İkinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisində

 ən son innovativ məhsullar nümayiş etdirilir

 

Aprelin 10-da Bakıda ikinci Xəzər Beynəlxalq su texnologiyaları ("CATEC-2014") sərgisi işə başlamışdır.

AzərTAc xəbər verir ki, "CATEC-2014" sərgisi Xəzəryanı regionda su texnologiyaları üzrə nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbirdir və Azərbaycanın milli su operatoru - "Azərsu" ASC-nin təşəbbüsü və rəsmi dəstəyi ilə təşkil olunur. Sərginin təşkilatçısı qismində isə "Iteca Caspian" MMC çıxış edir.

Əvvəlcə sərgi iştirakçıları Fəxri xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmişlər. 

Açılış mərasimində çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov növbəti dəfə su texnologiyaları sərgisinin keçirilməsinin ölkəmizin su təchizatı və kanalizasiya sektorunun inkişafı üçün əlamətdar hadisə olduğunu bildirmişdir. Səhmdar cəmiyyətin sədri su təchizatı və kanalizasiya sektorunda həyata keçirilən layihələr barədə məlumat verərək bildirmişdir ki, hazırda Bakı şəhərində, Abşeron yarımadasının kənd və qəsəbələrində, həmçinin ölkənin 38 şəhər və rayon mərkəzində, 350-dən çox kənddə sukanalizasiya layihələrinin icrası uğurla davam etdirilir. Bu sahədə beynəlxalq maliyyə təşkilatları və xarici şirkətlərlə əməkdaşlıq edildiyini bildirən Q.Hüseynov layihələrin icrasında yeni texnologiyalardan istifadəyə üstünlük verildiyini diqqətə çatdırmışdır.

Səhmdar cəmiyyətin sədri su texnologiyaları sahəsində belə bir tədbirin keçirilməsinin ölkəmizin su təchizatı sektorunun inkişafına fayda verdiyini bildirərək demişdir: "Ötən il keçirilmiş debüt sərgi bizim üçün çox əhəmiyyətli olmuşdur. Sərgi və konfrans çərçivəsində bəzi şirkət və təşkilatlarla əməkdaşlığa dair ilkin razılıq əldə olunmuş və qısa müddətdə bu istiqamətdə real addımlar atılmışdır. Məsələn, sərgidən bir müddət sonra "Azərsu" ASC  İsveçrənin "Sulzer" şirkəti ilə nasos və kompressorların alınmasına dair müqavilə imzalamışdır. Müqaviləyə əsasən, həmin şirkətdən yüksək keyfiyyətli nasoskompressorlar alınaraq Hövsan Aerasiya Stansiyasında quraşdırılmışdır. Bununla yanaşı, Kür sutəmizləyici qurğular kompleksi üçün bu şirkətdən yeni avadanlıqların alınması da nəzərdə tutulur. Sərgidə iştirak etmiş Danimarkanın "Grundfos" şirkətindən isə H.Z.Tağıyev adına su kəmərləri idarəsi üçün 2 müasir nasos alınmışdır və bu sahədə əməkdaşlıq davam etdirilir.  "Budapeşt su işlətmələri" şirkəti ilə də geniş əməkdaşlığımız vardır. Sərgidən dərhal sonra mütəxəssislərimiz bu təşkilatın təcrübəsini öyrənmək üçün Macarıstana ezam olunmuşlar".

ASC-nin sədri "CATEC-2014" sərgisinin texnologiyaların son nailiyyətlərinin nümayiş etdirilməsi, təcrübə mübadiləsi aparmaq baxımından əlverişli məkan olduğunu bildirərək, iştirakçılara uğurlar arzulamışdır.

"ITE Group" şirkətinin icraçı direktoru Edvard Stroon isə qeyd etmişdir ki, bu tədbir məşhur dünya markalarını bir araya gətirir və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün zəmin yaradır. "CATEC-2014"ün işgüzar görüşlər və təcrübə mübadiləsi aparmaq üçün yaxşı fürsət olduğunu deyən E.Stroon Xəzəryanı regionda su texnologiyaları üzrə nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış sərginin əhəmiyyətini vurğulamışdır.

"ITE Group" şirkətinin icraçı direktoru "Azərsu" ASC-yə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirmiş, səhmdar cəmiyyətin sədrinə sertifikat təqdim etmişdir.

Sonra "CATEC-2014"ün açılışını bildirən lent kəsilmiş, iştirakçılar sərgi ilə tanış olmuşlar.

Sərgidə müasir nailiyyətlər, texnologiyalar, eləcə də sənayedə tətbiq olunanonun modernləşdirilməsinə kömək edən innovativ ideyalar nümayiş etdirilir. "CATEC-2014"də 24 ölkədən 79 şirkət məhsul və xidmətlərini göstərir. Onların arasında Azərbaycan, Avstriya, Almaniya, ABŞ, Kanada, Türkiyə, İsrail, Rusiya, Belarus, Litva, Fransa, Macarıstan, Danimarka, İsveçrə, İtaliya və digər ölkələrin aparıcı texnologiya şirkətləri və təchizatçıları, habelə ekologiyatikinti şirkətləri vardır.

Azərbaycanı bu sərgidə "Azərsu" ASC, "Azərbaycan MeliorasiyaSu Təsərrüfatı" ASC, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC, "Azertexnolayn" MMC, "Grand Motors" MMC, Gəncə Cihazqayırma Zavodu, "Omicron" MMC, "Unipark" MMC, Sumqayıt Texnologiyalar Parkı və digər müəssisə və təşkilatlar təmsil edirlər.

Bu il "CATEC-2014" sərgisində ziyarətçilərin diqqətinə içməli su təchizatında istifadə olunan avadanlıqlar, tullantı sularının toplanması, nəqli və təmizlənməsi, yağış sularının idarəedilməsi sistemləri, eləcə də mikrotunel tikintisi, suyun kimyəvi analizinin aparılması üçün avadanlıqlar, tənzimləmə texnologiyaları, borular, nasos sistemləri, hidrantlar, tikinti texnikası və avadanlıqları, geotermal texnologiyalar, su təchizatı və kanalizasiya sahəsində tətbiq olunan digər yeniliklər təqdim edilir.

"CATEC-2014" sərgisi ilə yanaşı, aprelin 11-də ikinci Xəzər Beynəlxalq su texnologiyaları konfransı da keçiriləcəkdir.

Konfransda infrastrukturun bu sahəsinin aktual problemlərinə həsr olunmuş müzakirələr və alt panellər təşkil olunacaq, maraqlı mühazirələr oxunacaqdır. "Su ehtiyatlarından inteqrasiyalı istifadə. Ekoloji-iqtisadi qiymətləndirmələr", "Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının (İWRA) xüsusi sessiyası -  Su təchizatı və suyun keyfiyyəti: insan inkişafında məhdudiyyətlər və imkanlar", "İçməli su emalında innovativ texnologiyalar", "Su təchizatı, tullantı və yağış suları şəbəkələrinin səmərəli idarəetmə metodları; GİS texnologiyalar", "Yaşıl planet. Tullantı suların təmizlənməsi və təkrar istifadəsi" mövzuları üzrə məruzələrin dinləniləcəyi konfransda beynəlxalq ekspertlər və mütəxəssislər müzakirələr aparacaqlar.

 

AzərTAc

Azərbaycan.-2014.- 11 aprel.- S.3.