Qeyri-neft sənayesinin inkişaf strategiyası

 

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası fəaliyyətdədir

 

 

Ümummilli lider Heydər Əliyevin demokratik dövlət quruculuğu və iqtisadi inkişaf siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən dövr ərzində beynəlxalq təşkilatlarla əməkdaşlıq güclənmiş, inkişaf etməkdə olan dövlətlərlə müxtəlif istiqamətlərdə əlaqələr yaradılmışdır. Ölkə iqtisadiyyatında davamlı artım, yüksəliş meyli hazırda özünü aydın göstərməkdədir. On ildən artıq bir müddət ərzində müxtəlif sahələrdə yeni müəssisələrin, iş yerlərinin açılması, regionların inkişaf səviyyəsində fərqlərin aradan qaldırılması və mükəmməl iqtisadi infrastrukturun formalaşdırılması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər daxildə və xaricdə müsbət hal kimi qiymətləndirilərək ölkənin imicinin artmasına təsir etməkdədir. Ölkə Prezidentinin rəhbərliyi ilə qəbul edilən dövlət proqramları, konsepsiya və strategiya xarakterli sənədlər, onların əməli icrası bu siyasətin reallaşdırılması mexanizmi kimi xüsusi əhəmiyyət kəsb edir. Hazırda 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir ki, bunlar da ölkənin ictimai həyatı ilə paralel iqtisadiyyatın bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir.

Ölkədə mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və iqtisadi islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və digər mühüm dövlət sənədləri hazırlanmışdır.

Mövcud proqramlarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, regionlarda, eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Bütün bu kimi müsbət meyillər iqtisadiyyatda yeni və müasir tələblərə uyğun qeyri-neft sektorunun və bu sektorun aparıcı qüvvəsi kimi qeyri-neft sənayesinin təşəkkülünü və inkişafını təmin etməkdədir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə "Azərbaycan 2020: gələcəyə baxış"  İnkişaf  Konsepsiyası təsdiq edilmişdir. Konsepsiyanın müddəalarından irəli gələn vəzifələri həyata keçirmək, qeyri-neft sənayesinin müasir tələblər baxımından inkişafını təmin etmək məqsədilə perspektiv dövrə hədəflənmiş proqramın hazırlanması xüsusi zərurətdən irəli gəlir.

Azərbaycan Respublikası 2000-ci ildən başlayaraq dünyada ən sürətlə inkisaf edən ölkələrdən birinə çevrilmiş və iqtisadiyyatın inkişaf səviyyəsini səciyyələndirən əsas makrogöstərici ümumi daxili məhsul bu dövr ərzində 4,5 dəfə və ya hər il orta hesabla 13,3 faiz artmısdır. Ölkədə 2012-ci ildə ümumi daxili məhsulun həcmi 53,9 milyard manatı keçmiş, onun adambaşına düşən nominal həcmi yüksələrək 5736 manat təşkil etmişdir. Belə müsbət inkişaf meyli özünü qeyri-neft sektorunda da göstərmiş, müvafiq dövr ərzində qeyri-neft ÜDM-nin həcmi 4,3 dəfə artım nümayiş etdirərək 26165,4 milyon manata çatmışdır. Onun ölkədə adambaşına düşən həcmində də belə yönümlü yüksəliş baş verməklə bu göstərici 2814 manat olmuşdur. Ölkənin qeyri-neft ÜDM-nin həcmi ümumi ÜDM-in xüsusi çəkisində son on ildə 7 dəfə artaraq 2012-ci ildə qeyri-neft ÜDM-i ümumi ÜDM-in 43 faizini təşkil etmişdir.

Son dövrdə qeyri-neft sektorunun inkişaf dinamikası ümumilikdə onun real ifadədə 7,9 faiz artması ilə nəticələnmişdir. Azərbaycanda özəl sektorun ÜDM-dəki xüsusi çəkisi əsaslı şəkildə artmış, son dövrdə ÜDM-in tərkibində özəl sektorun xüsusi çəkisi 83 faizə (sənayedə 79,1 faiz, kənd təsərrüfatında 97,7 faiz, ticarətdə 98,3 faiz, tikintidə 90,2 faiz) çatmışdır. Qeyri-neft sənayesinin inkişafında da son on ildə əhəmiyyətli artım meyli özünü göstərir. Belə ki, 2000-ci ildə qeyri-neft sənayesinin ÜDM-dəkı xüsusi çəkisi 2,5 faizə bərabər olduğu halda, son illərdə bu göstərici 6,5 dəfə artmaqla ÜDM-in 16,6 faizini təşkil etmişdir.

