Bakıda İkinci Xəzər Beynəlxalq

 su texnologiyaları konfransı keçirilmişdir

 

 

Aprelin 11-də Bakıda İkinci Xəzər Beynəlxalq su texnologiyaları konfransı keçirilmişdir. Beynəlxalq konfrans su texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi üzrə Xəzəryanı regionun yeganə ixtisaslaşdırılmış tədbiri - "CATEF-2014" sərgisi çərçivəsində təşkil olunmuşdur.

AzərTAc xəbər verir ki, Baş nazirin müavini Abid Şərifov beynəlxalq konfransın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxumuşdur (Təbrik məktubunun mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

Baş nazirin müavini çıxışında bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz beynəlxalq aləmdə layiqli yerini tutmuşdur. Bunun nəticəsidir ki, Azərbaycanda son illər dünyaAvropa səviyyəli iqtisadi, mədəni və s. sahələr üzrə çoxsaylı beynəlxalq tədbirlər keçirilir. Ən möhtəşəm idman tədbirlərindən olan I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin qərar qəbul etməsi ölkəmizin nüfuzundan xəbər verir.

Azərbaycan iqtisadiyyatının statistik göstəriciləri barədə məlumat verən A.Şərifov bildirmişdir ki, 2013-cü ildə iqtisadi inkişafımız davam etdirilmişdir. Ümumi daxili məhsul təxminən 6 faiz, qeyri-neft sektorumuz 9,8 faiz, əhalinin pul gəlirləri 8 faiz artmışdır. İnflyasiya isə 2,4 faiz təşkil etmişdir. Əhalinin pul gəlirlərinin inflyasiyanı 3 dəfədən çox üstələməsi onu deməyə əsas verir ki, vətəndaşların rifah halı ildən-ilə yaxşılaşır. Keçən il ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu da ölkəmiz üçün rekord göstəricidir. Bu investisiyaların 17,5 milyard dolları daxili sərmayələrdir. Göründüyü kimi, daxili sərmayə xarici sərmayəni üstələyir və bu, müsbət haldır. Əlbəttə, daxili investisiyada dövlətin yatırdığı sərmayələr üstünlük təşkil edir. Ancaq özəl sektorun təmsilçiləri də Azərbaycan iqtisadiyyatına böyük investisiyalar qoyurlar.

Hazırda Azərbaycanın valyuta ehtiyatlarının 50 milyard dollara çatdığını deyən Baş nazirin müavini bildirmişdir ki, bu, ümumi daxili məhsulun 70 faizini təşkil edir. Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerlərdədir. Bu, Azərbaycanın böyük üstünlüyüdür və bizə imkan verir ki, bundan sonra da ölkəmizin inkişafı ilə bağlı böyük layihələr icra edək. Eyni zamanda, qeyd etmək lazımdır ki, iqtisadiyyatımız son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşdur. Son 10 ildə Azərbaycana 160  milyard dollardan çox sərmayə qoyulmuş,  iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artmışdır. Ölkədə

1 milyon 200 min yeri açılmışdır ki, onların da 900 mini daimi yerləridir. Yoxsulluq təqribən 50 faizdən 5,3 faizə düşmüşdür. İşsizlik isə 5 faiz təşkil edir. Bu göstəricilərə görə Azərbaycan hətta inkişaf etmiş ölkələri də qabaqlayır. Xarici dövlət borcumuz 8 faiz təşkil edir. Bu da çox yaxşı göstəricidir. Təsadüfi deyildir ki, Davos İqtisadi Forumu da Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür.

Ölkədə həyata keçirilən su-kanalizasiya layihələrindən danışan Baş nazirin müavini diqqətə çatdırmışdır ki, son illərdə Azərbaycanın bütün şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur, kənd və qəsəbələrin su təchizatı problemləri mərhələlərlə həll edilir, əhalinin dayanıqlı, fasiləsiz və keyfiyyətli su ilə təmin edilməsi üzrə kompleks tədbirlər həyata keçirilir. Yaxın vaxtlarda Bakı və Abşeron yarımadası əhalisinin fasiləsiz su təchizatını tam təmin etməyə imkan verən Ceyranbatan ultrasüzgəcli su emalı qurğusu istismara buraxılacaqdır. Bir neçə il bundan əvvəl Oğuz-Qəbələ-Bakı su kəməri, ötən il 268 milyon kubmetr su tutumu olan Taxtakörpü su anbarı istifadəyə verilmişdir. Bu il ölkənin qərb rayonlarının su təchizatında mühüm əhəmiyyətə malik olacaq 160 milyon kubmetr su tutumu olan Şəmkirçay su anbarının istifadəyə verilməsi gözlənilir.

