ADA Universitetində “Meydana
gələn təhlükəsizlik
çağırışları
üzrə əməkdaşlıq” mövzusunda
informasiya günü
keçirilmişdir
Aprelin
10-da ADA Universitetində “Meydana gələn təhlükəsizlik
çağırışları üzrə əməkdaşlıq”
mövzusunda informasiya günü keçirilmişdir.
AzərTAc
xəbər verir ki, NATO-nun “Sülh və Təhlükəsizlik
naminə Elm” Proqramı çərçivəsində
keçirilən tədbirdə Azərbaycanın xarici işlər
nazirinin müavini Araz Əzimov çıxış edərək
bildirmişdir ki, sülh və tərəfdaşlıq olduqca
vacibdir. NATO da bu istiqamətdə fəaliyyət göstərir.
O vurğulamışdır ki, bizim sülh naminə elmi bilikləri
daha da genişləndirmək imkanımız
yaranmışdır.
Əvvəllər
iki fərqli qütbün - Qərb və sovet elminin mövcud
olduğunu deyən nazir müavini Sovet İttifaqı
dağıldıqdan sonra müstəqil ölkələrin
öz elmi potensiallarını daha da gücləndirdiyini
demişdir. A.Əzimov vurğulamışdır ki, bu proqram
çərçivəsində enerji təhlükəsizliyi,
elmi inkişafa nail olunması məsələləri
mühüm əhəmiyyət kəsb edir. Nazir müavini
qeyd etmişdir ki, gələcəkdə NATO ilə yeni əməkdaşlıq
istiqamətləri haqqında düşünmək
lazımdır.
NATO-nun
baş katibinin müavini Sorin Dukaru qeyd etmişdir ki, biz gələcəkdə
meydana çıxacaq çağırışları təxmin
edirdik. Lakin son dövrlərdə dünyada baş verən
hadisələr uzun müddət tarixdən qalan
çağırışları da bizə xatırlatdı.
O, yeni əsr üçün konkret konsepsiya ortaya qoyan
bölmə haqqında danışmışdır. Məlumat
vermişdir ki, bu bölmənin əsas fəaliyyətlərindən
biri strateji təhlillər aparmaq, potensial böhranlara hazır
olmaq, ölkələri bu təhlükələrlə, təhdidlərlə
əlaqədar məlumatlandırmaqdır. 2012-ci ildə NATO
“Sülh və Təhlükəsizlik naminə Elm”
Proqramının əsas prioritetlərini müəyyən
etmişdir. Əsas hədəf terrorizmlə mübarizə,
kibertəhlükəsizlikdir. Keçən il Proqrama qiymətləndirmə
sahəsi də əlavə olunmuşdur.
S.Dukaru
vurğulamışdır ki, diqqəti əsasən yüksək
siyasi və elmi praktiki nəticəsi olan layihələrə
yönəltmək lazımdır. NATO-nun Azərbaycan ilə
tərəfdaşlığı çox yüksək səviyyədədir.
Azərbaycan 1994-cü ildə “Sülh naminə Tərəfdaşlıq”
Proqramına qoşulan ilk ölkələrdən biridir. Biz
çox uğurlu əməkdaşlıq edirik. Birgə bir
sıra faydalı layihələr
reallaşdırılmışdır və əməkdaşlığın
daha da genişləndirilməsinin tərəfdarıyıq.
Tədbir
“Enerji təhlükəsizliyi”, “Kibermüdafiə”, “Qlobal Təhlükəsizlik
çağırışları” sessiyaları ilə davam
etdirilmişdir.
Azərbaycan.-2014.- 11 aprel.- S.2.