Bakıda Beynəlxalq Mülki
Aviasiya Təşkilatının
uçuşların
təhlükəsizliyi üzrə
19-cu regional müşavirəsi işə başlayıb
Aprelin 7-də Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) uçuşların təhlükəsizliyi üzrə 19-cu regional müşavirəsi işə başlamışdır. AzərTAc xəbər verir ki, aprelin 9-dək davam edəcək regional müşavirəyə Azərbaycan, Almaniya, İspaniya, Türkiyə, Rusiya, Litva, Estoniya, Belarus, Moldova, Qazaxıstan, Gürcüstan, Qırğızıstan və digər ölkələrdən, eləcə də uçuşların təhlükəsizliyinə cavabdeh təşkilatlardan nümayəndə heyətləri qatılmışlar.
Regional müşavirədə çıxış edən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) vitse-prezidenti Arif Məmmədov beynəlxalq marşrutlar şəbəkəsinin Azərbaycanın və ümumilikdə regionun iqtisadi potensialını və turizm nöqteyi-nəzərindən cəlbediciliyini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan yaratdığını bildirmişdir. Qeyd edilmişdir ki, qədim dövrlərdən Azərbaycan Şərq ilə Qərbi birləşdirən Böyük İpək Yolunun əsas hissəsi olmuşdur. Bu gün beynəlxalq uçuşların inkişaf meylləri tarixi təkrarlayır və bu amil Azərbaycanın regiondakı nəqliyyat infrastrukturunun inkişafında önəmli rol oynayır. Bu baxımdan beynəlxalq uçuşların təhlükəsizliyi də xüsusi aktuallıq kəsb edir.
Müşavirədə aviasiyada təhlükəsizliyin bir nömrəli məsələ olduğu diqqətə çatdırılmış, son illər dünyada xeyli sayda insan tələfatı ilə müşayiət olunan aviaqəzaların sayının artması təəssüflə qeyd edilmişdir. İştirakçılar Bakı görüşünün uçuşların qlobal təhlükəsizliyi prinsiplərinə diqqətin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar.
* * *
Aprelin 8-də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov İCAO-nun uçuşların təhlükəsizliyi üzrə 19-cu regional müşavirəsinin iştirakçıları ilə görüşmüşdür.
"Azərbaycan Hava Yolları"nın prezidenti C.Əsgərov regional müşavirə iştirakçılarını yenidən Bakıda görməkdən şad olduğunu bildirərək, beynəlxalq tədbirdə müzakirə edilən uçuşların təhlükəsizliyi, marşrutların optimallaşdırılması məsələlərinin önəmini vurğulamışdır. Ölkəmizdə mülki aviasiyanın inkişafından, o cümlədən uçuşların təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən də danışan C.Əsgərov, belə bir mötəbər tədbirin Bakıda təşkil olunmasını ölkəmizə göstərilən etimadın əyani təzahürü kimi qiymətləndirmişdir.
"Azərbaycan Hava Yolları"nın 2008-ci ildən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) aviasiyanın təhlükəsizlik auditini (İOSA) uğurla keçdiyini xatırladan C.Əsgərov bildirmişdir ki, bununla da aviaşirkətimiz İOSA Operatorları reyestrinə daxil edilmiş və dünyanın ən təhlükəsiz aviaşirkətlər cəmiyyətinin tamhüquqlu üzvü olmuşdur. Ulu öndər Heydər Əliyevin "Aviasiyanın ən vacib məsələsi uçuşların təhlükəsizliyini təmin etməkdir" kəlamını özünün başlıca prinsiplərindən biri kimi qəbul edən "Azərbaycan Hava Yolları"nın rəhbərliyi və heyəti tərəfindən təhlükəsizlik, uçuşların müntəzəmliyi, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılması və təkmilləşdirilməsi istiqamətində dəqiq və davamlı iş aparılır.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın aviasiya sahəsində əldə etdiyi nailiyyətləri sadalayan C.Əsgərov son illərdə milli aviaşirkətlərimizin təyyarə parklarını zənginləşdirməsindən və texniki təchizatın möhkəmləndirilməsindən də bəhs etmişdir. QSC-nin prezidenti ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən ölkəmizdə uçuşların təhlükəsizliyi sahəsində aparılan auditin nəticəsinə əsasən, Azərbaycana "1-ci dərəcə" statusunun verilməsini də ötən illər ərzində görülən işlərin nəticəsi kimi qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, bu statusdan sonra milli aviaşirkətlərimiz yaxın gələcəkdə ABŞ-a birbaşa uçuşlar həyata keçirməyi nəzərdə tuturlar.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında əldə olunan uğurlar milli aviasiyamızın inkişafına da müsbət təsirini göstərməkdədir. Belə ki, son illərdə Azərbaycanın milli aviasiyası beynəlxalq standartlara və İCAO-nun tələblərinə cavab verməklə bərabər, intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan Beynəlxalq Hava Limanı, 2006-2008-ci illərdə bir-birinin ardınca Gəncə, Zaqatala və Lənkəranda aeroportlar istismara verilmişdir. Daha sonra Qəbələdə yeni aeroport inşa olunmuş, Yevlax hava limanı yenidən qurulmuşdur. Bundan əlavə, sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir. "Azərbaycan Hava Yolları"nın təyyarə parkı dünyanın tanınmış şirkətlərindən alınan yeni və müasir təyyarələrlə zənginləşdirilmişdir. Hazırda "Azərbaycan Hava Yolları" QSC-nin təyyarələri dünyanın onlarla ölkəsinə və şəhərinə uçuşlar həyata keçirir.
