Qeyri-neft sənayesinin inkişaf strategiyası

 

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası fəaliyyətdədir

 

 

Elmi tədqiqatlara və işləmələrə çəkilən xərclərin ümumi həcmi son on ildə 7 dəfə artsa da, hələ ki, xərclər dövlət büdcəsi hesabına həyata keçirilir. Ölkədə bu yönümlü xərclər ÜDM-in 0,2 faizi səviyyəsindədir. Qeyri-neft sənayesində belə xərclərin həcmi kəskin şəkildə aşağı səviyyəsi ilə fərqlənir.

Azərbaycan Respublikasında qeyri-neft sənayesinin inkişafına təsir edən problemlər aşağıdakı şəkildə xarakterizə edilir:

 

- qeyri-neft sənayesində həyata keçirilən tədbirlərin icrasında olan  ləngimələr;

- iqtisadiyyatda uzun müddət yanacaq-energetika sektorunun əsas aparıcı qüvvə kimi çıxış etməsi;

- perspektivli və potensial inkişafa malik sahələrə, müəssisələrə investisiya qoyuluşlarında səmərəli və güzəştli yanaşma probleminin qalması;

- qeyri-neft sənayesində olan texniki və texnolojı bazanın mütərəqqi inkişafdan geriliyi;

- ölkədə müasir elmi və intellektual potensialın dağınıqlığı;

- bu sahədə yüksək ixtisaslı, peşəkar mütəxəssislərin, intellektual qabiliyyətli insanların hazırlanma səviyyəsinin qeyri-mükəmməlliyi;

- innovasiya fəaliyyətinin inkişafını təmin edəcək tənzimləmə mexanizminin və infrastrukturun kifayət qədər inkişaf etməməsi;

- qeyri-neft sənaye müəssisələrinin rəqabətqabiliyyətli, innovasiya yönümlü məhsul istehsalına meyilli olmaması;

- müasir keyfiyyət standartlarının tətbiqinin kifayət qədər formalaşmaması;

- regional inkişafda hələ ki, fərqlərin mövcudluğu və qeyri-neft sənaye müəssisələrinin inkişafının mərkəzə meyilliyi;

- qeyri-neft sənaye sahələrinin elmi və innovasiya tədqiqatları aparma imkanlarının zəifliyi;

- qeyri-neft sənaye sahələrinin, müəssisələrinin ixrac potensialının xüsusi çəkisinin tədiyyə balansında, xarici ticarətdə aşağı göstəriciyə malik olması;

- istehsal fondlarının, texnoloji avadanlığın amortizasiyasının yüksəkliyi, yeni və müasir avadanlıqların tətbiq əmsalının aşağı olması;

- məhsul istehsalında material və enerji tutumluğunun səviyyəsinin yüksəkliyi;

- idarəetmə sisteminin və menecmentin peşəkarlıq səviyyəsinin müasir tələblərə cavab verməməsi.

 

Azərbaycanda münbit investisiya mühitinin formalaşması, investisiyaların dövlət tərəfindən qorunması daxili bazarı genişləndirir, istehsal edilən məhsulların ölkə daxilində istehlak və xaricə ixrac imkanlarını yüksəldir.

Sumqayıt Kimya Sənaye Parkının yaradılması ölkədə sənaye mərkəzlərinin, parklarının yaradılması istiqamətində atılan mühüm addımlardandır. Sənaye zonasının 43 alt sənaye ərazisində orta hesabla 35-40 müəssisənin yerləşdirilməsi nəzərdə tutulur. Sənaye zonası polimerlər, inşaat kimyası, avtomobil sənayesi kimyası, kənd təsərrüfatı kimyası, məişət kimyası və tibbi kimya alt sahələrinə bölünəcək. Belə parkların artıq Gəncə və digər regionlarda təşkili qeyri-neft sənaye sahələrinin potensial inkişafına yönəlmiş bir siyasətdir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi  inkişafı Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulmuş tədbirlərin  icrası bölgələrdə iqtisadi fəallığın  artmasına təkan verməklə burada qeyri-sənaye sahələrinin potensial inkişaf imkanlarını artırır. Həmçinin bu sahəyə daxil olan müəssisələrin regionlarda təşkili və inkişafı üçün zəruri olan resurs və xammal ehtiyatlarını, infrastruktur sistemini formalaşdırır.

