Onun üçün nəğmə həyat idi

 

Şəfiqə Axundova-90

 

 

Azərbaycan Respublikasının xalq artisti, əməkdar incəsənət xadimi Şəfiqə Axundova musiqi tarixinə Şərqdə opera yazan ilk qadın bəstəkar kimi daxil olub. Onun əsərləri onilliklərdir ki, repertuarlardan düşmür,  xalqın qəlbini, ruhunu oxşayır.

Retro mahnılar deyilən bir ifadə var. Bizlərin gənclik illərində çox populyar olan bir çox mahnılar indi retro sayılır. Keçən il itirdiyimiz, bu il isə 90 illik yubileyini qeyd etdiyimiz sevimli bəstəkarımızın nəğmələrini isə nədənsə retro mahnılar adlandırmağa çətinlik çəkirəm. Bu nəğmələr həmişə təzə, sevilərək ifa olunan və dinlənilən əsərlərdir. Yəni həmişə populyardır, müasirdir. Bu da onları yaradan bəstəkarın böyük istedadından qaynaqlanır.

"Mən elə həyatı anlayandan sənət haqqında düşünmüşəm. Musiqini nə vaxtdan, yəni yaşımın hansı çağında sevdiyim yadıma gəlmir. Çünki elə bilirəm ki, bu sevgi mənimlə birgə doğulub. Ona görə ki, çox erkən yaşlarımdan fortepianoda eşitdiyim mahnı və rəqsləri çalmağa başlamışam. Sanki bu öz-özünə öyrənmək qabiliyyəti mənim içimdən gəlirdi". Bu sözləri bəlkə də bəstəkarın öz ömürnaməsinə yazdığı bir epiqraf saymaq olar.

Şəfiqə Axundova 1924-cü ildə qədim Şəkinin sayılıb-seçilən Axundovlar ailəsində dünyaya göz açmışdır. Atası Qulam Axundov dövrünün tanınmış ziyalısı idi. Müəyyən illərdə partiya işində, rəhbər vəzifələrdə çalışmışdı. Zəhmli idi, çox danışmağı sevməzdi, sözünü bir dəfə deyərdi və dediyindən dönməzdi. Şəfiqənin anası Züleyxa xanım isə evdar qadın idi. Kövrək qəlbi, incə duyumu vardı, musiqini də çox sevirdi.

Ş.Axundovanın musiqi istedadı çox erkən yaşlarından ortaya çıxmışdı. İlk vaxtlar heç özü də inana bilmirdi ki, musiqi bəstələyir. Yəni onlar bədahətən yaranırdı. Ancaq  bir müddətdən sonra dərk edir ki, həmin musiqiləri özü yaradır və bu sənətə daha çox bağlanırdı. Nəhayət, bu bağlılıq elə bir sevgiyə çevrilir ki, Şəfiqə xanım onu sənətdən heç bir qüvvənin ayıra bilməyəcəyini yəqin edir. Bakıdakı 173 saylı məktəbdə təhsilini davam etdirərkən musiqi məktəbinə də daxil olur. İstedadı müəllimlərini heyran qoyur, ümidlərini artırır. Lakin ata qızının gələcəkdə musiqiçi olmaq, həyatını bu işə həsr etmək fikrini yaxına belə buraxmaq istəmirdi. Hətta bəstəkarlığı seçdiyini biləndə o, Şəfiqəyə müəyyən qadağalar da qoyur. Onun etirazı elə ciddi idi ki, hər vəchlə qızının musiqi ilə məşğul olmasına maneçilik etməyə çalışır. "Bu sənət sənə çörək verməyəcək" - deyirdi.

