədir. İnfrastruktur layihələrinə qoyulan vəsait
bu gün ölkəmizin hər bir yerində özünü
göstərir, yeni imkanlar açır. Biznes
imkanları da çox yaxşıdır. Azərbaycanda
liberal iqtisadiyyat aparılır. Rəqabət
qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı
dünyada 39-cu yerdədir.
Yəni, aparılan islahatlar,
düşünülmüş siyasət, xalqla iqtidar
arasındakı birlik bizim uğurlarımızı şərtləndirir. Son 10 ilin
inkişafı onu göstərir ki, biz, Ulu Öndərin
davamçıları onun bütün
tapşırıqlarını şərəflə yerinə
yetirmişik.
Siyasi islahatlar uğurla aparılır. Azərbaycanda
azad cəmiyyət formalaşıbdır. Bütün
azadlıqlar mövcuddur. Siyasi fəaliyyət
azadlığı, mətbuat azadlığı, internet
azadlığı, sərbəst toplaşmaq
azadlığı, vicdan azadlığı, bütün
azadlıqlar vardır. Azərbaycan
demokratik dövlətdir. Azərbaycan o
dövlətdir ki, bu dövlətin inkişafını xalq
müəyyən edir. Azərbaycan
xalqının maraqları bizim üçün hər
şeydən üstündür. Azərbaycan
dəyərləri, milli dəyərlərimiz bizim
üçün əsas istiqamətdir, əsas yolumuzdur.
Yəni, bu gün Azərbaycan dövləti möhkəm
təməl üzərində qurulubdur. Bu təməl
tarixə, xalqımızın əsrlər boyu
yaratdığı dəyərlərə söykənir.
Milli ideologiyamıza söykənir ki, onun müəllifi
ulu öndər Heydər Əliyevdir. Bu
gün, eyni zamanda, bizim dövlətimiz möhkəm iqtisadi
baza üzərində qurulubdur. İqtisadi
müstəqillik siyasi müstəqilliyimiz üçün əsas
şərtdir.
Azərbaycan bu gün dünya üçün çox
önəmli tərəfdaşa çevrilibdir. Beynəlxalq
nüfuzumuz artır. Dünya ictimaiyyəti
bizi dəstəkləyir. Əgər belə
olmasaydı, 155 ölkə bizə səs verməzdi. BMT Təhlükəsizlik Şurasının
üzvü olmuşuq. Dünyanın ən
mötəbər təşkilatı olan Təhlükəsizlik
Şurasına iki dəfə sədrlik etmişik. Bu il Avropa Şurasında sədrlik edəcəyik.
Dünyada dostlarımızın, bizimlə əməkdaşlıq
etmək istəyənlərin sayı artır. Yəni, budur bizim beynəlxalq nüfuzumuz. Beynəlxalq nüfuz, iqtisadi güc, hərbi
potensial, sosial məsələlərin həlli, regional
inkişaf proqramlarının uğurla icra edilməsi və
prinsipial siyasət.
Hər bir məsələ ilə bağlı bizim prinsipial
mövqeyimiz vardır. Azərbaycan hər bir beynəlxalq hadisə
ilə bağlı öz prinsipial mövqeyini ifadə edir.
Bu mövqe prinsiplər üzərində
qurulubdur. Beynəlxalq hüquq və ədalət
- bu iki prinsip hər bir ölkə üçün ən əsas
prinsip olmalıdır. Bizim
üçün bu, belədir. Bu gün Azərbaycanın
dünyada artan hörməti, eyni zamanda, bizim prinsipial
mövqeyimizdən qaynaqlanır. Bizim tərəfdaşlarımız
bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır.
Bizim sözümüzlə əməlimiz
arasında heç bir fərq yoxdur.
Biz gələcəyə böyük ümidlərlə, nikbinliklə baxırıq. Bizim gələcəyimiz daha da gözəl olacaqdır. Sözün düzü, hesab edirəm ki, bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri - quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır. Bundan sonra Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanın uğurlu, dinamik inkişafı təmin ediləcəkdir. Bu günədək görə bilmədiyimiz işləri görəcəyik. Görüləsi işlər vardır. Ancaq deyə bilərəm ki, xalqımızı narahat edən əsas sosial və iqtisadi məsələlərin böyük əksəriyyəti öz həllini tapmışdır. Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini Ulu Öndər qoymuşdur. Bir daha demək istəyirəm ki, biz bu siyasətə sadiqik. Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz.
Əziz dostlar, bu gözəl hadisə münasibətilə bütün naxçıvanlıları və bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm.
Eşq olsun Azərbaycan xalqına,
yaşasın Naxçıvan!
Azərbaycan.-2014.- 9 aprel.- S.1;2.