Saf duyğular şairi
Abbasqulu ağa
Bakıxanov-220
XIX əsr Azərbaycan ədəbi-mədəni və ictimai fikri tarixində böyük mütəfəkkir ədib, coğrafiyaşünas və tarixçi-alim kimi tanınan Abbasqulu ağa Bakıxanov bədii yaradıcılığa yeniyetməlik dövründə lirik şeirlər yazmaqla başlamış, poetik əsərlərini məşhur Azərbaycan-türk şairi Məhəmməd Füzulinin ədəbi təsiri və "Qüdsi" təxəllüsü ilə yazmışdır. Sufizm, irfan və təsəvvüf fəlsəfəsinin yeni maarifçi-əxlaqi ideyalarla, Şərq didaktikası ilə sıx təmasda, vəhdətdə təsvir və tərənnümü - onun həm lirik, həm də epik poeziyasının ideya-məzmun pafosunu səciyyələndirən ən mühüm keyfiyyətdir. Xüsusilə, yaradıcılığının ilk mərhələsində yazdığı lirik şeirlərində varlığın hissi-emosional dərki və inikası güclüdür.
Sələflərinin və müasirlərinin böyük əksəriyyəti kimi A.Bakıxanov - Qüdsinin də lirik şeirlərinin çoxu məhəbbət mövzusundadır. Ənənəvi aşiq-məşuq münasibətləri, eşq duyğuları, hicran əzabları, vüsal arzusu onun da lirik qəhrəmanı üçün səciyyəvidir. Klassik üslubda, qəzəl janrında yazan şairlərin çoxu kimi A.Bakıxanovun da lirik və epik əsərlərində tərənnüm olunan məhəbbət ikili səciyyə daşıyır. Onun lirik qəhrəmanı bir tərəfdən, real bir insan kimi həyat gözəlliklərindən, yaşayıb-yaratmaqdan, sevib-sevilməkdən zövq alır, ikinci tərəfdən, dünyanı fani sayaraq, onu tərk etmək, əbədiyyətə, Haqqa qovuşmaq barədə düşünür. A.Bakıxanova görə, məhəbbətin ən yüksək dərəcəsi eşqdir.
"Təhzibi-əxlaq" əsərində A.Bakıxanov həmçinin məcazi və həqiqi eşq ifadələrini işlədir və məcazi eşqdən daha geniş bəhs edir. Belə qənaətə gəlir ki, məcazi eşq insanı daxilən saflaşdırır, onu pis düşüncələrdən və əməllərdən çəkindirir, yaxşı işlərə, xeyirxahlığa və insanpərvərliyə yönəldir. Məcazi eşq "həqiqi eşqə yol göstərici olar. Axırda o məqama çatar ki, aşiqə özünü unutdurar, insanı bütün alçaq xasiyyətlərin mənşəyi olan dünyanın qeydindən azad edər və aşiqin başında məşuqun xəyalından başqa bir xəyal qoymaz".
Elmi-fəlsəfi əsərlərində söylənən bu fikirlər A.Bakıxanovun lirik şeirlərinin də bədii qayəsini təşkil edir. Eşq və məhəbbət onun qəzəl, məsnəvi və müxəmməslərində bir tərəfdən gerçək insani hiss, qəlbi saflaşdıran gözəl duyğu, mənəvi-əxlaqi paklıq və zövq mənbəyi, ikinci tərəfdən Yaradana - Xaliqə- Tanrıya ucalmaq, ona qovuşmaq vasitəsi kimi tərənnüm olunur. Hər iki halda lirik konfliktin baş qütbündə, mərkəz nöqtəsində Aşiq surəti dayanır. O, A.Bakıxanov lirikasında tərənnüm olunan məhəbbət duyğularının əsas daşıyıcısıdır. Son dərəcə saf, təmiz qəlbli bir gəncdir. Zəngin mənəvi aləmi vardır. Lirik monoloqlarında özünü "sevgi yorğunu", "dərd əhli", "hicran xəstəsi" adlandıran bu gənc "əzilmiş qanadla gülüstana can atan bülbül" kimidir. Onun könlü "bir gülə əsir olmuş", hər an bu gülün həvəsi, ona yetişmək arzusu ilə qovrulub nalə çəkir. Uzun əzabdan sonra istəyinə çatmaq məqamında xəzan küləkləri bu ətirli gülü məhv edib, Aşiqin arzusunu gözündə qoyur. O, yenidən təzə bir baharın gəlməsini, təzə güllərin açılmasını gözləməli olur. Lakin ümidləri çox zaman daşa dəyir, ruzigar onun arzu və istəklərinə müxalif çıxır, bir dərdini min edir. Ayrılıqdan, dostların həsrətindən sakitliyi, təmkini pozulur, onun gözlərində işıqlı gündüzlər qaranlıq gecəyə çevrilir. Şair onun məhəbbət yolunda çəkdiyi iztirabları, sevinc və kədəri təsirli əks etdirir:
Dil
eşq yolunda zar olubdur,
Bir gül həvəsində xar olubdur.