Ş.Axundovanın sənət sevgisini duyub dərk edən ən çox bacısı Zümrüd xanım idi. Sənət taleyinin uğurlu olmasını da Şəfiqə xanım həmişə onun adı ilə bağlayırdı. Zümrüd xanım böyük ədəbiyyatşünas alim, tənqidçi, akademik Məmməd Arif Dadaşzadənin həyat yoldaşı idi. O, filologiya elmləri namizədi kimi universitetdə dərs deyirdi. Dadaşzadənin evində dövrün görkəmli ziyalıları - Səməd Vurğun, Cəfər Xəndan, Həmid Araslı, Mirzə İbrahimov və başqaları öz həyat yoldaşları ilə tez-tez qonaq olurdular. Qadınlar ayrı otaqda oturardılar, hansı ki Zümrüd xanımın burada böyük bir royalı vardı. Hər dəfə onlar gələndə bacısı Şəfiqəyə qonaqlar üçün musiqi ifa etməyi tapşırardı. Xanımlar qızın royal çalmasından çox məmnun qalardılar. Beləliklə, Şəfiqə xanımın musiqi istedadı barədə xəbəri olanların sayı artırdı.

Ş.Axundova o günləri belə xatırlayırdı: "Bacım Zümrüdün evindəki bu maraqlı görüşlər əslində mənim sənət taleyimi həll etdi. Artıq hiss edirdim ki, heç kim məni bu sənət sevgisindən məhrum edə bilməz. Günlərin birində yenə də bacımın evində məclis qurulmuşdu. Artıq mənim ifaçılığım haqqında çoxları xəbərdar idi. Mən royal arxasına keçib bəstələdiyim musiqilərdən ifa etdim. Bunu çox bəyənən xanımlar bacıma üz tutub dedilər ki, ay Zümrüd, bəlkə Şəfiqəni Üzeyir bəyin yanına aparasan. Bu yerdə yazıçı Mirzə İbrahimovun həyat yoldaşı Sara xanım dedi ki, mən bu dəqiqə Mirzəyə zəng edim, qoy o bu barədə Üzeyir bəyə danışsın. Mirzə müəllim də o saat Üzeyir bəylə danışıb... O vaxt Mirzə İbrahimov incəsənət idarəsinin rəisi idi. Səhəri gün bacım məni Üzeyir bəyin yanına apardı. Əlbəttə, belə bir dahi şəxsiyyətin qarşısında çıxış etmək təsəvvür edin ki, nə qədər çətindir. Elə həyəcanlı idim ki, o həyəcan hissini heç vaxt unuda bilmirəm. Nə isə, görüşdük Üzeyir bəylə və o, mənim musiqi qabiliyyətimi yoxladı, sonra mən öz bəstələdiyim musiqilərdən çaldım. Üzeyir bəy bütün bunlardan çox razı qaldı və dedi ki, bu qızda sırf yaradıcılıq qabiliyyəti var, mütləq o, musiqi ilə ciddi  məşğul olmalıdır. Beləliklə, Üzeyir bəy mənim musiqi təhsili almağımı tövsiyə etdi. Elə o gündən də bütün varlığımla sənətə bağlandım".

Şəfiqə Axundovanın istedadını görən Üzeyir bəy onu ilk musiqi savadı almaq üçün Hacı Xanməmmədovun tar sinfinə göndərir. Bu, xalq musiqisini daha yaxşı mənimsəməkdə vacib amil idi. Həm də məqsəd Şəfiqənin notları öyrənməsi və musiqi nəzəriyyəsini mənimsəməsi idi. Üzeyir bəyin fikrincə, hər bir bəstəkar milli alətlərdən birində çalmağı mütləq bacarmalı idi ki, xalq musiqisini daha dərindən mənimsəsin və yazdığı əsərlər xalqın ruhunda olsun.

Bir ildən sonra o, Ağabacı Rzayevadan dərs alır. Beləliklə, Şəfiqənin uğurlu təhsil yolu Üzeyir bəyin xeyir-duası ilə 1941-ci ildən başlayır. O həmçinin Fatma Zeynalova və Məmməd Nəsirbəyovdan musiqi nəzəriyyəsini öyrənir. Bütün bunlar ona imkan verirdi ki, qəlbindən süzülən təranələri kağıza köçürsün.