Azərbaycanda sənayeləşmə siyasətinin davamlı şəkildə həyata keçirilməsi ölkə iqtisadiyyatını yüksəltməklə zəngin valyuta ehtiyatlarının yığımına təsir edir. Mövcud resursların digər istiqamətlər kimi qeyri-neft sənayesinin inkişafına da yönəlmə imkanları artır. Ölkədə güclü sənaye potensialının inkişafı üçün zəngin xammal və resurs potensialının mövcudluğu, sənaye sahələrinin imkanlarının səfərbər edilməsi bu sahələrin keyfiyyət və kəmiyyət baxımından davamlı inkişafına əsaslı şəkildə təsir göstərir.

Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, maşınqayırma, metallurgiya, emal müəssisələri, kimya kompleksi, mədənçıxarma müəssisələri qeyri-neft sənayesinin əhəmiyyətli dərəcədə inkişafına öz təsirini göstərir. Azərbaycanın  qızıl  istehsal edən dövlətə çevrilməsini də ölkənin iqtisadi həyatı üçün əlamətdar hadisə kimi dəyərləndirmək olar. Ölkənin mədənçıxarma sənayesində qızıl, gümüş, əlvan metal, bentonit, duz və əhəng daşı istehsalı artmaqdadır. Artıq bu sahədə hazır və yarımfabrikat məhsul istehsalının təşkili üçün imkanlar genişlənir.

Azərbaycan Respublikasında qeyri-neft sənayesinin potensial inkişaf imkanlarının genişlənməsini bu sahədə artmaqda olan məhsul istehsalı və əsas kapitala yönəldilən investisiya qoyuluşları aydın göstərir. Ümumilikdə emal sahələrində sənaye məhsulunun həcmi 2005-ci illə müqayisədə 2012-ci ildə 2,3 dəfə artmaqla 7032 milyon manat, əsas kapitala investisiya qoyuluşlarının həcmi isə 7,4 dəfə artmaqla 861,2 milyon manat təşkil etmişdir. Ölkədə müvafiq dövr ərzində potensial inkişaf imkanları olan qeyri-neft sənaye sahələrində bu artım tendensiyası belə getmişdir: qida sənayesində istehsal həcmi 2,4 dəfə, əsas kapitala investisiya qoyuluşu 2,7 dəfə, geyim-toxuculuq, gön-dəri və ayaqqabı istehsalı həcmi 3,2 dəfə, əsas kapitala investisiya qoyuluşu 14 dəfə, ağac, ağac məmulatı və kağız, karton məhsul istehsalı həcmi 2,3 dəfə, əsas kapitala investisiya qoyuluşu 34,5 dəfə, rezin və plastmas məhsul istehsalı həcmi 3,2 dəfə, əsas kapitala investisiya qoyuluşu 19,6 dəfə, tikinti materialları istesalı həcmi 2,4 dəfə, əsas kapitala investisiya qoyuluşu 2,7dəfə, metallurgiya sənaye məhsul istehsalı həcmi 1,3 dəfə, əsas kapitala investisiya qoyuluşu 11 dəfə, hazır metal məmulatları istehsalı həcmi 3 dəfə, əsas kapitala investisiya qoyuluşu 86,7 dəfə, elektrik avadanlıqları istehsalı həcmi 9,8 dəfə, əsas kapitala investisiya qoyuluşu 2 dəfə, mebel istehsalı həcmi 2 dəfə, əsas kapitala investisiya qoyuluşu 2,3 dəfə. Bu sahələrlə yanaşı, kimya, əczaçılıq məhsulları, kompyuter və digər elektron avadanlıqları istehsalında artım meyli olsa da, əsas kapitala investisiya qoyuluşlarının azlığı onların potensial və perspektiv inkişaf imkanlarını məhdudlaşdıra bilər. Qeyri-neft sənaye sahələrinin inkişaf potensialının mövcudluğu onların müasir tələblər baxımından təşkilinə, daxili və region bazarlarına çıxışına yeni imkanlar açır. İdxalda bu sahələrə aid məhsulların  xüsusi çəkisinin yüksəkliyi, onların daxili bazardakı mövqeyinin gücləndirilməsi üçün əlverişli imkanlar yaradır.