Son on ildə sənaye sektorunda yaradılan əlavə dəyər 4,4 dəfə artmaqla 26958 milyon manat olmuşdur. Yaradılan dəyərin 30 faizdən çoxu əsasən qeyri-neft sənayesinin payına düşür. Yalnız 2012-ci ildə qeyri-neft sənayesində əlavə dəyər istehsalı 11,7 faiz artmış və 2,4 milyard manat təşkil etmişdir. Qeyri-neft sənayesində yaradılmış əlavə dəyərin 66,5 milyon manatı və ya 2,7 faizi mədənçıxarma sənayesinin, 1332,6 milyon manatı və ya 54,4 faizi emal sənayesinin, 980,5 milyon manatı və ya 40,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının, 68,7 milyon manatı və ya 2,8 faizi su təchizatı və tullantıların təmizlənməsinin payına düşmüşdür. Qeyri-neft sənayesində orta artım tempi illik 9-10 faizarası dəyişməklə nəzərə çarpmaqdadır.

Son on ildə sənayedə əldə edilmiş mənfəətin həcmi 5 dəfə artmaqla 26880 milyon manat təşkil etmiş, təmin olunmuş mənfəətin isə 28,4 faizi qeyri-neft sənayesinin payına düşmüşdür. Ölkədə yoxsulluq səviyyəsinin 2012-ci ildə 6,0 faizə enməsində qeyri-neft sənayesinin rolu yüksəkdir.

Ölkədə indiyədək bir milyondan çox yeni iş yeri yaradılmışdır ki, onların da 80 faizdən çoxu qeyri-neft sektoruna daxil olan subyekt və müəssisələrə aiddir. Yalnız son il ərzində bu sektora daxil olan müəssisələrdə 95 mindən çoxu daimi olmaqla 120 min yeni iş yeri açılmışdır. Sənayedə çalışan işçilərin böyük əksəriyyəti - 86,7 faizi qeyri-neft sənayesində fəaliyyət göstərir. Ölkədə fəaliyyət göstərən sənaye müəssisələrinin 98 faizi qeyri-neft sənayesinin payına düşür. Yalnız 2012-ci ildə regionlarda 44500 və ya əvvəlki ildəkindən 17 faiz çox vergi ödəyicisi qeydiyyatdan keçmiş, regionlar üzrə vergi daxilolmaları 4,8 faiz artmış, o cümlədən 410-dan çox sənaye müəssisəsi fəaliyyətə başlamış, 400-dən çox müəssisənin isə tikintisi davam etdirilmişdir.

Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları 22 dəfədən çox artaraq 45 milyard ABŞ dolları səviyyəsinə çatmışdır ki, bu da xarici dövlət borcunu təxminən 10 dəfə üstələyir. Dünyada maliyyə - iqtisadi böhranın hökm sürdüyü hazırkı dövrdə Azərbaycan iqtisadiyyatı, xüsusən də sənaye sahələri uğurla inkişaf edir.

Ötən il 5417 yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs qeydiyyata alınmışdır. Ölkə ərazisində yeni yaradılan müəssisələrin 60,0 faizi Bakıda, 12,7 faizi Aran, 7,2 faizi Abşeron və 5,7 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə fəaliyyətə başlamışlar. Müəssisələrin 27,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 11,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 11,3 faizi tikinti, 6,5 faizi emal sənayesi, 5,9 faizi peşə, elmi və texniki fəaliyyət və qalanları isə iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərmişdir.

Sənayedə son on ildə işçi axını 18 faizdən 11,1 faizə endiyi halda, bu göstərici qeyri-neft sənayesində 7,3 faiz azalmaqla 10,1 faiz təşkil etmişdir. Həmçinin bu dövr ərzində qeyri-neft sənayesində çalışan işçilərin əməkhaqqı orta hesabla 2,7 dəfə artmaqla  400 manatı keçmişdir.