Üzeyir bəy yetirməsinin gələcəyinə böyük ümidlə baxır və ona daim kömək edir, dəstək verirdi. "Yadımdadır, M.Dilbazinin sözlərinə "Beşik başında" adlı mahnını Üzeyir müəllimə göstərdim. Bu mənim ilk mahnılarımdan idi. O, mahnını sona qədər dinlədi və xoşuna gəldi. Hətta dediyi sözlər bu günə qədər qulağımdan getmir. Dedi ki, Şəfiqə, səndə yaxşı orijinal keçidlər var. Ay qız, sən bu musiqiləri haradan tapırsan?" Böyük ustadın hər tərifli kəlməsi Şəfiqənin ürəyini dağa döndərirdi.

Ş.Axundovanın yaradıcılığı ilk addımlardan uğurlu olmuşdur. Hələ tələbəlik illərində, yəni konservatoriyada oxuduğu vaxtlarda bir sıra instrumental əsərlər, mahnı və romanslar yazmışdı. Hətta o, özündə dahi Nizaminin və Füzulinin şeirlərinə müraciət etmək cəsarəti tapmışdır. Nizami Gəncəvinin sözlərinə "Nə gözəl", "Cahanda", Məhəmməd Füzulinin sözlərinə "Fəqan etmək idim" romanslarını bəstələyir.

1943-1944-cü illərdə Şəfiqə xanım Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində təhsil alır. Sonra Azərbaycan Dövlət Konservatoriyasında həm musiqi nəzəriyyəsi, həm də bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirir. Üzeyir bəy gənc yetirməsinin yaradıcılığı, uğurları ilə daim maraqlanırdı. Bu dövr barədə Şəfiqə xanım söyləyirdi ki, "Üzeyir bəy konservatoriyanın nəzdində hazırlıq kursları açmışdı. Həftədə üç dəfə bizimlə məşğul olurdu. Gah ümumi qrupda Azərbaycan xalq musiqisinin əsaslarını gənc bəstəkarlara öyrədir, gah fərdi olaraq əsərlərimizlə məşğul olur, yəni yazdıqlarımıza baxır, gah da muğamları nota köçürürdük. Üzeyir bəy gənc Azərbaycan musiqiçilərinə bəstəkarlıq sənətinin klassik qayda-qanunlarını daha dərindən öyrətmək üçün Leninqrad Konservatoriyasının görkəmli professoru Zeydmanı Bakıya dəvət etmişdi. Biz bu böyük ustaddan bəstəkarlığın sirlərini öyrənirdik".

Ş.Axundovanın sənətə gəldiyi ilk illər İkinci Dünya müharibəsi dövrünə təsadüf edirdi. Bu zaman Azərbaycan bəstəkarlarının yaradıcılığında Vətənə, torpağa məhəbbət, qəhrəmanlıq, qələbəyə inam mövzusu geniş yer tuturdu. Xalq çətin günlərini yaşayırdı. Məhz o vaxt Ü.Hacıbəylinin özü nümunə göstərərək bəstəkarları xalqı ruhdan düşməyə qoymayan əsərlər yazmağa çağırırdı. Süleyman Ələsgərov, Səid Rüstəmov, Soltan Hacıbəyli, Ağabacı Rzayeva, Fikrət Əmirov, Qara Qarayev və başqaları kimi gənc bəstəkarların sırasında Şəfiqə xanım daha mübariz ruhlu, xalqa mənəvi dayaq olan nəğmələr yazırdı. Onun "Zəfər marşı", "Zəfər bizimdir", "Ana Vətən" və digər mahnıları bu silsilədəndir.

Şəfiqə Axundova geniş diapazona malik bəstəkar idi. O, musiqinin bir çox janrlarında yazıb yaratmışdır. Kiçik instrumental əsərlərdən ta irihəcmli opera, operettaya qədər ən müxtəlif janrlı əsərlər onun yaradıcılığında özünə yer tutub. Onlarca teatr tamaşasına musiqi yazıb.

"Ev bizim, sirr bizim" operettasında simfonik orkestr üçün yazdığı suitalar, simli kvartet üçün pyesləri, xor üçün silsilələri Şəfiqə xanımın bir bəstəkar kimi hərtərəfli istedada malik olmasını təsdiqləyir. O, eləcə də dram teatrlarında oynanılan "Aydın", "Əlvida, Hindistan", "Nə üçün yaşayırsan" və digər tamaşalara musiqi bəstələmişdir.