Dilbər
qəmi, dostlar fəraqi,
Dərdim bir ikən həzar olubdur.
Qəm
bihədü dərd binihayət
Möhnət dəxi bişümar olubdur.
A.Bakıxanovun dünyəvi məhəbbəti tərənnüm
edən lirik şeirlərində sevgili surəti də
vardır.
Özünün zahiri görkəmi və mənəvi-əxlaqi
xüsusiyyətləri baxımından bu qız klassik
poeziyadakı Məşuqə surətini xatırladır, Nəsimi,
Füzuli, Saib və başqa sənətkarların
yaradıcılığında olduğu kimi, A.Bakıxanovun
da lirikasında sevgili "gülrüxsar", "hurisifət",
"sərvi-güləndam", "gözləri cəllad",
"kirpiyi ox", "zülfü mütərra" və
s. belə ənənəvi təşbeh və istiarələrlə
təqdim edilir. O, Günəşə və Aya bənzədilir.
Çəmənin gül-çiçəyi
onun zərifliyinə həsəd aparır, sərv onu görəndə
heyran qalıb "utandığından nazlana bilmir".
Uca boyu, incə vücudu, məlahətli
danışığı ilə aşiqi "valehü
heyran" edən sevgili həmçinin çox mehriban,
"acı sözü qəndə bərabər" bir
gözəldir.
Şairin dünyəvi məhəbbət mövzusunda
yazdığı şeirləri təbiiliyi, səmimiliyi,
nikbin ruhuna görə seçilir. Onun "Gözlərin kim aşiqə
məxmur şəklin göstərir", "Arizu eylər
könül dildar gəlsin, gəlmədi", "Çox
gözdə sürmə, əldə həna, üzdə xal
olur", "Gün üzrə ay tüluimi, ya gün kəmanıdır",
"Dil eşq yolunda zar olubdur" və s. qəzəllərində
həyat ətri, insanın təbii hiss, duyğu və
düşüncələrinin təsviri güclüdür. Bu şeirlərdə klassik poeziyada, divan ədəbiyyatında
çox işlənən ənənəvi obrazlara, bədii
təsvir və ifadə vasitələrinə tez-tez təsadüf
edilsə də, onlardakı lirika tamamilə dünyəvi-realist
mahiyyətdədir.
A.Bakıxanovun lirikasında ilahi məhəbbətin də
tərənnümü mühüm yer tutur. Bu cəhətdən
onun qəzəlləri olduqca səciyyəvidir.