İstehsalın həcmi 2012-ci ildə sənaye məhsulunun 81 faizini təşkil etmiş, ümumi istehsalın 91,8 faizi sənaye mallarının, 8,2 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılmışdır. Qeyri-neft sənayesində 2012-ci ildə 6510,4 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da ölkə üzrə bütün sənaye məhsullarının 19,2 faizini təşkil etmişdir.

Sənaye sektorunda əsas kapitala yönəldilən investisiyaların tərkibində qeyri-neft sənayesinin xüsusi çəkisi 37 faizə çatmışdır. Sənayedə əsas kapitala qoyulmuş vəsaitin 56 faizini daxili investisiyalar, 44 faizini isə xarici investisiyalar təşkil etmişdir.

Müxtəlif mənbələr hesabına iqtisadiyyata, o cümlədən qeyri-neft sənayesinə yönəldilən kreditlərin həcmi son dövrlər ərzində ildə 8,8 dəfə artmaqla 12720,5 milyon manata çatmışdır. 2012-ci ildə uzunmüddətli kreditlərin həcmi 8835,3 milyon manat olmuşdur ki, bu da verilmiş kreditlərin 69,5 faizini təşkil edir. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 2012-ci ildə 88 investisiya layihələrinin maliyyələşdirilməsinə 188 milyon manat güzəştli kreditlər verilmiş və bu sərmayələrin qoyulmasında müasir istehsal sahələrinin təşkili, yeni məhsul istehsalı kimi fərqlənmişdir.

Bank və maliyyə kredit təşkilatları tərəfindən son on il ərzində sənaye və istehsal sektoruna verilmiş kreditlərin həcmi 15,6 dəfə artmaqla 1297,6 milyon manat təşkil etmişdir ki, bu da real sektora ayrılan kreditlərin 10,6 faizinə bərabərdir. Ölkəyə qoyulmuş xarici investisiyaların həcmi də bu müddətdə iki dəfədən çox artmaqla 10314,2 milyon ABŞ dollarına bərabər olmuşdur. Ölkədə fəaliyyət göstərən birgə və xarici investisiyalı müəssisələr tərəfindən əsas kapitala və istehsal prosesinə yönəldilən investisiyaların həcmində də dörd dəfədən çox artım meyli müşahidə edilməklə onların həcmi 1094,5 milyon ABŞ dollarına çatmışdır. Say tərkibinə görə 80 faizdən çox belə müəssisələr qeyri-neft sənayesində fəaliyyət göstərir.

Azərbaycan Respublikasında son on il ərzində qeyri-neft sənayesində məhsul istehsalının həcmi 2,5 dəfə artaraq 9818 milyon manat olmuşdur. Eyni zamanda, bu dövrdə yüklənmiş malların dəyəri 2,4 dəfə artmaqla 8895 milyon manat təşkil etmişdir. Ümumilikdə 2012-ci ildə ölkədə sənaye müəssisələri tərəfindən 34565 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bunun da 74,1 faizi mədənçıxarma, 20,4 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı bölüşdürülməsi və təchizatı, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində istehsal edilmişdir. Müvafiq dövrdə sənayenin ümumi buraxılışında qeyri-neft sənayesinin xüsusi çəkisi 19,2 faiz təşkil etmişdir. Emal sənayesində məhsul buraxılışının strukturunda ən yüksək xüsusi çəkiyə qida və digər bu qəbildən olan məhsulların istehsalı (39,4 faiz), neft və kimya məhsullarının istehsalı (36,4 faiz), metallurgiya sənayesi (4,9 faiz), tikinti məmulatlarının istehsalı (4,6 faiz), kompyuter, elektron və elektrik avadanlıqların istehsalı (3,6 faiz), maşın və digər avadanlıqların istehsalı (4,8 faiz) sahələri malik olmuş, digər sahələrin xüsusi çəkisi isə 6,3 faiz təşkil etmişdir.

Sənaye məhsulunun ümumi buraxılışının 88,1 faizi Bakı şəhərində, 11,9 faizi isə digər iqtisadi rayonlarda istehsal olunmuşdur. Ölkədə 2003-cü ildən indiyədək 2000-nə qədər istehsal təyinatlı obyekt istifadəyə verilmişdir. Hazırda regionlarda 200-dən çox müəssisə, o cümlədən 70-dən çox sənaye müəssisəsinin tikintisi davam etdirilir.