Bütün bunlarla bahəm Şəfiqə Axundova lirik mahnılar müəllifi kimi tanınır və sevilirdi. Mahnı janrı onun yaradıcılığında əvvəldən sonadək qırmızı xətlə keçirdi. Təsadüfi deyil ki, Şəfiqə xanım nə az, nə çox - 600-ə qədər mahnının müəllifi idi. Bu mahnıları mövzusuna görə bir neçə qrupa bölmək olar və nədən bəhs etsələr də, onların hamısı gözəldir.

Şəfiqə xanım Vətəndən, vətənpərvərlikdən yazıb. Onun "Bakı haqqında mahnı"sını, "Şəki", "Sahil çıraqları", "Nəğməli Lənkəran", "Mənim respublikam", "Ana torpaq", "Doğma diyar", " Bu torpağa borcluyam" və s. mahnılarını yada salaq. Şəfiqə xanımın nəğmə yaradıcılığında, eləcə də məhəbbət, ana-övlad sevgisi, həyat eşqi, əmək, dostluq və mehribanlıq mövzulu mahnılar xüsusi yer tutur.

Şəfiqə Axundova Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mirvarid Dilbazi kimi böyük şairlərin şeirlərinə nəğmələr bəstələmişdir. Öz müasirlərindən də bir çoxunun - Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Fikrət Qocanın, Hüseyn Arifin və başqalarının yaradıcılığına müraciət etmişdir.

Bəlkə də elə bir müğənni tapmaq çətindir ki, Şəfiqə xanımın mahnılarını oxumasın. Şövkət Ələkbərova, Sara Qədimova, İslam Rzayev, Zeynəb Xanlarova, Arif Babayev, Gülyaz və Gülyanaq Məmmədova bacıları...

Bəstəkarın yaradıcılığında uşaqlar üçün yazılmış musiqi xüsusi yer tutur. Məlumdur ki, uşaqlar üçün əsər yazmaq - bu, təkcə musiqiyə deyil, digər yaradıcılıq sahələrinə də aiddir-düşünüldüyü qədər asan bir iş deyil. Bunun üçün uşaqları sevmək, onların psixologiyasına dərindən bələd olmaq vacibdir. Şəfiqə xanımın balacalar üçün yazdığı musiqidə müəllifin incə qəlbi duyulur. Bu da məlumdur ki, onun qadın, ana hisslərindən irəli gəlir.

1943-cü ildə Şəfiqə Axundova ilk dəfə Əyyub Abbasovun "Adil və Sərvinaz" tamaşasına musiqi bəstələmişdi. Sonralar bu janr bəstəkarın yaradıcılığının ayrıca bir qolunu təşkil etmişdir. O, "Son məktub", "İliç buxtası", "Qaynana", "Böyük ürək", "Vicdan", "Sən nə üçün yaşayırsan", "Qızıl Əjdaha", "Natəvan", "Yaşar", "Aydın" kimi tamaşaları öz musiqisi ilə rövnəqləndirir. Bəstəkarın tamaşalara yazdığı mahnılar bəyənilir, sevilir və sonradan sərbəst şəkildə ifa edilərək populyar mahnılara çevrilirdilər. Məsələn, onun dillər əzbəri olan "Nədən oldu" mahnısı "Vicdan" pyesindən, "Könül təranələri" isə "Gəlin qayası" radiopyesindəndir. "Neyçün gəlməz" mahnısını bəstəkar "Natəvan" tamaşası üçün yazmışdı. Şərəf Rəşidovun "Kəşmir mahnıları" poeması əsasında yazdığı musiqi "Kəşmir mahnıları" məcmuəsinin yaranmasına səbəb olur.

Şərqdə opera janrına müraciət edən ilk qadın bəstəkar Şəfiqə Axundovadır. O, xalq yazıçısı Süleyman Rəhimovun eyniadlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə yazdığı "Gəlin qayası" operası ilə uca bir yaradıcılıq zirvəsini fəth etmişdi. Bu operanın yaranmasının da öz tarixi var. Bəstəkar əvvəlcə "Gəlin qayası" radiopyesinə musiqi yazmışdı. Buradakı "Könül təranələri" mahnısı o zaman geniş yayılmışdı. Sözügedən povestin müəllifi, görkəmli yazıçı Süleyman Rəhimov Şəfiqə xanıma opera yazmağı təklif edir. Bu iş uğurla yerinə yetirilir.

