"Azərbaycan
Respublikasında ticarət, ictimai iaşə, məişət
və digər növ xidmət Qaydaları"nın
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 94 Bakı şəhəri,
3 aprel 2014-cü il
Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidmətinin fəaliyyətini təmin etmək məqsədi
ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25
dekabr tarixli 203 nömrəli Fərmanının icrası ilə
bağlı Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. "Azərbaycan
Respublikasında ticarət, ictimai iaşə, məişət
və digər növ xidmət Qaydaları" təsdiq
edilsin (əlavə olunur).
2. "Azərbaycan
Respublikasında ticarət, məişət və digər
növ xidmət (iş görülməsi, xidmət göstərilməsi)
Qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1998-ci il 15 aprel tarixli 80 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 4,
maddə 288; 1999, ¹ 1, maddə
48; 2001, ¹ 1, maddə 74; 2003, ¹ 7, maddə 390; 2004, ¹ 3, maddə 193; 2009,
¹ 1, maddə 32) ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il
3 aprel tarixli 94 nömrəli qərarı
ilə təsdiq edilmişdir
Azərbaycan
Respublikasında ticarət, ictimai iaşə, məişət
və digər növ xidmət
QAYDALARI
1.
Ümumi müddəa
1.1. Bu
Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye
Nazirliyi yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquq-larının Müdafiəsi
Dövlət Xidmətinin fəaliyyətini təmin təmin
etmək məqsədi ilə və Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanının
2.3-cü bəndinin icrası ilə bağlı
hazırlanmışdır və istehlakçılarla
(alıcılarla) Azərbaycan Respublikasında ticarət,
ictimai iaşə, məişət və digər növ xidmət
sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul
olan hüquqi və fiziki şəxslər (o cümlədən,
satıcılar) arasında alqı-satqı və digər xidmətlərin
göstərilməsi ilə əlaqədar yaranan münasibətləri
tənzimləyir.
2. Əsas anlayışlar
2.1. Bu
Qaydalarda istifadə olunan anlayışlar
aşağıdakı mənaları ifadə edir:
2.1.1. topdansatış - şəxsi, ailə, məişət
və digər bu kimi istehlak təyinatı istisna olmaqla,
sahibkarlıq fəaliyyəti məqsədi ilə malların
satışını həyata keçirən ticarət fəaliyyəti;
2.1.2 pərakəndə satış - bilavasitə
sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan,
yalnız şəxsi, ailə, məişət və digər
bu kimi məqsədlər üçün malların
satışını həyata keçirən ticarət fəaliyyəti;
2.1.3. ictimai iaşə - yeyinti məhsullarının
istehsalı, emalı, satışı və
istehlakının təşkili ilə əlaqədar
sahibkarlıq fəaliyyəti;
2.1.4. ticarət (xidmət) obyekti - ticarət, ictimai
iaşə, məişət və digər növ xidmət fəaliyyətini
həyata keçirmək məqsədi ilə istifadə edilən,
ticarət təşkilatlarına və (və ya) fərdi
sahibkarlara mülkiyyət hüququ əsasında icarə
hüququ, əməli idarəetmə hüququ ilə və
ya digər qanuni əsaslarla məxsus olan əmlak kompleksi;
2.1.5. satış
qiyməti – mal vahidinə (kəmiyyətinə) qoyulmuş son
qiymət məzənnəsi;
2.1.6. satıcı (ticarətçi) -
alqı-satqı əməliyyatı aparan, mal satan müəssisə,
idarə, təşkilat və ya sahibkar;
2.1.7. istehlakçı - şəxsi tələbatlarını ödəmək məqsədi ilə
mal, iş və xidmətlərdən istifadə edən,
onları alan, sifariş verən, yaxud almaq və ya sifariş
vermək niyyəti olan şəxs;
2.1.8. istehsalçı
- mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq, satış üçün mal istehsal
edən müəssisə, idarə, təşkilat və ya
sahibkar;
2.1.9. icraçı - iş görən, yaxud xidmət
göstərən müəssisə, idarə, təşkilat
və ya sahibkar;
2.1.10. ərzaq (yeyinti) məhsullarının
qablaşdırılması – ərzaq (yeyinti) mallarına vahid
əmtəə görünüşü verən və
satışa təklif etmək (istehlakçıya
çatdırmaq) məqsədi ilə onların tam və ya
qismən örtülməsində istifadə olunan və
açılmadan və ya dəyişdirilmədən malın
tərkibinin (istehlak xassələrinin) təhlükəsiz
saxlanılmasını təmin edən qab, tara və ya digər
material;
2.1.11. markalanma – məhsula aid olan və həmin məhsulu
müşayiət edən və ya ona istinad edən qab, sənəd,
bildiriş, nişan, halqa, yaxud qapaqda yerləşən hər
hansı bir söz, ticarət markası, əmtəə
nişanı, şəkilli material, rəmz;
2.1.12. məhsulun adı – malın son
istehlakçıya və ya ictimai iaşə obyektlərinə
satıldığı ənənəvi ad, yaxud
istehlakçıya onun əsl təbiətini bildirmək və
onu digər oxşar mallardan fərqləndirmək imkanı
vermək üçün kifayət qədər aydın olan
ad;
2.1.13. inqrediyent – məhsulun hazırlanmasında
istifadə olunan, yaxud hazır məhsulun tərkibində ilkin
və ya dəyişilmiş formada mövcud olan maddələr,
heyvan, bitki, mikrobioloji, mineral mənşəli məhsullar, o
cümlədən qida əlavələri və bioloji aktiv
maddələr;
2.1.14. ticarət fəaliyyəti - malların satışı, ictimai
iaşə, məişət və digər növ xidmətlərin
həyata keçirilməsinə yönəldilmiş fiziki və
hüquqi şəxslərin sahibkarlıq fəaliyyəti;
2.1.15. ticarət fəaliyyətinin
subyektləri – qanunvericiliklə müəyyən edilmiş
qaydada ticarət, ictimai iaşə, məişət və digər
növ xidmətləri həyata keçirən fiziki və
hüquqi şəxslər;
2.1.16. zəmanət müddəti – qanunvericilikdə
və ya müqavilədə nəzərdə tutulmuş zəmanət
öhdəliklərinin qüvvədə olduğu müddət;
2.1.17. xidmət müddəti –
istehlakçının istehlak olunmayan mallar barədə təyinatına
uyğun təhlükəsiz istifadə etməsinə təminat
verdiyi müddət;
2.1.18. saxlama müddəti – normativ və texniki sənədlərdə
nəzərdə tutulmuş qaydada və şərtlərlə
saxlandıqda, yeyinti (qida) məhsullarının keyfiyyətinin
(istehlak xassələrinin) olduğu kimi saxlanılmasına təminat
verən müddət;
2.1.19. idxal – Azərbaycan Respublikasının
gömrük ərazisindən geriyə qaytarılmaq öhdəliyi
olmadan malların ölkəyə gətirilməsi;
2.1.20. ticarət prosesi – malların
satışını və hərəkətini təmin edən
ticarət-texnoloji əməliyyatların məcmusu;
2.1.21.
ticarət-texnoloji əməliyyat – malların
daşınması, yerdəyişməsi, qəbulu, yüklənilməsi,
boşaldılması, saxlanılması, bükülməsi,
qablaşdırılması, satışqabağı
hazırlanması, təqdim edilməsi və dövriyyəyə
buraxılması;
2.1.22.
ticarət-texnoloji avadanlıq - ticarət-texnoloji əməliyyatların
yerinə yetirilməsi məqsədi ilə istifadə olunan
avadanlıq;
2.1.23. standart – maraqlı tərəflərin əksəriyyətinin
razılığı əsasında hazırlanmış və
müvafiq səlahiyyətli təşkilatlar və ya orqanlar tərəfindən
təsdiq edilən kütləvi istifadə üçün nəzərdə
tutulmuş məhsulların (işlərin, xidmətlərin)
keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri
müəyyənləşdirən normativ sənəd;
2.1.24. uyğunluq sertifikatı -
sertifikatlaşdırma sisteminin qaydaları üzrə
sertifikatlaşdırılmış məhsulun müəyyən
edilmiş tələblərə uyğunluğunu təsdiq edən
sənəd;
2.1.25. gigiyenik
sertifikat – sanitar-epidemioloji ekspertizanın nəticələri əsasında
məhsulların təhlükəsizlik tələblərinə
uyğunluğu barədə müvafiq səlahiyyətli orqan
tərəfindən verilmiş
sənəd;
2.1.26. fitosanitar sertifikatı – “Beynəlxalq Bitki
Karantini və Mühafizəsi Konvensiyası”na uyğun olaraq,
nümunəvi forma əsasında hazırlanmış və
təsdiq edilmiş bitki və bitkiçilik məhsullarının
fitosanitar vəziyyəti barədə rəsmi sənəd;
2.1.27. nəzarət
markası - audiovizual əsərin, fonoqramın, kompyuter
proqramının, məlumat toplusunun, kitabın nüsxələrinin
və digər müəlliflik və əlaqəli hüquq
obyektlərinin müəlliflik hüququ və əlaqəli
hüquqlara əməl edilməklə
hazırlandığını (istehsal olunduğunu), həmçinin
satış üçün müvafiq dövlət
orqanından razılığın alınması tələb
olunan malların, məmulatların və məlumat
materiallarının satışına belə
razılığın verilməsini təsdiq edən və həmin
nüsxələri yaymaq hüququ verən, nüsxələrə
yapışdırılan hərf-rəqəm kodu və
holoqrafik müdafiə vasitəsi olan və birdəfəlik
istifadə üçün nəzərdə tutulan vahid
nümunəli xüsusi nişan;
2.1.28. daxili karantin sertifikatı – ölkə daxilində
daşımalar zamanı bitki və bitkiçilik məhsullarının
fitosanitar vəziyyəti barədə rəsmi sənəd;
2.1.29. qida məhsulları – emal edilmiş,
yarımemal edilmiş və ya xammal kimi insan tərəfindən
istehlakı nəzərdə tutulmuş hər hansı maddə.
Buraya içkilər, saqqız, yaxud ərzağın
istehsalında, emalında, hazırlanmasında və ya işlənməsində
istifadə olunan istənilən maddə daxildir. Bu
anlayışa yem, bazarda insan istehlakı üçün
hazırlanaraq yerləşdirilmədiyi təqdirdə diri
heyvanlar, yığımdan öncə bitkilər, yalnız dərman
kimi istifadə olunan maddələr, ətriyyat-kosmetik məhsullar,
tütün və tütün məhsulları, narkotik və psixotrop maddələr,
qalıq maddələr və çirkləndiricilər
(kontaminant) aid deyildir;
2.1.30. minimal keyfiyyət tələbləri – qida məhsulunun
insanların istifadəsi üçün yararlı
olmasına zəmanət verən orqanoleptik, fiziki və (və
ya) kimyəvi xüsusiyyətləri;
2.1.31. qida təhlükəsizliyi – qida hazırlanarkən,
təyinatına uyğun istifadə olunarkən və ya qəbul
edilərkən, onun istehlakçıya hər hansı zərər
yetirməyəcəyinə dair təminat;
2.1.32. xüsusi təyinatlı qida məhsulları –
öz xüsusi tərkibinə və ya emal prosesinə görə
normal istehlak üçün nəzərdə tutulan qida məhsullarından
fərqlənən, metabolizm və ya həzm prosesi pozulmuş
və ya xüsusi fizioloji şəraitlərdə olan şəxslərin və ya
sağlam körpə və azyaşlı uşaqların
qidalanmada ehtiyacını ödəmək üçün
müvafiq tərkibə malik olan, təyinatına uyğun
formada satılan qida məhsulları;
2.1.33. qida yararlılığı – minimum keyfiyyət
tələblərinə uyğunluğu əsaslandırılmaqla,
istifadəyə yararlı olması barədə zəmanət;
2.1.34. qida məhsullarının yararlılıq
müddəti – istehsalçı tərəfindən müəyyən
edilmiş və daşınma, saxlanma, istifadə, istehlak
qaydalarına əməl edilməklə, qida məhsulunun
öz spesifik xüsusiyyətlərini saxladığı
müddət;
2.1.35.
qida təhlükəsizliyi göstəriciləri – gigiyenik
normalar, maksimum qalıq miqdarı, maksimum səviyyələr,
yolverilən gündəlik qəbul və digər parametrlər
daxil olmaqla, insan sağlamlığının təhlükəsizliyini
təmin edən, elmi cəhətdən əsaslandırılmış
və qanunvericiliklə müəyyən olunmuş qaydada normalaşdırılmış
göstəricilər;
2.1.36. pirat məhsul – hüquq sahibinin
razılığı olmadan hazırlanan (istehsal edilən) və
yayılan audiovizual əsərin, fonoqramın, kompyuter
proqramının, məlumat toplusunun və kitabın nüsxələri;
2.1.37. kontrafakt məhsul - əmtəə
nişanları, coğrafi göstəricilər və ya
onları qarışdıracaq dərəcədə oxşar
nişanlarla qeyri-qanuni təchiz olunan mal.
3. Ticarət
(xidmət) fəaliyyətinə olan ümumi tələblər
3.1. Ticarət
(xidmət) obyektləri fəaliyyətlərini Azərbaycan
Respublikasının qanunvericiliyinə və bu Qaydalara
uyğun tənzimləyirlər.
