AMEA-da
Verner fon
Simensin «Qafqaz
səyahətləri»
kitabı təqdim edilmişdir
Aprelin
9-da A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı
ilə Azərbaycan Milli Elmlər Akademiyasının əsas
binasında XIX əsrdə
yaşamış almaniyalı
sahibkar Verner fon Simensin "Qafqaz səyahətləri"
kitabının təqdimatı
keçirilmişdir.
Təqdimat mərasimində AMEA-nın
nümayəndələri, Milli Məclisin deputatları, Almaniya Federativ Respublikasının
Azərbaycandakı səfirliyinin
əməkdaşları, KİV təmsilçiləri iştirak
etmişlər.
Tədbirdə institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Tarix İnstitutu elmi şurasının qərarı ilə çap olunmuş kitab haqqında geniş məlumat vermişdir. Bildirilmişdir ki, tədqiqatçılara
və geniş oxucu kütləsinə təqdim edilən "Qafqaz səyahətləri"
kitabı tariximizi
öyrənmək üçün
xüsusi əhəmiyyəti
olan ilk mənbələrin
nəşri sahəsində
növbəti uğurlu
addımdır. Verner fon Simensin
qələmindən çıxmış
bu qiymətli xatirələr müəllifin
şəxsi müşahidələrinə
əsaslanır. Kitabın ilk mənbə kimi dəyəri də məhz bundadır. Digər tərəfdən, almaniyalı
sahibkarın xatirələri
çox aydın şəkildə göstərir
ki, XIX əsrdə Gədəbəy təkcə
Azərbaycanın deyil,
bütün Rusiya imperiyasının əsas
metallurgiya mərkəzlərindən
biri olmuşdur.
Bu baxımdan Verner fon Simensin
"Qafqaz səyahətləri"
kitabı həm də Azərbaycanda metallurgiyanın inkişaf
tarixinə dair qiymətli mənbədir.
Qeyd olunmuşdur ki, kitabda "Qafqaz səyahətləri"nin
orijinal variantı və Azərbaycan dilinə tərcüməsi
yer almışdır.
Verner fon
Simensin xatirələrini
ana dilimizə həmvətənimiz, Frankfurt Sülh
Araşdırmaları İnstitutunun
elmi əməkdaşı
sosial elmlər doktoru Azər Babayev tərcümə etmişdir. Layihənin rəhbəri və
kitaba ön sözün müəllifi
Y.Mahmudovdur.
Daha sonra kitabın elmi redaktoru və giriş məqaləsinin müəllifi, Milli Məclisin deputatı Sevinc Hüseynovanın
"Azərbaycanın Gədəbəy
bölgəsinin tarixini
öyrənmək üçün
ilk qiymətli mənbə"
mövzusunda məruzəsi
dinlənilmişdir. Bildirilmişdir
ki, bu il Simens qardaşlarının Azərbaycanda
fəaliyyətə başlamasının
150 ili tamam olur. Onlar 1864-cü ildə Gədəbəydə yunanlardan
mis mədənini alaraq fəaliyyətə başlamışlar.
S.Hüseynova vurğulamışdır ki,
bu gün Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan ilə Avropanın inkişaf etmiş ölkələrindən sayılan
Almaniya arasında bütün sahələrdə
sıx əlaqələr
vardır. Əsası ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulmuş
bu əlaqələr hazırda Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
Bildirilmişdir ki, Azərbaycanın, o cümlədən Gədəbəyin
əlvan metallurgiyasının
dünya miqyaslı sənaye mərkəzinə
çevrilməsi işinin
zirvəsində XIX əsrdə
Almaniyada zirək və bacarıqlı sahibkarlar kimi tanınmış Simens qardaşları dayanmışlar. Onlardan biri - Verner fon Simens elm və istehsalat sahəsində bir çox yeniliklərin müəllifi, həmçinin
Gədəbəydə, eləcə
də ölkəmizin
ərazisində aparılmış
ilk arxeoloji axtarış
və qazıntı işlərinin təşəbbüskarlarından
biri olmuşdur. S.Hüseynova
vurğulamışdır ki,
hər yeni qaynağın, materialın
elmi dövriyyəyə
daxil olması ölkəmizin, o cümlədən
Gədəbəyin tarixinin
daha dərindən öyrənilməsi baxımından
böyük əhəmiyyətə
malikdir.
Tədbirdə Almaniya Federativ Respublikasının Azərbaycandakı
səfiri xanım Haydrun
Tempel "Azərbaycan-Almaniya əlaqələri:
tarixi keçmiş, müasir dövr, perspektivlər" mövzusunda
məruzə ilə çıxış etmişdir.
İki ölkə arasında münasibətlərin,
xüsusilə böyük
tarixə malik iqtisadi
əlaqələrin sürətlə
inkişaf etdiyini bildirən
diplomat demişdir ki,
hazırda Almaniya Azərbaycanın iqtisadiyyatının
şaxələnməsində iştirak edir. Bu gün Azərbaycanda
170-dən çox alman
şirkəti fəaliyyət
göstərir. "Siemens"
şirkətinin Azərbaycanda
nümayəndəliyi vardır.
Digər sahələrdə
də əməkdaşlıq
üçün geniş
imkanların olduğunu
qeyd edən xanım Haydrun Tempel bildirmişdir
ki, Almaniya hökuməti Azərbaycan
ilə əlaqələrin
inkişafına böyük
diqqət göstərir.
Ölkələrimiz arasında tarixi əlaqələri əks
etdirən nəşrlərin
sayının çox
olmasını arzulayan
almaniyalı diplomat kitabın
ərsəyə gəlməsində
əməyi olanlara təşəkkürünü bildirmişdir.
AMEA Tarix İnstitutunun əməkdaşı
Hacı Həsənov, Milli Məclisin
deputatı Rafiq Məmmədhəsənov
və digər çıxış edənlər Almaniya-Azərbaycan
iqtisadi əlaqələrinin tarixindən,
kitabın məziyyətlərindən danışmış,
nəşrin tarixçilər və tədqiqatçılar üçün dəyərli mənbə olduğunu vurğulamışlar. Natiqlər
əsl tariximizin
araşdırılmasında, gizli səhifələrin
üzə çıxarılmasında böyük
əhəmiyyəti olan belə layihələrin
gələcəkdə də davam etdirilməsini
arzulamışlar.
Azərbaycan.-2014.- 10 aprel.- S.6.