Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə
Beynəlxalq
Prokurorlar
Assosiasiyası arasında əməkdaşlıq əlaqələri
genişlənir
Aprelin
8-də Azərbaycan Respublikasının baş prokuroru Zakir
Qaralovun dəvəti ilə ölkəmizdə səfərdə
olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) prezidenti,
Avstriya Prokurorlar Assosiasiyasının rəhbəri Gerhard
Yaroşun başçılıq etdiyi nümayəndə heyəti
Baş Prokurorluqda olmuşdur.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonaqlara son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən islahatlar, qanunverici və praktiki tədbirlər, əldə olunan nailiyyətlər, o cümlədən uğurla reallaşdırılan məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması barədə ətraflı məlumat verilmişdir.
Zakir Qaralov korrupsiya ilə mübarizə sahəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə söhbət açaraq idarənin müsbət iş təcrübəsinin daha geniş mütəxəssis kütləsinə çatdırılması üçün Baş İdarənin rəisi Kamran Əliyevin BPA-nın konfranslarının birində çıxışının təşkil edilməsini, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin korrupsiyaya qarşı mübarizə vasitəsi kimi uğurlu model olaraq Avropada təşviqi və BPA-da təqdimatlarının keçirilməsini təklif etmişdir.
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən Gerhard Yaroş təmsil etdiyi qurumun fəaliyyətinə ölkəmizin verdiyi mühüm töhfələri və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndirmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində respublikamızda həyata keçirilən tədbirlərin əhəmiyyəti nəzərə alınaraq quruma üzv dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyi xüsusi vurğulanmışdır.
Gerhard Yaroş BPA-nın tədbirlərində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müsbət iş təcrübəsinin təbliği ilə bağlı təqdimatların keçirilməsi barədə irəli sürülmüş təklifləri müsbət qarşılamaqla yanaşı, korrupsiya ilə mübarizə sahəsində əldə edilmiş təcrübənin mübadiləsi üçün birgə veb- saytın yaradılması təklifi ilə çıxış etmişdir.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.
Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun tarix muzeyi ilə tanış olmuşdur. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, Azərbaycan-Beynəlxalq Prokurorlar Assosiasiyası münasibətlərini özündə əks etdirən ekspozisiyalar onlarda xüsusi təəssürat oyatmışdır.
Qonaqlar milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yeni inzibati binasına gələrək müasir hüquq ədəbiyyatı, normativ-hüquqi aktlarla zənginləşdirilmiş, digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş “Qaynar xətt” əlaqə mərkəzi, digər dövlət qurumlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olmuşlar.
Daha sonra Gerhard Yaroş Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, habelə BPA-nın gənc üzvləri ilə görüşmüşdür.
Görüşdə Avstriya Prokurorluğunun və Beynəlxalq Prokurorlar Assosiasiyasının fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilmiş, gənc prokurorlar onları maraqlandıran aktual məsələlərə, o cümlədən çirkli pulların yuyulması və cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə dair suallar verməklə qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
Beynəlxalq Prokurorlar
Assosiasiyası nümayəndə heyətinin ölkəmizə
səfəri davam edir.
Azərbaycan.-2014.- 9 aprel.- S.4.