Dünya şöhrətli xanəndə

 

Seyid Şuşinskinin -  Şuşalı Seyidin 125 yaşı tamam olur

 

Gözəl səs təmizlik və halallıq sevər. Hamının "Ağa" - deyə müraciət etdiyi Seyid Şuşinskiyə bu halallıq, təmizlik, kübarlıq kökdən, nəsildən gəlmişdi. Ona görə ömrünün sonuna kimi nə o halallığı itirdi, nə Allah vergisi olan o səsi. O səsin sahibi illərdir dünyasını dəyişsə də, şöhrətini və adını qoruyub saxlayan Azərbaycanın xalq artisti, "Şərəf nişanı" ordenli, əməkdar müəllim, dövrünün ən məşhur xanəndəsi Seyid Şuşinskidir.

 

Bir şəhərin möcüzəsi

 

XIX əsrin ikinci yarısında Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, cəmiyyətləri, dərnəkləri təşkil olunurdu. Bakıda Məşədi Məlik Mənsurovun, Şamaxıda Mahmud Ağanın, Şuşada isə Xarrat Qulu Məhəmməd oğlunun və Mir Möhsün Nəvvabın yaratdıqları musiqi məclislərində milli musiqimizin inkişafında mühüm rolu oldu.

İlk dəfə Şuşada Şərq musiqisinin sərrafı Xarrat Qulu Yusifi (1823-1883) tərəfindən təşkil olunan bu məclisin Hacı Hüsü, Məşədi İsi, Əbdülbağı Zülalov, Dəli Ismayıl, Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu kimi üzüvləri Qarabağ vokal məktəbinin parlaq nümayəndələri idi. 80-ci illərdə Şuşada yaranan digər məclislərə -  "Məclisi-Fərəmuşan" ("Unudulmuşların məclisi") və "Musiqiçilərin məclisi"nə  məşhur alim, şair, musiqişünas, rəssam, tarixçi Mir Möhsün Nəvvab (1833-1918) rəhbərlik edirdi. Onun məclislərində musiqinin,  ifaçılıq sənətinin müxtəlif problemləri müzkirə olunar, poeziya nümunələri dinlənilərdi. Dövrün məşhur xanəndə və sazəndələri - Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski və başqaları belə məclislərdə fəal iştirak edərdilər. Bəzi musiqiçilər özlərinin ilk təhsilini məhz bu cəmiyyətdə alırdılar. Bütün bunlar M.M.Nəvvabın "Vüzuhül-ərqam" risaləsində də öz əksini tapıb. Onların arasında zəngin mədəniyyətə malik olan Şuşanın adını ecazkar səsi, nəfəsi, istedadı ilə bütün dünyaya tanıdan sənətkarlar az deyildi - Musa Şuşinski, Xan Şuşinski, Firudin Şuşinski və nəhayət, Seyid Şuşinski.

Onun əsl adı Mir Möhsün Ağa Seyid İbrahim oğludur. O, 1889-cu il aprelin 12-də Şuşa qəzasının Horadiz qəsəbəsində doğulub. Atasını erkən itirən Seyid  Qarabağ toylarının qadın xanəndələrindən biri olan xalası Məşədi Hürzadın ümidinə qalır. O, ilk təhsilini Horadiz mədrəsəsində alır və ərəb, fars dillərini, klassik ədəbiyyatı mükəmməl öyrənir və xalasıyla toy məclislərinə getməyə başlayır. 1907-ci ildə belə toylardan birində onun səsini məşhur xanəndələrdən Keçəçioğlu Məhəmməd eşidib Seyidin əmisinə məsləhət görür ki, uşağın musiqi təhsili ilə ciddi məşğul olsun. Əmi də uşağı Şuşaya öz evinə aparır. Bu ev Cabbar Qaryağdıoğlugilin qonşuluğunda idi. Bu münvalla balaca Seyidə Cabbar əminin canlı səsini eşitmək nəsib olur.