3.2. Ticarət
(xidmət) obyektlərinin işçiləri bu Qaydaları
bilməli və onlara riayət etməlidirlər.
3.3. Hər
bir ticarət (xidmət) obyektinin giriş qapısında
(ön tərəfdə) onun adını, mənsubiyyətini
və iş rejimini əks etdirən lövhə
asılmalıdır.
3.4. Ticarət
(xidmət) obyektinin mülkiyyətçisi və ya rəhbəri
(satıcısı) istehlakçının tələbi ilə
dövlət qeydiyyatı və onu qeydə alan
orqan haqqında, fəaliyyəti lisenziyalaşdırılan
hallarda isə lisenziyanın nömrəsi, qüvvədə
olma müddəti və onu verən orqan haqqında məlumat
verməlidir. Daimi yerləşdiyi yerdən kənarda
ticarət fəaliyyəti həyata keçirilən hallarda da
analoji məlumat istehlakçının nəzərinə
çatdırılmalıdır.
3.5. Daimi
fəaliyyət yerindən kənarda satıcını təmsil
edən nümayəndənin üzərində soyadı,
adı, atasının adı və onun haqqında digər məlumatlar
əks olunmuş, vəsiqəsi məsul şəxsin
imzası və möhürü ilə təsdiq edilmiş
olmalıdır.
3.6. Ticarət
(xidmət) obyektinin iş rejimi aşağıdakı qaydada
müəyyən edilir:
3.6.1. dövlət və bələdiyyə müəssisələrinin
iş rejimi müvafiq icra hakimiyyətinin və yerli
özünüidarəetmə orqanlarının qərarı
ilə;
3.6.2. müəssisə, idarə və təşkilatlarda,
təhsil müəssisələrində fəaliyyət
göstərən obyektlərin iş rejimi xidmət göstərilən
müəssisələrin müdiriyyəti ilə
razılaşdırılmaqla;
3.6.3. hüquqi və fiziki şəxslərə məxsus
olan ticarət (xidmət) obyektinin iş rejimi qanunvericiliklə
müəyyən olunmuş qaydada onun mülkiyyətçisi
(rəhbəri) və ya fərdi sahibkar tərəfindən.
3.7. Ticarət
(xidmət) obyekti istehlakçılara müəyyən
edilmiş iş saatlarında xidmət göstərməlidir.
Nahar fasiləsində və obyektin iş vaxtı bitdikdə,
istehlakçıların ticarət və xidmət zalına
daxil olmasına icazə verilmir. İş vaxtının
sonunda obyektin işçiləri istehlakçılara iş
vaxtının bitməsi barədə məlumat verirlər.
3.8. Ticarət
(xidmət) obyekti nahar fasiləsinə bağlandıqda, yaxud
iş günü bitdikdə, nəzarət-kassa aparatı da
öz işini bitirir, lakin nəzarət-kassa çeki və
ya əmtəə çeki olan istehlakçılara
müvafiq qaydada xidmət göstərilir.
3.9.
Sanitar günü, təmir və digər işlər
aparılan zaman ticarət (xidmət) obyektində müvəqqəti
olaraq iş dayandırıldıqda, satıcı bu barədə
istehlakçıları məlumatlandırmalıdır.
3.10. Ticarət
(xidmət) obyekti istehlakçılara düzgün seçim
imkanını verən şəraitə, ticarət zalına
(xidmət zalına), malların keyfiyyətini və təhlükəsizliyini
təmin edən yardımçı binalara malik olmalı, eləcə
də əməyin, sağlamlığın və ətraf
mühitin qorunması, yanğından mühafizə,
malların (xidmətlərin) saxlanılması, istehsalı və
satışı üzrə normativ
hüquqi aktlarda nəzərdə tutulmuş digər tələblərə
cavab verməlidir.
3.11. Ticarət
(xidmət) obyektləri qanunvericilikdə nəzərdə
tutulmuş qaydada müqayisəli yoxlamadan keçmiş və
standartlara uyğun olan müvafiq ölçmə vasitələri
ilə təmin olunmalıdır.
3.12.
İstehlakçının müstəqil surətdə və
ya obyektin işçisinin köməkliyi ilə
aldığı malın çəkisinin və
ölçüsünün düzgün olduğunu müəyyən
etməsi üçün obyektin ticarət zalında
görünən yerdə nəzarət ölçü vasitələri
yerləşdirilməlidir.
3.13. Ticarət
(xidmət) obyektinin yerləşdiyi sahə və otaqlar, su və
kanalizasiya təchizatı sistemi, istilik və havalandırma,
istifadə edilən avadanlıqlar, cihazlar, qablar və digər
təchizat vasitələri sanitariya normaları və
qaydalarının, gigiyena normativlərinin tələblərinə
uyğun olmalıdır.
3.14.
Satıcılar və digər xidmət işçiləri fəaliyyət
sahəsindən və işin xüsusiyyətlərindən
asılı olaraq, təmiz iş paltarları (önlük,
papaq, əlcək və s.) ilə təmin
olunmalıdırlar.
3.15. Ticarət
(xidmət) obyektlərində işə qəbul edilən
işçilər qanunvericiliyə uyğun olaraq və Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən
müəyyən olunmuş qaydada və vaxtaşırı
olaraq tibbi müayinədən (baxışdan) keçməlidirlər.
3.16. Ticarət
(xidmət) obyektləri müəyyən olunmuş qaydada nəzarət
kitabçaları ilə təmin edilməlidirlər.
3.17. Ticarət,
ictimai iaşə, məişət və digər növ xidmət
(iş görülməsi) fəaliyyətinə
sanitar-epidemioloji orqanlar tərəfindən rəsmi
razılıq olan hallarda yol verilir.
3.18. Ticarət,
ictimai iaşə, məişət və digər növ xidmət
(iş görülməsi) fəaliyyəti nəticəsində
ətraf mühitin çirkləndirilməsinə və
insanların narahatlığına səbəb olan hallara yol
verilməməlidir.
3.19. Ticarət,
ictimai iaşə, məişət və digər növ xidmət
(iş görülməsi) fəaliyyəti nəticəsində
yaranan tullantıların iş günü ərzində
sanitariya qaydalarına uyğun yığılıb
saxlanılması, daşınması vəaparılması, zəruri
hallarda ixtisaslaşdırılmış idarələrlə
müqavilə əsasında həşəratlara və gəmiricilərə
qarşı mübarizə tədbirləri təşkil edilməlidir.
4.
Malların qəbulu, saxlanılması və satışa
hazırlanması
4.1. Hüquqi və fiziki şəxslər
malların qəbulunu müvafiq sənədlərə və
qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata
keçirirlər.
4.2.
Hüquqi və fiziki şəxslərin ticarət obyektlərinin
anbarında və satışda olan mallar üzrə təchizatçının
(malgöndərənin) rekvizitləri, daxil olmuş malın
miqdarı, qiyməti və ümumi məbləği əks
etdirilmiş müvafiq təsdiqedici sənədlər
olmalıdır.
4.3.
Malların mənşəyini və qiymətini təsdiq edən
qaimə, uyğunluq sertifikatı (məcburi
sertifikatlaşdırılmalı mallar üçün)
olmadıqda, həmçinin pirat və ya kontrafakt malların
ticarət şəbəkələrinə daxil edilməsi,
saxlanılması və satışı qadağandır.
4.4. Tez
xarab olan ərzaq malları üzrə müşayiətedici
sənədlərdə mal və ya məhsulun istehsal edildiyi
saat və tarix, ən son istehlak tarixi və saatı, saxlanma
şərtləri mütləq göstərilməlidir.
4.5.
Malların keyfiyyəti, markalanması, saxlanma rejimi və
forması (temperaturu, nəmliyi, saxlanma müddətləri)
normativ-texniki sənədlər, standartlar və təchizat
müqavilələri ilə müəyyən edilmiş tələblərə
cavab verməlidir.
4.6.
Saxlanma müddəti göstərilməmiş,
yararlılıq müddəti ötmüş, habelə
markalanması, qablaşdırılması, etiketlənməsi,
əmtəə görünüşü pozulmuş, keyfiyyətini
və təhlükəsizliyini təsdiq edən sənədləri
olmayan və müvafiq normativ-texniki sənədlərin tələblərinə
cavab verməyən malların satışı
qadağandır.
4.7.
Malların anbarlarda saxlanılması, onların ticarət
zallarında və xırda pərakəndə ticarət şəbəkələrində
yerləşdirilməsi tələblərinə və
satışı zamanı mal qonşuluğu prinsiplərinə,
sanitariya və yanğından mühafizə qaydalarına
ciddi riayət edilməlidir.
4.8.
Yararlılıq müddəti ötmüş,
qablaşdırılması və markalanması normativ sənədlərin
tələblərinə cavab verməyən mallar
satışda olan mallarla bir yerdə
saxlanılmamalıdır. Belə mallar mal sahibi
(satıcı) tərəfindən satış dövriyyəsindən
çıxarılaraq, ticarət zalında və ya anbar sahəsində
xüsusi ayrılmış yerdə saxlanılmalıdır.
Yararlılıq müddəti ötmüş
mallar mal sahibi (satıcı) tərəfindən xüsusi
vasitələrin köməyi ilə istifadə
üçün tam yararsız vəziyyətə gətirilməlidir.
4.9. Ticarət
obyektinin qarşısında, ətrafında malların
(işlərin, xidmətlərin) nümunələrinin
nümayiş etdirilməsinə (qoyulmasına),
satışına, xidmətlərin göstərilməsinə
yol verilmir.
4.10. Ticarətobyektində
işə başlamazdan əvvəl istehlakçılara
lazımi qaydada xidmətin göstərilməsini təmin etmək
üçün bütün hazırlıq işləri
görülür. İstehlakçılara tez
xidmət göstərmək üçün
yardımçı sahədə olan mallar vitrinə tam
çeşiddə və lazımi miqdarda düzülür.
4.11. Ticarətobyektində
satılan sertifikatlaşdırılmalı olan mallar
onların keyfiyyətini və təhlükəsizliyini təsdiq
edən sertifikatlarla müşayiət olunmalıdır.
4.12. Ticarət
obyekti məhsulu müvafiq qaydada hazırlayır, texniki cəhətdən
mürəkkəb məhsulların saxlanılması və
xırda təmiri, qablaşdırma materiallarından
çıxarılması, təmizlənməsi, səliqəyə
salınması, satışa hazırlanması, kəsilməsi
və əvvəlcədən qablaşdırılması və
s. işlərini aparır.
4.13.
Qablaşdırılmamış şəkildə daxil
olmuş mallar, əgər qanunvericilikdə digər hal nəzərdə
tutulmayıbsa, satıcı tərəfindən malın
xüsusiyyətinə uyğun olaraq qabaqcadan
qablaşdırılaraq və etiketlənərək
istehlakçıya təqdim edilməlidir. Qanunvericilikdə
digər hal nəzərdə tutulmamışdırsa, etiketdə
məhsulun adı, növü və tərkibi, istifadə sahəsi
və qaydaları, istehsal tarixi və yararlılıq müddəti,
saxlanma şərtləri, istehsalçının adı,
ünvanı və normativ sənədlərdə tələb
olunan digər məlumatlar olmalıdır.
4.14. Ticarət
zalında olan mallar istehlakçıların sərbəst
seçə bilmələri üçün şüşəli
şkaflara, asılqanlara, taralara, səbətlərə,
soyuducu avadanlıqlara, kasetlərə və digər vasitələrə
yığılır.
4.15. Ticarət
obyektlərinin vitrinlərində pərakəndə
satış qiymətləri göstərilməklə ancaq
satışda olan malların nümunələri qoyulur. Vitrinə qoyulmuş mallar istehlakçının tələbi
ilə onların keyfiyyəti yoxlanıldıqdan sonra
satılır.
4.16.
Vitrinlərin müvafiq tərtibatı üçün istifadə
olunan bəzək elementləri, mallar və ya mağazanın
avadanlıqları satılmır.
4.17.
Ölçmək, çəkmək, dozalara bölmək
üçün standartlara uyğun olmayan qüsurlu cihazlar
istifadədən götürülməli, standartlara uyğun
hala gətirilməli və müqayisəli yoxlamadan
keçirilməlidir.
4.18. Ticarət
obyektinin işçilərinə həmin obyektə məxsus
olmayan malları ticarət zalında saxlamaq qadağan edilir.
4.19. Ticarətobyektinin
işçilərinin üst geyimləri və şəxsi əşyaları
bu məqsəd üçün nəzərdə tutulmuş
xüsusi yerlərdə saxlanılır.
4.20.
Qeyri-ərzaq mallarının (paltar, ayaqqabı, trikotaj məmulatı
və s.) satışı zamanı ticarətobyektində
onların geyilib baxılması, texniki cəhətdən
mürəkkəb olan malların isə yoxlanılması
üçün müvafiq şərait
yaradılmalıdır.
5.
Malların satışına olan ümumi tələblər
5.1. Topdansatış ticarət
obyektlərindən mallar hüquqi şəxslərə və
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslərə müqavilələr
əsasında satılır. Topdansatış
ticarəti ilə məşğul olan ticarətobyektlərində
malların pərakəndə satışı
qadağandır. Pərakəndə ticarət
sahəsində fəaliyyət göstərən təsərrüfat
obyektlərindən, hüquqi və fiziki şəxslər tərəfindən
pərakəndə qaydada alınmış ərzaq
mallarının, o cümlədən spirtli və spirtsiz
içkilərin, tütün və tütün məmulatlarının
sonradan pərakəndə satışı qadağandır.