Çoxu fars dilində yazılmış
həmin qəzəllərin də lirik qəhrəmanı
aşiq və məşuq, əsas mövzusu, problematikası
isə aşiq-məşuq münasibətləridir. Hicran dərdi, vüsal həsrəti, ümid və
kədər, nalə və əfqan, kəskin daxili təlatümlər,
həyəcan və iztirablar bu qəzəllərin də ana xəttini,
əsas leytmotivini təşkil edir. Bu şeirlərin də
lirik qəhrəmanı Aşiq öz xoşbəxtliyini
sevgilisinə qovuşmaqda görür və daim bu xoşbəxtliyə
doğru can atır. Lakin dünyəvi, həyati
məhəbbətin tərənnümü verilən qəzəllərindən
fərqli olaraq, A.Bakıxanovun ilahi məhəbbət şeirlərində
təsvir olunan aşiq-məşuq münasibətləri
Tanrı-insan münasibətləridir. Bu
münasibətlərdə Aşiq Haqqı sevən kamil bir
insan, mənəvi saflaşma yolu ilə ucalmaq, Allaha
qovuşmaq istəyən Haqq yolçusudur. Heç bir maddi nemətə, dünya malına
ehtiyac duymadan fəqirliyi uca tutur. Bütün
masivaya, Haqdan başqa nə varsa, hamısına
etinasızdır. Təkcə Tanrıya, bir olan Allaha
ehtiyac duyur və yeganə arzusu ona qovuşmaqdır. Tanrıya qovuşmaq üçün düzgün,
təhlükəsiz yol göstərən yaşıl mayak,
işıqlı dan ulduzu isə saf, təmiz eşqdir. Məhz
buna görə Yaxın və Orta Şərqin bir çox
mütəfəkkir şairləri kimi A.Bakıxanov da eşqi
"can cövhəri", həyatın əsası, təbiətin
əsli hesab edir:
Eşqdir
can cövhəri, əvvəl odur,
sonra həyat,
Eşqdir
əsli-təbiət, yoxsa
puçdur kainat.
A.Bakıxanovun ilahi eşqə dair şeirlərinin lirik
qəhrəmanı həm də ağıl, düşüncə
sahibidir.
Ağıl aşiqə haqq ilə batili, yaxşı ilə yamanı, xeyirlə şəri fərqləndirmək
üçün lazım olur. Lakin aşiqin qəlbində
ağıl eşqə müxalifdir; eşq dərvişin
ruhunu Tanrıya doğru qanadlandırır, ağıl isə
ona maneə törədir. Haqq tərəfindən
aşiqin qəlbinə verilən eşq ilahi nurdur, insanı həmişə
mənəvi saflaşmaya sövq edir. Ağıl isə
nəfslə, zahiri aləmlə bağlıdır və bəzən
hiylə, kələk aləti ola bilir. Belə
təzadlı vəziyyətdə qalib tərəf eşq
olur:
Əqlim
olursa mane bu eşqi-purhicabə,
Gəlməz fəqət bu eşqin sevdaləri hesabə.
Eşqin
müqabilində gücsüz qalır düşüncə
Şam da işıq verərmi heç nurlu aftabə?
Dostun
yanında bir dəm, başım həvasız olmaz,
Gözlər düşər məlalə, qəlb isə
iztirabə.
Klassik sənətkarların
yaradıcıl
ığında olduğu kimi, A.Bakıxanovun da şeirlərində
zahidlik və tərkidünyalıq pislənir, vaizlik və
nasehlik tənqid edilir. Eşq yolçusu öz əxlaq və batini durumunu
saflaşdırmayan, lakin başqalarına nəsihət verən,
məscid və başqa dini mərasim yerlərində quru vəzlərlə
insanları ibadətə çağıran, onları məhşər
günü, cəhənnəm əzabı ilə qorxudan vaizləri
zahir əhli hesab edir, həyat gözəlliklərini
duymayıb, cənnət hurilərinin xəyalı ilə
yaşayan və müxtəlif təriqətlər yaratmaqla
insanları bir-birindən ayıran, ancaq həmin təriqətlərin
mahiyyətindən xəbərsiz olan yalançı ruhani
başçılarını: şeyxləri və
mürşidləri nadan adlandırır.
A.Bakıxanovun sufizm, irfan, təsəvvüf
görüşlərinin, ilahi eşq fəlsəfəsinin bədii
şərhi və inikası kimi meydana gələn məhəbbət
lirikasının bir sıra örnəklərində sevgi
hissləri, cəmiyyət hadisələri, ictimai motivlərlə
bir yerdə, sıx təmasda verilir. Xüsusilə, mənəvi
ucalıq, əxlaqi saflıq, vicdan, haqq-ədalət, qənilik,
fəqirlik, insanlıq prinsiplərinə dair misra və beytlərində
Qüdsinin lirikası maarifçi didaktika ilə birləşir,
ya da xalis ictimai lirika nümunələrinə çevrilir.
