Durmaq yox, yola davam

 

Azərbaycan və Türkiyə rəhbərlərinin siyasi iradəsi

 hər iki dövlətin gücünü və artan inkişafını təmin edir

 

"Biz dostuq, qardaşıq, rəhbərlər qardaşdır, xalqlar qardaşdır. Belə də olmalıdır. Gələcək uğurlu inkişafımız və dünyada yerimizi möhkəmləndirmək üçün Türkiyə-Azərbaycan birliyi bundan sonra da davam edəcəkdir, etməlidir. Bu, xalqların iradəsindən doğan bir sifarişdir, Türkiyə və Azərbaycan rəhbərliyinin əqidəsidir. Biz həmişə bir-birimizin yanındayıq, bir-birimizi müdafiə edəcəyik, yaxşı günlərdə və o qədər də yaxşı olmayan günlərdə də həmişə bir yerdə olmalıyıq. Zatən qardaşlar belə olmalıdır və biz də belə qardaşlardanıq".

 

 İlham ƏLİYEV

 

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı artıq beynəlxalq münasibətlər sistemində səmərəli əməkdaşlığın və qarşılıqlı etimadın örnəyi kimi qəbul edilir. Bu mükəmməl müttəfiqliyi təkcə tarixi kök və eyni mənəvi dəyərlərlə əlaqələndirmək doğru deyil. Azərbaycanla Türkiyə öz aralarında mənəvi bağlılığı iqtisadi-siyasi yönümdə daha da möhkəmləndirməklə, artıq türk xalqları və Yaxın Şərqin müsəlman ölkələri arasında inkişafın və sabitliyin uğurlu modeli kimi tanınır, birləşdirici gücə çevrilirlər. Qardaş cümhuriyyətin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri isə bir daha sübut etdi ki, bu dövlətlərarası münasibətlər məhz siyasi liderlərin iradəsi nəticəsində dünyanın örnək nümunəsi olaraq tanınır.

 

Dildə, fikirdə, əməldə birlik

 

Azərbaycan-Türkiyə münasibətlərinin mənəvi bütövlükdən bu gün strateji fəaliyyət birliyinə qədər yüksələn əməkdaşlıq mahiyyəti kəsb etməsinin səbəbi, şübhəsiz ki, hər iki dövlətin siyasi iqtidarlarının arasında mövcud olan səmimi etimaddır. Ölkə rəhbərlərinin "qardaşıq, dostuq, biri-birimizə sonsuz güvən və inamımız var" sözləri də fəaliyyətin bütün sahələrində özünü əməli işdə tam doğruldur. Prezident İlham Əliyevin Abdullah Gül-R.T.Ərdoğan siyasi tandemi ilə uzun illərin sınağından çıxan həmfikir, həmrəy əməkdaşlığı və bu əlaqələrin inkişaf tendensiyası elə bir səviyyəyə çatıb ki, artıq Azərbaycan və Türkiyə beynəlxalq məkanda dost dövlətlər nümunəsinə çevrilib. Bir məqamı isə xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan liderinin özünəməxsus siyasi çevikliyi bu münasibətlərin sırf üfüqi - tam bərabərhüquqlu tərəfdaşlıq müstəvisində qurulmasını təmin və zəruri edir.

Dünya miqyasında elə bir mövzu, elə bir problem yoxdur ki, orada bu dövlətlər fərqli mövqe sərgiləsin. Bundan əlavə, artıq dünyanın yeni enerji xəritəsinin müəyyənləşməsi də yalnız və yalnız Azərbaycan və Türkiyənin liderlərinin siyasi iradəsinin nəticəsidir.

Bir sözlə, bu münasibətlərdə rəmziliyin fonunda gerçəklik - vahid hədəflər daha aydın nəzərə çarpır. Hələ ötən əsrin əvvəllərində İsmayıl bəy Qaspıralının eyni soy-kökə mənsub xalqlar və liderlər üçün tövsiyə etdiyi "dildə, fikirdə, işdə (əməldə) birlik" amalı, göründüyü kimi, artıq arzularımız yox, yaşadığımız həqiqətdir.

