Möhtəşəm idman tədbirinə hazırlıq yüksək səviyyədə davam edir

 

Mehriban ƏLİYEVA: "Azərbaycan I Avropa Oyunlarını yay olimpiya oyunlarının səviyyəsində keçirmək əzmindədir"

 

Olimpiya oyunları beynəlxalq idman həyatının ən möhtəşəm və mötəbər tədbiridir. Bu tədbirdən heç bir dövlət kənarda qalmır, olimpiya oyunlarında layiqincə təmsil olunmağa çalışır. Çünki olimpiya oyunlarında göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil, onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir. Bu baxımdan olimpiya oyunlarında qazanılan yüksək nəticələr beynəlxalq miqyasda ölkənin imicini qaldırmaqla yanaşı, onun imkanlarını da nümayiş etdirir.

 

Təşkilat Komitəsi hazırlıq işlərini vaxtında başa çatdıracaq

 

Olimpiya oyunlarında iştirak etməklə yanaşı, bu idman tədbirinə ev sahibliyi də hər bir dövlət üçün olduqca qürurverici haldır. Təsadüfi deyil ki, bu idman yarışına ev sahibliyi uğrunda ölkələr arasında hələ illər öncədən ciddi mübarizə başlayır. Ona görə hər bir olimpiya oyunlarına ev sahibliyi edəcək ölkənin adı xeyli əvvəldən məlum olur.

Son illərdə onlarla mühüm siyasi, iqtisadihumanitar forumlara, konfranslara, idmanmusiqi yarışmalarına ev sahibliyi etməklə beynəlxalq tədbirlər məkanına çevrilən Azərbaycanda 2015-ci ildə Avropanın tarixində birinci dəfə baş tutacaq möhtəşəm idman tədbiri - I Avropa Oyunları keçiriləcək. Xatırladaq ki, 2015-ci ildə baş tutacaq tarixdə I Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında qəbul edilib. AOK Baş Assambleyasının qərarı səsvermədə iştirak edən 48 nəfərdən 38-nin səs çoxluğu ilə qəbul edilib. Ermənistan nümayəndələri səsvermədə iştirak etməkdən boyun qaçırıblar.

Prezident İlham Əliyev 2013-cü il 17 yanvar tarixində "I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sədrliyi ilə 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb.

Yay olimpiya oyunları üçün 6-7 il vaxt verilsə də, Azərbaycanın Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il vaxtı vardı. Yay olimpiya oyunlarının keçirilməsində artıq böyük təcrübə mövcuddur və Beynəlxalq Olimpiya Komitəsi, demək olar ki, hər bir sahə üzrə öz göstərişlərini verir. Mövcud təlimatlarda hər bir istiqamət üzrə müəyyən edilmiş metodiki qaydalar var. I Avropa Oyunları üçün isə heç bir təlimat və təcrübə yoxdur. Belə olan halda bütün məsuliyyət, təşkilati məsələlərin yoluna qoyulması Azərbaycanın üzərinə düşür. Bakıda yeni infrastrukturun yaradılması və oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərir ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə  başa çatdıracaq. 2013-cü ildə bu işlərin böyük bir hissəsi yerinə yetirilib. İnşa olunan infrastrukturun əksəriyyəti 2014-cü ilin sonunadək idmançıların ixtiyarına veriləcək. Yalnız olimpiya stadionununsu idman sarayının 2015-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur.

 

Bu idman tədbiri Azərbaycan üçün iqtisadi mənfəət və yeni infrastruktur deməkdir

 