Dövlət başçısının Azərbaycanın mülki aviasiya şahinlərinin əməyini yüksək qiymətləndirdiyini deyən C.Əsgərov qeyd etmişdir ki, son illərdə ölkəmizdə bu sahənin inkişafı istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev Beynəlxalq Aeroportunda Yeni Aerovağzal Kompleksinin inşa olunmasıdır. Layihənin həyata keçirilməsində məqsəd sərnişin və yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Yeni Aerovağzal Kompleksi istifadəyə veriləndən sonra ildə 6 milyon sərnişinə xidmət göstərmək mümkün olacaqdır. Ən müasir standartlara cavab verən kompleksin sahəsi 65 min kvadratmetrdir. Üçbucaq formasında inşa edilən dördmərtəbəli yeni aerovağzal binası istifadəyə verildikdən sonra buradan beynəlxalq reyslər yerinə yetiriləcəkdir.
Kompleksdə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklərin tətbiqi həyata keçiriləcəkdir. Müasir görünüşü ilə də diqqəti cəlb edəcək yeni aerovağzalda sərnişinlərə xidmət ən yüksək tələblər səviyyəsində olacaqdır. Ən son avadanlığın tətbiqi uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradacaqdır. Aerovağzal binasının ərazisində eyni vaxtda 10-dan çox təyyarəni qəbul edə bilən teleskopik traplar quraşdırılmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə milli aviasiyanın maddi-texniki bazasının güclənməsi istiqamətində görülən işlərdən danışan C.Əsgərov bildirmişdir ki, dövlət başçısı ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə də xüsusi diqqət göstərir. Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binası açılmışdır ki, bu da hava limanının strateji əhəmiyyətini daha da artırır.
"Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi Azərbaycan Respublikasının hava məkanında və bütün aeroportlarında uçuşların idarəedilməsi ilə məşğuldur. Bu idarə Azərbaycan Respublikasının quru və su sərhədlərinə, ümumilikdə, 165,4 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə edir. Qurum tərəfindən xidmət göstərilən hava dəhlizinin uzunluğu 8 min kilometrdən çoxdur.
Diqqətə çatdırılmışdır ki, dünyanın çoxlu sayda aviaşirkətləri Avropadan Asiyaya və geriyə uçuşlar həyata keçirərkən Azərbaycan Respublikasının hava məkanına daha çox üstünlük verirlər. Bu baxımdan "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzi üçün yeni inşa olunan bina mühüm əhəmiyyət kəsb edir.
Uçuşların təhlükəsizliyi üzrə 19-cu regional müşavirənin yüksək səviyyədə təşkil edildiyinə görə minnətdarlığını bildirən İCAO-nun Avropa və Şimali Atlantika üzrə Regional Bürosunun nümayəndəsi Sven Halle aviasiyada təhlükəsizliyin daim ön sırada olmasının vacibliyini qeyd etmiş, bu sahədə qarşılıqlı əməkdaşlığın önəmini vurğulamışdır. İCAO-nun rəsmisi ölkəmizdə aviasiya sahəsində görülən işləri yüksək qiymətləndirərək, uçuşların təhlükəsizliyi ilə bağlı Azərbaycanın qazandığı uğurları təqdir etmişdir.
İspaniyanın, Almaniyanın, Gürcüstanın və digər ölkələrin nümayəndə heyətlərinin başçıları qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirərək, aviauçuşların qlobal təhlükəsizliyi məsələlərinin daim diqqətdə saxlanılmasının vacibliyini vurğulamışlar.
Görüşdə uçuşların təhlükəsizliyi
ilə bağlı təcrübə mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2014.- 9 aprel.- S.8.