Zülmət gecənin qanla açılan səhəri

 

Ağdabanın birinci faciəsi: 8 aprel 1992-ci il

 

21 ildir ki, "bahar fəsli, yaz ayları gələndə süsənli-sünbüllü, lalalı dağlar" kəlbəcərlilərin gözlərində dumana-çənə bürünür. Çünki deyirlər bu illərdə Kəlbəcərə yaz gəlmir. Sazın-sözün beşiyi Kəlbəcərdə yağı dilində danışırlar. Çal-çağırlı günlərini itirib bu ulu yurd doğma kəlbəcərliləri kimi...

...Ağdabanın 8 aprel 1992-ci il tarixli səhəri - bu qara, qanlı tarix heç vaxt yaddan çıxmaz. Ağdabanın tarixinə həmin gün qara həriflərlə yazılıb. Əslində, qan qırmızı rənglə - şəhid qanıyla yazılıb o gün.

Ağdabana aprelin 8-də səhər tezdən çatmışdıq. Yağılar kəndi tar-mar edib, dağıtdıqdan sonra baxmaq olmurdu bu yerlərə. Od vurulmuş evlərdən hələ burum-burum qara tüstü qalxırdı. Çapar tərəfdən atılan toplar bizdən o yana düşüb "salamat qalmış" bir neçə evi dağıtdı. Kəndin köməyinə gəlmiş müdafiəçilər düşməni susdurmağa çalışsalar da, bunun heç bir əhəmiyyəti yox idi. Ağdaban qan içində boğulur, "tüstüsü başından çıxırdı"...

Kəlbəcərin Yolaşan adlanan yerində Şəhidlər xiyabanı salınırdı. Bu xiyabana ilk şəhid karvanı yolu başlamışdı. Bu qara karvan ağdabanlıların idi...

1989-cu il iyulun 11-  tütün sahəsində çalışan ağdabanlı qadınlar  7 erməni silahlı quldurunu tutmuşdular. Rayon prokurorluğu istintaqa başlamışdı. Respublika Prokurorluğu isə işin DQMV hərbi komendantının sərəncamına göndərilməsinə göstəriş - əmr vermişdi. İyulun 14-də həmin erməni quldurlarını Xankəndiyə, guya istintaqa aparmaq üçün rus hərbçilərinin müşayiəti ilə Kəlbəcərə 2 vertolyot gəldi. Nədənsə vertolyotlar nəzərdə tutulmuş meydançaya deyil, şəhər stadionuna endilər. Erməni quldurlarını götürüb qalxarkən vertolyotlardan birinin pərləri, guya elektrik dirəyinə toxundu. Vertolyot "müvazinətini itirərək" stadionun yanındakı divarın dibinə düşdü. Bu zaman vertolyotun pərləri burada futbol oynayan uşaqları biçib-tökdü. O gün Kəlbəcər 8 azyaşlı məktəblinin qanında boğuldu. Kim idi onlar: ermənilərə güllə atanmı?! Bəs idi onların günahsız axan qanına bais?!

Aprelin 7-dən 8-nə keçən gecə ermənilər gecə ikən hücum edərək Ağdabanı ikinci Xocalıya çevirdilər. Hücumdan xəbərsiz kənd əhalisi başıaçıq-ayaqyalın, qarlı meşələrə, dağlara dağıldılar. Kəndi müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən, əhali müdafiəsiz qalmışdı. Bu qanlı faciə zamanı 32 nəfər dinc əhali - qoca, qadın, uşaq həlak oldu, iki nəfər evdə diri-diri yandırıldı, 7 nəfər girov aparıldı. Kənd bütünlüklə demək olar ki, odlara qalandı. Səhər tezdən köməyə gələn yerli özünümüdafiə batalyonunun 6 döyüşçüsü həlak oldu. Kəndə köməyə gedən hərbçilər mülki adamlar yoldaca gülləbarana tutuldular.

Ağdaban faciəsi ermənilərin Kəlbəcərə qarşı başladığı böyük müharibənin siqnalı idi. Ağdabanın ermənilərin əlində qalması digər kəndlərin işğalını asanlaşdırar, Murov yolunun quldurlar tərəfindən tutulmasına beləliklə 52 min nəfərlik əhalinin tamamilə məhvinə gətirib çıxarardı.

Ağdaban bir dəfə deyil, iki dəfə erməni quldurları tərəfindən darmadağın edildi.  8 aprel 1992-ci il Ağdabanın faciəsi kimi yaddaşlara yazıldı. Kəlbəcərin ilk şəhidliyi məhz bu kənddən başladı. Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, Kəlbəcər ədəbi mühitinin beşiyi kimi çoxdan hədəfə almışdılar. Məhz ona görə hələ 1990-cı il iyul ayının 11-də Ağdərənin Otaqqaya  ərazisində Tərtər-Kəlbəcər marşrutu ilə gedən (150-yə yaxın maşından ibarət) karvanın qarşısını kəsərək Çimnaz xanımı, milis mayoru, Zərdab rayon milis rəisinin müavini Şahlar Şükürovu (Azərbaycanın Milli Qəhrəmanı), Aslan Xıdırovu, ittifaq miqyaslı "İstisu" sanatoriyasında müalicəyə gedən yüzlərlə dinc sakini (əksəriyyəti xəstə qocalardan ibarət) terror nəticəsində qətlə yetirmişdilər.

 

Ağdabanın ikinci faciəsi: 26 mart 1993-cü il

 

Həm Ağdərə, həm Ermənistanın Basarkeçər rayonu istiqamətindən hücuma məruz qalan, müdafiə olunmayan əhali qarlı-çovğunlu günlərdə dədə-baba yurdlarından ayaqyalın-başaçıq, bütün əmlakını ataraq dəniz səviyyəsindən 3400 metr yüksəklikdə olan Murovdağ aşırımından qaçmağa məcbur edildi. Siyasi oyunların, daxili çəkişmələrin nəticəsində satqın hərbçilərin xəyanətindən 52 min nəfər doğma yurdundan qovuldu.

Ağdabanın 26 mart 1993-cü il tarixdə  ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il martın 31-dən aprelin 2-dək Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə işğal edildi.

Amma hər gecənin bir işıqlı səhəri açılır. Azərbaycanın işıqlı səhərlərinin birində  işğal altında inləyən yurdlarımızın, eləcə Ağdabanın üstünə gün doğacaq. Səmamız  da məqsədimiz, məramımız amalımız kimi aydındır, işıqlıdır, nurludur. Kəlbəcərə gedən yol Ağdabandan başlayır.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2014.- 9 aprel.- S.11.