Belə şeirlərində Qüdsi cəmiyyətdə
və ayrı-ayrı fərdlərdə müşahidə
etdiyi mənəvi-əxlaqi naqisliyə, ümumi mədəni
geriliyə və antihumanizmə qarşı çıxaraq, bəxtdən,
taledən, fələyin gərdişindən şikayətlənir.
Şairin "zəmanədən min cəfa görən"
lirik qəhrəmanı acgözlük, tamahkarlıq,
zülmkarlıq, xainlik, lovğalıq, təkəbbür kimi
sifətləri pisləyərək müasirlərini,
xüsusilə, gəncləri mənəvi ucalığa, əxlaqi
saflığa çağırır:
Aldanma, ey
oğul, mala, şöhrətə,
Qalib gəl əqlinlə hər xəsarətə.
Ədalət
uğrunda sən möhkəm dayan,
Dövlət qoy pozmasın səni heç zaman.
Bil, namus
girməz heç qızıl paltara,
Zəka
da yaraşmaz tac qoyanlara.
A.Bakıxanovun ictimai məzmunlu lirik şeirləri
içərisində Azərbaycan dilində yazdığı
"Dönübdür", "Bismillah" və
"Özgələrə" rədifli müxəmməsləri
də vardır. "Dönübdür" rədifli
müxəmməs Qüdsinin dövlət xidməti ilə
bağlı uzun müddət yaşayıb fəaliyyət
göstərdiyi və çox yaxşı
tanıdığı, adamlarına yaxından bələd
olduğu Tiflis şəhərinin gözəllərinin tərənnümünə
həsr olunmuşdur. Tamamilə realist
üslubda yazılmış bu şeirin ilk bəndi lirik qəhrəmanın
(çox ehtimal ki, müəllifin özünün) tutqun, qəmli
əhvalından xəbər verir. Şair könlünə
müraciət edərək qəmdən, kədərdən
uzaq olub, ətrafa nəzər salmağı və
şadlanmağı təklif edir:
Qəm
çəkmə, könül, gər ciyərin
qanə
dönübdür,
Əyyami-vüsalın
şəbi-hicranə
dönübdür.
Bülbül
tək işin naləvü əfqanə
dönübdür,
Tiflisə
nəzər qıl ki, gülüstanə
dönübdür.
Hər
bir gözəli afətü cananə
dönübdür.
Şeirin sonrakı bəndləri əvvəldən
axıra qədər Tiflis gözəllərinin tərifinə
həsr olunub.
Onların küçə və bazara
çıxması ilə bütün şəhər
gülüstana dönüb. Hər tərəfdə
ahu kimi qızlar gəzinir. Onların cazibədar görkəmi,
xoş rəftarı, incə davranışı, nəzakəti
və bu keyfiyyətlərin lirik qəhrəmanda
oyatdığı şən əhval-ruhiyyə, nikbin təəssürat
şeirdə yüksək poetik intonasiya ilə ifadə olunur:
İrs ilə
yetib bunlara asari-vəcahət,
Geysuləri
sünbül tək alıb tabü təravət
Qamətləri
dünyaya salıb türfə qiyamət,
Hər
dilbərə bir növ verib rəngi-nəzakət,
Kür suyu məgər çeşmeyi-heyvanə
dönübdür?
