Bratislavada “Azərbaycan obyektivdə” adlı fotosərgi açılmışdır

 

 

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə aprelin 8-də Slovakiyanın paytaxtı Bratislava şəhərində bu ölkənin Mədəniyyət Nazirliyinin “Dvorana” sərgi zalında “Azərbaycan obyektivdə” adlı fotosərgi açılmışdır.

Sərgidə Bratislavada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli ictimaiyyətin təmsilçiləri və sənətsevərlər iştirak etmişdir.

Tədbirdə Slovakiya Mədəniyyət Nazirliyində dövlət katibi İvan Şeçik, Azərbaycanın Slovakiyadakı fəxri konsulu Cəlal Qasımov, Milli Məclisin deputatı Asim Mollazadə, AAC Belçika Təşkilatının rəhbəri Roman Huna çıxış etmiş, eyniadlı müsabiqənin fotoları əsasında tərtib olunmuş “Azərbaycan obyektivdə” sərgisinin indiyədək London, Paris, Berlin, Brüsselİstanbulda maraqla qarşılandığını, geniş auditoriyanın bu sərgi ilə tanış ola bilməsi üçün növbəti dayanacağın Bratislava şəhəri olduğunu bildirmişlər. Qeyd edilmişdir ki, sərgidə Azərbaycanın mədəniyyətini, təbiətini, tarixini, insanların həyatını, qonaqpərvərliyini və ölkədəki tolerantlığı təcəssüm etdirən çoxlu sayda maraqlı fotolar nümayiş etdirilir. Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən peşəkar və həvəskar fotoqrafların müxtəlif aspektlərdən təqdim etdikləri Azərbaycan mənzərələri avropalı seyrçilərdə bu ölkə haqqında təsəvvürləri genişləndirməyə, ölkəyə olan marağı artırmağa və onu daha yaxından tanımağa dəvət edir.

Sərgi salonunda slovak musiqiçilərinin ifasında Avropa və Azərbaycan musiqisi səsləndirilmişdir. Sonda qonaqlara Azərbaycan haqqında kitablar, sərginin kataloqu və AAC ilə bağlı suvenirlər təqdim olunmuşdur.

Aprelin 12-dək davam edəcək sərgi AAC-ın təşkilatçılığı və Slovakiya Mədəniyyət Nazirliyinin himayədarlığı altında keçirilir.

 

Elgün Niftəliyev

AzərTAc-ın xüsusi müxbiri

Bratislava

Azərbaycan.-2014.- 10 aprel.- S.10.