Azərbaycan Respublikasında  qeyri-neft sənaye sahələrinin 2014-2020-ci illər üçün prioritet inkişaf istiqamətlərinin müəyyən edilməsində əsas məqsəd respublikada elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı və ixracyönumlu, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsi, dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, sənaye kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi tədbirlərini həyata kecirməklə bu sektorun dayanıqlı və davamlı inkişafına nail olmaqdır.

Sənaye siyasətinin vacib hissəsi olan xüsusi iqtisadi zonaların yaradılması məqsədilə zəruri olan bütün tədbirlərin görülməsi nəzərdə tutulur. Standartlaşdırma siyasəti çərçivəsində sənaye sahələrində fəaliyyət göstərən müəssisələrdə beynəlxalq standartların tətbiqinin təmin edilməsinə xüsusi önəm verilir. Ölkənin müxtəlif ərazilərində xüsusi iqtisadi zonaların yaradılması ilə bağlı ilk mərhələdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində formalaşdırılacaq bu zona növbəti mərhələlərdə regionlara doğru genişlənəcəkdir.

Ölkədə yeni qeyri-sənaye müəssisələrinin yaradılmasına diqqət artırılmaqdadır və bu prosesin sürətləndirilməsi əsas prioritetlərdəndir. Yalnız son illərdə Gəncə Alüminium Zavodu, Sumqayıtda dəqiq mexanika, texniki qazlar zavodları, Naxçıvan və Qaradağda sement zavodları, bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları da daxil olmaqla 60-dan çox sənaye müəssisəsi istifadəyə verilmiş, 100-dən artıq sənaye müəssisəsinin inşası isə davam etdirilir.

Azərbaycan innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalına hazırlaşır. Bakı, Sumqayıt və Gəncə şəhərlərində sənaye texnoparklarının yaradılması prosesinə artıq başlanmış, Mingəçevirdə müasir sənaye kompleksinin təşkili, sənaye mərkəzlərində rəqabətqabiliyyətli, ixracyönümlü məhsulların istehsalının olması  zəruri sayılmışdır. Bundan başqa, Mingəçevirin sənaye potensialı və investisiya qoyuluşu imkanları araşdırılır.

Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parkları sürətlə innovativ iqtisadiyyatı formalaşdıracaqdır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələrinin yaradılması önəmli xarakter daşayır. Sumqayıt şəhərində yaradılacaq Yüksək Texnologiyalar Parkı ölkədə İKT sahəsində ilk xüsusi rejimli zona olmaqla elmi araşdırmaların, elmtutumlu texnoloji məhsulların istehsalının əhəmiyyətli dərəcədə artmasına təkan verəcək.

Qeyri-neft sənayesinin prioritet inkişafında nanotexnologiyanın inkişafı da müasir baxımdan zərurət təşkil edir və onun üstün istiqamətlərinə xüsusi önəm verilməlidir. Azərbaycan Respublikasında nanotexnologiya sahəsində yerinə yetiriləcək işlərin təhlili yaxın gələcəkdə (5-10 il ərzində) perspektiv olan bir çox istiqamətlərin inkişaf mümkünlüyünü təsdiq edir:

 

- alternativ enerji mənbələrinin alınmasında nanotexnologiyanın tətbiqi;

- aktiv xassələrə malik nanohissəcikləri üzvi polimer matrisalara daxil etməklə polimerin və nanohissəciklərin unikal xassələrini özündə saxlayan polimer nanokompozisiyaların texnologiyasının işlənməsi;

- neft texnologiyasında istifadə etmək üçün katalitik xassələrə malik metal nanohissəciklərin alınmasının texnologiyasının işlənməsi;

- antiseptik xassələrə malik metal nanohissəciklərin sintezi;

- nanogellərin alınması və nanosənayenin müxtəlif sahələrində tətbiqi;

- nanomateriallar: nanoborular, füllerenlər və nanotozların alınması və tədqiqi;

- maşınqayırma, tibb, inşaat, hərbi sahələr  və s. üçün istifadə edilən qoruyucu və funksional örtüklərin (laklar, rənglər, davamlı geyimlər və s.) alınması və tədqiqi;

- nanodoldurucu kompozit materiallar: yüksək plastik polimerlər; həddindən artıq  möhkəm keramikalar; dəqiq formalı polimerlər; optik, maqnit, keçirici materialların alınması və tədqiqi;