5.2.
Satışda yalnız buraxılması və ya
satışı qadağan olunmamış məhsullar ola bilər. Dövriyyədən
çıxarılmış malların alqı-satqısı
qadağandır.
5.3.
Dövriyyəsi məhdudlaşdırılmış mallar
(mülki silah, zəhərli preparatlar və s.) onların
özgəninkiləşdirilməsinə xüsusi icazə
olduğu halda satıla bilər. Belə
malları isə yalnız onları əldə etməyə
xüsusi icazəsi (lisenziyası) olan istehlakçılar əldə
edə bilərlər.
5.4.
Dövriyyəsi məhdudlaşdırılmış
malların satışı müvafiq qanunlarla yanaşı,
bu Qaydalara ciddi riayət edilməklə həyata
keçirilir.
5.5. Xarici
valyutanın və qiymətli kağızların (səhmlər,
istiqrazlar, dövlət özəlləşdirmə çekləri
və s.) alqı-satqısı Azərbaycan Respublikası Mərkəzi
Bankının müəyyən etdiyi qaydada və müvafiq
qanunlarla tənzimlənir.
5.6.
Qanunvericiliklə müəyyən edilmiş hallar istisna
olmaqla, üzərində Azərbaycan Respublikasının
dövlət əyar damğası olmayan və ya saxta əyar
damğası həkk olunan qiymətli metallardan və qiymətli
daşlardan hazırlanmış zərgərlik və digər
məişət məmulatlarının satışı
qadağandır.
5.7.
Satıcı istehlakçıların düzgün seçim
etməsini təmin etmək üçün mallar, onların
istehsalçıları haqqında zəruri və
düzgün məlumat verməyə borcludur.
5.8. Azərbaycan Respublikasının ərazisində
istehsal edilən, habelə ixrac edilən malların üzərindəki
etiketlər və digər yazılar müvafiq xarici dillərlə
yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan
Respublikasına idxal edilən mal və məhsulların üzərindəki
etiketlər və adlar, onlardan istifadə qaydaları barədə
izahat vərəqələri başqa dillərlə
yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə
ilə də müşayiət olunmalıdır.
5.9.
İstehlakçının tələbinə görə
satıcı mal haqqında məlumatı ona şifahi də
verə bilər. Mal haqqında məlumat hər
bir halda istehlakçını çaşdırmayan,
malın xüsusiyyətləri barədə birmənalı və
anlaşıqlı formada verilməlidir.
5.10.
Satışda olan mallar haqqında aşağıdakı məlumatlar
müvafiq qaydada istehlakçıların nəzərinə
çatdırılmalıdır:
5.10.1. malın
adı, onun qiyməti;
5.10.2. istehsalçının
yerləşdiyi yer (hüquqi ünvanı), firma adı, tələblərin
(iradların) verildiyi, təmir və ya texniki xidmət göstərən
təşkilatın adı, yerləşdiyi ünvan;
5.10.3. malın məcburi tələblərə
uyğunluğunu təsdiq edən sertifikatın və ya digər
texniki normativ sənədin işarəsi;
5.10.4. malın əsas
xüsusiyyətləri və istehlak xassələri (tərkibi,
kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin
normativ sənədlərin tələbləri ilə
müqayisəli miqdarı);
5.10.5. malın səmərəli və təhlükəsiz
istifadəsi qaydaları və şərtləri;
5.10.6. zəmanət müddəti (əgər konkret
mal üçün nəzərdə tutulmuşdursa);
5.10.7. xidmət və
yararlılıq müddəti (əgər konkret mala dair belə
müddətlər müəyyən edilmişdirsə və
ya müəyyən olunmalıdırsa), həmçinin xidmət
və yararlılıq müddəti keçmişdirsə
ehtimal olunan təhlükələr, təyinatı üzrə
istifadənin mümkünsüzlüyü (insan həyatı,
sağlamlığı, əmlakı və ətraf mühit
üçün);
5.10.8. təminat
öhdəlikləri və iddiaların irəli sürülməsi
qaydaları.
5.11. Əgər satılan mal istifadədə
olmuşdursa, istehlakçıya bu barədə düzgün
məlumat verilməlidir.
5.12.
Malın qüsurları haqqında satıcı
istehlakçını həm şifahi, həm də
yazılı formada (malın yararlılığı, əmtəə
çeki, etiketi və ya sair üsulla) məlumatlandırmalıdır.
5.13.
Standartlarla və ya qanunvericiliklə ayrı-ayrı mal
qrupları üzrə istehlakçıların nəzərinə
aşağıdakı məlumatların da mütləq surətdə
çatdırılması nəzərdə tutula bilər:
5.13.1. malın əsas və funksional təyinatı və
ya tətbiqi dairəsi;
5.13.2. malın təhlükəsiz
istifadə qaydası və şərtləri,
saxlanılması, daşınması, təmiri, bərpası,
malın utilləşdirilməsi, basdırılması və
məhv edilməsi qaydası və şərtləri;
5.13.3. malın komplektliyi (komplektin tərkibi), kütləsi
(çəkisi), əsas ölçüləri, həcmi və
miqdarı;
5.13.4. saxlanma və yararlılıq müddəti;
5.13.5. tezalışan,
partlayan, zəhərləyici və sair xüsusiyyətlərə
malik mallar üzərində müvafiq qaydada göstərilən
xəbərdaredici yazılar;
5.13.6. malın ekoloji cəhətdən, enerjiyə qənaət
baxımından xüsusiyyətləri.
5.14.
Satıcı satılan malların qanunvericiliklə
(standartlarla) müəyyən edilmiş tələblərə
uyğunluğunu təsdiq edən məlumatların
istehlakçılara çatdırılmasını
(markalanma yolu ilə uyğunluq nişanının
mövcudluğunu) təmin etməlidir.
5.15.
İstehlakçının tələbilə satıcı
aşağıdakı sənədlərdən birini tanış olması üçün ona təqdim
etməyə borcludur:
5.15.1. sertifikat və ya onun surəti (müvafiq olaraq
uyğunluq, gigiyenik, baytarlıq, fitosanitar, mənşə
sertifikatı, o cümlədən toksikoloji rəy, karantin
ekspertizası şəhadətnaməsi);
5.15.2. qaimə -
faktura.
5.16.
Mülki dövriyyəsi məhdudlaşdırılmış
malların satışı zamanı satıcı
istehlakçıya onun xahişi ilə səlahiyyətli
orqanın xüsusi icazəsini təqdim etməlidir.
5.17.
Malların insanların həyatına,
sağlamlığına və əmlakına, həmçinin
ətraf mühitə təsirinə dair tələblər
müvafiq normativ sənədlərlə müəyyən
olunur.
5.18.
Standartların və digər normativ sənədlərin məcburi
tələblərinə cavab verməyən malların
satılması (xidmətlərin göstərilməsi,
işlərin yerinə yetirilməsi) qadağandır.
5.19. Nəzarət
markası ilə markalanmalı olan malların, məmulatların
və məlumat materiallarının belə nəzarət
markası olmadan ticarət obyektlərində satış məqsədi
ilə saxlanılması və ya satılması qanunvericiliklə
müəyyən edilmiş qaydada məsuliyyətə səbəb
olur.
5.20.
Satıcı (istehsalçı, icraçı)
istehlakçıya keyfiyyəti və təhlükəsizliyi
normativ sənədlərə, müqavilə şərtlərinə
və həmçinin mal (iş, xidmət) haqqında
istehsalçının (icraçının) təqdim etdiyi
məlumata uyğun olan mal verməlidir.
5.21. Azərbaycan Respublikasının ərazisinə
idxal olunmuş mallar onların lazımi keyfiyyətini təsdiq
edən sənədlə, milli sertifikatlaşdırma
orqanı tərəfindən tanınan sertifikatla
müşayiət olunmalıdır.
5.22.
Standartların tələblərinə uyğunluğu
könüllü bəyan edildikdə, əgər həmin
standartların tələbləri ilə malların
daşınması, saxlanması, buraxılışı
zamanı təhlükəli xüsusiyyətlərlə (zərərli
nəticələrlə) müşayiət olunarsa,
satıcıya istinad edilən standartın mətni və ya
ondan çıxarış təqdim olunmalıdır.
5.23.
Qanunvericiliyə uyğun olaraq
sertifikatlaşdırılmalı olan, lakin
sertifikatlaşdırılmamış malların
satılması (işlərin yerinə yetirilməsi, xidmətlərin
göstərilməsi) qadağandır.
5.24. Bu
Qaydaların 5.15-ci və 5.16-cı bəndlərində göstərilən
sənədlər olmadan malların qəbulunun
(satışının) həyata keçirilməsi nəticəsində insan həyatına, onun
sağlamlığına, ətraf mühitə, fiziki və
ya hüquqi şəxslərin, dövlət və ya bələdiyyələrin
əmlakına dəyən ziyana (zərərə) görə
satıcı standartların tələblərini bilmədiyini
əsas gətirə bilməz.
5.25.
Satıcıdan malların təhlükəsizliyini təsdiq
edən digər sənədlər tələb oluna bilməz.
5.26.
Satılan mala (onun istehsalçısına) dair zəruri
(lazımi) məlumatın həcmi (malın üzərində,
istehlak tarasında, qabında, yarlığında, etiketində,
texniki sənədlərində göstərilən məlumatlar)
normativ hüquqi aktların, müvafiq standartların məcburi
tələblərinə uyğun olmaqla tam əhatə
olunmalıdır.
5.27.
İstehlakçıya göstərilən xidmətlər,
onların qiymətləri, şərtləri, eləcə də
malların satışı ilə əlaqədar tətbiq
edilən xidmətlərin formaları (əvvəlcədən
sifariş, malların evə və digər təyinat yerinə
çatdırılması və s.) haqqında da
düzgün məlumat verilməlidir.
5.28. Ticarət
obyektlərində istehlakçıya müstəqil surətdə
və ya satıcının köməyi ilə lazım olan
mallara baxış keçirmək, pərakəndə
satış qaydalarına zidd olmamaqla, malların
xüsusiyyəti ilə tanış olmaq və ya işlək
xüsusiyyətini nümayiş etdirmək imkanı verilməlidir.
5.29.
Satıcı qanunvericiliklə, standartların məcburi tələbləri
ilə və ya müqavilə şərtləri ilə nəzərdə
tutulduğu hallarda
satışa təqdim olunan malların keyfiyyətini
və təhlükəsizliyini (baxış, sınaq, təhlil,
ekspertiza yolu ilə) yoxlamağa borcludur.
5.30.
Satılan malların qiyməti, həmçinin müqavilə
şərtləri qanunla güzəşt və imtiyaz tətbiq
edilən istehlakçılar istisna olmaqla, bütün istehlakçılar
üçün eyni olmalıdır.
5.31.
Satışda olan bütün malların üzərində
malın adı, növü və qiyməti göstərilməklə,
dəqiq tərtib edilmiş qiymət kağızı, qiymət
kağızının arxa tərəfində isə maddi məsul
şəxsin imzası (və ya təşkilatın
möhürü) və onun doldurulma tarixi olmalıdır.
5.32.
Malın adı, çəkisi və növü
qablaşdırma materialında (qutusunda) göstərilərsə,
qiymət yarlığında ancaq mal vahidinin dəyəri (ədədin
qiyməti) göstərilməlidir.
5.33. Daimi
ticarət yerindən kənarda və ya səyyar formada mal satan satıcının nümayəndəsi
malın adı və qiyməti göstərilməklə, məsul
şəxsin imzası və satıcının
möhürü ilə təsdiq edilmiş preyskuranta malik
olmalıdır.
5.34. Pərakəndə
alqı-satqı müqaviləsində, o cümlədən
istehlakçının qoşulduğu standart formaların
şərtlərində ayrı qayda nəzərdə
tutulmayıbsa, alqı-satqı müqaviləsi
satıcının istehlakçıya kassa və ya əmtəə
çekini və ya malın dəyərinin ödənildiyini
təsdiq edən
digər sənədi verdiyi andan lazımi formada
bağlanmış hesab edilir.
5.35. Səyyar
formada və ya daimi ticarət yerindən kənarda - evdə,
iş, təhsil yerində, nəqliyyatda, küçə və
s. yerlərdə dondurma, alkoqolsuz içkilər, pivə,
istehsalçı tərəfindən
qablaşdırılmış çörək-bulka və qənnadı
məmulatları istisna olmaqla, ərzaq mallarının, dərman
vasitələrinin, qiymətli metal və daşların,
onlardan hazırlanan məmulatların, silah-sursatın, audiovizual
əsər və fonoqramların, elektron hesablama
maşınları üçün proqramların
satılmasına yol verilmir.
5.36. Bu Qaydaların 5.35-ci bəndində göstərilən
ticarət yerlərində satışına icazə verilən
mallara dair istehlakçıya malın adı, satıcı
haqqında məlumat, malın qiyməti, miqdarı, eləcə
də satıcının nümayəndəsinin imzası olan
əmtəə çeki verilməlidir.
5.37.
Satılan malın pulu ödənilərkən,
istehlakçıya malın satıldığını təsdiq
edən qanunvericilikdə nəzərdə tutulmuş qəbz,
kassa çeki və ya digər yazılı sənəd verilməlidir.