Onun Şuşada ilk konserti 1908-ci ildə olur. Yay klubunda keçirilən konsertə  bütün məşhur Qarabağ xanəndələri qatılıb. Deyilənə görə, Seyid "Bayatı-Şiraz"ın "Xavərən" şöbəsindən "Qatar" muğamına elə keçir ki, hamını mat qoyur.  Məşhur xanəndə İslam Abdullayev həmin konserti belə xatırlayır: "Biletlər bir həftə qabaq satılıb qurtarmışdı. Axşam saat  9-da konsert başlandı. Cabbar, Qasım, Məşədi Məmməd, Həmid və Keçəçioğlu oxuduqdan sonra Azad bəy Əmirov gənc Seyidin "Mani" oxuyacağını elan etdi. Sonra Seyidə "Bayatı-Şiraz" oxutdular. Seyid "Bayatı-Şiraz"ın "Xavərən" şöbəsindən "Qatar"a keçəndə nəinki dinləyiciləri, hətta məşhur xanəndələri belə heyran etdi. Çünki "Xavərən"dən "Qatar"a keçmək xanəndədən zil səsdən başqa, həm ustalıq, həm də cəsarət tələb edir. Gənc Seyidin ustalıqla bir muğamdan başqa muğama keçməsi, doğrusu, mənə möcüzə kimi göründü. Seyid tarın son pərdələrindən aşağı enərək, təkrar zəngulələr vuranda, Cabbar əlindəki qavalı kənara qoyub, böyük bir heyrət içərisində Seyidə tamaşa edirdi".

Seyid dəstgahı qurtarıb ayağa qalxdıqda salondakı tamaşaçılar uzun zaman gənc xanəndəni alqışladılar. Camaat sakitləşmirdi. Nəhayət, xan sarayında xidmət etmiş, şəhərdə hörmətli şəxslərdən biri Xanlıq Muxtar iki dəfə göyə güllə atdıqdan sonra tamaşaçılar sakit oldular. Keçəçioğlu Məhəmməd əlini göyə qaldırıb deyir: "İlahi, şükür yaratdığına!.." Seyidə üçüncü dəfə "Şəkər oğulun şikəstəsi"ni oxutdular.

Sonra Cabbar Qaryağdıoğlu səhnəyə qalxıb Seyidi bağrına basaraq gözləri yaşarmış halda dedi: "Camaat! İndi mən ölsəm də, qəmim yoxdur, çünki məndən sonra Seyid var". Sonrakı çıxışlarının birində isə Cabbar Seyidin oxumağından riqqətlənərək öz qavalını ona bağışlamış  onu "Şərq musiqisinin incisi" adlandırmışdı. Bəlkə də "2-ci xanəndə" adlandırılması bundan irəli gəlir. Məşhur musiqi araşdırıcısı Firidun Şuşinskinin Seyid Şuşinskini Cabbar Qaryağdıoğludan sonra "2-ci xanəndə" adlandırması bu baxımdan təsadüfi deyil.

 

Şuşadan Gəncəyə, ordan da Tiflisə

 

Seyid Şuşinski 1911-ci ilədək Şuşada yaşayır. Bir gün o, toy məclislərinin birində məşhur bəstəkar Fikrət Əmirovun elə onun qədər də məşhur atası Məşədi Cəmil Əmirovla tanış olur. Məşədi Cəmil onu özü ilə Gəncəyə aparır. İki sənətkar arasında yaranan xoş münasibət sonralar Fikrət Əmirovla münasibətlərdə davam edir. "Kürdi-Ovşarı" və "Şur" simfonik muğamlarını yaradanda dahi bəstəkar bu məşhur xanəndənin məsləhətlərindən bəhrələnir və onu böyük məhəbbətlə həmişə "xalq musiqimizin çırpınan ürəyi" adlandırardı.  Gəncədə "Tehran" otelində yaşayan xanəndə o qədər məşhurlaşır ki, onu o dövrdə Qafqazın mədəni həyatının mərkəzlərindən biri olan Tiflisə dəvət edirlər və o, bu dəvəti qəbul edir.