A.Bakıxanovun ictimai məzmunlu lirik şeirlərindən
biri də "Sən orda səfa eylə dilcular
arasında" misrası ilə başlanan qəzəlidir. Müasirlərindən birinə
məktub kimi yazılmış bu şeirin
başlanğıcında müəllif tənhalıqdan,
"qürbətdə pərişan", dərd-qəm içində,
"gürcülər arasında avarə" qalıb ciyərinin
qana döndüyündən şikayətlənir. Sonrakı bəndlərdə gürcü gözəlləri
təriflənir. Şair onları ay
üzlü, xoşxasiyyət, günəş kimi göylərə
işıq saçan epitetləri ilə təqdim edir. Aydın olur ki, lirik qəhrəmanın
keçirdiyi iztirab və narahatlığın, onun şikayətlərinin
bir səbəbi də yaşadığı şəhərdəki
məhrulərin davranışından
narazılığı, onlara meyil etmək istəyindən
uzaq olması ilə bağlıdır. Əgər
onlara baxsa, qəm-qüssə qəlbindən silinib gedər.
Ancaq bunu etmir. Ona görə ki, "bədgular
arasında" rüsva olmaq istəmir:
Bir yana əgər baxsa, qəm çəkmək
olur bica.
Bunlar kimi məhtələt xoşxular arasında.
Yüz işveyi-mehr ilə aşiqlərə meyl etmək
Bu şəhridə adətdir məhrulər arasında
Bunları görüb Qüdsi, hər kimsə ki, aqildir,
Qılmaz özünü rüsva bədgulər arasında
"Sən orda səfa eylə dilculur arasında" misrası ilə başlanan qəzəl hələ müəllifinin sağlığında ədəbi-ictimai mühitdə geniş yayılmış və Firidun bəy Köçərlinin bildirdiyinə görə, "Qüdsinin bu kəlamına nəzirə olaraq Qarabağ şairlərindən bir neçəsi bu misilli şeirlər yazmışlar". Onlardan biri Mirzə Ələsgər Növrəsin "Könlüm elə pünhandır geysulər arasında" misrası ilə başlanan qəzəlidir. Altı beytdən ibarət olan bu qəzəldə Qüdsinin şeirinin rədifindən və oradakı qafiyə sözlərin üçündən istifadə olunmuşdur: geysulər, məhrulər və bədgulər. Lakin Qüdsinin əsərindən fərqli olaraq Növrəsin şeiri məhəbbət mövzusundadır: müəllif əvvəldən axıra qədər aşiqin keçirdiyi psixoloji halları, sevgilinin əğyara vəfa göstərməsindən doğan narahatlığı təsvir edir.
A.Bakıxanovun ictimai məzmunlu lirik şeirləri içərisində iki nümunə də seçilir. Bunlardan biri "Xitab", yaxud "Təbriz əhlinə xitab", digəri "Qəsəmnamə" adlanır. Mövcud cəmiyyətə, ictimai eybəcərliyə tənqidi münasibətin aktuallığı və kəskinliyi baxımından şairin digər əsərlərindən fərqlənən bu şeirlərin birincisi çox vaxt satira, bəzən hətta "sosial satira" (Q.Yaşar) nümunəsi kimi təqdim olunsa da, onlarda həyatın komik ziddiyyətlərini əks etdirən gülüş əlamətləri yoxdur. "Xitab" şeiri ənənəvi lirik üslubda yazılmışdır. Şeirdə dövrün, ictimai mühitin eybəcərliklərinə qarşı kəskin ifşa, satirik kinayə, sarkazm əvəzinə klassik lirikadakı ənənəvi narazılıq, şikayət, yamanlama, hətta qarğış ruhu güclüdür:
Əya güruhi-sitəmkar, əhaliyi-Təbriz
Vəfa yerində cəfa, sizdə bu nə adətdir?!
Həvayi-nəfsə müti və tamam eyşpərəst.
Görüm, ilahi, dağılsın necə vilayətdir.
