Ağdaş rayonunun Ləki-Pirəzə-Xınaxlı
avtomobil yolunun
tikintisi ilə
bağlı əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon (üç milyon səkkiz yüz min) manatı Ağdaş Rayon İcra Hakimiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2014-cü il
Azərbaycan.-2014.- 12 aprel.- S.1.