Beləliklə, o, 1919-cu ilədək Tiflisdə yaşayır. 22 yaşlı xanəndə Tiflisin mədəni həyatına həvəslə qatılır: teatrlara gedir, tamaşalararası fasilələrdə konsertlər verir, buradakı soydaşlarına maddi yardımlar göstərir. 1912-ci ildə "Molla Nəsrəddin"in naşiri Mirzə Cəlil və həmfikirlərinin təşəbbüsü ilə Tiflisin azərbaycanlılar yaşayan məhəlləsində - Şeytanbazarda "Auditoriya" adlı bir klub açılır və onun nəzdində fəaliyyət göstərən Müsəlman Dram Cəmiyyətinin aktyorlarına Seyid Şuşinski daim yardım göstərir,  özü də İbn-Salam, Əsgər, Sərvər kimi bir-birindən maraqlı obrazların ifaçısına çevrilir və buna görə qonarar istəmir. O vaxtlar Bakının teatr truppaları tez-tez Tiflisə qastrola gələrdi.

Belə səfərlərin birində Seyid Azərbaycan səhnəsinin əfsanəsi Hüseyn Ərəblinski ilə tanış olur. Bu tanışlıq sonradan böyük dostluğa çevrilir. Bununla Tiflisdə ənənəyə çevrilən məşhur "Şərq konsertləri"nin əsası qoyulur. Seyid Şuşinski bu konsertlərə xüsusi geyimdə çıxırmış. Firudin Şuşinski yazırdı ki,  "Seyid Şuşinski ilk dəfə əynində frak kostyum, ağ ipək köynək, əllərində ağ əlcək, cibində ağ ipək dəsmal, döşündə qızıl medalyon, boynunda qara bant səhnəyə çıxanda tamaşaçıları heyrət bürümüşdü". Hüseyn Ərəblinskinin təşəbbüsü ilə Seyid Şuşinski belə konsertlərdə ilk dəfə fortepianonun müşayiətiylə ayaq üstündə tarsız,  kamansız "Bayatı-İsfahan" oxuyub.

 

"Yaxşı ki, Seyid Batumdan gəldi"

 

Seyid Şuşinski  "Molla Nəsrəddin"in nəşrinə daima maddi yardım göstərərdi. Mirzə Cəlil 1913-cü ildə aktyor Hacağa Abbasovla söhbətində demişdi: "Hacağa, son 2 ayda jurnalımız çıxmırdı. Yaxşı ki, Seyid Batumdan gəldi və "Molla Nəsrəddin"in pulunu verdi...Dübarə, mənə 200 manat da qızıl pul göndərdi". Bundan başqa Bakı aktyorları da pulsuzlayanda Tiflisə gələr və "Ağa"nın səxavətindən yararlanardılar. O,  paltarı olmayana geyim alar, qarnını doyurar, Bakıya qayıdanda da hər birinə hədiyyə və yolxərci verərdi. Şahidlərin söylədiyinə görə Tiflis məclislərində Seyidin başına daş-qaş yağdırılarmış. Onun oxumağından bayılan gözəllər brilyant üzüklərini, qızıllarını çıxarıb Seyidin qavalına atarmışlar. Deyilənə görə, Seyidin Tiflisdə şəxsi restoranı və oteli, hətta "Mersedes" markalı avtomobili də varmış.

Seyid Şuşinski yaradıcılığında Hafiz, Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı Cavidin və Sabirin şeirlərinə də müraciət edərdi. Sabirin "Millət necə tarac olur-olsun, nə işim var" şeirini "Müxalif"də oxuyardı. Seyid Şuşinski siyasi-ictimai mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə səsləyən ilk xanəndələrdən idi. O dövrdə  "Ayıl, ey millət", "Mən bir türkəm", "Millət istərsə" və s. mahnılar onun repertuarında mühüm yer tutardı. Seyid Şuşinski Mirzə Cəlil, Əbdülrəhimbəy Haqverdiyev, Hüseyn Cavid kimi böyük ziyalılarla dostluq edərdi. Hüseyn Caviddən oxuduğu bu misralar o dövrdə dillər əzbəri idi:

 

Rəqsi təlim ediyor axsaqlar,

Əzəmət düşkünüdür alçaqlar.