5.38. Mal zəmanət
müddəti ilə satılarkən, satıcı məmulatın
pasportunda malın bu obyektdən alındığını və
malın satıldığı tarixi təsdiq edən
ştamp vurur və imzası ilə təsdiq edir.
5.39. Ticarət,
məişət və digər xidmətlərin göstərilməsi
zamanı istehlakçılarla hesablaşmalar qanunvericiliklə
müəyyən edilmiş qaydada aparılır.
5.40.
İstehlakçının seçdiyi mal obyektdə
satıcının mala yazdığı çekdə
göstərilmiş ödəniş vaxtından 3
(üç) saat müddətində saxlanıla bilər.
5.41.
Nağdsız hesablaşma yolu ilə alınmış mallar
ödəniş sənədləri təqdim olunduğu ana qədər
obyektdə saxlanıla bilər.
5.42.
Kreditə alınan mallar sənədləşdirildikdən
sonra, istehlakçının istəyi ilə ticarət şəbəkəsində
bir gün saxlanıla bilər. Müqavilədə
başqa qayda müəyyən edilmədikdə, göstərilən
müddət başa çatdıqdan sonra alınmamış
mallar satışa verilir.
5.43.
Alınmış böyükhəcmli malları (mebel, tikinti
materialları, piano, soyuducu, paltaryuyan maşın və s.)
istehlakçı ticarət obyektində bir gün müddətində
saxlaya bilər. Bu müddət ticarət
obyektinin rəhbərinin razılığı ilə
haqqı ödənilməklə artırıla bilər.
5.44.
Alınmış və saxlanılmağa qoyulmuş mallara
kassa çekinin və saxlanma müddəti göstərilməklə
verilmiş qəbzin surəti əlavə edilir, malın
üzərində “satılıb” sözü əks olunan
lövhə qoyulur. Saxlanılmağa verilmiş
müddətdə satıcı malın saxlanılmasına və
keyfiyyətinə görə məsuliyyət
daşıyır.
5.45.
Malların satışı ilə əlaqədar təklif
edilən xidmətlər yalnız istehlakçının
razılığı ilə həyata keçirilə bilər.
İstehlakçı mal satışı ilə
əlaqədar təklif edilən xidmətdən imtina edə,
eləcə də onun razılığı olmadan belə
xidmətə görə ödənilmiş haqqı geri tələb
edə bilər.
5.46.
Satıcı konkret malın mütləq qaydada bu və ya digər
malla birlikdə satılmasını və ya malların
satışının bu və ya digər xidmətlə əlaqələndirilməsini
(texniki tələblərə və xüsusiyyətlərinə
görə malın yığılması və (və ya)
quraşdırılması müvafiq mütəxəssis
olmadan mümkün olmadığı hallar istisna olmaqla) şərtləndirə
bilməz.
5.47.
İrihəcmli mallar istehlakçının nəqliyyat vasitəsində
daşındıqda, satıcı belə malların nəqliyyat
vasitəsinə yüklənilməsini öz hesabına həyata
keçirməyə borcludur.
5.48.
Satıcı istehlakçıya malı
lazımi keyfiyyətdə, tarada və (və ya) qabda
(xarakterinə görə taralaşdırılması və
(və ya) qablaşdırılması tələb olunmayan
mallar istisna olmaqla), müəyyən komplektdə,
yardımçı əşyalarla və mala aid sənədlərlə
birlikdə verməlidir. Malın keyfiyyətinə, tara və (və ya) qabına, komplektliyinə,
yardımçı əşyalara, mala dair sənədlərə,
həmçinin malların çatdırılması şərtlərinə
olan tələblər qanunvericiliklə müəyyən
edilir.
5.49.
Satıcı yararlılıq müddəti müəyyən
olunmuş malları istehlakçıya ondan təyinatı
üzrə istifadə edə biləcəyi müddəti
(ağlabatan) nəzərə alaraq verməyə borcludur. İstifadəyə yararsız yeyinti məhsullarının
götürülməsi, zərərsizləşdirilməsi
və ya məhv edilməsi qanunvericiliklə müəyyən
olunmuş qaydada həyata keçirilir.
5.50. İstehlakçı
satıcı tərəfindən daha uzun müddət müəyyən
edilməyibsə, qeyri-ərzaq malını ona verildiyi andan 14
gün ərzində alış yerində və
satıcının elan etdiyi digər yerlərdə başqa
ölçülü, formalı, qabaritli, rəngli və ya
quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymət fərqi olduqda, satıcı ilə
lazımi hesablaşma aparılır.
5.51.
Satıcıda dəyişdirilmək üçün
uyğun mal olmadıqda, istehlakçı əldə etdiyi malı satıcıya qaytara, mal
üçün ödədiyi pulu geri ala və ya analoji mal
ticarət obyektinə daxil olan kimi dəyişdirə bilər.
Satıcı dəyişdirilməsi tələb
olunan qeyri-ərzaq malının satışa daxil olması
haqqında istehlakçını məlumatlandırmalıdır.
Mal işlədilməmişdirsə, onun istehlak
xassələri, əmtəə görünüşü,
plombu, yarlığı qorunub saxlanılmışdırsa və
həmin satıcıdan alındığına dair
sübutlar vardırsa, istehlakçının malın dəyişdirilməsi
və ya qaytarılması tələbi ödənilir.
5.52.
İstehlakçıya keyfiyyətsiz mal satıldıqda,
malın qüsurları satıcı tərəfindən
qabaqcadan bildirilmədikdə, istehlakçı öz
seçimi ilə aşağıdakı tələblərdən
birini irəli sürə bilər:
5.52.1. keyfiyyətsiz
malın lazımi keyfiyyətli
malla əvəz edilməsini;
5.52.2. satış qiymətinin uyğun məbləğdə
azaldılmasını;
5.52.3. malın qüsurlarının
icraçının (satıcının,
istehlakçının) hesabına aradan
qaldırılmasını və ya qüsurların aradan
qaldırılması üçün
istehlakçının və ya üçüncü şəxslərin
çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
5.52.4. malın həmin
mala uyğun digər modelli (markalı, tipli və s.) malla, dəyəri
yenidən hesablanma şərtilə əvəz edilməsini;
5.52.5. müqavilənin
ləğv edilməsini və çəkdiyi zərərin
ödənilməsini.
5.53.
İstehlakçı texniki mürəkkəb və ya
bahalı malların keyfiyyətində mühüm qüsurlar
(məqsədli təyinatı üzrə istifadə
olunmasını qeyri-mümkün və ya yolverilməz edən,
istehlakçı üçün aradan qaldırıla bilinməyən,
aradan qaldırılması üçün çoxlu əmək
və vaxt məsrəfi tələb edən, yaxud aradan
qaldırıldıqdan sonra qüsurları yenidən üzə
çıxan mal (iş, xidmət) aşkar edərsə, onun
lazımi keyfiyyətli malla əvəz edilməsi tələbini
irəli sürə bilər.
5.54.
Ərzaq mallarında, ətriyyat-kosmetika məmulatlarında, məişət
kimyası və digər bu kimi xassəli mallarda aşkar edilən
qüsurlara görə istehlakçı öz seçimilə
belə malı lazımi keyfiyyətli malla
əvəz etmək, yaxud alış qiymətini mütənasib
surətdə azaltmaq tələbini irəli sürə bilər.
İstehlakçı öz istəyilə
göstərilən tələbləri irəli sürmədən
maldan imtina edə və ödənilmiş məbləği
geri ala bilər. Bu halda satıcının tələbi
ilə istehlakçı lazımi keyfiyyətdə olmayan malı öz hesabına geri
qaytarmalıdır.
5.55.
Lazımi keyfiyyətdə olmayan malı
geri qaytararkən, malın əmtəə
görünüşünün itirildiyinə, tam və ya
qismən istifadə edilməsi ilə əlaqədar dəyəri
azaldığına və digər bu kimi əsaslara görə
satıcı ilkin ödənilmiş məbləğdən hər
hansı məbləğin çıxılmasını tələb
edə bilməz.
5.56.
İstehlakçı uzunmüddətli istifadə
üçün nəzərdə tutulmuş malın
qüsurlarının aradan qaldırılması və ya belə
malın dəyişdirilməsi tələbini irəli
sürdükdə, satıcı, eyni zamanda lazımi keyfiyyətdə
olmayan malın təmiri və ya dəyişdirilməsi
müddətində lazımi keyfiyyətdə olan analoji malı istehlakçıya verməlidir.
5.57.
Satıcı lazımi keyfiyyətdə olmayan malı
istehlakçıdan almağa, zəruri hallarda isə malın
keyfiyyətini yoxlamağa borcludur. Malın
keyfiyyəti yoxlanılarkən, istehlakçının şəxsən
və ya nümayəndəsinin iştirak etmək hüququ
vardır.
5.58. Malda
aşkar edilən qüsurların səbəbləri ilə əlaqədar
satıcı və istehlakçı arasında mübahisə
yarandıqda, satıcı əmtəənin
ekspertizasını öz hesabına həyata keçirməlidir.
İstehlakçı ekspertizanın nəticələrini
məhkəmə qaydasında mübahisələndirə bilər.
5.59.
İstehlakçıda malın alınmasını və
şərtlərini təsdiq edən kassa və ya əmtəə
çekinin, yaxud digər sənədin olmaması
istehlakçının tələblərindən imtina
üçün əsas ola bilməz və
bu onu müqavilənin bağlanması şərtlərini təsdiq
edə biləcək şahid ifadələrinə istinad etmək
imkanından məhrum etmir.
5.60.
İstehlakçının tələblərinin
satıcı tərəfindən təmin edilməsi müddətləri,
həmçinin müddətlərin pozulması ilə əlaqədar
təqsirli şəxslərin məsuliyyəti qanunvericiliklə
müəyyən olunur.
5.61.
İstehlakçının malı dəyişmək
tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət
olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14
gün müddətində yoxlanılmalı və ya tərəflər
arasında razılaşdırılmış müddətdə
dəyişdirilməlidir.
5.62.
İstehlakçının malı dəyişdirmək
tələbi mal olmadıqda, müvafiq ərizənin verildiyi
andan iki ay müddətində ödənilməlidir. Göstərilən
müddətdə malı dəyişdirmək
mümkün olmadıqda, istehlakçı satıcı
(istehsalçı) qarşısında bu Qaydaların 5.52.1-ci
- 5.52.5-ci yarımbəndlərində nəzərdə tutulmuş
digər tələblərin yerinə yetirilməsini tələb
edə bilər.
5.63.
Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı,
tipli və s.) malla dəyişdirilərkən qiymət dəyişərsə,
istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətli,
lakin başqa modelli (markalı, tipli və s.) malla dəyişdirilərkən
qiymətlər dəyişdikdə, malın dəyəri
göstərilən malın alındığı vaxt
qüvvədə olmuş qiymətlər əsas
götürülməklə yenidən hesablanır.
5.64.
Müqavilə ləğv edildikdə, istehlakçı ilə
hesablaşmalar qiymətlər artan hallarda eyni dərəcəli
malların qiymətlərinin artması nəzərə
alınmaqla, qiymətlər aşağı düşdükdə
isə malın alındığı vaxt dəyəri əsas
götürülməklə aparılır.
5.65.
İstehlakçıya keyfiyyətsiz ərzaq malı
satılan halda, keyfiyyətsizlik malın yararlılıq
müddətində aşkar olunubsa, satıcı həmin
malı keyfiyyətli malla dəyişdirməli və ya
malın dəyərinin məbləğini
qaytarmalıdır. Belə hallarda
istehlakçı ilə hesablaşma bu Qaydaların 5.63-cü
bəndində göstərilən qaydada aparılır.
5.66.
İstehlakçı malın qüsurunun əvəzsiz olaraq
aradan qaldırılmasını tələb edərsə,
qüsur 14 gün ərzində və ya tərəflərin
razılığı ilə başqa müddətdə aradan
qaldırılmalıdır.
5.67.
İstehlakçı bu Qaydaların 5.52-ci bəndində nəzərdə
tutulmuş tələbləri yalnız həmin
qüsurların malın zəmanət və ya
yararlılıq müddətində aşkar edildiyi halda irəli
sürə bilər.
5.68. Zəmanət
müddəti, eləcə də xidmət müddəti
istehlakçıya malın satıldığı andan
hesablanır. Əgər malın satış
tarixini müəyyən etmək mümkün deyildirsə, bu
müddət malın istehsal edildiyi tarixdən hesablanır.
Malın yararlılıq müddəti onun
hazırlandığı gündən hesablanan, istifadəyə
yararlılığını göstərən vaxt
dövrü ilə və ya onun
yararlılığının bitdiyi tarixlə müəyyənləşdirilir.
5.69.
Alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə
tutulmayıbsa, zəmanət müddəti əşyanın
istehlakçıya verildiyi məqamdan başlanır. Əgər istehlakçı zəmanət müddəti
müqavilə ilə müəyyənləşdirilmiş əşyadan
istifadə etmək imkanından satıcıdan asılı səbəblərə
görə məhrum olarsa, zəmanət müddəti
satıcı müvafiq səbəbləri aradan
qaldırdıqdan sonra başlanır.
5.70.
Müqavilədə digər qayda nəzərdə
tutulmayıbsa, zəmanət müddəti malda aşkar
edilmiş qüsurlara görə ondan istifadənin
mümkün olmadığı müddət qədər
artırılır, bu şərtlə ki, malın
qüsurlarının aradan qaldırılmasına dair
satıcıya ağlabatan müddətdə bildiriş
verilsin.