Son dövrdə ölkənin xarici ticarət dövriyyəsi əvvəlki illərlə müqayisədə artaraq 33560,9 milyon ABŞ dolları təşkil etmişdir. Ölkənin xarici ticarət dövriyyəsində müsbət saldo yaranmışdır. İnnovasiya fəaliyyətinin təşkili sənayenin, xüsusən də qeyri-neft sənayesinin inkişafına yönəlmiş bir istiqamət olaraq Azərbaycan Respublikasında dövlətin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsi kimi çıxış edir. "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə Elmin inkişafı üzrə Milli Strategiya"da innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən texnoparklar, texnoloji mərkəzlər, biznes inkubatorlar şəbəkəsinin genişləndirilməsi bir vəzifə kimi qarşıya qoyulmuşdur. Müasir dünya üçün beynəlxalq innovasiya şəbəkələrinin formalaşması, müxtəlif ölkə və korporasiyaların elmi-texniki tədqiqat və innovasiyayönümlü birgə fəaliyyəti  xarakterikdir. Azərbaycanın ilk süni peykinin yerətrafı orbitə çıxarılması ölkədə bu istiqamətdə məhsul və avadanlıqların istehsalı, Azərbaycanın yeni və müasir məhsul növləri ilə dünya bazarına çıxma imkanlarını artırmaqdadır. Ölkənin iqtisadi inkişafının sürətləndirilməsi, yeni innovasiya və rəqabətyönümlü məhsul istehsalının təmin edilməsi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında konkret şəkildə əks edilmişdir.

Azərbaycan son on il ərzində iqtisadi sahədə misli görünməmiş inkişaf dövrünü yaşayır.  Bu dövr ərzində sənaye istehsalı üç dəfə artmış, ölkədə işsizlik kəskin şəkildə azalmışdır. Hazırda işsizlik səviyyəsi ölkədə beş faiz həddindədir. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bu həd müasir böhran şəraitində dünya miqyasında ən uğurlu nəticələrdən biri kimi qiymətləndirilir.

Ölkədə qeyri-neft sektorunun, əsasən də qeyri-neft sənayesinin inkişafına təsir göstərən amillər arasında iqtisadiyyatın bazar prinsipləri əsasında formalaşması, iqtisadi islahatların düzgün həyata keçirilməsi və yeni mülkiyyət münasibətlərinin yaranması da mühüm rol oynamışdır. Son iki il ərzində Azərbaycan Respublikası Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business-2013" hesabatına əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində 183 ölkə arasında 9-cu yerdə qərarlaşmışdır.

Ötən dövr ərzində özəl sektorun fəaliyyətini tənzimləyən və qeyri-neft sənayesinin inkişafı üçün əhəmiyyətli olan prosedur və qaydalar xeyli liberallaşdırılmış, bu istiqamətdə dövlət maliyyə yardımı mexanizmi işə salınmış, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmiş, mənfəət vergisinin dərəcəsi 20 faizə endirilmiş, sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış və təsərrüfat subyektlərinin dövlət qeydiyyatına alınması prosedurları sadələşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılmışdır. Biznes fəaliyyətinin inkişafına dəstək məqsədilə Prezident yanında Sahibkarlıq Şurası yaradılmışdır. Qeyri-neft sektoruna maliyyə dəstəyini daha da yaxşılaşdırmaq məqsədilə xarici investorların təsisçiliyi ilə mikrokredit bankının yaradılması istiqamətində görülən işlərin sürətləndirilməsi və həmin bankların yaradılmasına nail olunması bu sahədə fəaliyyətə başlayanların ilkin kapital problemlərini həll etmək yolunda "yaşıl işıq" yandırmışdır. Ölkədə kreditlər üzrə formalaşmış illik faiz dərəcələrini aşağı salmaq məqsədilə mərkəzləşdirilmiş uçot dərəcələrinin azaldılması və Mərkəzi Bank tərəfindən kreditlər üzrə uçot dərəcəsinin 10 faizdən 7 faizə endirilməsi işgüzar mühitin fəallığına təsir göstərmişdir.