- nanoquruluşlu materiallar, o cümlədən qeyri-adi fiziki xassələrə (yüksək keçiriciliyə, radiouduculuğa, radiasiyaya davamlı, optiki, maqnit, yarımkeçirici və s.) malik materialların alınması və tədqiqi;

- maye və qazları təmizləmək üçün nanomembranlar, nanofüllerenlər, katalizatorlar, nanoötürücü və nanosensorların (bura bio və kimyəvi ötürücülər də daxildir) alınması və tədqiqi;

- fotoelektrik çeviricilərində istifadə olunan nanomaterialların alınması və tədqiqi;

- dərman nanopreparatlarının alınması;

- qiymətli kağızları, şəxsiyyət vəsiqələrini, qiymətli daşları və s. qorumaq üçün istifadə edilən nanomaterialların alınması və tədqiqi;

- hərbi texnika və qoruyucu geyim üçün lazım olan nanomaterial və nanoquruluşların alınması və tədqiqi.

 

Qeyri-neft sənayesinin tərkibində kimya sənayesi yüksək rəqabətqabiliyyətli potensiala malikdir. Ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyətə malik olan kimya sənayesinin yenidən qurulması, məhsul istehsalının və keyfiyyətinin, onların emal dərinliyinin artırılması qarşıda duran vacib məsələlərdəndir. Kimya sənayesinin perspektiv inkişafının təmin edilməsində xeyli tədbirlərin həyata keçirilməsi əsas götürüləcəkdir:

 

* kimya sənayesinin sahə və ərazi strukturunun təkmilləşdirilməsi;

* daxili və xarici bazar üçün məhsul istehsalı həcminin artırılması, iqtisadiyyat sahələrinin yeni növ kimyəvi məhsullar və materiallarla təmin edilməsi məqsədilə fəaliyyətdə olan müəssisələrin yenidən qurulması, genişləndirilməsi və texniki cəhətdən silahlandırılması;

* maye piroliz məhsullarının və propanpropilen fraksiyasının kompleks emalı    EP-300 kompleksinin gücündən tam şəkildə istifadə edilməsi və bu zaman nisbətən az enerji və su tutumlu polimer materialları istehsalatlarının inkişafına və bu bazarda yeni istehlak malları istehsal edən sexlərin təşkil edilməsinə üstünlük verilməsi;

* kimyəvi məhsulların emalının son məhsulun optimal alınma səviyyəsinə qədər dərinləşdirilməsi;

* kimyəvi xammal, material və hazır məhsulun idxalından asılılığın azaldılması və paralel olaraq MDB ölkələrinin kimya kompleksləri ilə əlaqələrin bərpası və inkişaf etdirilməsi;

* kimya sənayesi müəssisələrində enerji istehlakının azaldılması;

* ətraf mühitin qorunması və ekoloji vəziyyətin köklü şəkildə yaxşılaşdırılmasını təmin edən tədbirlərin həyata kecirilməsi, fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqların istismardan çıxarılması.

Kimya sənayesində istehsal səviyyəsinin, keyfiyyətin, kimya məhsullarının çeşidinin artırılması kimi qlobal dəyişikliklərə ehtiyac vardır. İlk növbədə, təkcə bu gün üçün deyil, eləcə də uzun müddət üçün xammal bazasını müəyyənləşdirmək və bundan cıxış edərək, kimya məhsullarının buraxılış proqramını işləyib hazırlamaq zəruridir. Kimya sektorunda fəaliyyət göstərən müəssisələrin kompleks inkişafının təmin olunması və iri qurğuların modernləşmə problemlərinə və həmin qurğuların gücündən maksimum istifadəyə dair xüsusi tədbirlərin həyata keçirilməsi vacibdir. Bu işin təşkilinə hökumət strukturlarının iştirakı ilə iri neft və neft-kimya kompleksləri, firmaları cəlb olunmalıdır.