Aprelin 3-də "Bakı - 2015" Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirilib. Bu toplantıların əsas məqsədi görülən işlərin hesabatı, tədbirdə iştirak edən peşəkar insanlarla təcrübə mübadiləsinin aparılması, yeni ideyaların, məsləhətləşmələrin əldə olunmasıdır. Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün yaradılan Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva toplantıda iştirak edib. Ölkəmizin dəfələrlə beynəlxalq yarışlara ev sahibliyi etdiyini, bu oyunların keçirilməsində də Avropa Olimpiya Komitəsinin tövsiyələrinin mühüm əhəmiyyət daşıdığını vurğulayan Mehriban Əliyeva deyib: "I Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi bizim əsas və ümumi məqsədimizdir. Azərbaycan bu oyunları yay olimpiya oyunlarının səviyyəsində keçirmək əzmindədir. Ölkəmizdə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək. Su idmanı növləri sarayının, Milli Gimnastika Arenasının, Bakı Atıcılıq Mərkəzinin, Bakı Olimpiya Stadionunun və digər obyektlərin inşaat işlərinin, eyni zamanda mövcud idman obyektlərinin əsaslı yenidənqurma işlərinin bugünkü tempi və səviyyəsi hazırlıq işlərinin vaxtında bitəcəyindən xəbər verir. Milli Gimnastika Arenası, demək olar ki, artıq hazırdır. Biz bu ilin iyununda orada bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsini nəzərdə tuturuq. Bütün idman obyektləri, orada quraşdırılan qurğular sınaqdan keçirildikdən və istismara tam hazır olduğu müəyyənləşdirildikdən sonra istifadəyə veriləcəkdir".

Bu günlərdə isə Türkiyənin Antalya şəhərində dünyanın 80-dək ölkəsinin 3 minə yaxın idman nümayəndəsinin iştirak etdiyi V Beynəlxalq "SportAccordConvention" konvensiyası çərçivəsində I Avropa Oyunlarının təqdimatı olub. Təqdimatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov edib. Xalqımızın ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməkdən böyük fərəh hissi duyduğunu bildirən nazir daha sonra ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın qazandıqları nailiyyətlər barədə məlumat verib. Bildirilib ki, Avropada idmanın gələcəyini formalaşdırmağa töhfə verəcək "Bakı -2015" Oyunları Azərbaycan ictimaiyyəti üçün yeni şəhər, nəqliyyat, iqtisadi mənfəətlər və infrastruktur deməkdir.

 

İlk Oyunlarda idmanın 19 növü üzrə 6 minədək idmançı mübarizə aparacaq

 

Xatırladaq ki, ötən ilin noyabrında I Avropa Oyunlarının loqosunun təqdimatı keçirilib. Oyunların loqosu xalqımızın idman irsindən qürur duymasını, qonaqpərvərliyə sədaqətimizi, ölkəmizin idman, biznesturizm mərkəzi kimi mövqeyini əks etdirir. Azərbaycanlı dizayner tərəfindən tərtib edilmiş bu yeni loqo alov, su, əfsanəvi simurq quşu, xalı və nar daxil olmaqla ev sahibi ölkənin qədim və müasir mədəniyyətini əks etdirən beş başlıca elementi bir araya gətirib. Açıq ictimai müsabiqə nəticəsində seçilmiş loqo tərtibatı ölkənin təbii gözəlliklərini, mədəniyyətini və irsini, o cümlədən Avropanın ən sürətlə inkişaf edən şəhərlərindən biri kimi Bakının assosiasiyasını təsvir edir.

I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. İlk Oyunlarda idmanın 19 növü üzrə 6 minədək idmançı qüvvəsini sınayacaq. Bunlar kamandan oxatma (128 idmançı), su idman növləri (üzgüçülük, su polosu, suyatullanma - 1000), atletika (800), badminton (160), basketbol (160), boks (300), kanoe (350), velosiped (350), çimərlik futbolu (256), gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinqakrobatika - 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə - 350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) və qılıncoynatma (300) növləridir. İdman növlərindən yalnız kanoe Bakıdan kənarda - Mingəçevirdəki "Kür" Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaq. İlk Avropa Oyunlarında 49 ölkədən ümumilikdə 6 mindən çox idmançı iştirak edəcək. Səkkiz idman növü isə 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Ölkəmiz 2017-ci ildə keçiriləcək İslam Ölkələrinin Həmrəylik Oyunlarına da ev sahibliyi edəcək. Sözsüz ki, "Bakı - 2015" ilk Avropa Oyunları Azərbaycana böyük təcrübə qazandıracaq. Lakin ən mühümü ondan ibarətdir ki, Avropa Oyunlarının keçirilməsi ilə bağlı standartları ortaya ölkəmiz qoyacaqdörd ildən bir keçirilən oyunlarda Azərbaycanın nümunəsi əsas götürüləcək.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 10 aprel.- S.8.