«Baku Guide»
bələdçi kataloqunun ilk nömrəsi çapdan
çıxmışdır
Azərbaycanın turizm imkanlarının təbliği, ölkəmizə təşrif buyuran qonaqlara nümunəvi turizm xidmətinin təşkili üçün bir çox layihələr həyata keçirilir.
Bu gün dünyanın ən gözəl, inkişaf etmiş şəhərlərindən biri olan paytaxtımıza hər gün yüzlərlə turist, işgüzar səfərlərlə çoxsaylı qonaqlar gəlir. Onları Bakı ilə yaxından tanış etmək, şəhərimizin mədəni həyatı, istirahət və əyləncə imkanları barədə dolğun və operativ məlumatlandırmaq üçün müasir tələblərə uyğun şəhər bələdçi kataloquna ehtiyac vardır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bu günlərdə belə bir nəşrin - "Baku Guide" bələdçi kataloqunun ilk nömrəsi çapdan çıxmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq hazırlanan və nəfis tərtibatda, yüksək poliqrafik keyfiyyətlə çap edilən kataloqun əsas qayəsi ölkəmizə təşrif buyuran hər bir turistin bələdçisinə çevrilmək, onu Bakıda, Azərbaycanda olduğu müddətdə daim müşayiət etməkdir.
Məxsusi dizaynı ilə seçilən, rəngarəng fotoillüstrasiyalarla zəngin olan aylıq kataloqda Bakının küçə, prospekt, meydanları, şəhər və şəhər ətrafında yerləşən görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları, rəsm qalereyaları, teatr və konsert müəssisələri, muzeylər, kitab evləri, idman və sərgi kompleksləri haqqında təfərrüatlı məlumat verilir.
Nəşrdə ay ərzində keçirilməsi planlaşdırılan mədəni-kütləvi tədbirlər, teatr və konsert müəssisələrinin repertuarları, festivallar, sərgilər, bayramlar və s. barədə məlumatlar, eləcə də tədbirlərin keçiriləcəyi ünvan, tarix, əlaqə telefonları yer alır.
Eyni zamanda, turistləri və şəhərimizin qonaqlarını maraqlandıra biləcək hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım ala biləcəkləri çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda əksini tapmışdır.
Bir sözlə, "Bakı haqqında hər şey" ("All about Baku") konseptində hazırlanan nəşr hər ay oxucuların görüşünə gələcək, onları möhtəşəm paytaxtımız haqqında, şəhərimizin mədəni və işgüzar həyatı barədə üç dildə - Azərbaycan, ingilis və rus dillərində məlumatlandıracaqdır.
Kataloq paytaxtımızın yerli və xarici qonaqları ilə yanaşı, şəhər sakinləri üçün də faydalı nəşr, dolğun məlumat mənbəyidir.
İlk nömrəsi işıq üzü görən nəşrin tərtibatı və məzmunu daha da zənginləşdiriləcəkdir. Gələn il paytaxtımızda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində "Baku Guide" xüsusilə böyük tirajla şəhərimizin qonaqlarına təqdim olunacaqdır.
Layihənin rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.
AzərTAc
Azərbaycan.-2014.- 9 aprel.- S.9.