5.71.
Əgər alqı-satqı müqaviləsində digər
qayda nəzərdə tutulmayıbsa, komplektləşdirici məmulat
üçün zəmanət müddəti əsas məmulat
üçün zəmanət müddətinə bərabər
olur və əsas məmulat üçün zəmanət
müddəti ilə eyni vaxtda başlanır.
5.72.
Satıcının zəmanət müddətində
qüsurları aşkar edilmiş malın (komplektləşdirici
məmulatın) əvəzinə verdiyi mal (komplektləşdirici
məmulat) üçün, əgər alqı-satqı
müqaviləsində ayrı müddət nəzərdə
tutulmayıbsa, əvəz edilmiş əşya (komplektləşdirici
məmulat) ilə eyni zəmanət müddəti müəyyənləşdirilir.
5.73.
Mövsümi mallar (paltar, xəz məmulatı, ayaqqabı və
s.) üçün zəmanət müddəti müvafiq
mövsümün başlandığı vaxtdan hesablanır.
5.74.
Əgər mal üçün zəmanət və ya
yararlılıq müddəti müəyyənləşdirilməyibsə,
istehlakçı əşyanın qüsurları ilə
bağlı tələbləri həmin əşyanın
istehlakçıya verildiyi gündən 2 il
ərzində və ya alqı-satqı müqaviləsi ilə
nəzərdə tutulmuş daha uzun müddətdə irəli
sürə bilər.
5.75.
Daşınmalı və ya poçtla göndərilməli
malın qüsurlarının aşkar edilməsi müddəti
malın təyinat yerinə
çatdırıldığı gündən hesablanır.
5.76.
Əgər əşya üçün zəmanət müddəti
müəyyənləşdirilibsə, istehlakçı əşyanın
qüsurları ilə bağlı tələbləri həmin
qüsurları zəmanət müddətində aşkara
çıxardığı halda irəli sürə bilər.
5.77.
Müqavilədə nəzərdə tutulan zəmanət
müddəti 2 ildən az olduqda və istehlakçı
malın qüsurlarını zəmanət müddəti bitəndən
sonra, lakin malın ona verildiyi gündən 2 il ərzində
aşkar etdikdə, istehlakçı malın
qüsurlarının mal istehlakçıya verilənədək
əmələ gəldiyini və ya həmin məqamadək
yaranmış səbəblərdən əmələ gəldiyini
sübuta yetirdiyi halda satıcı məsuliyyət
daşıyır.
6.
Ərzaq mallarının satış xüsusiyyətləri
6.1. Bu
Qaydaların 5.10-cu bəndində nəzərdə tutulmuş
məlumatlardan başqa, ərzaq (yeyinti) malları haqqında
istehlakçılara aşağıdakı məlumatlar da
verilməlidir:
6.1.1. qida məhsullarının
tərkibinə daxil olan inqrediyentlər, qida əlavələri;
6.1.2. qida dəyərliliyi
(kaloriliyi, zülalın, yağın, karbohidratların,
vitaminlərin, makro və mikro elementlərin miqdarı) çəkisi,
yaxud həcmi;
6.1.3. təyinatı və tətbiqi sahəsi
(uşaq yeməkləri, diyetik yeməklər və bioloji
aktiv maddələr);
6.1.4. hazırlanma üsulu (konsentratlar və
yarımfabrikatlar üçün) və təyinatı (uşaq qidaları və diyetik
qida);
6.1.5. saxlanma şərtləri (saxlanma şəraitinə
məcburi tələblər müəyyən edilən mallar
üçün);
6.1.6. istehsal tarixi və
qablaşdırılma tarixi;
6.1.7. əks göstərişlər (müxtəlif
növ xəstəliklərlə əlaqədar qidanın qəbulu
mənfi təsirlərlə nəticələnə bilərsə, bu haqda məlumat);
6.1.8. dövlət qeydiyyatı.
6.2.
İstehlakçının tələbi ilə satıcı
onu satışda olan yeyinti məhsulları (qida)
partiyasının keyfiyyəti ilə və təhlükəsizliyinə
dair müvafiq sənədlə (sertifikat, şəhadətnamə
və s.) və ya onun surəti ilə tanış
etməyə borcludur.
6.3.
Ərzaq bazarlarında qeyri-sənaye üsulu ilə
hazırlanmış yeyinti məhsulları müəyyən
olunmuş qaydada və nümunədə baytarlıq-sanitariya
ekspertizasından keçirilməsi haqqında şəhadətnamə,
uyğunluq sertifikatı, həmçinin topdan və pərakəndə
satış ticarət şəbəkələrində bitki
və bitkiçilik məhsullarının müəyyən
olunmuş qaydada və nümunədə karantin
ekspertizasından və toksikoloji müayinədən
keçirilməsi haqqında şəhadətnamə və rəy
alındıqdan sonra satıla bilər.
6.4.
İstehlakçının tələbilə satıcı
müvafiq şəhadətnaməni ona təqdim etməyə
borcludur.
6.5.
Çəki ilə satılan yeyinti (qida) məhsulları
satıcı tərəfindən satışqabağı
qablaşdırılarkən, yararlılıq müddəti
qısa olan qablaşdırılan malların həcmi
onların birgünlük satış həcmindən çox
olmamalıdır.
6.6.
Qablaşdırılmış malın üzərində
malın adı, çəkisi, bir kiloqramın (litrin) qiyməti,
çəkilmiş (qablaşdırılmış,
bükülmüş) malın bütünlükdə qiyməti,
qablaşdırılmanın tarixi, yararlılıq müddəti,
çəkicinin soyadı, adı və ya nömrəsi
göstərilməlidir.
6.7.
Qanunvericiliklə müəyyən edilmiş mallar istisna
olmaqla, qablaşdırılmamış (bükülməmiş)
ərzaq mallarının satışına yol verilmir.
6.8.
Çəki ilə satılan ərzaq mallarının
qablaşdırılması (bükülməsi) bunun
üçün heç bir əlavə məbləğ
ödənilmədən həyata keçirilməlidir.
6.9.
Yeyinti məhsullarının qablaşdırılmasında
(bükülməsində) istifadə olunan materiallar
uyğunluq sertifikatına malik olmalıdır.
6.10.
Çəki ilə satılan yeyinti məhsullarının
qiyməti xalis (netto) çəki ilə müəyyən
edilir.
6.11.
İstehlakçının xahişi ilə satıcı
baqqaliyyə mallarını kəsilmiş
(doğranmış) şəkildə verməyə borcludur. Çörək-bulka məmulatları müvəqqəti
(səyyar), həmçinin xüsusi saxlanma şərtləri
tələb olunmayan ticarət obyektlərində (köşk,
avtodükan və ədədi malların
satışını həyata keçirən digər ticarət-texnoloji
avadanlıqlar) yalnız qablaşdırılmış vəziyyətdə
satılır.
6.12.
Ərzaq mallarının satışı yerlərində
qeyri-ərzaq mallarının satılmasına və ictimai
iaşə xidmətlərinin göstərilməsinə ərzaq
mallarının müvafiq standartların məcburi tələbləri
ilə müəyyənləşdirilmiş keyfiyyətinə
və təhlükəsizliyinə xələl gəlmədiyi
halda yol verilir.
6.13.
Aşağıdakı hallarda ərzaq mallarının
satışı qadağandır:
6.13.1. sanitariya cəhətdən zay ərzaq
mallarının (təsadüfən yerə
düşmüş və ya sair yolla çirklənmiş);
6.13.2. istehlakçının
tarasında verilən maye halında olan ərzaq
mallarının;
6.13.3. identifikasiya etmək mümkün olmayan ərzaq
mallarının;
6.13.4. aşkar keyfiyyətsiz (istehlak xüsusiyyətlərini
itirmiş və təhlükəli xassələrə malik) ərzaq
mallarının;
6.13.5. barəsində
zəruri məlumat olmayan ərzaq mallarının;
6.13.6. yararlılıq müddəti ötmüş ərzaq
mallarının;
6.13.7. yararlılıq müddəti məcburi müəyyən
edilməli olan, lakin müəyyən edilməmiş ərzaq
mallarının;
6.13.8. təkrarən
dondurulmuş yeyinti mallarının;
6.13.9. sağlamlığını təsdiq edən
baytarlıq sənədi və üzərində baytarlıq
nəzarətindən keçməsini təsdiq edən
nişanı (damğası) olmayan iribuynuzlu və
xırdabuynuzlu heyvan cəmdəyinin;
6.13.10. uyğunluq sertifikatı olmayan ərzaq
mallarının.
6.14.
İribuynuzlu və xırdabuynuzlu heyvan cəmdəyi ictimai
iaşə obyektinə müvafiq baytarlıq şəhadətnamələri
ilə müəyyən edilən hallar istisna olmaqla, cəmdək,
yarımcəmdək və cəmdəyin dörddə bir hissəsi
(şaqqaları) formasında qəbul edilir. Kəsilmiş
heyvan cəmdəklərinin sümükdən
ayrılmış formada ətinin qəbul edilməsi
qadağandır.
6.15.
Qüsurlu (qismən keyfiyyətsiz) və qiyməti
ucuzlaşdırılmış ərzaq malları haqqında
satıcı onların təhlükəsizliyinə təsir
etməyən, lakin əmtəə
görünüşünün dəyişilməsinə səbəb
olan hallar və s. xüsusiyyətləri barədə
istehlakçılara məlumat verməyə borcludur.
7.
Çörək-bulka məmulatlarının
satışının xüsusiyyətləri
7.1.
Çörək-bulka məmulatlarının (bundan sonra - məmulatlar)
ticarət obyektlərinə daşınması
istehsalçı ilə bağlanmış müqavilə əsasında
və razılaşdırılmış qrafik üzrə həyata
keçirilməlidir. İstehsalçı
qrafikdə nəzərdə tutulan müddətdə və
çeşiddə məmulatların ünvanlara
çatdırılmasını təmin etməlidir.
7.2. Ticarət
obyektində məmulatların qəbulu zamanı normativ-texniki
sənədlərin tələblərinə uyğun olaraq,
onların bişirilib sobadan çıxarıldıqdan sonra
müəssisədə maksimum saxlanma müddətinə riayət
edilməsinə xüsusi nəzarət olmalıdır.
7.3. Məmulatların
ticarət obyektlərində qəbulu zamanı keyfiyyətinə
görə yararsız olanlar geri qaytarılmalıdır.
7.4. Məmulatlar
bu Qaydalara riayət edilməklə, ixtisaslaşmış
çörək-qənnadı mağazalarında, universal və
ərzaq mağazalarının çörək
satışı şöbələrində, kənd yerlərində
gündəlik tələbat malları satışı
mağazalarında, çörək və ərzaq
çadırlarında, köşklərdə,
avtodükanlarda satıla bilər. İxtisaslaşmış
çörək-qənnadı mağazalarında, habelə
universal və ərzaq mağazalarının çörək
satışı şöbələrində bu məmulatlardan
başqa, şəkər, mürəbbə, cem, bal, çay,
qəhvə, kakao və s. analoji
qablaşdırılmış ərzaq mallarının
satışına da icazə verilir.
7.5.
Satıcı ticarət zalında (vitrinlərdə)
istehlakçı üçün görünən yerdə
təchizatçı (istehsalçı təsərrüfat
subyekti) haqqında məlumatları (adı, ünvanı,
telefon nömrəsi) əks etdirən xüsusi lövhə
yerləşdirməlidir.
7.6. Ticarət
obyektləri ayda 1 dəfədən az
olmayaraq, istehsalçı müəssisədən daxil olan məmulatların
nümunələrinin keyfiyyətini və təhlükəsizliyini
təsdiq edən akkreditasiya olunmuş laboratoriyalarda
keçirilmiş sınaqların nəticələrini tələb
etməlidir.
7.7. Məmulatlar
otaqda bağlı şkaflarda və ya hərəkət edən
stellajlarda, yeşiklərdə saxlanılmalıdır. Məmulatların yaxşı və təzə
qalması üçün onlar istifadəsinə səlahiyyətli
orqanlar tərəfindən icazə verilmiş polimer plyonka və
digər örtüklərlə örtülməlidir.
7.8.
Suxarı və baranka məhsulları çörək-bulka məmulatlarından
ayrı, xüsusi yeşiklərdə və ya kisələrdə,
şkaflarda və ya stellajlarda, həmçinin
bükülmüş vəziyyətdə yeşiklərdə
saxlanılmalıdır.
7.9. Məmulatların
qalaq halda, otağın divarlarına və döşəməyə
təmas edəcək şəkildə
yığılmasına yol verilmir. Məmulatlar
köməkçi otaqlarda döşəmədən 35 sm,
ticarət zalında isə 60 sm yuxarı məsafədə
yerləşdirilmiş xüsusi rəflərdə və ya
stellajlarda saxlanılmalıdır.
7.10. Məmulatlar ticarət
obyektində onların əmtəə
görünüşünün pozulmaması şərtilə
və normativ-texniki sənədlərin tələblərinə
uyğun olaraq yığılmalıdır.
7.11. Məmulatların
spesifik qoxulu mallarla (balıq və balıq məhsulları,
tütün məmulatları, təsərrüfat malları və
s.) birlikdə saxlanılması qəti qadağandır.