Azərbaycanda neft-kimya və kimya sənayesinin yeni inkişaf mərhələsi neft və qaz amili ilə yanaşı, son kimya məhsullarına tələbatın artmasına, dünyada müasir texnologiyaların mövcudluğuna, respublikada əmək ehtiyatlarının olmasına və digər əlavə amillərə əsaslanır və "Azərikimya" Dövlət Şirkətində bu istiqamətdə tədbirlərin həyata keçirilmə səviyyəsi artırılmalıdır. Qeyd edilənlərlə yanaşı, beynəlxalq standartların tələblərinə uyğun, ekoloji cəhətdən təmiz və enerjiqənaətli texnologiyalar əsasında yeni kimya və neft-kimya kompleksinin yaradılması; iqtisadiyyatın müxtəlif sahələrinin (maşınqayırma və cihazqayırma, metallurgiya sənayesi, tikinti, nəqliyyat və rabitə, səhiyyə, neft-qaz sənayesi və s.) lazımi həcmdə və çeşiddə, keyfiyyətli kimya məhsulları ilə təmin olunması;  kənd təsərrüfatının kimya məhsullarına, o cümlədən azot gübrələrinə olan tələbatının təmin edilməsi; çoxişlənən məişət kimyası məhsullarının çeşidinin və istehsal həcminin artırılması; ölkənin kimya məhsullarının idxalından asılılığının azaldılması və ixrac qabiliyyətinin artırılması üzrə əlavə tədbirlərin görülməsi də bu sahənin prioritet  inkişafının əsas istiqamətlərinə aid edilir.

Azərbaycanın milli sənayesinin iftixarı olan maşınqayırma sənayesinin inkişafının sürətləndirilməsi, istehsal olunan məhsulların xarici bazarlara cıxarılmasının və rəqabətədavamlılığının təmin edilməsi cox vacibdir. Maşınqayırma sənayesinin prioritet inkişaf istiqamətlərinin təmin edilməsi üçün bir çox kompleks tədbirlər həyata kecirilməlidir:

 

* maşınqayırma müəssisələrində yeni texnoloji bazaya keçilməsi;

* maşınqayırma müəssisələrində muasir sertifikatlaşdırma və standartlaşdırma qaydalarının tətbiq edilməsi;

* müəssisələrdə marketinq xidmətinin inkişaf etdirilməsi;

* istehsalın diversifikasiyasının təşkilinin genişləndirilməsi;

* maşınqayırma muəssisələrinin özəlləşdirilməsinin başa catdırılması;

* daxili bazarın xarici inhisarın ekspansiyasından qorunması və maşınqayırma məhsullarının ixracının dəstəklənməsi;

* xarici texnologiyaların transferində yerli istehsalçıların maraqlarının təmin edilməsi;

* təcrübi-konstruktor işləmələrinin birbaşa maliyyələşdirilməsi və onlardan istifadə hüququnun istehsalçıya verilməsi;

* müasir texnoloji durumun tələbləri səviyyəsində elmi, mühəndis-texniki və ixtisaslı fəhlə kadrları hazırlığının həyata kecirilməsi;

* elmi-texniki potensialdan istifadə əmsalının yüksəldilməsi.

Müasir inkişaf meyilləri nəzərə alınmaqla maşınqayırma sənayesinin inkişaf strategiyasının hazırlanması və onun maşınqayırma sənayesi məhsullarının dünya bazarlarında rəqabətqabiliyyətinin artırılmasına yönəldilməsi təxirə salınmaz məsələlərdəndir. Maşınqayırma sənayesinin prioritet inkişafının sürətləndirilməsi üçün müəssisələrin mövcud texniki potensialının yeniləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiq edilməsi, beynəlxalq standartlara keçilməsi, bu sahədə elmi-texniki potensialdan istifadənin səmərəliliyinin artırılması vacibdir. Maşınqayırmanın yeni texnologiya əsasında inkişafının təmin edilməsi bütövlükdə ölkədə sənayenin inkişafına müsbət təsir göstərəcəkdir.

Zəngin ehtiyatlara malik qara və əlvan metallurgiyanın inkişaf etdirilməsi Azərbaycan üçün xüsusi prioritet sahələrdəndir. Ölkədə metallurgiya sənayesinin üstün inkişafının təmin edilməsi məqsədilə bəzi tədbirlərin həyata kecirilməsi zəruridir:

 

l qara metallurgiyanın müasir standartlara və bazar tələblərinə uyğun son məhsullarının istehsalının təşkili məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi;

l respublikada alüminiumdan, digər əlvan metallardan və onların qırıntılarından istifadə edərək son məhsul istehsalının genişləndirilməsi;

l respublikada qiymətli metalların (qızıl, gümüş, platin və s.) istehsalı və istifadəsinin təkmilləşdirilməsi;

l yeni yataqların öyrənilməsi, tədqiqi, kəşfiyyatı və işlənməsi.