Ermənistanın Azərbaycana hərbi təcavüzünə də toxunan A.Şərifov münaqişə nəticəsində torpaqlarımızın işğal olunduğunu, 1 milyondan çox insanın qaçqın və məcburi köçkün düşdüyünü xatırlatmışdır. Bildirmişdir ki, buna görə də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon bu cür layihələrdən kənarda qalmışdır. Təəssüf ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən və azərbaycanlı əhaliyə qarşı dəfələrlə soyqırımı törədən, işğalçılıq siyasətini davam etdirən Ermənistana beynəlxalq qurumlar tərəfindən heç bir təsir göstərilmir və bu problemlər həll olunmamış qalır.

Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə görülən işlərdən danışan Baş nazirin müavini diqqətə çatdırmışdır ki, Azərbaycan hökuməti su ehtiyatlarının və ətraf mühitin qorunması, transsərhəd su obyektlərindən istifadə sahəsində beynəlxalq konvensiyalara əməl edilməsi, su sektoru üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətini götürmüşdür. Bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda BMT-nin "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə" Helsinki Konvensiyasını ratifikasiya etmiş yeganə ölkədir. Bizim tərəfimizdən indi BMT-nin İnkişaf Proqramı çərçivəsində  Kür-Araz çayları hövzəsində transsərhəd deqradasiyasının azaldılması və transsərhəd sularla əlaqədar digər birgə layihələr həyata keçirilir. Kür çayından istifadə ilə əlaqədar Gürcüstan tərəfi ilə əldə edilmiş razılaşmalar bizim tərəfimizdən yüksək qiymətləndirilir və bu istiqamətdə səylərimizi davam etdirəcəyik.

Konfransda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov su ehtiyatlarının  inteqrasiyalı idarə edilməsində hövzə prinsipinin əsas götürülməsinin əhəmiyyətindən danışmışdır. ASC-nin sədri bildirmişdir ki, Azərbaycan Cənubi Qafqazın əsas çayları olan Kür və Arazın aşağı axarlarında yerləşir. Digər tərəfdən, ölkəmizin şirin su ehtiyatlarının 70 faizdən çoxu ölkə hüdudlarından kənarda formalaşır. Biz transsərhəd su axınlarının, xüsusilə, içməli su kimi istifadə etdiyimiz KürAraz çaylarının çirklənməsini müşahidə edirik. BMT-nin İnkişaf Proqramları, UNESCO-nun bəzi layihələri Cənubi Qafqazda su problemlərinin tənzimlənməsinə, eləcə də KürAraz çaylarının deqradasiyasının qarşısının alınmasına yönəldilmişdir ki, buna görə də həmin təşkilatlara təşəkkürümüzü bildiririk.

Son illər Azərbaycan Respublikası regionlarının, həmçinin Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində böyük işlər görüldüyünü vurğulayan Q.Hüseynov demişdir: "Azərbaycanın dövlət büdcəsi, Dünya Bankı, Asiya İnkişaf  Bankı, İslam İnkişaf  Bankı, Almaniyanın KFW Bankı, İsveçrənin SECO Təşkilatı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Səudiyyə İnkişaf Fondunun kreditləri hesabına ölkə ərazisində, ümumilikdə, 52 şəhəri və 750-dən artıq kəndi əhatə edən layihələr icra olunur. Həmin şəhərlərin 38-də tikinti işlərinə başlanılmış, 14-də layihə-smeta işləri başa çatdırılmışdır və tikintiyə hazırlıq görülür.

Birinci Xəzər beynəlxalq su texnologiyaları sərgi və konfransından keçən dövr ərzində Bakı şəhərinin içməli, tullantı və yağış suları infrastrukturlarının 2035-ci ilə qədər perspektiv inkişafını nəzərdə tutan Master Planın hazırlanması başa çatdırılmışdır. İçməli və çirkab suların  tərkibinin ən müxtəlif kimyəvi və bakterioloji analizlərini aparmağa imkan verən müasir mərkəzi laboratoriya tikilib istifadəyə verilmişdir".

Q.Hüseynov həyata keçirilən layihələrdə müasir texnologiyalardan istifadəyə üstünlük verildiyini deyərək vurğulamışdır ki, alim və mütəxəssislərimiz dünyanın müxtəlif ölkələrində su sektorundakı elmi nailiyyətlərin, innovativ texnologiyaların, yeni avadanlıqların öyrənilməsi və Azərbaycanda tətbiqi üçün səylə çalışırlar. Eyni zamanda, cəmiyyətimizdə də bu problemlərlə əlaqəli elmi tədqiqatlar aparılmaqda, müasir texnologiyalar üzərində işlənilməkdədir.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri əmin olduğunu bildirmişdir ki, bugünkü konfransda su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi problemləri, içməli su emalında innovativ texnologiyalar, su təchizatı, tullantı və yağış suları şəbəkələrinin səmərəli idarəetmə metodları, SCADA və Coğrafi İnformasiya sistemləri , tullantı suların təmizlənməsi və müxtəlif məqsədlər üçün təkrar istifadəsi, həyata keçirilən layihələr çərçivəsində ətraf mühitin qorunması problemləri əhatəli müzakirə ediləcək, uğurlu həll variantlarının tapılmasında irəliyə doğru mühüm addımlar atılacaqdır.