Bu anlamda Baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri daha əlahiddə məna kəsb edir. Rəmzilik həmişəki kimi var: hər seçkidən sonra qazanılmış siyasi qələbəni ilk olaraq qardaş ölkənin lideri ilə qeyd etmək ənənəsini ötən il Prezident İlham Əliyev də davam etdirdi, elə R.T.Ərdoğan da bu ənənəyə xilaf çıxmadı. "Bizim ənənəvi keçmişimizə baxdıqda hər seçkilərdən sonra ilk ziyarət etdiyimiz yer Azərbaycan olur. Seçkilərdən də çox yüksək bir uğurla çıxdıq. Bu ənənəmizi yerinə yetirmək üçün qardaş Azərbaycana belə bir səfər etmək istədik" - son 11 ildə Türkiyədə keçirilmiş 8 seçkinin hər birinin qalibi olmuş R.T.Ərdoğanın bu dostluq jestinə Azərbaycan liderinin cavabı da olduqca dəyərli idi. Elə Azərbaycanda da son 11 ildə keçirilmiş 8 seçkinin (üç prezident, iki parlament, iki bələdiyyə və bir referendum) möhtəşəm qalibi olmuş İlham Əliyev dostunun zəfərini "böyük qələbə" kimi səciyyələndirdi: "Bu qələbə bir daha Sizin gördüyünüz işlərə türk xalqı tərəfindən verilən yüksək qiymətdir. Sizin rəhbərliyinizlə son illərdə Türkiyə böyük və şərəfli yol keçmişdir".

Lakin bu ziyarətə və aparılan danışıqlara qardaş sevincini bölüşməyin səmimi ab-havası ilə yanaşı ondan az olmayan siyasi ovqat da təsirsiz olmadı. Hələ Ankarada hava limanında jurnalistlərə brifinqində səfəri barədə məlumat verən Baş nazir R.T.Ərdoğan Türkiyə-Azərbaycan münasibətlərinin nümunəvi mahiyyət qazandığını qeyd edərək demişdi ki, mükəmməl səviyyədə davam edən ikitərəfli münasibətlərimizlə yanaşı, Cənubi Qafqazda da önəmli layihələrə imza atırıq, bölgədə hərtərəfli sülhün təmin edilməsi yönündəki çalışmalara fəal dəstək veririk, aparacağım danışıqlarda Azərbaycanın ərazi bütövlüyünün bərpası yönündə davam etdirilən çalışmalar haqqında da fikir mübadiləsi edəcəyik.

 

Rəmzi səfərin gerçək nəticələri

 

Liderlərin müzakirə olunası, müəyyən təshih ediləsi, bölgədə baş verən geosiyasi məsələlərə vahid mövqe müəyyənləşdiriləcək məqamlar yetərincə idi. Aparılacaq müzakirələrin nəticələri isə iki dövlətlə yanaşı, ümumiyyətlə son dövrlərdə bölgədə baş verən prosesləri və məlum fövqəldövlətlərin arasında gərginləşən münasibətləri izləyən ekspertlərin diqqət mərkəzində idi.

Çünki artıq Azərbaycan və Türkiyə siyasi proseslərdə müstəqil aktor olduqlarını tam isbat ediblər, həmçinin yaxın regionda hadisələrin axarına təsir göstərmək iqtidarındadırlar. Yəni Azərbaycan-Türkiyə tərəfdaşlığı bu ölkələrin daha da güclənməsini təmin etməklə yanaşı, onların yeni güc mərkəzi kimi beynəlxalq məkana artıq daha intensiv adaptasiyasına zəmin yaradır.

Baş nazirin ictimaiyyət üçün açıqlaması qısa oldu: "Aramızda çox məhsuldar bir toplantı keçirdik. İstər ikitərəfli, istərsə də regional münasibətlərimizi, prosesləri dəyərləndirməyə fürsətimiz oldu. İnanıram ki, bundan sonrakı müddətdə də aramızdakı bu münasibətlərimizi davam etdirmək sürəti ilə Türkiyə-Azərbaycan həmrəyliyini gələcəyə daha güclü şəkildə, güclənərək çatdıracağıq".

Azərbaycan Prezidenti isə daha ətraflı danışaraq müzakirə edilən konkret mövzulara toxundu: Siyasi məsələlər, regional problemlər, Qarabağ münaqişəsinin nizamlanması prosesi, hərbi əməkdaşlıq, iqtisadi sahə, Türkiyəyə yatırılacaq sərmayənin həcminin artırılması, enerji layihələri və s.