Şeirin sonrakı hissələri də satirik pafosdan məhrumdur. Misra və beytlərin ifşa gücü zəifdir. İfadə olunan şikayət və narazılıq informativ səviyyədədir. Bədii təfərrüat və detallar təsvir olunan ictimai eybəcərlikləri canlı, yaddaqalan lövhələrlə əks etdirə bilmir. Acı, zəhərli gülüş doğuran sosial səciyyə və bədii qrotesk yoxdur. Təqdim olunan ictimai mühit və üç firqə satirik ifşa obyekti deyil, möhkəm tənqid hədəfidir. Tənqid isə həmişə satira ola bilmir. Onun acı, öldürücü bir gülüşə çevrilməsi üçün idealla varlığın barışmaz ziddiyyətindən doğan komik konflikt, sərt kinayə, ifrat şərtilik, tünd bədii boyalar lazım olur ki, bunların heç biri "Xitab" şeirində yoxdur. Əvəzində "həvayi-nəfsə müti olub, vəfa yerinə cəfa edən eyşpərəst" təbrizlilərin cahilliyindən subyektiv narazılıq və onlara qarşı tənə vardır. Şəxsi düşüncə və təəssürat əsasında meydana gələn tənə və tənqid isə lirika üçün səciyyəvidir. Bütün ruhu satiradan deyil, tənə və tənqiddən yoğrulmuş nəsihətamiz "Xitab" şeirində "üç firqə" Təbriz əhlinin "vüfuri" (çox hissəsi), eyni zamanda, şeirin başlıca tənqid hədəfi elan edilir:
Nə qədər seyr edirəm kuçə ilə bazarı
Adam çox az görünür, izdihami-kəsrətdir.
Vüfuri vardır üç firqənin bu kişvərdə,
Axund ilə xərü xan bihədü nihayətdir.
Bunun əmmaməsi rəngin, onun yükü səngin,
Xüsusən ol birinin cübbəsi qiyamətdir.
Beləliklə, şeirin əsas tənqid hədəfi axund və xanlardır. Onlar müəyyən qədər ümumiləşmiş surətlərdir. Bu surətlərin timsalında şair "əndişəsi şərarət", yəni, düşüncələri, məqsədləri yamanlıq, mərdimazarlıq olan müftəxor adamları ümumiləşdirmişdir. Onlar heç bir dinə, millətə uyğun gəlməyən məxluqlardır. Şair onları "əhli-fəqr xərməninə od vuran", vəhşilik törədən adamlar adlandırır:
Nə rahi-rəsmi-nəsara, nə şiveyi-islam,
Nə bütpərəst süluki, bular nə millətdir?!
Bular vuran
od idi əhli fəqr xərməninə,
Ki indi şöləvər oldu cahanda, vəhşətdir.
Qüdsinin lirik şeirlərində, xüsusilə, qəzəl, qəsidə və məsnəvilərində təbiət gözəlliklərini əks etdirən misra və beytlərə də təsadüf edilir. "Bahar və Xəzan", "Günəşdən bir şüa" qəsidələri, "Gözəl yay" məsnəvisi isə birbaşa təbiət mövzusundadır. Belə şeirlərində bulud, yağış, günəş, bağ, bülbül, çəmən, ay, gecə, lalə, nərgiz, qərənfil və s. gül, çiçək adları, təbiət hadisələri tez-tez insan psixologiyası, sevən gəncin iç dünyası, məhəbbət hissləri ilə üzvi əlaqədə, vəhdətdə təqdim olunur, bəzən də ciddi ictimai məna daşıyır:
Gül qönçədə qala bilməz, yırtıb çıxar paltarı,
Budur onun təbiətdən öz hünəri, vüqarı.
Beləcə də haq yolunda çarpışan hər mərd insan
Ya
xalqına xeyir verər, ya bu yolda verər can.
İdeya-bədii məzmunca geniş, əhatəli olan A.Bakıxanov - Qüdsi lirikası janr-üslub baxımından da zəngindir. Şair XIX əsr Azərbaycan şeirində işlənən lirik janrların əksəriyyətindən istifadə etmişdir. Divanına daxil olan şeirlərinin çox hissəsi qəzəl janrındadır. Klassik sənətkarların yaradıcılığında olduğu kimi, Qüdsinin də qəzəlləri bu janrın kamil nümunələridir. Həmin qəzəllərdə forma və məzmun vəhdətinə sənətkarlıqla riayət edilmişdir; qəzəlin mətlə beytində verilən fikir sonrakı beytlərdə axıra qədər davam etdirilir və məntiqi şəkildə tamamlanır. Qəzəldən başqa Qüdsinin qəsidə, lirik məsnəvi, müxəmməs, rübai, müstəzad, mürəbbe, qitə janrlarında şeirləri vardır. Bu əsərlərin əksəriyyəti fars dilində, az bir qismi Azərbaycan türkcəsindədir. Hər iki dildə yazılmış əsərləri gözəl poetik sənət nümunələri olub, XIX əsr Azərbaycan lirikasının ideya-məzmun və bədii sənətkarlıq keyfiyyətlərini təsdiq edir.