7.12. Məmulatların
arabalara, yeşiklərə açıq şəkildə və
əlcəksiz boşaldılması yolverilməzdir.
7.13.
Polimer materiallardan olan örtüklər hər gün havaya
verilməli və qurudulmalıdır. Onların
təmiz şəkildə saxlanılmasına riayət
olunmalıdır.
7.14. Məmulatlar
sobadan çıxdıqdan sonra ticarət şəbəkələrində
yalnız normativ-texniki sənədlərdə göstərilən
müddətdə satılmalıdır. Bu
müddət başa çatdıqdan sonra məmulatlar dərhal
satışdan götürülməlidir.
7.15.
Yararlılıq (saxlama) müddəti ötmüş, eləcə
də mövcud standartların və texniki şərtlərin
tələblərinə uyğun olmayan, habelə qaydaların
pozulması nəticəsində xarab olmuş məmulatların
obyektə qəbuluna və satışına yol verilmir. Məmulatların ticarət şəbəkələrinə
daşınması, qəbulu və satışı sanitariya
qaydalarına və normalarına, gigiyena normativlərinə əməl
edilməklə həyata keçirilməlidir. Sanitariya nəzarət orqanları tərəfindən
verilmiş sanitariya pasportu olmayan avtonəqliyyat vasitələrində
məmulatların daşınmasına yol verilmir.
7.16.
Özünəxidmət ticarət obyektlərində
istehlakçılar tərəfindən məmulatların
seçilməsi üçün (əllə təmas olmadan)
xüsusi köməkçi alətlər (metal maqqaşlar,
xüsusi qablarda yerləşdirilmiş ağ
kağızlar və s.) olmalıdır.
7.17.
İstehlakçıların istəyi ilə çəkisi 0,5 kq və ya ondan yuxarı olan ədədi məmulatların
(qablaşdırılmış məmulatlar istisna olmaqla) 2-4
hissəyə bölməklə, çəkmədən
satışına icazə verilir.
7.18. Məmulatların
kəsilməsi üçün itilənmiş və bərabər
kəsən xüsusi mətbəx bıçaqlarından
istifadə olunmalıdır.
8.
Parça, xəz, trikotaj, tikiş mallarının və
ayaqqabıların satışının xüsusiyyətləri
8.1.
İstehlakçının seçim imkanlarını
genişləndirmək məqsədi ilə satışa təqdim
olunan parça, xəz, trikotaj, tikiş malları və
ayaqqabılar növlər, modellər, ölçülər
üzrə qruplaşdırılmalı və ticarət
zalında ayrı-ayrı yerləşdirilməlidir. Satış xüsusiyyətlərini nəzərə
alaraq, satışa çıxarılan malların nümunələri
ticarət zalında yerləşdirilə bilər.
8.2.
Parçalar hazırlandığı liflərin növ və
cinsləri, xəz malları isə xəz növləri
üzrə qruplaşdırılmalıdır.
8.3.
Satışda olan mallar haqqında istehlakçılara bu
Qaydaların 5.10-cu bəndində nəzərdə tutulan məlumatlar
verilməklə yanaşı, hər bir parçanın və
xəz məmulatlarının tərkibi (istifadə olunan liflərin
xarakteristikası, faizi, növü, ölçüsü) barədə
məlumatlar malların üzərindəki etiketlərdə
aydın şəkildə göstərilməlidir.
8.4.
Kişi, qadın və uşaqlar üçün nəzərdə
tutulmuş trikotaj, xəz, tikiş malları və
ayaqqabılar ticarət zalında ayrıca yerləşdirilməlidir.
8.5.
Satıcı istehlakçılara tikiş, üst trikotaj məmulatları,
baş geyimi, xəzdən olan mallar və ayaqqabıların
alınması zamanı onların geyilib baxılması
üçün müvafiq şərait yaratmalıdır. Bu məqsədlə ticarət zalında
güzgü, oturacaq və paltarların asılması
üçün xüsusi ləvazimatlarla təmin olunmuş
geyinib soyunma yerləri (kabinələr)
quraşdırılmalıdır.
8.6. Yun,
vatin və digər parçaların satışı
zamanı kalibrləmə haqqında sertifikat almış
standart metrlərdən (taxta və s. bərk materialdan olan)
istifadə edilməlidir. Ölçünü
aparmaq üçün parçanı stolun
(piştaxtanın) üzərinə sərbəst sərmək
lazımdır. Alınmış
parçaya qırıq (kəsik) parçanın əlavə
edilməsi, eyni zamanda, qüsuru olan qırıq (kəsik)
parçaların satışı qadağandır.
8.7.
Satıcı parçanı, paltarı, xəz
mallarını və ayaqqabıları satarkən,
istehlakçının iştirakı ilə onların keyfiyyətini
(vizual müşahidə), ölçünün dəqiqliyini
(miqdarını) və alış dəyərinin
düzgün hesablanmasını yoxlamalıdır.
8.8.
Satıcı istehlakçıya satdığı malla birlikdə
malın və satıcının adını, satış
tarixini, artikulunu, qiymətini, həmçinin
satışı bilavasitə həyata keçirən
satıcının imzası olan əmtəə çekini
verməlidir.
8.9.
Satılmış parça, paltar, xəz malları və
ayaqqabılar istehlakçılara
qablaşdırılmış şəkildə verilməlidir.
Qablaşdırılmaya görə əlavə
haqq alınmamalıdır.
9.
Ətriyyat-kosmetika mallarının satış xüsusiyyətləri
9.1.
Ətriyyat-kosmetika mallarının satışı zamanı
istehlakçılara tez xidmət göstərmək məqsədi
ilə satışda olan bütün mallar tam çeşiddə
və lazımi miqdarda vitrinlərə düzülməlidir.
İstehlakçıya bu Qaydaların 5.10-cu bəndində
göstərilən məlumatlarla yanaşı, malların təyinatı,
tərkibinə daxil olan inqrediyentlər, təsiri və səmərəliliyi,
tətbiqi üçün məhdudiyyətlər, mənfi təsir
xüsusiyyətləri, tətbiqi üsulları və şərtləri,
saxlama şəraiti (saxlama şərtlərinə dair məcburi
tələblər nəzərdə tutulmuşsa), həmçinin
dövlət qeydiyyatı (dövlət qeydiyyatının zəruri
olduğu hallarda) barədə məlumatlar verilməlidir.
9.2.
Satıcı, həmçinin istehlakçının tələbi
ilə onu satışda olan ətriyyat - kosmetika malları
partiyasının keyfiyyətini və təhlükəsizliyini
təsdiq edən müvafiq sənədlə tanış
etməyə borcludur.
9.3. Mallar
ticarət zalına buraxılmazdan əvvəl
açılmalı, baxışdan keçirilməli və hər
bir malın keyfiyyəti (zahiri əlamətlərinə
görə), digər zəruri məlumatların mövcud
olması yoxlanılmalıdır.
9.4.
İstehlakçıya lakmus kağızlarından, ətirli
məhlul hopdurulmuş kağızdan, istehsalçı tərəfindən
təqdim edilən və iyləmək üçün istifadə
olunan nümunədən, eyni zamanda, satışa təqdim
edilən malların başqa xarakterik tərkibindən istifadə
etməklə, ətriyyatın, odekolonun, ətirli suların
qoxusu ilə tanış olmaq üçün şərait
yaradılmalıdır.
9.5.
Malın qablaşdırılmış və ya xüsusi lentlə
bağlı vəziyyətdə buraxıldığı
hallarda istehlakçıya bağlamanın və ya lentin
açılması yolu ilə mövcud malın
yoxlanılması təklif edilməlidir.
9.6. Təhlükəsizliyi
barədə dövlət sanitariya nəzarəti orqanları
tərəfindən verilmiş xüsusi rəyi
(sertifikatı) olmayan ətriyyat-kosmetika mallarının
satışı qadağandır.
10. Məişət
kimyası mallarının satışının
xüsusiyyətləri
10.1. Məişət
kimyası mallarının (otaq, mebel, qab-qacaq, məişət
avadanlıqları, ev əşyaları, yataq ləvazimatları,
paltar, ayaqqabı və avtomobillərə xidmət üzrə
yuyucu, təmizləyici və digər vasitələr,
yapışqanlar, laklar, boyalar, lak məhsulları, dezinfeksiya
vasitələri və ev həşəratları, gəmiricilər
ilə mübarizə üçün məişətdə
istifadə edilən vasitələr, məişət şəraitində
xırda təmir işlərində istifadə olunan kimyəvi
vasitələr, onların birləşmələri və digər
mallar) satışı zamanı istehlakçıya bu
Qaydaların 5.10-cu bəndində qeyd olunanlarla yanaşı
aşağıdakılar haqqında da məlumat verilməlidir:
10.1.1. məişət kimyası mallarının tərkibinə
daxil olan elementlər (inqrediyentlər);
10.1.2. dezinfeksiyaedici vasitələr, ev həşəratları
və gəmiricilərə qarşı istifadə olunan vasitələrin
dövlət qeydiyyatı haqqında şəhadətnamənin
tarixi və nömrəsi;
10.1.3. tikintidə istifadə üçün nəzərdə
tutulmuş malların məcburi tələblərə
uyğunluğunu təsdiq edən texniki şəhadətnamənin
tarixi və nömrəsi;
10.1.4. saxlanma şərtləri (saxlanma şəraitinə
dair məcburi tələblər olduqda).
10.2. Məişət
kimyası malları ticarət zalına verilməzdən əvvəl
taradan azad edilməli, çeşidlənməli, dəstin
(sarğının) bütövlüyü (o cümlədən,
aerozollu dəstlərin işlək vəziyyəti), malların
keyfiyyəti və istehsalçısı barədə zəruri
məlumatların və istifadə qaydalarının
olub-olmaması yoxlanılmalıdır.
10.3.
Satışa çıxarılan məişət kimyası
malları əlverişli seçim imkanını təmin etmək
üçün təyinatına və növlərinə
görə qruplaşdırılmalıdır.
10.4.
Aerozollu qabda yerləşdirilmiş məişət
kimyası malları istehlakçılara verilərkən,
onların işlək vəziyyətinin yoxlanılması
ticarət zalından kənarda aparılmalıdır.
10.5. Təhlükəsizliyi
barədə dövlət sanitariya nəzarəti orqanları
tərəfindən verilmiş xüsusi rəyi
(sertifikatı) olmayan məişət kimyası
mallarının satışı qadağandır.
11.
Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin
satışının təşkili
11.1.
Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin
satışı mövcud qanunvericiliyə və bu Qaydalara
uyğun olaraq həyata keçirilməlidir.
11.2.
Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin
satışı zamanı istehlakçıya bu Qaydaların
5.10-cu bəndində nəzərdə tutulanlardan əlavə
aşağıdakı məlumatlar da
çatdırılmalıdır:
11.2.1. pestisidlərin, bioloji preparatların və
aqrokimyəvi maddələrin dövlət qeydiyyatından
keçməsi, qeydiyyat şəhadətnaməsinin və
toksikoloji rəyin verilməsi tarixi;
11.2.2. onların təhlükəlilik dərəcəsi;
11.2.3. tərkibi;
11.2.4. çəki vahidi, yaxud həcmi;
11.2.5. hazırlanma tarixi;
11.2.6. tətbiqi qaydaları;
11.2.7. zəhərlənmə zamanı ilkin
yardımın göstərilməsi haqqında;
11.2.8. istehsalçının adı;
11.2.9. preparatın satış adı;
11.2.10. təsiredici maddənin adı.
11.3.
Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin
satışı yalnız istehsalçının
qablaşdırdığı vəziyyətdə (tarada) həyata
keçirilməlidir.
11.4.
Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
qablaşdırılmış şəkildə satışa
çıxarılmalıdır. Pestisidlərin,
bioloji preparatların və aqrokimyəvi maddələrin
qablaşdırılmasında müvafiq icra hakimiyyəti
orqanlarının icazə verdiyi qablaşdırma
materiallarından istifadə olunmalıdır.
11.5.
Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
ticarət zalında təyinatı üzrə (bitki, heyvan
mühafizəsi, mineral və üzvi gübrələr və
s.) qruplaşdırılmalı və ətraf mühitin
çirklənməsinə yol verilməməlidir. Satıcı onların saxlanılması, ticarət
zalında yerləşdirilməsi və satışı
zamanı təhlükəsizliyin təmin edilməsi
qaydalarına riayət etməlidir.
11.6.
Dövlət sınağından keçməmiş, dövlət
qeydiyyatına alınmamış, standartlara və texniki şərtlərin
tələblərinə cavab verməyən, mənşəyi
məlum olmayan saxta və keyfiyyətsiz pestisidlərin və
aqrokimyəvi vasitələrin satılması
qadağandır.
11.7.
Satıcı istehlakçının tələbi ilə onu
pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin
dövlət qeydiyyatından keçməsi haqqında şəhadətnamənin
surəti ilə tanış etməyə
borcludur.
11.8.
Dövlət sanitariya və fitosanitar nəzarəti
orqanlarının icazə verdiyi yerlərdən kənarda
pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin
satışı qadağandır.
11.9.
Pestisidlər və aqrokimyəvi vasitələr
sanitariya-gigiyena və təhlükəsizlik tələblərinə
cavab verən satış zallarında və anbarlarda
saxlanılmalıdır.
12.
Audiovizual əsərlərin, fonoqramların nüsxələrinin
və
elektron-hesablayıcı maşınları üçün
proqramların satışının xüsusiyyətləri
12.1.