Azərbaycanda polad istehsalı kompleksinin yaradılması yeni sənaye müəssisələrinin, o cümlədən gəmiqayırma zavodunun istifadəyə verilməsi metallurgiya və maşınqayırma sənayesinin qarşılıqlı inkişafına əsaslı təkan verəcəkdir.

Qara metallurgiyanın uzunmüddətli xammal təminatına nail olmağın strateji yolu Daşkəsən dəmir-filiz yatağının (ehtiyat 230 milyon ton təşkil edir) müasir texnologiya əsasında istismarının təşkil edilməsindən ibarətdir. Bununla bağlı qara metallurgiyanın əsas müəssisələrindən olan "Daşkəsən Filizsaflaşdırma" ASC-nin işinin yenidən qurulması və tərkibində 68 faiz dəmir olan konsentrat istehsalının bərpa edilməsi, bu dəmir konsentratından domna prosesinə ehtiyac olmadan ildə bir milyon ton istehsal gücünə malik müasir poladəritmə kompleksinin (dənəvərləşdirmə, ardıcıl reduksiya, əritmə proseslərini özündə birləşdirir) tikinti layihəsi metallurgiyanın inkişafının mühüm strateji istiqaməti hesab edilir. Bu kompleks tam işə düşdükdən sonra ilk dəfə olaraq ölkədə dəmir filizindən yüksək keyfiyyətli davamlı polad istehsalı mümkünləşəcək, eyni zamanda, ölkədə inşaat armaturları və müxtəlif metal konstruksiyalar istehsal edən müəssisələrin xammala tələbatı tam ödəniləcəkdir.

Əlvan metallurgiya sahəsi üzrə vaxtilə Azərbaycan mühüm istehsal potensialına malik olmuşdur. Hazırda ölkədə əlvan metallurgiya sənayesinin ən böyük müəssisəsi "Azərbaycan Alüminiumu" Səhmdar Cəmiyyətidir və özündə "Gəncə gil-torpaq", "Sumqayıt Alüminium" və "Daşkəsən Alunit" istehsal müəssisələrini birləşdirir. Gəncə şəhərində istehsal gücü 100 min ton olan müasir alüminium istehsalı zavodunun işə salınması əlvan metallurgiyanın prioritet inkişafına əhəmiyyətli təsir göstərəcək. Bu müəssisə əsaslı şəkildə fəaliyyətə başladıqdan sonra respublikada alüminiumun illik istehsal həcmi 2,5 dəfədən çox artacaq, bu isə "Gəncə gil-torpaq" müəssisəsinin tam gücü ilə işləməsinə şərait yaradacaq. Respublikada istehsal olunan alüminiumdan, habelə digər əlvan metalların qırıntı və tullantılarından son məhsul buraxan onlarca özəl müəssisələr fəaliyyət göstərir, onlar tərəfindən müxtəlif çeşidli alüminium profillər, konstruksiyalar, korroziyadan elektrokimyəvi mühafizə üçün alüminium protektorlar və s. məhsullar istehsal edilir. Əlvan metallurgiyanın inkişafı bu sektordakı özəl müəssisələrin inkişafına təkan verəcəkdir.

Alüminium sənayesinin davamlı inkişafını təmin etmək üçün həlli tələb olunan əsas məsələ xammal bazasının yaradılmasıdır. Hazırda əsas xammal kimi işlədilən boksit filizinin Hindistandan və Qvineyadan idxalı xərclər baxımından əlverişli deyildir. Daşkəsən rayonunda böyük ehtiyatlara malik olan alunitdən alüminium istehsalında xammal kimi istifadə edilməsi üzrə ekoloji fəsadları təcrid edən müasir texnologiyanın işlənib tətbiq edilməsi alüminium sənayesi üçün xammal bazasının yaradılmasına əsaslı təsir göstərəcəkdir.

Azərbaycanda yeni texnologiyalar əsasında yaradılan və ənənəvi metallurgiya məhsullarını əvəz edən məhsullar istehsal edən (polietilen tozu, şüşə lifləri və s. xammallar əsasında) digər müvafiq profilli müasir müəssisələr fəaliyyətə başlamışdır ki, bu sahənin inkişafı da perioritlik baxımından xüsusi əhəmiyyət kəsb edir.

(ardı var)

 

İsa ALIYEV,

iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2014.- 11 aprel.- S.4.