Qəhrəmanlıq məktəbi
Hələ ötən əsrin 70-ci illərində Azərbaycanın parlaq gələcəyinə böyük inamla və nikbinliklə baxan Heydər Əliyev məhz o illərdə respublikaya XX əsrin intibah dövrünü yaşatdı. 1970-ci illərin əvvəllərindən respublika həyatının bütün sahələrində dirçəliş, canlanma baş verdi. Lakin respublikada başlanan bu quruculuq işlərində unudulmuş bir sahə yeni rəhbəri ciddi narahat edirdi. Onun fikrincə, hərb sənətində böyük, tarixi ənənələrə malik olan Azərbaycanda müasir dövrün milli hərbi kadrlarını yetişdirmək məqamı gəlmişdi.
1971-ci ilin iyun ayında Azərbaycan KP MK bürosu "C.Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbinin yaradılması haqqında" xüsusi qərar qəbul etdi.
Moskvanın maneələrinə baxmayaraq C.Naxçıvanski adına Hərbi Məktəb fəaliyyətini genişləndirdi və gücləndi. 20 il ərzində Bakıda və Sovet İttifaqının müxtəlif şəhərlərində ali hərbi təhsil alan məktəbin yüzlərlə məzunu artıq yüksək ixtisaslı azərbaycanlı zabit kimi SSRİ-nin, həmçinin digər sosialist ölkələrinin müxtəlif bölgələrində hərbi xidmətlərini davam etdirmişlər. Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları ilə müharibəyə başladığı ilk vaxtlardan müstəqil respublikamızdan kənarda olan xeyli sayda zabitlərimiz vətənə dönərək Milli Ordumuzda qulluq edib düşmənə layiqli cavab verdilər. Bu müharibədə könüllülərdən ibarət olan batalyonlara komandirlik edənlərin böyük əksəriyyətinin peşəkar milli zabitlərimiz olması bir daha ulu öndərin hərb sahəsindəki müdrikliyini və uzaqgörənliyini təsdiqlədi.
1993-cü ilin iyununda xalqın təkidli tələbilə Azərbaycan rəhbərliyinə qayıdan Heydər Əliyev ölkəmizdə hərbi təhsilin keyfiyyətinin yüksəldilməsi və hərbi kadrların hazırlanması kimi məsələləri daim diqqətdə saxladı. Tezliklə yeni hərbi məktəblər yaradıldı ki, bunlardan biri də Naxçıvanda açılan C.Naxçıvanski adına Hərbi Liseyin filialı idi.
Ulu öndərin "Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının açılması haqqında" 13 mart 1998-ci il tarixli sərəncamından irəli gələn vəzifələrin qısa müddətdə yerinə yetirilməsini təmin etmək məqsədilə Naxçıvanda təcili tədbirlər həyata keçirildi. 1999-cu ilin oktyabr ayında muxtar respublikanın 75 illik yubiley tədbirlərində iştirak etmək üçün Naxçıvana gələn Heydər Əliyev C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının yeni tədris korpusunun təntənəli açılışında iştirak etdi və geniş nitq söylədi.
Azərbycan Respublikasının Prezidenti İlham Əliyevin "Heydər Əliyev adına Hərbi Liseyin yaradılması haqqında" 27 fevral 2004-cü il tarixli 108 ¹-li sərəncamı ilə C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı ləğv edilmiş, onun bazası əsasında müstəqil hərbi lisey yaradılmışdır. Beləliklə də, ümummilli liderin müqəddəs adı onun yaratdığı hərbi məktəbdə əbədiləşmiş oldu.
2004-cü ilin iyununda Heydər Əliyev adına Hərbi Liseyin ilk buraxılışı oldu. Həmin ilin yayından başlayaraq hərbi liseyin ərazisində yenidənqurma işlərinə başlanıldı. Tədris korpusu genişləndirildi, ikimərtəbəli qərargah binası, yeni yeməkxana, tibb məntəqəsi, daha bir neçə yardımçı binalar inşa olundu, futbol meydançası salındı.
2005-ci il iyun ayının 15-də - Milli Qurtuluş Günündə Heydər Əliyevin adını daşıyan hərbi liseyin ərazisindəki yeni tikililərin, demək olar ki, yeni bir hərbi tədris şəhərciyinin təntənəli açılış mərasimi oldu. Həmin gün məzunların buraxılışı da bu təntənəyə qarışdı. Bakıdan xeyli sayda fəxri qonaqların, generallar və digər yüksək rütbəli zabitlərin gəlişi bu mərasimi daha da rövnəqləndirdi.
Heydər Əliyev adına Hərbi Liseydə tədris ili ərzində 750 kursant təhsil alır. İndi liseydə ən müasir avadanlıq və şəraitlə təmin olunmuş sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, iki linqafon kabinəsi, coğrafiya və hərbi kabinələr, yeddi interaktiv, iki kompyuter kabinəsi, zəngin kitabxana vardır. Kitabxana fondu yeni nəşrlərlə, o cümlədən elmi, bədii, siyasi və tarixi əsərlərlə, xarici dillərdə danışıq kitabçaları və lüğətlərlə təmin olunmuşdur.
Qərargah binasının birinci mərtəbəsində yaradılmış "Heydər Əliyev muzeyi"ndə ümummilli liderin həyat və fəaliyyətinə dair sənədlər, onun hərbi liseyi ziyarət etdiyi zamanlarda çəkilmiş fotoşəkilləri nümayiş etdirilir. Burada fəxri qonaqlar üçün rəy kitabı da maraqlı eksponatlar sırasındadır.
2005-ci ilin dekabrında möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev liseydə muzeyi ziyarət etdikdən sonra həmin rəy kitabında öz ürək sözlərini belə ifadə etmişdir. "Əziz kursantlar, Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqına həsr edilmişdir. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev siyasətini əbədi yaşatmalıyıq. Ölkəmizi onun qoyduğu yolla irəliyə aparmalıyıq".
Ölkə başçısının sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey 2009-cu ildə "İlin ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülmüşdür. Liseyin 5 nəfər əməkdaşı xüsusi xidmətlərinə görə dövlətimiz tərəfindən müxtəlif təltiflərlə mükafatlandırılmışdır.
Ulu öndərin adına layiq, nümunəvi təhsil müəssisəsi kimi fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Lisey Azərbaycan Silahlı Qüvvələrinin savadlı, bacarıqlı, vətənpərvər zabitlərlə təmin olunması işinə həmişə özünün layiqli töhfələrini verir.
Mehri QASIMOVA,
Heydər
Əliyev adına Hərbi Liseyin tarix müəllimi
Azərbaycan.-2014.- 11 aprel.- S.6.