Ölkədə iqtisadiyyatın, sənayenin və özəl sektorun inkişafına mane olan amillər sırasında fəaliyyət sahələrinin lisenziyalaşdırılması sisteminin qeyri-mükəmməlliyi və bu səbəbdən də bürokratik əngəllərin yaranması kimi mənfi halların qarşısının alınması istiqamətində də əməli addımlar atılmışdır. Lisenziyalaşdırılan iqtisadi və sahibkarlıq fəaliyyəti sahələrinin sayı azaldılmış və bu istiqamətdə münbit mühitin yaradılması üzrə mühüm qanunvericilik sənədləri qəbul edilmişdir.

Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli" ölkələr qrupuna  digər MDB dövlətləri ilə müqayisədə daha tez daxil olmuşdur. Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının insan inkişafı ilə bağlı 2010-cu il üzrə hesabatına əsasən, "orta insan inkişafı" ölkələri qrupunu tərk edərək "yüksək insan inkişafı" ölkələri qrupuna yüksəlmişdir. Makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında 18-ci yerdədir.

Azərbaycanda qeyri-neft sektorunda, o cümlədən onun aparıcı sahəsi olan qeyri-neft sənayesində son illər müşahidə edilən davamlı inkişaf tendensiyası beynəlxalq reytinq agentlikləri tərəfindən ölkənin reytinqini yüksəltməsində də əsas kimi nəzərə alınıb. 2012-ci ilin aprelində "Moody's İnvestors Service" beynəlxalq reytinq agentliyi Azərbaycanın müstəqil reytinqini "Ba1"-dən "Ba3" həddinə qədər yüksəldib. Bu zaman Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı da reytinqin yüksəlməsinə səbəb olan amillərdən biri kimi göstərilib. Həmçinin 2011-ci ilin dekabr  ayında digər nüfuzlu beynəlxalq reytinq agentliyi "Standart & Poor's" Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren kredit reytinqini bir pillə artıraraq "BBB-" səviyyəsinədək qaldırıb və bununla da Azərbaycana investisiya reytinqi verib. Agentlik həmçinin Azərbaycanın xarici və daxili valyutada qısamüddətli suveren kredit reytinqini də bir pillə artıraraq "B" səviyyəsindən "A-3" səviyyəsinə çatdırıb. Bu zaman əsas amillərdən biri kimi qeyri-neft sektorunda davamlı inkişaf nəzərə alınıb. Həmçinin iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına yönələn strategiyanın nəticələri olaraq Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatın rəqabətə davamlılığına görə 55-ci, MDB-də isə birinci yerdə göstərilib. Azərbaycan özünün zəngin neft-qaz ehtiyatlarından uzunmüddətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün uğurla faydalanmaqdadır. "Qara qızıl"ın qeyri-neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, neft-qaz  gəlirlərindən istifadə etməklə gələcəkdə bu gəlirlərdən  asılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyatın qurulması strategiyası öz nəticələrini verməkdədir.

Dünya İqtisadi Forumunun dünya ölkələrinin rəqabətqabiliyyətliliyi səviyyəsini xarakterizə edən növbəti Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-cü ilin hesabatına görə Azərbaycan iqtisadiyyatı 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb. Beləliklə də, son bir il ərzində Azərbaycanın rəqabət qabiliyyəti indeksi 4.41-dən 4.51-ə qalxıb və ölkə dünya sıralamasında 7 pillə irəliləyib. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə əsasən, MDB ölkələri arasında birinci mövqeyini təmin etməkdədir.

Ölkə "makroiqtisadi vəziyyət" göstəricisi üzrə dünyada 8-ci, "əmək bazarının səmərəliliyi" göstəricisi üzrə isə 30-cu yeri tutur. Son il ərzində ölkə "texnoloji səviyyə" göstəricisi üzrə 11 pillə, "makroiqtisadi sabitlik"  və "maliyyə bazarının inkişafı" göstəriciləri üzrə 10 pilləyədək  irəliləyib. Beynəlxalq hesabatlarda Azərbaycan bəzi alt göstəricilər üzrə ilk 20-liyə daxil olub. Azərbaycan "İnnovasiya potensialı" göstəricisi üzrə 14 pillə, "Texnoloji səviyyə" göstəricisi üzrə 13 pillə, institutların keyfiyyəti göstəricisi üzrə isə 5 pillə irəliləmişdir. Rəqabətlilik indeksinə görə Azərbaycan artıq 4 ildir ki, MDB məkanında liderdir.

