Almaniyanın Berlin Weissensee İncəsənət Universiteti ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası arasında birgə əməkdaşlığa dair müqavilə imzalanmışdır

 

 

Almaniyanın Berlin Weissensee İncəsənət Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) olmuşdur.

AzərTAc xəbər verir ki, səfər çərçivəsində aprelin 10-da ADRA ilə Almaniyanın Berlin Weissensee İncəsənət Universiteti arasında birgə əməkdaşlığa dair müqavilə imzalanmışdır.

Tədbirdə ADRA-nın rektoru, akademik Ömər Eldarov çıxış edərək nümayəndə heyətinin akademiyaya səfəri haqqında məlumat vermiş, qonaqları iştirakçılara təqdim etmişdir. Bildirmişdir ki, Almaniya nümayəndə heyətinin səfərinin məqsədi bu iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair müqavilə imzalamaq, birgə sərgilər, simpoziumlar təşkil etmək və tələbə-müəllim mübadiləsini həyata keçirməkdir.

Qeyd edilmişdir ki, Berlin Weissensee İncəsənət Universitetinin rektoru xanım Leonie Baumannın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri - “Berlin-Bakı” Qalereyasının direktoru İbrahim Ehrari, professorlar Johannis Brunner və Schefer Albrect Sebastian bir neçə gün ərzində ADRA-nın qonağı olacaqlar.

Vurğulanmışdır ki, almaniyalı qonaqlar artıq akademiyanın binası, tələbələrin yaradıcılıq işləri və emalatxanalarla tanış olmuşlar. Burada yaradılan şərait onların böyük marağına səbəb olmuşdur.

Tədbirdə Berlin Weissensee İncəsənət Universitetinin rektoru xanım Leonie Baumann çıxış edərək dəvətə görə ADRA-nın rəhbərliyinə təşəkkürünü bildirmişdir. Xanım Leonie Baumann akademiyanın emalatxanaları ilə tanışlığın onda böyük təəssürat yaratdığını bildirmişdir. Qeyd etmişdir ki, ADRA ilə birgə əməkdaşlığa dair müqavilənin imzalanması tələbə-müəllim mübadiləsi, gənclərin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi və digər sahələrdə mühüm əhəmiyyət kəsb edəcəkdir. Almaniyalı qonaq incəsənətin müxtəlif sahələri üzrə ADRA-nın fəaliyyətini yüksək qiymətləndirmiş, burada arxitektura sahəsindəki işlərin onun diqqətini daha çox cəlb etdiyini xüsusi vurğulamışdır.

Rektor rəhbərlik etdiyi Berlin Weissensee İncəsənət Universiteti haqqında məlumat verərək bildirmişdir ki, bu ali təhsil müəssisəsinə hər il dünyanın müxtəlif yerlərindən əcnəbi gənclər daxil olurlar. Qeyd edilmişdir ki, universitetdə tələbələrin 14 faizini xarici vətəndaşlar təşkil edir və onların burada təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Leonie Baumann ADRA ilə imzalanacaq müqavilənin hər iki ali təhsil müəssisəsi arasında birgə əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağını bildirmişdir.

Sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə Berlin Weissensee İncəsənət Universiteti arasında birgə əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Müqaviləni ADRA-nın rektoru Ömər Eldarov və Berlin Weissensee İncəsənət Universitetinin rektoru Leonie Baumann imzalamışlar.

Müqaviləyə tələbə-müəllim mübadiləsi, hər iki ali təhsil müəssisəsinin təhsil sahəsindəki əlaqələrini genişləndirmək və dərinləşdirmək, birgə tədqiqat layihələrində iştirak və onların nəticələrini dərc etmək, birgə elmi konfrans, seminar və müsabiqələrdə tələbələrin fərdi yaradıcılıq nümunələrinin və sərgilərinin təşkili, rəsm sənəti ilə bağlı mühazirələrin təşkili üçün aparıcı professorların dəvət olunması, magistratura və digər məsələlər daxil edilmişdir.

 

Azərbaycan.-2014.- 11 aprel.- S.7.