Azərbaycanlı deputat ATƏT Parlament Assambleyasının

 Kopenhagendə keçirilən büro iclasında çıxış etmişdir

 

 

ATƏT Parlament Assambleyasının (PA) Kopenhagendə büro iclası keçirilmişdir. İclasda Ukraynadakı böhran, komitələrin qurumun Bakıda keçiriləcək 23-cü illik sessiyasına təqdim etmək üçün hazırladıqları hesabat və qətnamələr, ATƏT-ə sədrlik edən İsveçrənin hazırladığı fəaliyyət planı müzakirə olunmuşdur.

ATƏT PA-nın büro üzvü, təhlükəsizlik və siyasi məsələlər komitəsinin sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev iclasda çıxış etmişdir.

Ukraynadakı vəziyyətə toxunan deputat bu ölkənin ərazi bütövlüyünün qorunmasının və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının vacibliyini qeyd edərək vurğulamışdır ki, bugünkü böhranlı vəziyyətin yaranmasında beynəlxalq təşkilatlar da məsuliyyət daşıyır. Belə ki, ATƏT və digər beynəlxalq qurumlar regionda mövcud olan dövlətlərarası münaqişələrin, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin vaxtında və ədalətli həllinə nail olsaydı və qəti qərarlar qəbul edərək ölkəmizin ərazi bütövlüyünü təmin etsəydi, növbəti presedent yaşanmazdı. A.Quliyev demişdir ki, indi bir çoxları beynəlxalq hüququn kobud şəkildə pozulmasından danışır. Amma Azərbaycan 20 ildən çoxdur ki, öz etiraz səsini ucaltsa da, buna məhəl qoyulmamışdır. Yaranmış gərgin vəziyyət ATƏT üçün bir imtahandır və bunun öhdəsindən gəlmək üçün yol xəritəsi hazırlanmalı, cəsarətli qərarlar qəbul edilməlidir.

Daha sonra deputat ATƏT PA-nın təhlükəsizlik və siyasi məsələlər komitəsinin məruzəçisi xanım Pia Kaumanın hazırladığı qətnamə layihəsinə iki mühüm məsələnin əlavə olunmasını təklif etmişdir. Birinci təklif bir dövlətin digərinin ərazisini ələ keçirmək məqsədilə xalqların öz müqəddəratını təyin etməsi adı altında qondarma referendumlar keçirməsinə və işğala qanuni don geyindirmək cəhdlərinə ATƏT PA-nın münasibət bildirməsi olmuşdur. A.Quliyev demişdir: ATƏT ərazisində mövcud olan münaqişələrin tarixinə baxsaq görərik ki, bütün bu münaqişələrin hamısı saxta referendum keçirməklə başlamışdır. Bunun qarşısını almaq üçün ATƏT açıq şəkildə bildirməlidir ki, bu tipli referendumlar üzv ölkələrin konstitusiya və qanunları çərçivəsində təşkil olunmalı və birtərəfli şəkildə elan edilən separatçı fəaliyyətə yol verilməməlidir.

İkinci təklifdə isə ATƏT-in hər bir üzvünün digərinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi və bunun qətnamədə ayrıca maddə ilə qeyd olunmasının vacibliyi öz əksini tapmışdır.

İsveçrənin sədrliyinə də toxunan azərbaycanlı deputat mövcud problemlərin həlli üçün vətəndaş cəmiyyəti institutları ilə yaxından əməkdaşlıq edilməsinin və bu prosesdə ölkə parlamentlərinin rolunun artırılmasının zəruriliyini diqqətə çatdırmışdır.

 

Azərbaycan.-2014.- 9 aprel.- S.6.