Bakıda MDB iştirakçıları olan dövlətlərin Silahlı
Qüvvələrinin Qərargah Rəisləri
Komitəsinin iclası keçirilmişdir
Aprelin
8-də Bakıda Müstəqil Dövlətlər Birliyinin
(MDB) iştirakçıları olan dövlətlərin
Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin
(QRK) növbəti iclası keçirilmişdir.
Tədbir
Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının
rəisi, Rusiya Federasiyası müdafiə nazirinin birinci
müavini, ordu generalı, QRK-nin sədri Valeri Gerasimovun sədrliyi
ilə keçirilmişdir.
AzərTAc
xəbər verir ki, iclasda Azərbaycan və Rusiya ilə
yanaşı, Belarus, Qazaxıstan və
Qırğızıstan təmsilçiləri də
iştirak etmişlər.
Azərbaycan
Respublikası müdafiə nazirinin birinci müavini, Azərbaycan
Respublikası Silahlı Qüvvələri Baş Qərargahının
rəisi, general-polkovnik Nəcməddin Sadıqov iclası
açaraq qeyd etmişdir ki, iqtisadiyyatı genişlənən,
hərtərəfli inkişaf dən Azərbaycanın
müdafiə qabiliyyəti də möhkəmlənir. Ölkənin
hərbi büdcəsi ilbəil artır və bu tendensiya gələcəkdə
də davam edəcəkdir.
N.Sadıqov
onu da qeyd etmişdir ki, Azərbaycanın ərazi
bütövlüyü Ermənistandan başqa bütün
ölkələr və beynəlxalq təşkilatlar tərəfindən
tanınmışdır. Azərbaycan beynəlxalq hüquq
normalarının yerinə yetirilməsini tələb edir.
N.Sadıqov
çıxışının sonunda demişdir: “Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi olmasaydı,
ölkəmiz daha böyük nailiyyətlər qazanardı.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən
işğal edilməsi və işğal olunmuş ərazilərdə
Ermənistanın apardığı etnik təmizləmələr
nəticəsində bir milyondan çox azərbaycanlı
öz doğma torpaqlarını tərk etməyə məcbur
olmuşdur. Biz bu münaqişənin sülh yolu ilə həll
edilməsinin tərəfdarıyıq və hesab edirik ki,
bunun üçün hələ də şans və ümid
vardır. Bununla belə, Azərbaycan xalqının səbri
hüdudsuz deyildir. Hesab edirik ki, bu məsələ beynəlxalq
hüquq çərçivəsində öz həllini tapa
bilər”.
MDB
Müdafiə Nazirləri Şurasının katibi Aleksandr
Sinayski görüş iştirakçılarına MDB
üzvü olan dövlətlərin hərbi əməkdaşlığı
sahəsində 2020-ci ilə qədər
planlaşdırılan tədbirlər haqqında məlumat
vermişdir.
Sonra
müxtəlif ölkələrin nümayəndələri məruzələrlə
çıxış etmişlər.
İclasda
hərbi təyinatlı müştərək (birləşmiş)
sistemlərin yaradılması və təkmilləşdirilməsi
ilə bağlı məsələlər kompleksi müzakirə
edilmişdir. O cümlədən, Vahid dövlət
radiolokasiya tanıma sisteminin inkişafı
konsepsiyasının, humanitar minasızlaşdırma məsələlərinin
həlli dövründə MDB iştirakçısı olan
dövlətlərin silahlı qüvvələrinin mühəndis
qoşunlarının hərbi qulluqçularının statusu
haqqında Sazişin, Birlik dövlətlərinin silahlı
qüvvələrinin mənafeyi naminə coğrafi məkan
haqqında informasiya mübadiləsi sahəsində əməkdaşlıq
haqqında Sazişin layihələrinə
baxılmışdır.
Baş
qərargah rəhbərləri MDB üzü olan dövlətlərin
silahlı qüvvələrinin hərbi
qulluqçularının səhra (hava, dəniz) vərdişlərinə
yiyələnmək üzrə müsabiqələr
keçirilməsi, habelə RF silahlı qüvvələri
bölmələrinin “Açıq su” ümumordu
yarışlarında iştirakın təşkil edilməsi
üzrə tədbirlər planını da
razılaşdırmış və bəyənmişlər.
MDB
QRK-nin iclası konstruktiv və işgüzar şəraitdə
keçmişdir. Komitənin iclasında qəbul edilmiş qərarlar
ümumi, regional və milli maraqlar nəzərə
alınmaqla qarşılıqlı tərəfdaşlıq əlaqələri
formatında çoxtərəfli hərbi əməkdaşlıq
sisteminin inkişafına yönəlmişdir.
Qeyd
etmək lazımdır ki, bugünkü iclas baş qərargah
rəhbərlərinin Bakıda keçirilmiş birinci
iclasıdır. İndiyə qədər 2001-ci və
2006-cı illərdə Azərbaycan paytaxtında MDB üzrə
Müdafiə Nazirləri Şurasının iclasları
keçirilmişdir.
Azərbaycan.-2014.- 9 aprel.- S.4.