AMEA-nın 7 alimi adlı mükafatlara layiq görülmüşdür

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 7 alimi adlı mükafatlara layiq görülmüşdür. AzərTAc xəbər verir ki, bu barədə qərar aprelin 9-da AMEA-nın Rəyasət Heyətinin iclasında qəbul olunmuşdur.

Tədbirdə AMEA-nın prezidenti akademik Akif Əlizadə çıxış edərək mükafatların əhəmiyyətindən  danışmış və bildirmişdir ki, onların təsis olunmasında məqsəd elmin inkişafında mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın görkəmli alimlərinin xatirəsini əbədiləşdirməkdir.

Akademik Cəlal Əliyev və AMEA-nın müxbir üzvü İradə Hüseynova kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına mükafatla təltif olunmuşlar. Akademik Çingiz Qacar fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafata layiq görülmüşdür. Akademik Ömər Eldarov Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adına, akademik Böyükkişi Ağayev səhiyyənin və tibb elminin fundamental, tətbiqi sahələrinin inkişafındakı çoxillik xidmətlərinə və nailiyyətlərə görə akademik Mirəsədulla Mirqasımov adına, akademik Məhərrəm Məmmədyarov xüsusi texnika üçün vacib olan sintetik yağların yaradılması və kimya sahəsində əldə etdiyi nailiyyətlərə görə akademik Yusif Məmmədəliyev adına, geologiya-mineralogoya elmləri doktoru Fərid Dadaşov isə geologiya sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə akademik  Musa Əliyev adına mükafatlara layiq görülmüşlər.

 

Azərbaycan.-2014.- 10 aprel.- S.5.