Sülhsevər siyasət yeridən Azərbaycan Dağlıq Qarabağ

 münaqişəsinin danışıqlar yolu ilə həllinə tərəfdardır

 

 

Sülhsevər siyasət yeridən Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tərəfdar olduğunu dəfələrlə bəyan etmişdir.

Bu fikri yaz sessiyasında sərbəst dinləmələr zamanı Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev çıxışında söyləmişdir.

Azərbaycanlı deputat çıxışında bildirmişdir ki, bu gün dünyada, o cümlədən Avropada inkişaf edən geosiyasi vəziyyət onu göstərir ki, beynəlxalq hüquq normaları prinsiplərinə əsaslanan beynəlxalq təhlükəsizlik sistemi böhran vəziyyətindədir. Bu da beynəlxalq hüququn təməl prinsiplərini manipulyasiya etmək tendensiyasına ciddi təsir edireyni zamanda aqressiv separatizmə, müstəqil ölkələrin suverenliyinə qəsd təhrikinə gətirib çıxarır. Məsələn, xalqların öz müqəddəratını təyinetmə hüququndan sui-istifadə edən Ermənistan müharibəni başlamaqla, Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdir

BMT-nin 1970-ci ildə qəbul olunmuş qətnaməsinə əsasən, Ermənistan tərəfinin tez-tez müraciət etdiyi xalqların öz müqəddəratını təyinetmə prinsipi başqa əraziləri zəbt edən, zorakılıq əməllərinə əl atan, etnik təmizləmə və kütləvi qətllər törədən işğalçılara nədənsə şamil edilmir.

Bundan başqa, 1975-ci ildə qəbul olunmuş Helsinki Yekun Aktı dövlətin öz razılığı olmadan onun ərazisinin bir hissəsinin ayrılmasını istisna edir. Beynəlxalq hüququn təməl prinsiplərinə dair aparılan ikili standartlar təcrübəsi bundan sonra da bu kimi mənfi presedentlərin olmasına gətirib çıxaracaqdır.

Azərbaycan Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının qurbanı kimi, yenə də regionda sülhün və ədalətin bərqərar olmasına ümidini itirmir. Sülhsevər siyasət yeridən Azərbaycan münaqişənin dinc yolla həllinə tərəfdardır. Əlbəttə, Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları arasında dialoqun yaradılması bu istiqamətdə böyük rol oynaya bilər. Bu xüsusda, Avropa məkanının Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olması və münaqişənin həlli yolları istiqamətində icmalararası dialoqun canlandırılmasında nüfuzurolu olan AŞPA müəyyən fəaliyyət göstərə bilər.

Millət Məclisin deputatı Qənirə Paşayeva isə çıxışında ki, Azərbaycan ilə Ermənistan arasında sərhəd regionlarından birinin nümayəndəsi olaraq regionda mövcud vəziyyətdən bəhs etmiş, assambleyanı bu məsələyə diqqətini artırmağa çalışmışdır. O demişdir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü pozub və artıq 20 ildən artıqdır ki torpaqların bir hissəsini işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurası və Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrə məhəl qoymur.

Cəbhə bölgəsində yaşayanlar bizdən AŞPA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsini gözləyirlər. Biz assambleyanı bu məsələni ciddi müzakirə etməyə və bu istiqamətdə səylərini sürətləndirməyə çağırırıq. Mən 1 milyon qaçqın və məcburi köçkün adından danışıram. Onlar 20 ildir ki, öz doğma torpaqlarına və evlərinə dönə bilmirlər və bu, Avropa zonasında insan haqlarının ən böyük pozuntusudur. Avropa Şurası üzv dövlətlərindən birinin ərazisinin digər üzvü tərəfindən uzunmüddətli işğalı faktına laqeyd yanaşmamalı və bu məsələlərə ciddi münasibət göstərməlidir.

AŞPA-da bu məsələ ilə bağlı son müzakirələrin nə vaxt aparıldığını yada salaq, apardığımız müzakirələrin tarixini xatırlayaq. Təəssüflər olsun ki, mən xatırlaya bilmirəm. AŞPA-nın qeyd edilən qətnaməsi bəyan edir ki, Ermənistan Azərbaycan torpaqlarını tərk etməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə dönmələrinə imkan verməlidir. Bu qətnamənin qəbulundan 9 il keçməsinə baxmayaraq Ermənistan onu yerinə yetirməkdən boyun qaçırır.

Sadəcə müzakirələri aparmaq və sənədlər qəbul etmək kifayət deyil. Doğma torpaqlarından didərgin düşmüş insanlar sizi qəbul etdiyiniz qətnamələrin və sənədlərin yerinə yetirilməsi üzərində ciddi nəzarət həyata keçirməyə, daha effektiv mexanizmləri tətbiq etməyə və onların pozulmuş hüquqlarını müdafiə etməyə və bu məsələ ilə bağlı müzakirələr aparmağa çağırırlar.

Bu gün AŞ ərazisində qaçqın və məcburi köçkünlərin təqribən yarısı Azərbaycanda yaşayır. Mən assambleyanı yaxın gələcəkdə Cənubi Qafqazda məcburi köçkünlərin vəziyyəti ilə bağlı xüsusi müzakirələr aparmağa çağırıram. Çünki onların yerləşməsinə baxmayaraq biz qaçqınların və məcburi köçkünlərin vəziyyətinə ciddi diqqət yetirməliyik və onlara kömək etməliyik.

Suriyada baş verən son hadisələr hər kəsi narahat edir. Təəssüflər olsun ki, Ermənistan Suriyadan qaçqın düşmüş ermənilərdən öz təcavüzkar xarici siyasətinin aləti kimi istifadə edib, onları Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirir. Ermənistan tərəfindən həyata keçirilən bu addımlar AŞPA-nın sənədlərinə, habelə ATƏT-in fakt araşdırıcı missiyasının müvafiq müraciətlərinə zidd olub, vəziyyəti daha da gərginləşdirməklə münaqişənin sülh yolu ilə həll edilməsinə xələl yetirir. AŞPA Ermənistandan bu təşkilat qarşısında üzərinə götürdüyü öhdəliklər ilə ziddiyyət təşkil edən bu cür hərəkətləri dayandırmağı tələb etməlidir.

 

Əsgər Əliyev

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

Azərbaycan.-2014.- 9 aprel.- S.6.