"Gəlin qayası"nda klassik musiqi və muğam janrları bir-birinə qovuşur. Operanın qəhrəmanları ariyalarla yanaşı, muğam parçaları da ifa edirlər. Başqa sözlə, bəstəkarın xalq musiqisini dərindən bilməsi və ondan düzgün istifadə etməsi təsdiqlənir.

"Gəlin qayası" istər tamaşaçıların, istərsə də yaradıcı insanların müsbət rəyini qazanır. Bəstəkar Tofiq Quliyev əsər haqqında demişdir: "Opera çox gözəldir, melodiyası aydındır. Burada bəstəkar muğamdan bilə-bilə geniş istifadə edib. Bu çox yaxşıdır, səmərəsi əladır".

Bəstəkar Vasif Adıgözəlov isə fikrini belə ifadə etmişdir: "Mən operaya böyük fərəhlə, həvəslə tamaşa etdim. Şəfiqə xanım çox əziyyət çəkib. Opera məni qane etdi".

Təsadüfi deyil ki, Şəfiqə xanımın operası indi də Azərbaycan Opera və Balet Teatrının səhnəsində müvəffəqiyyətlə oynanılır.

Ş.Axundova həm də diqqətli pedaqoq, gənclərin qayğıkeş müəllimi olmuşdur. O, 26 il -1956-cı ildən 1982-ci ilə qədər Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim kimi çalışmışdır.

Şəfiqə xanım həyatda qarşısına çıxan xeyirxah insanları taleyinin ona göndərdiyi xoşbəxtliklərdən biri hesab edirdi. O həmin xeyirxahların dəstəyi və özünün həyatda rast gəldiyi çətinlikləri dəf etmək, enişli-yoxuşlu yollarda yorulmamaq, geriyə çəkilməmək bacarığı, əzmi və iradəsi ilə sənətin ən yüksək zirvələrini fəth etdi. Özünü xoşbəxt sənətkar sayırdı: "Mən Allahımdan çox razıyam. O, mənə hər nə qismət edibsə, buna şükürlər edirəm. Çünki mən sənətdə arzuladığım hər nə varsa, ona nail olmuşam. Və bu mənada özümü çox xoşbəxt insan, xoşbəxt sənətkar hesab edirəm. Hər dəfə əsərim hər hansı bir tamaşa salonunda səslənəndə tamaşaçılar məni çox alqışlayır... Xalqın məhəbbətini qazanmaq isə hər kəsə nəsib olmur".

Görkəmli bəstəkar Şəfiqə Axundova 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının xalq artisti adına layiq görülmüşdü. O həm də əməkdar incəsənət xadimi idi. 2004-cü ildə anadan olmasının 80 illiyi ilə əlaqədar Prezident İlham Əliyev onu "Şöhrət" ordeni ilə təltif etmişdir. Şəfiqə xanım dövlət başçısının bu diqqətindən və onun yaradıcılığına yüksək qiymət verməsindən çox məmnun idi və qürur duyurdu. O, 2013-cü il iyulun 26-da, 90 yaşına çox az qaldığı vaxtda dünyasını dəyişdi. Çox təəssüf ki, Şəfiqə xanımın 90 illiyi onsuz qeyd edilir.

Elə bir gün olmur ki,  Şəfiqə xanımın bəstələdiyi yüzlərlə nəğmədən heç olmasa biri, ikisi efirlərdə səslənməsin. Zaman keçir, onun mahnılarını oxuyan müğənnilərin də bəziləri artıq dünyasını dəyişib. Əvəzində gənc müğənnilər bu mahnıları öz repertuarlarına salıb yenidən oxuyur, qəlbləri oxşayırlar. Bax, bunları bilərək və gələcəyi  görərək Şəfiqə xanım deyirdi ki, xoşbəxt sənətkardır.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2014.- 10 aprel.- S.10.