Azərbaycan parlamentinin nümayəndə heyəti

 Koreya Respublikasında səfərdə olmuşdur

 

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Koreya Respublikasında səfərdə olmuşdur.

Azərbaycan nümayəndə heyətinin Koreya Respublikası Milli Assambleyasının sədri Kanq Çanq-hi ilə görüşündə ölkələrimiz arasında münasibətlərin hazırki vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, ölkələrimiz coğrafi cəhətdən bir-birindən uzaqda yerləşməsinə baxmayaraq son 20 ildə yaxşı münasibətlər formalaşmış, hər iki tərəf siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı üçün səylər göstərir. Ölkələrimiz arasında diplomatik münasibətlər yaranandan sonra müxtəlif sahələrə aid bir neçə sənəd imzalanmış, beləliklə əlaqələrimizin hüquq-müqavilə bazası formalaşdırılmışdır.

Vurğulanmışdır ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında münasibətlərin möhkəmlənməsində yüksək səviyyəli səfərlərin, xüsusilə dövlət başçılarının səfərlərinin xüsusi rolu olmuşdur.

Tərəflər iki ölkənin münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə əməkdaşlığı genişləndirməyin qarşılıqlı faydalı olacağına əminlik ifadə etmişlər.

Koreya tərəfinə Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən Azərbaycanın son illər qazandığı uğurlar, həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat, infrastruktur layihələri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası hazırda Cənubi Qafqazın lider dövləti kimi regionda xüsusi rol oynayır.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açılmış, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi 4 qətnamənin, habelə Avropa Parlamentinin, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların qərarlarından irəli gələn tələblərin işğalçı Ermənistan tərəfindən yerinə yetirilməməsi təəssüflə qeyd edilmişdir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun Koreya Respublikasının baş naziri Çunq Honq-von ilə görüşündə ölkələrimiz arasında münasibətlərin inkişafına, iqtisadi sahədə əməkdaşlığın vəziyyətinə, yeni sərmayə imkanlarına dair müzakirələr aparılmışdır. Bildirilmişdir ki, Azərbaycandakı əlverişli biznes və sərmayə mühitindən yararlanan bir neçə Koreya şirkəti ölkəmizdə uğurlu layihələr həyata keçirir. Bununla yanaşı, son illər iqtisadi inkişaf nəticəsində maliyyə imkanları genişlənən Azərbaycan xarici ölkələrə fəal sərmayə yatırmağa başlamışdır. Elə bu yaxınlarda Azərbaycanın Koreya Respublikasının paytaxtı Seul şəhərinin daşınmaz əmlak sektoruna 450 milyon ABŞ dollarına yaxın sərmayə yatırması da ölkələrimizin iqtisadi sahədə münasibətlərində yeni bir istiqamət yaratmışdır.

Azərbaycan nümayəndə heyətinin Koreya Respublikası Milli Assambleyasının sədri müavini Park Byonq-sokunMilli Assambleyanın Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Seul şəhərinin vitse-meri Kim Sanq-bum ilə görüşlərində iki ölkə arasında münasibətlərin hazırki səviyyəsindən məmnunluq ifadə olunmuş, bu cür qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafındakı rolu vurğulanmışdır. Qeyd olunmuşdur ki, ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın əhəmiyyəti böyükdür. Bu istiqamətdə dostluq qruplarının üzərinə böyük vəzifə düşür.

Nümayəndə heyətinin Koreya Respublikasının ədliyyə naziri Hvanq Kyo-an ilə görüşündə isə ölkələrimizin hüquq sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilmişdir. Qarşı tərəf Azərbaycan məhkəmə-hüquq, ədliyyə sistemində həyata keçirilən islahatlar barədə məlumatlandırılmış, bu sahədə qanunvericiliyinin təkmilləşdirildiyi bildirilmişdir.

Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti Koreya Respublikası Milli Assambleyasının iclas zalı, deputatların fəaliyyəti üçün yaradılmış şəraiti ilə tanış olmuşdur.

Bundan başqa, nümayəndə heyəti Seul Milli Xiyabanını ziyarət edərək, Koreyanın azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsini ucaldılmış abidənin önünə əklil qoymuşdur. Ziyafət Əsgərov Milli Xiyabanın xatirə kitabına ürək sözlərini yazmışdır.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Koreyanın nüfuzluJoongang Daily” qəzetinə müsahibəsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dinamik inkişafından danışmışdır. Qeyd etmişdir ki, regionun lider dövləti olan Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmışdır. Ölkəmiz beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan xarici siyasət kursu yürüdür.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Malik Həsənov, qrupun üzvləri Rauf Əliyev, Rüstəm Xəlilov, İmamverdi İsmayılov və Sədaqət Vəliyeva daxil idi. Azərbaycanın Koreya Respublikasındakı müvəqqəti işlər vəkili Rəmzi Teymurov, Xarici İşlər Nazirliyinin Şərqi və Mərkəzi Asiya şöbələrinin müdiri Vaqif Cəfərov nümayəndə heyətini müşayiət etmişlər.

 

Şahin Cəfərov

AzərTAc-ın xüsusi müxbiri

Seul

Azərbaycan.-2014.- 11 aprel.- S.2.