Azərbaycan ilə Zimbabve arasında təhsil, turizmiqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanmışdır

 

 

Aprelin 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan zimbabveli həmkarı Simbaraşe Mumbengegvinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Elmar Məmmədyarov Zimbabve xarici işlər nazirinin Azərbaycana səfərinin əhəmiyyətini qeyd etmişdir.

E.Məmmədyarov Azərbaycanın regionun lider dövləti olduğunu bildirmişdir. O, ölkəmizin Afrika ilə münasibətlərin inkişafında maraqlı olduğunu demişdir.

Zimbabve ilə bir çox sahələrdə, o cümlədən təhsil, turizm və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayan Elmar Məmmədyarov bunun üçün hüquq-müqavilə bazasının genişləndirilməsinin əhəmiyyətini qeyd etmişdir. Eyni zamanda, görüşdə Azərbaycan ilə Zimbabve arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanmışdır.

Simbaraşe Mumbengegvi ölkəmizə səfərindən məmnunluğunu ifadə etmiş, Zimbabvenin Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.

Ermənistan-Azərbaycan münaqişəsi haqda zimbabveli həmkarına məlumat verən Elmar Məmmədyarov ölkəmizin münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarı olduğunu qeyd etmişdir. Həmçinin Elmar Məmmədyarov bildirmişdir ki, Ermənistan münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamə və qərarlara məhəl qoymayaraq, Azərbaycan ərazilərinin işğalını davam etdirir. E. Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyini vurğulamışdır.

 

Azərbaycan.-2014.- 11 aprel.- S.2.