Bakıda “Sülh naminə
tərəfdaşlıq” proqramının 20 illiyi
və
NATO tərəfdaşlığının
gələcəyi” mövzusunda konfrans keçirilir
Aprelin
11-də Bakıda Azərbaycanın Xarici İşlər
Nazirliyi, NATO Azərbaycan Beynəlxalq Məktəbi (NISA) və
Alyansın İctimai diplomatiya bölməsinin birgə təşkilatçılığı
ilə “Sülh naminə tərəfdaşlıq”
proqramının 20 illiyi və NATO tərəfdaşlığının
gələcəyi” mövzusunda konfrans işə
başlamışdır.
AzərTAc xəbər verir ki,
konfransı açan Azərbaycanın xarici işlər
nazirinin müavini Araz Əzimov bu tədbirin məqsədinin
“Sülh naminə tərəfdaşlıq” proqramının
20 illiyinin qeyd olunması ilə yanaşı, əldə
edilmiş nailiyyətlər, problemlər, görüləcək
işlərlə bağlı səmərəli müzakirələrin
aparılmasından ibarət olduğunu demişdir.
NATO
baş katibinin müavini Sorin Dukaru çıxış edərək
diqqətə çatdırmışdır ki, Azərbaycan
“Sülh naminə tərəfdaşlıq” proqramına
qoşulan ilk dövlətlərdən biridir. Rəsmi Bakı
Alyansın uzunmüddətli və ən fəal tərəfdaşlarındandır.
Eyni zamanda, Azərbaycan ilə NATO arasında münasibətlər,
siyasi dialoq inkişaf etmişdir və bizim çox məhsuldar
əməkdaşlığımız vardır.
S.Dukaru
Azərbaycanın Beynəlxalq Təhlükəsizliyə
Yardım Qüvvələrinin (İSAF) əməliyyatlarında
iştirakını və bu əməliyyatlara verdiyi töhfələri
xüsusi vurğulamışdır.
İkigünlük
konfransda NATO-nun rəsmiləri, Azərbaycanın xarici ölkələrdəki
səfirləri və Bakıda akkreditə olunmuş diplomatik
korpusun nümayəndələri, ekspertlər iştirak edirlər.
Azərbaycan.-2014.- 12 aprel.- S.4.