Kasetlərə, disklərə və digər
videodaşıyıcılara
köçürülmüş əsərlərin,
fonoqramların nüsxələrinin və
elektron-hesablayıcı maşınları üçün
proqramların satışı zamanı satıcı
istehlakçıya bu Qaydaların 5.10-cu bəndində nəzərdə
tutulan məlumatlardan əlavə satışa təqdim olunan
belə malların hər biri üzrə
aşağıdakı məlumatları da
çatdırmalıdır:
12.1.1. audiovizual əsərlərin, fonoqramların,
elektron-hesablayıcı maşınları üçün
proqramların (onların nüsxələrinin)
istehsalçısının adı, ünvanı, həmçinin
belə malların nüsxələrinin hazırlanması,
çoxaldılması üçün lisenziyası və
onun nömrəsi;
12.1.2. videodaşıyıcıların texniki
xarakteristikası (videokasetin, diskin növü, videosiqnal
sistemi, səsin yazılma sistemi);
12.1.3. müəlliflik hüququ və (və ya) əlaqəli
hüquqlar əldə edən haqqında məlumatlar;
12.1.4.
elektron-hesablayıcı maşınları üçün
proqramların qeydə alınma nömrəsi (əgər qeydə
alınmışdırsa).
12.2. Bu
Qaydaların 12.1-ci bəndində göstərilən məlumatlarla
yanaşı film nüsxələrinin satışı
zamanı satıcı istehlakçıya aşağıdakı
məlumatları da çatdırmağa borcludur:
12.2.1. filmin, çəkildiyi
ölkənin və studiyanın adı;
12.2.2. filmin buraxıldığı il;
12.2.3. film haqqında əsas məlumatlar (hansı
janrda olması, müəllifi, rejissoru, bəstəkarı,
baş rolların ifaçıları və başqaları
haqqında qeydlər);
12.2.4. filmin həcmi (dəqiqə ilə);
12.2.5. filmin nüsxələrini hazırlayanların,
videodaşıyıcılara köçürənlərin
(filmin tirajını həyata keçirən təşkilatın)
adı və hüquqi ünvanı;
12.2.6. prokat şəhadətnaməsinin verilməsi
tarixi və nömrəsi;
12.2.7. yaşa görə tamaşaçı
auditoriyasına olan məhdudiyyət haqqında tövsiyə
(əgər varsa).
12.3.
Videodaşıyıcılara
köçürülmüş filmlərin nüsxələri
ticarət zalına verilməzdən əvvəl
yoxlanılmalıdır (qablaşdırma tamlığı və
üzərində onu hazırlayan haqqında məlumatların
olması).
12.4.
Haqqı ödənilmiş malın istehlakçıya verilməsi
zamanı satışı həyata keçirən şəxs
onun üzlüyünün (qabının)
bütövlüyünü yoxlamalı, lazım gəldikdə
isə istehlakçının tələbi ilə filmdən
fraqmentlərə baxmağa şərait yaratmalıdır.
12.5. Videodaşıyıcılara
köçürülmüş filmlərin nüsxələrinin
satışı onun istehsalçısı tərəfindən
hazırlanmış üzlükdə (qabda) həyata
keçirilməlidir.
13. Məişət təyinatlı
mürəkkəb texniki malların satışı
13.1. Məişət radioelektron cihazları, rabitə
vasitələri, hesablama və çoxaltma texnikası, foto və
kino aparatları, saatlar, musiqi alətləri, məişət-elektrik
cihazları, maşın və alətlər, məişət
qaz avadanlığı və qurğuları, digər məişət
təyinatlı mürəkkəb texniki mallar ticarət
zalına və ya istehlakçıya buraxılma yerinə
verilənədək satışqabağı
yoxlanılmalıdır. Satışqabağı
hazırlıq hərəkətləri malı
taradan çıxarmaqdan, zavod yağlamasını, tozunu,
yonqarını təmizləməkdən, mala baxış
keçirməkdən, komplektliyini, keyfiyyətini, mal və
istehsalçı haqqında məlumatın mövcudluğunu
yoxlamaqdan, lazım gələrsə məmulatı
yığıb quraşdırmaqdan ibarətdir.
13.2. Bu Qaydaların 5.10-cu bəndində göstərilən
tələblərdən əlavə, satış
üçün təqdim olunan malların nümunələri
ticarət zalında yerləşdirilərkən, onların
üzərində malın adı, markası, modeli, artikulu,
qiyməti olan yarlığı, habelə malların texniki
xüsusiyyətlərini əks etdirən qısa
annotasiyası olmalıdır.
13.3. Satıcı
istehlakçının tələbi və iştirakı ilə
məişət təyinatlı mürəkkəb texniki
malların quruluşunu, iş prinsipini, standartlara
uyğunluğunu əyani nümayiş etdirməyə,
malın keyfiyyəti, komplektliyi haqqında zəruri məlumat
verməyə, mala aid sənədləri təqdim etməyə
borcludur.
13.4. Məişət
təyinatlı mürəkkəb texniki mallarla bərabər,
istehsalçı tərəfindən hazırlanmış
ehtiyat hissələri və sənədlər də (texniki
pasport və ya onu əvəz edən sənədlər,
satış yeri və tarix göstərilməklə, istismar
üzrə təlimatlar və s. sənədlər)
istehlakçıya verilməlidir.
13.5.
Satıcı məişət təyinatlı mürəkkəb
texniki malla birlikdə istehlakçıya malın və
satıcının adı, satış tarixi, artikulu, qiymətini
əks etdirən və bilavasitə satışı həyata
keçirən şəxsin imzası olan əmtəə
çekini də verməlidir.
13.6.
Satıcı, yaxud satıcı ilə bağladığı
müqaviləyə əsasən bu funksiyanı icra edən təşkilat
standartların tələblərinə və mala aid texniki sənədlərə
(texniki pasporta, istismar təlimatına) əsasən,
istehlakçının müstəqil olaraq
yığmasına və quraşdırmasına yol verilməyən
texniki mürəkkəb malı onun evində
yığmağa və (və
ya) quraşdırmağa borcludur.
13.7.
Satıcı qeyd olunan xidmətləri göstərən təşkilatlar
barədə məlumatı malların satışı
zamanı istehlakçının nəzərinə
çatdırmalıdır.
13.8.
Əgər malın yığılması və
quraşdırılması xərcləri malın dəyərinə
daxil edilmişdirsə, bu halda qeyd olunan işlər
satıcı, yaxud müvafiq təşkilat tərəfindən
pulsuz yerinə yetirilməlidir.
14. Tikinti
materialları və məmulatlarının satışı
14.1.
Meşə materialları və taxta-şalban (dəyirmi
meşə materialları, tir, taxta, emal üçün
yararlı şalban yanı və s.), ağacdan hazırlanan məmulatlar
və ya ağac materialları (taxta hissələr, qapı və
pəncərə blokları, bağ evlərinin, təsərrüfat
tikililərində istifadə olunan dəstlər və s.),
tikinti materialları (kərpic, sement, çınqıl, qum,
özül və səki blokları, dəmir-beton
sütunları, dam örtüyü materialları, su və
istilik keçirməyən materiallar, şüşə və
s.), metal məmulatları (borular, bərkidici məmulatlar, yayma
profil materialları, məftil, metal tor və s.), alətlər
(metal və ağac emalı üçün əl alətləri,
ölçü alətləri, rəngsazlıq işləri
üçün alətlər və s.), tikinti məmulatları
(sanitar-texniki avadanlıqlar, qıfıl-pərçim (dəmirbənd)
məmulatları, divar kağızları, linoleum, süni bəzək
materialları və s.) satışqabağı
hazırlıq əməliyyatlarından (komplektliyinin,
malın keyfiyyəti və onun istehsalçısı barədə
zəruri məlumatların mövcudluğunun
yoxlanılması, çeşidlərə ayrılması və
s.) keçirilməlidir.
14.2.
Tikinti materialları və məmulatları ölçülərinə,
markasına, növlərinə, istifadə təyinatına,
istehlak xüsusiyyətlərinə və s. əlamətlərinə
görə qruplaşdırılaraq
yığılmalıdır.
14.3.
Tikinti materiallarının və məmulatlarının
istehlakçı tərəfindən seçilməsi və
götürülməsi ticarət zalında və ya anbar məntəqələrində
həyata keçirilə bilər.
14.4. Təbəqəli
şüşə bütöv şəkildə, yaxud
istehlakçının göstərdiyi ölçülərdə
kəsilib satılır. Eni 20 sm-ə qədər
olan şüşə qalıqları dəyəri ödənilmək
şərtilə, istehlakçıya əsas malla birlikdə
verilir.
14.5.
Çəkisinə görə satılan
qablaşdırılmamış bərkidici məmulatlar
xüsusi avadanlıqlarla və ölçü cihazları ilə
təchiz edilmiş yerlərdə satılmalıdır.
14.6.
Satıcı tikinti materialları və məmulatlarının
satışı zamanı bu Qaydaların 5.10-cu bəndində
göstərilən məlumatlardan əlavə,
istehlakçıya hər bir malın xüsusiyyətlərini
nəzərə alaraq onun materialı, markası, tipi,
ölçüsü və digər əsas göstəriciləri
haqqında məlumat verməlidir.
14.7.
Satıcı istehlakçıya aldığı malın
çəkisini, ölçüsünü və
növünü yoxlamaq üçün hər cür şərait
yaratmalıdır. Bu məqsədlə dəyirmi
ağac materiallarının və taxta-şalbanın sıx
kub kütləsinə çevrilməsi əmsallarını,
taxta-şalbanların kubaturalarını və onların
ölçmə qaydalarını əks etdirən məlumat
istehlakçının görə biləcəyi yerdə
yerləşdirilməlidir.
14.8.
İstehlakçının tələbinə əsasən
satıcı onu standartlarla müəyyən edilən tikinti
materiallarının və məmulatlarının
ölçülməsi qaydası ilə tanış
etməlidir.
14.9.
Müəyyən komplektdə olan tikinti materialları və məmulatları
istehlakçıya təhvil verilərkən, tərəflərin
iştirakı ilə komplektə daxil olan məmulatların, həmçinin
bu mala aid olan sənədlərin, o cümlədən komplektə
daxil olan tikinti materiallarının siyahısının,
quraşdırma təlimatının mövcud olması
yoxlanılmalıdır.
14.10.
Tikinti materiallarının satışı zamanı ətrafdakı
obyektlərə, insanların və nəqliyyat vasitələrinin
sərbəst hərəkətinə maneçilik
yaradılmamalı, ətraf mühitin çirklənməsinə
və əhalinin narahatlığına səbəb olan (səs-küy,
toz və s.) hallara
yol verilməməlidir.
15. Mebel satışı
15.1. Bu
Qaydaların 5.10-cu bəndində göstərilən məlumatlarla
yanaşı, təqdim edilən mebel haqqında
istehlakçıya aşağıdakı məlumatlar da
verilməlidir:
15.1.1. mebelin funksional təyinatı;
15.1.2. mebelin hazırlandığı və
quraşdırılmasında istifadə olunan materiallar;
15.1.3. mebelin daşınma üsulu, şərtləri
və istehlakçıya təhvil verilməsi.
15.2.
Satışa çıxarılan mebel nümunələri
ticarət zalında elə yerləşdirilməlidir ki,
istehlakçılar onlarla sərbəst tanış
olmaqla əlverişli seçim imkanlarından yararlana bilsinlər.
15.3.
Satıcı satışa çıxarmazdan əvvəl
mebelin komplektliyini, yığılma (quraşdırılma)
sxeminin və mebel qarnituruna daxil olan bütün predmetlərin
mövcudluğunu yoxlamalıdır.
15.4.
Alqı-satqı zamanı satıcı mebellə yanaşı
malın və satıcının adı, satılan mebelin
artikulu, qarnitura daxil olan predmetin, lazımi furniturun
miqdarı, üzlük materialın növü, hər bir
predmetin və mebel dəstinin qiyməti yazılmış əmtəə
çekini istehlakçıya verməyə borcludur.
15.5.
Alqı-satqı müqaviləsində digər qayda nəzərdə
tutulmayıbsa, mebelin çatdırılması və
yığılmasının dəyəri istehlakçı tərəfindən
ödənilir.
16. Qənnadı
məmulatlarının satışının xüsusiyyətləri
16.1. Qənnadı
məmulatlarının pərakəndə ticarətinə
ixtisaslaşdırılmış xüsusi mağazalarda,
şöbələrdə, seksiyalarda və kofeteriyalarda, ərzaq
və çörək-bulka məmulatlarının
satışı mağazalarında, gündəlik tələbat
mallarının satışı mağazalarında,
kiçik pərakəndə ticarət şəbəkələrində
(çadırlar, pavilyonlar və s.), ictimai iaşə obyektlərində
icazə verilir. İxtisaslaşmış qənnadı və
çörək-bulka məmulatlarının ticarəti ilə
məşğul olan obyektlərin xüsusi şöbələrində
(seksiyalarında) qəhvə, çay, qəhvədən
hazırlanmış içkilər, bal,
mürəbbə, cem, qənd və digər məhsullar da
satıla bilər.
16.2. Qənnadı
məmulatlarının satışı zamanı satıcı
malın xüsusiyyətlərini nəzərə alaraq,
istehlakçılara bu Qaydaların 5.10-cu bəndində
göstərilən məlumatları verməyə borcludur.
