Avropa Xəbər Agentlikləri
Alyansının növbəti konfransında ənənəvi
və internet medianın fəaliyyətindəki
yeniliklər barədə müzakirələr
aparılmışdır
İspaniyanın paytaxtı Madriddə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) "Yeni tərəfdaşlıqlar və əməkdaşlıqlar üçün xəbər məzmunu" mövzusunda növbəti konfransı aprelin 9-da öz işini davam etdirmişdir. Xəbər agentlikləri rəhbərlərinin qatıldığı konfransda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanov iştirak etmişdir.
Konfransın birinci iş gününün sonuncu hissəsində Belçikanın BELGA agentliyi özünün xəbər və kontent ekosistemi, Norveçin NTB agentliyi canlı multimedia və videoxəbər təcrübəsi, Globallynx şirkəti media təşkilatları ilə universitetlər arasında əlaqə qurmaq üçün yeni sistemlər və Türkiyənin Anadolu Xəbər Agentliyi sosial mediada tətbiq etdikləri yeni proqramlar barədə təqdimatlarla çıxış etmişlər.
Təqdimatlarda xəbər agentliklərində tətbiq olunan texnologiyalar, videoxəbərlərin yayımındakı son nailiyyətlər barədə ətraflı məlumat verilmiş, həmçinin rəqəmsal medianın sürətli inkişafı fonunda ənənəvi mətbuatın qarşılaşdığı problemlərdən danışılmışdır.
EANA-nın prezidenti Piter Kropş konfransın yüksək səviyyədə təşkilinə görə İspaniyanın EFE Agentliyinə təşəkkürünü bildirmişdir.
Sonra konfrans iştirakçıları EFE Xəbər Agentliyinin yaranmasının 75 illiyi münasibətilə təşkil olunmuş təntənəli mərasimdə iştirak etmişlər.
Aprelin 10-da "MINDS İnternational" təşkilatının
17-ci konfransı keçirilmişdir. Konfransda EANA-nın
üzvü olan agentliklərin rəhbərləri
iştirak etmişlər.
Böyük Britaniyanın "Press
Association" agentliyinin baş
direktoru Kliv Marşal və Avstriyanın APA agentliyinin
nümayəndəsi Volfqanq
Nedomanski multimedia, internet jurnalistikası
və sosial medianın qlobal problemlərinə həsr
olunmuş tədbiri açaraq, konfransın əhəmiyyətindən danışmışlar.
Sonra konfrans işini panel iclasları ilə davam etdirmişdir.
ABŞ-ın "Associated Press" agentliyinin vitse-prezidenti Jim
Kennedi məruzə etmişdir. O, əsasən yeni innovasiyaların tətbiqi, onlardan istifadənin perspektivləri
və bütövlükdə
internet jurnalistikasının ənənəvi media ilə
qarşılıqlı əlaqələrini
ətraflı şərh
etmişdir.
DPA agentliyinin nümayəndəsi
Meinolf Ellers isə jurnalistikada və xəbər agentliklərində baş
verən transformasiyalardan
söz açmışdır.
Panel iclaslarında ənənəvi,
sosial və internet mediasının bu günü və gələcəyi barədə
ətraflı müzakirələr
aparılmış, iştirakçıları
maraqlandıran suallar cavablandırılmışdır.
"MINDS İnternational" aparıcı xəbər
agentliklərinin qlobal
şəbəkəsidir. Onun əsas
məqsədi üzvlər
arasında yeni rəqəmsal medianın problemləri və innovativ texnologiyaların tətbiqi barədə təcrübə mübadiləsinin
təşviqidir.
Həmin
gün Avropanın xəbər agentliklərinin
rəhbərləri İspaniyanın
EFE agentliyinin yeni binasında yaradılmış
şəraitlə tanış olmuşlar.
Qonaqlara agentliyin strukturu,
iş prinsipi, fəaliyyət istiqamətləri,
beynəlxalq əlaqələri,
xəbər istehsalında
innovativ texnologiyaların
tətbiqi və sosial şəbəkələrlə
əməkdaşlığın qurulması təcrübəsi
barədə ətraflı
məlumat verilmişdir.
Agentlik rəhbərləri
EFE-nin yeni binasında yaradılmış
şəraiti yüksək
qiymətləndirmişlər.
Aygün ƏLİYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Madrid
Azərbaycan.-2014.- 11 aprel.- S.5.