A.Bakıxanov klassik şeirə, xüsusilə, M.Füzuli yaradıcılığına möhkəm tellərlə bağlı sənətkardır. F.Qasımzadə doğru deyir ki, A.Bakıxanovun əldə olan "qəzəllərinin əksəriyyəti Füzuli şeirinin ruhunu xatırlatmaqdadır. Füzulidə olduğu kimi, onun da qəzəllərində eşqə mübtəla olan həqiqi aşiqin mənəvi aləmi, onun öz eşqi yolunda çəkdiyi ruhi iztirabları, dərd və ələmləri əsas yer tutur. Qəzəllərində tez-tez rast gəldiyimiz "dərdü bəla", "xunabi-ciyər", "dili-qəmpərvər", "naləvü-əfğan", "valehü şeyda" kimi tərkib və ifadələr dərd və möhnət çəkən aşiqin qəmgin ruhunun ifadəsidir" [2, s.146]. Onun lirikasında işlənən bədii təsvir və ifadə vasitələrinin çoxu M.Füzuli şeirinin poetik leksikasında vardır. Lakin Qüdsinin lirikasında klassik poeziyadakı bədii təsvir və ifadə vasitələrindən fərqlənən özünəməxsus təşbeh, istiarə və mübaliğələrə də təsadüf edilir ki, bunlar onun istedadının göstəricisidir. Məsələn, onun qəzəllərində təsvir olunan aşiq öz bəxtindən şikayətlənərkən onu sevgilinin xalına bənzədir. Daha doğrusu, sevgilinin xalındakı qaralığı özünün bəxt ulduzunun nişanəsi hesab edir. Yaxud çəməndəki lalə aşiq ciyərinin qanına bənzədilir ki, bunlar yeni və orijinaldır. Qəzəl və qəsidələrində işlənən bir sıra təlmih, tənzim, təzad, qülüv, təkrir kimi bədii ifadə vasitələri də Qüdsinin Şərq klassik poetikasına yaxından bələdliyinə və onlardan yüksək sənətkarlıqla istifadə edə bilməsinə möhkəm sübutdur:
Çox gözdə sürmə, əldə həna, üzdə xal olur,
Nisbət bu qaşü, bu gözə bənzər məha
l olur.
Qafi-qaşın,
tayi-telin, lami-ləblərin
Aləmdə əlbir eyləsə, billah qital olur.
Sirri-dəhani
sordum o şəkkər dodaqdan
Pünhan danış bu sirri, - dedi, - qilü qal olur.
Görcək
o atəşin üzünü nitqim oldu lal,
Qüdsi,
cərəs düşəndə o da zəngi lal olur
Şairin
qəzəllərində görünən poetik məziyyətlər
onun qəsidə, məsnəvi, qitə və rübailərinin
də bədii strukturu
üçün səciyyəvidir. A.Bakıxanov
sevən insanın iç dünyasını: sevinc və kədərini,
həyəcan və iztirablarını canlı və təsirli
əks etdirmək üçün müvafiq ifadə vasitələri,
yeni deyim formaları, poetik fiqurlar işlədir. Onun həm fars, həm də Azərbaycan dilində
yazılan şeirlərində işlənmiş bir sıra
söz və ifadələr XIX əsrin birinci yarısında
milli şeir dilinin inkişfına və zənginləşməsinə
təsir göstərmişdir. Bu lirika özünün estetik gözəlliyini və
müasirliyini indi də qoruyub saxlayır.
Zaman
ƏSGƏRLİ,
filologiya elmləri
doktoru
Azərbaycan.-2014.- 11 aprel.- S.6.