Azərbaycan Respublikasında son illərdə iqtisadiyyatın rəqabətqabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatlar aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin təməlinin qoyulması məqsədilə Sumqayıt şəhərində Yüksək Texnologiyalar Parkı yaradılmışdır. Sumqayıtdan sonra Gəncədə və digər bölgələrdə də sənaye texnoparkının yaradılması üçün hazırlıqlara başlanmışdır.

Dövlətin özəl sektora müdaxilənin qarşısının alınması ilə bağlı həyata keçirilən metodlar, tətbiq olunan elektron xidmətlər, biznesin idarə olunmasında ən son informasiya texnologiyalarından istifadə, "Elektron hökumət" layihəsi və digər kompleks tədbirlər də rəqabət mühiti və onun inkişafı sahəsində nəzərəçarpacaq irəliləyişlərə təsir edib.

Ölkənin məcmu maliyyə ehtiyatlarının həcmi ümumi daxili məhsulun 60 faizinə bərabərdir, bu isə Avropada ən yaxşı sabitlik göstəricisi hesab olunur. Hazırkı şəraitdə əksər ölkələrin xarici və daxili borclarının əsas ağırlıq yükü özəl sektora, o cümlədən sənaye sahəsinə düşür. Azərbaycanın daxili borc probleminin olmaması və xarici borcların səviyyəsinin iqtisadi inkişafa təsirinin qeyri-yüksəkliyi ölkənin digər sahələri kimi qeyri-neft sənayesində gözlənilən nəticələrin əldə olunmasına şərait yaratmışdır. Ümumiyyətlə, Azərbaycan region ölkələri içərisində xarici borc məsələsində çox əlverişli və yaxşı mövqeyə malikdir. Ölkənin xarici borcu 3,7 milyard dollar təşkil edir ki, bu da ÜDM-in 8 faizdən aşağı göstəricisidir. Azərbaycanın xarici borcu strateji valyuta ehtiyatlarından 9 dəfəyə yaxın azdır ki, bu da iqtisadi və maliyyə sabitliyi, xüsusən də qeyri-neft sənayesinin inkişafı üçün çox mühüm amillərdəndir.

Azərbaycanın xarici ticarətində neft və mineral-xammal resurslarının payı hələ ki yüksəkliyi (98,2 faiz) ilə fərqlənir. İdxalda ərzaq, toxuculuq  digər bu qəbildən olan ənənəvi, ölkədə istehsalı mümkün olan mal və məhsulların 20 faizə yaxın olması narahatlıq doğuran haldır. Ölkənin xarici ticarətində innovasiya və rəqabətyönümlü məhsulların həcmi öz yüksək səviyyəsi ilə seçilmir (0,5 faiz), həmçinin ölkənin ixrac etdiyi az qismli belə məhsullar inkişaf etmiş ölkələrin patent məhsullarıdır.

1996-cı ildən başlayaraq özəlləşdirilən subyektlərin tərkibində qeyri-neft sənaye profilli  müəssisələr yüksək üstünlük təşkil etmir və belə müəssisələrin özəlləşdirilməsindən sonra təyinatı üzrə istifadəsində də ciddi problemlər qalmaqdadır. Ölkədə özəlləşdirilən obyektlərin 25 faizini məişət xidməti, 11 faizini ticarət və iaşə obyektləri, 24 faizini icarəyə verilmiş və istifadəsiz qeyri-yaşayış sahələri, 30 faizini nəqliyyat vasitələri, qalan hissəsini isə digər sektorlara aid olan obyektlər təşkil etmişdir. Respublikada indiyədək 1500-dən artıq səhmdar cəmiyyəti özəlləşdirilmişdir ki, bunun da yalnız 22 faizi sənaye müəssisələridir.

Dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitlərin həcmi 1996-cı illə (3 milyon manat) müqayisədə 2012-ci ildə 20 dəfəyə yaxın artsa da, əldə olunan vəsaitlər özəlləşdirilən müəssisələrin müasir texniki bazasının və idarəetmə sisteminin təkmilləşdirilməsinə əhəmiyyətli təsir göstərməmişdir. Yeni yaradılan kiçik, orta və iri müəssisələr əsasən ənənəvi məhsul buraxılmasına üstünlük verməklə innovasiya və rəqabətyönümlü məhsul istehsalında fəallıq nümayiş etdirmirlər.