Dünya Su Şurasının vitse-prezidenti Doğan Altınbilək konfransda müzakirə olunacaq mövzuların əhəmiyyətini vurğulayaraq, dünyada suya artan tələbatdan danışmış və təbii ehtiyatlardan səmərəli istifadənin şirin su ehtiyatlarının qorunmasındakı rolundan bəhs etmişdir. Bildirmişdir ki, müasir dövrdə su problemlərinin həlli yeni texnologiyaların tətbiqini vacib edir. Artan əhali, iqlim dəyişikliyi su problemini daha da qabardır.

Azərbaycanın Dünya Su Şurasının fəal üzvlərindən biri olduğunu vurğulayan D.Altınbilək, bunu ölkəmizin su problemlərinin həllinə verdiyi önəm kimi qiymətləndirmişdir.

Koreya Su Forumunun vitse-prezidenti Jonq Moolee isə demişdir ki, bu gün bəşəriyyət su problemləri ilə üz-üzədir. Bu problemləri həll etmədən inkişaf etmək mümkün deyildir. Biz əsas problemlərin həlli üçün innovativ texnologiyaların tətbiqinə üstünlük verməliyik. Azərbaycanda keçirilən İkinci Xəzər Beynəlxalq su texnologiyaları sərgi və konfransı, eləcə də Koreya Respublikasında keçiriləcək Yeddinci Dünya Su Forumu qarşımızda duran problemlərin həlli baxımından çox vacibdir.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov əhalinin keyfiyyətli içməli su ilə təminatından bəhs edərək bildirmişdir ki, ölkəmizdə əhalinin dünya standartlarına uyğun içməli su ilə təmin edilməsi üçün boru kəmərlərinin çəkilişi və təmizləyici qurğuların qurulması üzrə irimiqyaslı layihələr icra edilir. Eyni zamanda, mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, yeni kanalizasiya şəbəkələrinin çəkilməsi, mövcud tullantı sutəmizləyici qurğuların modernləşdirilməsi və inşası üzrə tədbirlər həyata keçirilir.

Su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, sudan rasional istifadə, tullantı sularının idarə olunması sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədilə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayan A.Məhərrəmov bu istiqamətdə "Azərsu" ASC ilə birgə əməkdaşlıq çərçivəsində kadr hazırlığı prosesindən də danışmışdır.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova dünyada əhalinin yüksək artım templəri, istehlakın qeyri-ciddi paylanması, ətraf mühitin çirkləndirilməsi, suyun qeyri-səmərəli idarə edilməsi və istifadəsi nəticəsində mövcud ehtiyatların sürətlə tükəndiyini bildirmiş, bugünkü konfransın həmin məsələlərin müzakirəsi baxımından böyük rola malik olduğunu vurğulamışdır.

Ölkəmizdə həyata keçirilən su-kanalizasiya layihələrinin əhəmiyyətindən də bəhs edən G.Məmmədova "Azərsu" ASC ilə əməkdaşlıq çərçivəsində görülən işlər barədə də məlumat vermişdir.

Qeyd olunmuşdur ki, konfransda çoxsaylı beynəlxalq ekspertlərin, mütəxəssislərin iştirakı gündəlikdəki məsələlərin həllinin aktuallığını sübut edir. Dünya miqyasında tanınmış alimlərin qatıldıqları bu konfrans təcrübə mübadiləsi aparmaq baxımından da yaxşı fürsətdir. Biz su problemlərinin həllini daha da sürətləndirməli, konkret layihələr reallaşdırmalıyıq.

Sonra konfrans işini sessiyalarda davam etdirmişdir.

Sessiyalarda "Su ehtiyatlarından inteqrasiyalı istifadə. Ekoloji-iqtisadi qiymətləndirmələr", "Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının (İWRA) xüsusi sessiyası -  Su təchizatı suyun keyfiyyəti: insan inkişafında məhdudiyyətlər imkanlar", "İçməli su emalında innovativ texnologiyalar", "Su təchizatı, tullantı yağış suları şəbəkələrinin səmərəli idarəetmə metodları; GİS texnologiyalar", "Yaşıl planet. Tullantı suların təmizlənməsi təkrar istifadəsi" mövzuları üzrə məruzələr dinlənilmiş, su problemlərinin həlli yollarının araşdırılması ilə bağlı müzakirələr aparılmışdır.

 

AzərTAc

Azərbaycan.-2014.- 12 aprel.- S.3.