Azərbaycan və İran
prezidentləri mətbuata bəyanatlarla çıxış
etmişlər
Azərbaycan
Respublikasının Prezidenti İlham
Əliyevin İran İslam
Respublikasına rəsmi səfəri
Tehran,
9 aprel (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki,
aprelin 9-da sənədlərin imzalanması mərasimi başa
çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və İran İslam
Respublikasının Prezidenti Həsən Ruhani mətbuata bəyanatlarla
çıxış etmişlər.
Azərbaycan Prezidenti İlham
Əliyevin bəyanatı
-
Hörmətli cənab Prezident.
İlk
növbədə dəvətə, mənə və nümayəndə
heyətinə göstərdiyiniz qonaqpərvərliyə
görə Sizə öz dərin minnətdarlığımı
bildirmək istəyirəm.
Qardaş
İran torpağında olmağımdan çox məmnunam.
Əminəm ki, mənim səfərim İran-Azərbaycan əlaqələrinin
inkişafı üçün mühüm addım
olacaqdır. Fürsətdən istifadə edərək, cənab
Prezident, Sizi münasib olan vaxtda Azərbaycana rəsmi səfərə
dəvət etmək istəyirəm. Onu da qeyd etməliyəm
ki, bu səfər mənim İrana üçüncü rəsmi
səfərimdir. Səfərlərin sayı
özlüyündə bir göstəricidir. Biz istəyirik
ki, əlaqələrimiz bütün sahələrdə
uğurla inkişaf etsin və buna nail olmaq üçün
indi çox gözəl imkanlar vardır.
Biz
ilin əvvəlində cənab Prezident Ruhani ilə Davosda
görüşmüşük. Bu gün isə İranda
bizim siyasi dialoqumuz davam edir. Biz bu gün ikitərəfli əlaqələrimizin
müxtəlif aspektlərini geniş və səmimiyyətlə
müzakirə etdik. Biz beynəlxalq təşkilatlarda
çox uğurlu fəaliyyət göstəririk. BMT,
İslam Əməkdaşlıq Təşkilatı, ECO,
Qoşulmama Hərəkatı təşkilatlarında bizim fəaliyyətimiz
çox uğurludur.
Bizim
üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün İranın dəstəyi çox önəmlidir.
Bu münaqişə BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi əsasında öz həllini
tapmalıdır. Azərbaycanın ərazi
bütövlüyü bərpa edilməlidir. İran İslam
Respublikasının bu münaqişə ilə bağlı
ortaya qoyduğu mövqe ədalətə, beynəlxalq
hüquqa əsaslanır və bu mövqeyə görə biz
Sizə minnətdarıq.
Bildiyiniz
kimi, uzun illər Azərbaycanın beynəlxalq birlik tərəfindən
tanınmış əraziləri işğal
altındadır. Bu işğal nəticəsində bir
milyondan artıq azərbaycanlı öz doğma
torpağında qaçqın-köçkün vəziyyətinə
düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə
siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara
qarşı Xocalı soyqırımını törətmişlər.
Bu gün işğal edilmiş torpaqlarda bizim bütün
tarixi, dini abidələrimiz ermənilər tərəfindən
dağıdılıbdır. Münaqişənin tezliklə
və beynəlxalq hüquq əsasında həll edilməsi
region üçün də böyük fayda olardı.
Bu
gün biz digər sahələrdə əməkdaşlıq
haqqında fikir mübadiləsi apardıq. İqtisadi sahədə,
sərmayə qoyuluşu sahəsində gözəl imkanlar
vardır. Energetika sahəsində əməkdaşlıq
uğurludur və bu gün imzalanan “Ordubad” və “Marazad” su
elektrik stansiyalarının tikintisi sazişi bu əməkdaşlığı
daha da gücləndirəcəkdir. Neft-qaz sahəsində əməkdaşlıq
üçün çox gözəl imkanlar vardır. Eyni
zamanda, hərbi sahədə əməkdaşlığın
dərinləşməsi üçün biz əlavə
yollar axtaracağıq. Bu gün, eyni zamanda, yüksək
texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları sahəsində
mümkün olan əməkdaşlıq haqqında da fikirlərimiz
birmənalıdır və üst-üstə
düşür.
Əlbəttə,
humanitar və mədəniyyət sahəsində əməkdaşlıq
xüsusi məna daşıyır. Bizim tariximiz, mədəniyyətimiz,
tarixi irsimiz xalqlarımız üçün çox qiymətlidir,
dəyərlidir. Xalqlarımız əsrlər boyu bir yerdə
yaşamış, yaratmışlar. Bizim
xalqlarımızı dərin tarixi və mədəni
köklər bağlayır. İran-Azərbaycan əlaqələri
bu gün bu möhkəm zəmin üzərində qurulur.
Əminəm ki, biz qarşımıza qoyduğumuz
bütün məqsədlərə çatacağıq və
birgə səylərlə İran-Azərbaycan əlaqələrini
daha da yüksək pilləyə qaldıracağıq.
Diqqətinizə
görə çox sağ olun.
Azərbaycan.-2014.- 10 aprel.- S.2.