Regionların sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq yeni iş yerlərinin yaradılması məsələsinə diqqət artırılsa da, hələ ki yaradılan iş yerlərinin yalnız 50 faizdən çoxu regionların payına düşür. Ölkədə əsas kapitala investisiya qoyuluşlarının 64 faizi Bakı şəhərinin payına düşür. Yerli və xarici investisiyalı müəssisələr öz fəaliyyətinin təşkilində və inkişafında daha çox məhz paytaxta və onun ətraf rayonlarına üstünlük verirlər. Qeyri-neft sənayesi üzrə yaradılan yeni müəssisələrin sayına görə paytaxt öz üstünlüyünü saxlamaqdadır. Ötən il yeni müəssisələrin 60,0 faizi Bakıda, 12,7 faizi Aran, 7,2 faizi Abşeron və 5,7 faizi Gəncə-Qazax, qalanları isə digər bölgələrdə fəaliyyətə başlamışdır.

Son on il ərzində büdcə xərclərinin həcmi 20 dəfədən çox artaraq  2012-ci ildə 17105,6 milyon manat təşkil etmişdir. Dövlət büdcəsindən iqtisadiyyata ayrılan vəsaitlərin qeyri-sənaye sahələrinin inkişafına məqsədli proqramlar çərçivəsində kifayət qədər ayrılmaması bu sahədə ciddi problemlər yaradır.

Emal və digər qeyri-neft sənaye sahələrinin əsas kapital qoyuluşuna yönəldilən vəsaitlərin xüsusi çəkisi sənaye üzrə əsas kapitala yönəldilən investisiyaların yalnız 16 faizini təşkil edir. Ölkə müəssisələrinin əsas kapitalına yönəldilən investisiyalar əsas fondların, texnolojı qurğuların müasirləşdirilməsini, təkmilləşdirilməsini təmin edəcək səviyyədə deyildir.

Ölkədə bütün mənbələr üzrə ayrılan kredit qoyuluşları sahəsində müsbət irəliləyişlər baş versə də, bank və kredit təşkilatlarının verdikləri kreditlərin faiz dərəcələrinin yüksəkliyi qeyri-neft sənayesinin bu resurslardan istifadəsinə geniş imkanlar yaratmır. Bank və maliyyə-kredit təşkilatları tərəfindən ticarət və kommersiya sektoruna ayrılan kreditlər ümumi kreditlərin 24 faizini, energetika, kimya və təbii ehtiyatlar sektoruna ayrılan kreditlər 3 faizini, kənd təsərrüfatı və emal sahəsinə ayrılan kreditlər 4,4 faizini, tikinti sektoruna ayrılan kreditlər 6,4 faizini, sənaye sahələrinə ayrılan kreditlər 6,8 faizini, nəqliyyat və rabitə sektoruna ayrılan kreditlər 4,6 faizini təşkil edir.

Azərbaycanın qeyri-neft sənayesi müəssisələrində istehsal olunan məhsullar yüksək əmək və material tutumluluğu ilə fərqlənir. İnnovasiya və elmtutumlu məhsulların həcmi olduqca aşağıdır.

Bir çox qeyri-neft sənayesi müəssisələrində, əsasən də kimya sənayesində məhsul istehsalının azalması, mövcud istehsal güclərindən aşağı səviyyədə istifadə olunması, avadanlıq və texnologiyaların fiziki və mənəvi cəhətdən köhnəlməsi, məhsul satışındakı problemlər texniki-iqtisadi, maliyyə və keyfiyyət göstəricilərinin azalmasına gətirib çıxarmışdır.

Ölkədə əsas sənaye-istehsal fondlarının müasirləşdirilməsi və təkmilləşdirilməsi problemi həll edilməlidir. Xüsusilə qeyri-neft sənayesində mövcud olan fondların yeniləşməsinə olan tələbat artmaqdadır.

 

(ardı var)

 

İsa ALIYEV,

iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2014.- 10 aprel.- S.9.