Yurdu sarmış qabalıq, yaltaqlıq,

Yüksəliş varsa, səbəb - alçaqlıq!..

 

Seyidin Bakıya gəlişi və ya o, "ağa kimi doğuldu, ağa kimi yaşadı, ağa kimi də öldü".

Seyid Şuşinski 1919-cu ildə Bakıya gəlir və ömrünün sonuna - 1965-ci ilədək burada yaşayır. Bakıya ilk gəlişi 1916-cı ilə təsadüf edir. Həmin il Tağıyev Teatrında "Ölülər" tamaşası gedirmiş. Fasilədə Seyid "Qatar"ı elə ustalıqla oxuyub ki, hamını heyran edib, hətta belə tədbirlərdə şuluqluq salmağa vərdiş etmiş qoçular belə, deyilənə görə, "quzuya dönüblər".

Firidun Şuşinski yazır ki, o, kommunistlər dövründə də qürurunu qoruyub saxladı: "Əynində indiqodan tikilmiş paltar, qara ipək köynək, başında gümüşü papaq ("heyvaçiçəyi"), əlində ağ əlcək və fil sümüyündən hazırlanmış əsa olub". O, tuta-tutun, repressiyanın şıdırğı çağlarında - 1933-38-ci illərdə Füzuli rayon Dövlət Dram Teatrının bədii rəhbəri kimi çalışıb. Sonra Filarmoniyada solistlik, pedaqoji fəaliyyət və məsləhətçilik dönəmi başlanıb. Həyatında bir solğunluq, səssizlik duyulsa da, həm mənlik və duruşunu, həm də sənətçi əzəmətini son nəfəsinəcən qoruya bilib. Əməkdar artist  Fikrət Verdiyev Seyid Şuşinskinin xidmətlərindən danışarkən qeyd edir: "Görkəmli bəstəkarımız Əfrasiyab Bədəlbəyli muğamın elmi tərəfindən bütün yazılarını yazıb, hamısını çərçivəyə alıb. Amma, onun ortaya çıxmasında Seyid Şuşinskinin böyük zəhməti olubdur. Demək olar ki, muğamlarımız bir az dağınıq idi, Seyid Şuşinski bunları çərçivəyə saldı".

 

Son ifa: "Heyratı" - 74 yaşın heyrəti

 

O, "Çahargah"dan başqa "Mahur", "Nəva", "Məsnəvi", "Mani", "Arazbarı"  kimi muğamların əvəzsiz ifaçısı idi. Ömrünün sonlarında - 74 yaşında bir daha "Heyratı" oxudu. İndinin özündə də o səsə və ondakı yanğıya biganə qalmaq mümkün deyil. Bu, onu həmişə heyrətdə saxlayan dünyaya vida nəğməsi idi. Elə bizlərə də.  Nə yaxşı ki, bu ömür yolunda hər birimizin yanında olacaq bir səs və bir söz var - iki Seyidin ruhundan doğulub onlar: "Seyyida, ölmərəm, aləmdə səsim var mənim..."

P.S. O vaxt "Kommunist" qəzeti Seyid Şuşinski - bu korifey sənətkar haqda nekroloqda belə yazırdı: "Qocaman xanəndəmiz, qayğıkeş müəllim, son dərəcə təvazökar bir insan - Seyid Şuşinski vəfat edib. O, ömrünün 60 ilini Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr edib, gözəl səsi ilə xalqımızın sevimli müğənnisi olub, Yaxın və Orta Şərqdə şöhrət tapıb".

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2014.- 12 aprel.- S.6.