«Kaspi» Təhsil Mərkəzi üç yeni layihəsini təqdim etmişdir

 

Aprelin 11-də Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" Təhsil Mərkəzinin "Təhsildə müasir texnologiyalar-perspektivlər" mövzusunda tədbiri keçirilmişdir. Bir sıra nazirlik və qurumların, ali məktəb nümayəndələrinin, Milli Məclisin deputatlarının və KİV təmsilçilərinin iştirak etdikləri tədbirdə təhsildə innovativ texnologiyalardan səmərəli istifadə ilə bağlı yeni layihələr təqdim olunmuşdur.

"Kaspi" Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva tədbirdə 3 böyük layihənin təqdim olunduğunu bildirmişdir. O, bu layihələrin təhsildə keyfiyyətin yüksəldilməsi üçün müasir üsullardan biri olduğunu diqqətə çatdırmışdır. Sona Vəliyeva bu layihələr üzərində uzun illərdir aparıldığını və böyük bir kollektivin əməyinin bəhrəsi olduğunu demişdir.

Sona Vəliyev qeyd etmişdir ki,  son 3 ildə elektron təhsil sahəsində bir sıra layihələr həyata keçirmiş "Kaspi" Təhsil Mərkəzi bu layihələrin davamı kimi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycanda və ölkədən kənarda yaşayan 5-10 yaşlı uşaqlara əlifba və ana dilindəki ilkin anlayışları öyrənmələri üçün "Əlifbanı öyrənirəm" layihəsini hazırlamışdır. anadili.az saytı vasitəsilə interaktiv oyun şəklində hazırlanan bu layihə uşaqların əlifbanı səsli və şəkilli öyrənmələrini nəzərdə tutur. Həmçinin bu layihə onların ana dilini öyrənmələrini daha asan və əyləncəli edir. İstifadəsi sadə və rahat olan bu oyun valideynlərə uşaqlarının öyrənmə prosesini izləmək imkanı da verir. Bundan əlavə, balacalar saytın şeirlər bölməsində bir sıra uşaq şeirlərini səsli də dinləyə bilərlər.

Mərkəzin təsisçisi bundan əlavə, onlayn imtahan sistemi olan "Kaspi Test" və "Kaspi" Təhsil Mərkəzindəki öyrənmə proseslərini idarə etmək üçün "Öyrənmənin İdarəolunması Sistemi"nin təqdim edildiyinidemişdir.

Sona Vəliyeva təsisçisi olduğu təhsil mərkəzinin yarandığı gündən indiyədək gördüyü işlərdən də danışaraq demişdir: "Biz atdığımız addımlarla dövlətin təhsil siyasətinə dəstək veririk. "Kaspi" Təhsil Mərkəzini bitirən 1120 abituriyentimiz ali məktəblərdə təhsil alır. 2015-ci ilə qədər xaricdə təhsil alması nəzərdə tutulan 5 min tələbənin uğurunda "Kaspi" Təhsil Mərkəzinin də rolu vardır".

Mərkəzin təsisçisi gələcəkdə rəhbərlik etdiyi qurum tərəfindən təhsilimizin inkişafı istiqamətində daha bir neçə layihənin həyata keçiriləcəyini də diqqətə çatdırmışdır. Bildirmişdir ki, nağılların təfəkkürün formalaşmasındakı böyük rolunu nəzərə alaraq, mərkəz gələcəkdə uşaqların milli ruhda böyümələrinə kömək edəcək Azərbaycan nağılları əsasında cizgi filmlərini də hazırlamağı planlaşdırır.

Sonra innovativ texnologiyaların səmərəli istifadəsi ilə əlaqədar yeni layihələrin təqdimatı olmuşdur.

"Kaspi" Təhsil Mərkəzinin direktoru Elnur Əliyev bildirmişdir ki, bu gün təqdim edilən hər üç layihə mərkəz tərəfindən son 3 ildə həyata keçirilmiş elektron təhsil sahəsindəki layihələrin davamıdır. E.Əliyev qeyd etmişdir ki, "Əlifbanı öyrənirəm" layihəsinin tədrisi anadili.az saytı vasitəsilə interaktiv şəkildə aparılacaqdır. "Kaspi" Təhsil Mərkəzi abituriyent hazırlığında da yenilik edərək onlayn imtahan sistemi olan "Kaspi Test"i (www.kaspitest.com) istifadəyə vermişdir. E.Əliyev bildirmişdir ki, bu sistemin məqsədi mərkəzin təşkil etdiyi sınaq imtahanlarının onlayn qaydada keçirilməsi, istifadəçilərin yer və məkandan asılı olmayaraq həmin imtahanlarda iştirak etməsidir. Bu sistem istifadəçilər üçün çox rahat olub imtahana müxtəlif cihazlardan (personal kompyuter, noutbukya planşetdən) daxil olmaq imkanı verir. İstifadəçilər imtahandan dərhal sonra nəticələrini görə və təhlil edə, eləcə də keçmiş imtahan nəticələrinə baxa bilərlər. İstifadəyə verildiyi qısa müddət ərzində böyük marağa səbəb olan "Kaspi Test" imtahan sistemində respublikamızın 45 şəhərindən olan istifadəçilər qeydiyyatdan keçmişdir".

Mərkəzin direktoru qeyd etmişdir ki, "Kaspi" Təhsil Mərkəzindəki öyrənmə proseslərini idarə etmək üçün "Öyrənmənin İdarəolunması Sistemi" - "Kaspi LMS (Learning Management System)" yaradılmışdır. Bu sistemin məqsədi müasir texnologiyalardan səmərəli istifadə edərək təhsil müəssisəsindəki öyrənmə, dəyərləndirmə və qiymətləndirmə, mesajlaşma, hesabat, nəzarət və digər prosesləri çevik və mərkəzləşdirilmiş qaydada idarə etməkdir.

Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva və başqaları təqdim olunan layihələrin əhəmiyyətini vurğulamışlar. Bu layihələrin təhsil sahəsində fəaliyyət göstərən təşkilatlara və geniş ictimaiyyətə çatdırılmasının önəmi qeyd edilmişdir. Natiqlər həmçinin Azərbaycan təhsilində mərkəzin rolunu da yüksək qiymətləndirmişlər.

Tədbir müzakirələrlə davam etmişdir.

 

AzərTAc

Azərbaycan.-2014.- 12 aprel.- S.2.