Göründüyü kimi, son səfərin nəticələrinin miqyası heç də simvolik deyil. Onları belə ümumiləşdirmək olar:

- Hazırda Türkiyədə ən böyük investor dövlət olan Azərbaycan növbəti 7-8 il ərzində təqribən 20 milyard dollara yaxın əlavə sərmayəni qardaş ölkənin iqtisadiyyatına yatıracaq;

- Dünyanın enerji xəritəsini dəyişdirən və Azərbaycanla Türkiyənin liderliyi ilə gerçəkləşən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP layihələrinin regional çərçivədən çıxaraq dünya miqyaslı layihəyə çevrilməsi üçün səylər artırılacaq;

- TANAP layihəsinin açılışı 2018-ci ildə həyata keçiriləcək;

- Nəqliyyat, enerji dəhlizlərinin daha səmərəli nəticələr verməsinə nail olunacaq;

- Xarici ticarət dövriyyəsi 15 milyard dollara çatdırılacaq;

- "Petkim"də başlayan prosesin uğurla gedişi və bura yatırılacaq sərmayələr prioritetlərdən olacaq;

- Hərbi əməkdaşlıq daha da genişlənəcək;

- Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın qətiyyətli mövqeyini Türkiyə daim dəstəkləyəcək və bu məsələdə güzəşti əsla müzakirə mövzusu saymayacaq...

 

Qüdrətli Azərbaycan həm də Türkiyənin gücünün zəminidir

 

Dünya siyasi kəhkəşanında yeni parlayan iki ulduzun - Azərbaycan və Türkiyənin dövlət rəhbərlərinin müzakirə etdiyi strateji əhəmiyyətli məsələlər bir daha sübut etdi ki, bu ölkələrin münasibətləri möhkəm təməl üzərində qurulmaqla yanaşı, həm də doğru xətlə inkişaf edir. Çünki müəyyənləşən hədəf də düzgündür.

Azərbaycan xüsusilə son onillikdə sürətlə inkişaf edərək Türkiyə ilə bərabər regionun lider dövlətinə çevrilib. Respublikamız ümumilikdə Avropanın enerji təhlükəsizliyinin, deməli, həm də gələcək müqəddəratının təminatında əsas söz sahiblərindən biridir. Son illərə qədər qlobal layihələri xarici maliyyə mənbələri hesabına reallaşdıran Azərbaycan qardaş Türkiyənin iqtisadiyyatına, xüsusilə enerji sektoruna ən çox sərmayə qoyan dövlətə çevrilib. 2012-ci ilin iyun ayında Azərbaycan və Türkiyə arasında "Transanadolu qaz kəməri" (TANAP) haqqında tarixi razılaşmanın əldə olunması, ötən ilin dekabrında "Şahdəniz-2" layihəsinin imzalanması bu əlaqələrin miqyasını daha da böyüdüb.

Bütün bunlar iki türk dövlətini bir-birinə daha da yaxınlaşdırır. Strateji müttəfiq olan Azərbaycan və Türkiyə regiondakı siyasi proseslərə fəal müdaxilə və təsir imkanları ilə seçilirlər. Azərbaycanla Türkiyə yalnız türkdilli ölkələr üçün deyil, bütünlüklə İslam dünyası və Yaxın Şərq bölgəsi üçün aparıcı qüvvədir. Güclü iqtisadi resursları, beynəlxalq nüfuzları, demokratikləşmə və hüquqi, dünyəvi dövlət quruculuğunda qazandıqları mühüm nailiyyətlər bu qardaş ölkələri məlum bölgədə söz sahibinə çevirir və model dövlət kimi təsbit edir.

Şübhəsiz, bu dövlətlərin birliyi məlum qüvvələrin hədəfidir. Onlara nə güclü Azərbaycan, nə də ki güclü Türkiyə lazımdır. Amma qüdrətli Azərbaycan Türkiyəyə, daha inkişaf edən Türkiyə isə bizə gərəkdir. "Bir millət - iki dövlət" formulunun real həyatda öz həqiqi təsbitini tapması öhdəliyini bu dövlətlərin liderləri tam məsuliyyətlə daşıyırlar. Hər iki lider sözündə qətidir: həmrəylik, qardaşlıq, vahid mövqe davamlı olacaq.

Prezident İlham Əliyevin isə kiçik əlavəsi var: dostluq, qardaşlıq bu səviyyədə qalmayacaq, real işlərlə, yeni layihələrlə daha da möhkəmlənəcək.

Baş nazir Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: Durmaq yox, yola davam!..

 

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2014.- 9 aprel.- S.6.