16.3. Ticarət
obyektlərinə həmin obyektin həcmindən asılı
olaraq, yalnız müvafiq normativ-texniki sənədlərin tələblərinə
uyğun məhsullar qəbul edilməlidir. Bütün
qablaşdırılmış qənnadı məhsullarının
qablarının üzərində müvafiq standartların və
ya texniki şərtlərin işarəsi, hazırlanma tarixi
(saatı), ən son istehlak tarixi, tez xarab olan məhsullar
üçün saatı mütləq qeyd olunmalıdır.
16.4. Qənnadı
məmulatları yükləmə-boşaltma, daşınma
zamanı atmosfer yağıntılarından
qorunmalıdır.
16.5.
Ədədi qənnadı məmulatlarının faktiki
çəkiləri yoxlanılaraq qəbul edilməlidir.
16.6.
Aşağıdakı hallarda qənnadı məmulatlarının
satışı qadağandır:
16.6.1. uyğunluq və gigiyenik sertifikatları
olmadıqda;
16.6.2. saxlanma müddəti bitdikdə;
16.6.3. tez xarab olan məmulatlar üçün
xüsusi soyuducu avadanlıqları olmadıqda;
16.6.4. üzərində istehsal tarixi və vaxtı,
son istifadə müddəti və qanunvericiliklə müəyyən
edilmiş digər məlumatlar olmadıqda.
16.7. Qənnadı
məmulatları normativ-texniki sənədlərin tələblərinə
uyğun şəraitdə və temperatur rejimində
saxlanılmalıdır.
16.8. Qənnadı
məmulatlarının saxlanıldığı yerlərdə
nəmliyi özünə hopduran (qənd, duz və s.) və
spesifik iyli məhsulların saxlanılması qəti
qadağandır.
16.9. Qənnadı
məmulatları ticarət obyektlərində, şöbələrdə
(seksiyalarda), özünəxidmət mağazalarında
polietilen və ya başqa bükmə materiallarına qabaqcadan
bükülmüş vəziyyətdə satışa təqdim
oluna bilər.
16.10.
Ticarət zalına qənnadı məmulatları növlərə
və çeşidlərə ayrıldıqdan və
sortlaşdırıldıqdan sonra yerləşdirilməlidir.
Bu halda aşağıdakılara əməl
olunmalıdır:
16.10.1. çəki ilə satılan konfet, karamel,
peçenye, vafli, meyvəli, giləmeyvəli və
şokoladlı məmulatlar piştaxtalardakı yeşiklərdə
yerləşdirilməli;
16.10.2. pirojnalar, bükmələr, kekslər listlərdə
və ya istehsalçı tərəfindən xüsusi
qablaşdırılmış formada satışa verilməli;
16.10.3. tort və pirojnalar soyuducu vitrinlərdə və
ya soyuducu sistemli şkaflarda yerləşdirilməli;
16.10.4. bağlamalardan açılmış qənnadı
məmulatları piştaxtalarda, rəflərdə yerləşdirilməlidir.
16.11.
Satış vitrinlərində satışda olan qənnadı
məhsullarının bütün çeşidləri və
sortlarının nümunələri xüsusi səbətlərdə,
vazalarda, polietilen torbalarda və digər münasib qablarda yerləşdirilməlidir.
16.12.
Çeşidlənmiş ədədi və ya çəki
ilə satılan qənnadı məmulatları
istehlakçının görə bildiyi şəkildə
çəkilməli və satılmalıdır.
16.13.
Ədədi konfetlər bükülmüş vəziyyətdə
satılmalıdır. Ədədi satılan
konfetin qiyməti qiymət preyskurantında göstərilməlidir.
16.14. Qənnadı
məmulatlarının kəsilməsi,
qablaşdırılması üçün xüsusi kəsici
alətlərdən, belçələrdən, birdəfəlik
qablardan istifadə olunmalıdır. Bu belçələrdən
digər ərzaq mallarının (duz, qarabaşaq yarması və
s.) satışı zamanı istifadə etmək
qadağandır.
17.
Malların nümunələr üzrə
satışının xüsusiyyətləri
17.1. Pərakəndə
alqı-satqı müqaviləsi istehlakçının
satıcı tərəfindən təklif edilmiş mal
nümunəsi (onun təsviri, bukleti, malların kataloqu və
s.) ilə tanış olması əsasında
bağlanıla bilər.
17.2.
Müqavilədə digər qayda nəzərdə
tutulmadıqda, satıcı malın daşınması,
çatdırılması, mürəkkəb texniki malların
quraşdırılması, istismara hazırlanması və
saxlanılması xidmətlərini də həyata keçirməlidir.
17.3.
Nümunələr üzrə satılan malların və
göstərilən xidmətlərin siyahısını
satıcı müəyyən edir.
17.4.
Müqavilə bağlanılarkən, istehlakçı təklif
edilən xidmətlərdən imtina edə bilər.
17.5.
Satıcı qanunvericiliyin tələblərinə uyğun
olaraq, müəyyən edilmiş iş rejimi, satılan mallar
və göstərilən xidmətlər haqqında bu
Qaydaların 5.10-cu bəndində nəzərdə tutulan məlumatları
istehlakçılara çatdırmağa borcludur.
17.6.
Satılan mal aşkar edilən qüsura görə əvvəllər
təmir (bərpa) olunmuşdursa, satıcı bu barədə
istehlakçını məlumatlandırmalıdır.
17.7.
İstehlakçıların tanışlığı
üçün nümunə üzrə malların
satışında onların nümunələri,
kataloqları, markaları, artikulları, müxtəlif
görünüşlü komplektləri, cihazları və s.
təklif olunmalıdır.
17.8.
Nümunə üzrə malların satışı zamanı
istehlakçıların təqdim olunan mallarla yaxşı tanış olması və seçimi
üçün vitrinlər, piştaxtalar, stendlər,
avadanlıqlar kifayət sayda olmalı və uyğun yerlərdə
yerləşdirilməlidir.
17.9.
Nümunə üzrə mal satışının nümunələrinin
yerləşdirilməsi və yayımı “Reklam haqqında”
Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun həyata keçirilməlidir.
17.10.
Mebellərin satışı nəzərdə tutulan yerlərdə
(ticarət zallarında) komplektlərin nümayişi,
yaşayış ərazisi kimi interyer forması, məişət
otaqları, mətbəx və mətbəx ləvazimatları,
avadanlıqlar stend şəklində sərgilənməlidir.
17.11.
Nümayiş olunan malların quraşdırılması və
istismarı prosesi satıcı tərəfindən nümayiş
etdirilməlidir.
17.12.
Satışa təqdim olunan audio-video texnikası, musiqi alətləri,
kinomatoqrafiya avadanlıqları, saatlar, məişət
texnikası və xüsusi qoşulması tələb
olunmayan digər malların nümunələri
yığılmış halda, texniki cəhətdən
standartlara uyğun və xarici görünüşü
qüsursuz vəziyyətdə nümayiş etdirilməlidir.
17.13.
Malların poçt rabitəsi, nəqliyyat və digər
vasitələrlə müvafiq ünvanlara
çatdırılması satıcı ilə bu qurumlar
arasında bağlanmış müqavilə əsasında həyata
keçirilməlidir.
17.14.
Malın qeyri-müəyyən şəxslər dairəsinə
ünvanlanmış reklamda, kataloqlarda və malların təsvirlərində
təklif edilməsi, əgər bu, pərakəndə
alqı-satqı müqaviləsinin bütün mühüm
şərtlərini əhatə edirsə, ümumi oferta
sayılır.
17.15.
Satış yerində (piştaxtalarda, vitrinlərdə və
s.) malların qoyulması, onların nümunələrinin
nümayiş etdirilməsi və ya satılan mallara dair məlumatların
(malların təsvirlərinin, kataloqlarının, fotoşəkillərinin
və s.) təqdim edilməsi qiymətin və pərakəndə
alqı-satqı müqaviləsinin digər mühüm şərtlərinin
göstərilib-göstərilməməsindən
asılı olmayaraq ümumi oferta sayılır, lakin
satıcının müəyyən malların satış
üçün nəzərdə tutulmadığını
aşkar müəyyənləşdirdiyi hal istisna təşkil
edir.
17.16.
Malların nümunələr üzrə alqı-satqı
müqaviləsi hər iki tərəfin
qarşılıqlı razılığı ilə tərtib
edilmiş sənədlə (müqavilə) rəsmiləşdirilə
və ya mal almaq haqqında poçt, teleqraf, teletayp, telefon,
elektron və s. üsullarla bilavasitə tərəflərin
iradəsilə bağlanıla bilər.
17.17.
Malların nümunələr üzrə alqı-satqı
müqaviləsində (hansı formada
bağlanılmasından asılı olmayaraq)
aşağıdakılar göstərilməlidir:
17.17.1. satıcının adı və hüquqi
ünvanı;
17.17.2. istehlakçının və ya onu təmsil edənin
soyadı, adı, atasının adı, ünvanı;
17.17.3. malın çatdırılma ünvanı və
tarixi;
17.17.4. malın adı, artikulu, komplektə daxil olan
predmetlər, malın qiyməti;
17.17.5. göstərilən xidmətin növü,
yerinə yetirilmə müddəti və qiyməti;
17.17.6. satıcı və istehlakçının
öhdəlikləri.
17.18.
Malların nümunələr üzrə alqı-satqı müqaviləsi
bilavasitə satış yerində malın dəyərinin
ödənilməsi barədə istehlakçıya kassa, əmtəə
çeki (digər sənəd) verildiyi andan və ya
satıcının təklif etdiyi şərtlərlə
istehlakçının mal almaq niyyətini bu və ya digər
rabitə vasitəsilə çatdırdığı vaxtdan bağlanılmış
hesab edilir.
17.19.
Satıcı malların texniki xidməti haqqında
istehlakçı ilə xüsusi müqavilə
bağlamalı və mürəkkəb texniki malların
quraşdırılması, standartlara
uyğunlaşdırılması, istismara qoşulması barədə
texniki sənədlərdə qeyd olunmuş xüsusi təlimatı
ona təqdim etməlidir.
17.20.
İstehlakçının təqsiri üzündən mallar
təyinat yerinə çatdırılmadan geri
qaytarıldıqda, istehlakçı tərəfindən əlavə
haqq ödənilməklə, mallar təkrar müvafiq yerə
çatdırıla bilər.
17.21.
Əgər istehlakçıya müqavilə şərtlərinə
uyğun olmayan qüsurlu mal göndərilərsə,
istehlakçı 14 gündən gec olmayaraq, satıcıya
malda aşkarlanmış qüsurlar barədə məlumat
verməlidir. Bu halda satıcı qüsurlu malı
yenisi ilə əvəz etməlidir. Əgər
qeydə alınan qüsur istehlakçı tərəfindən
aradan qaldırılarsa, çəkilmiş xərc
satıcı tərəfindən istehlakçıya ödənilməlidir.
17.22.
Əvvəlcədən haqqı ödənilmiş malın
çatdırılması müqavilədə göstərilən
müddətdə
yerinə yetirilmədikdə, istehlakçı
malın çatdırılmasını və ya əvvəlcədən
ödənilmiş məbləğin geri qaytarılmasını
satıcıdan tələb edə bilər.
17.23.
Müqavilədə malın verilməsi
(çatdırılması) istehlakçının bilavasitə
satış yerində malın dəyərinin ödənilməsi
ilə şərtləndirilə bilər.
17.24.
Əgər müqavilədə malın
çatdırılması müddəti nəzərdə
tutulmayıbsa, istehlakçı malı
ağlabatan müddətdə təyinat yerinə
çatdırmağa borcludur.
17.25.
Nümunələr üzrə alqı-satqı müqaviləsi
əgər müqavilədə başqa qayda nəzərdə
tutulmayıbsa, malın müqavilədə göstərilən
təyinat yerinə çatdırıldığı andan, təyinat
yeri göstərilmədikdə isə istehlakçının
və ya onu təmsil edənin yaşayış yerinə
çatdırıldığı vaxtdan icra edilmiş hesab olunur.
17.26.
Müqavilədə həmçinin bu və ya digər xidmət
göstərilməsi ilə əlaqədar şərtlər
olduqda, belə müqavilə şərtləşdirilmiş
xidmətin yerinə yetirildiyi vaxtdan icra edilmiş hesab olunur.
17.27.
Qanunla və digər normativ aktlarla malların keyfiyyətinə
dair məcburi şərtlər müəyyən edildikdə,
satıcı keyfiyyəti məcburi tələblərə
uyğun gələn
malı istehlakçıya verməyə borcludur.
17.28.
Müqavilədə keyfiyyətlə bağlı şərtlər
olmadıqda, satıcı malın məqsədli təyinatına
uyğun və adətən istifadə edilən malı istehlakçıya
verməyə borcludur.
17.29.
Satıcı malla birlikdə istehlakçıya mala aid sənədləri
də (texniki pasport, istifadə təlimatı və s.) verməlidir.
17.30.
Lazımi keyfiyyətdə olmayan malı əldə edən
istehlakçı bu Qaydaların 5.52-ci - 5.59-cu bəndlərində
göstərilən tələblərdən birini irəli sürə bilər.
17.31.
Müqavilə ləğv edildikdə, satıcının tələbilə
və onun hesabına
istehlakçı qüsurlu malı geri
qaytarmağa borcludur.
17.32.
Satıcıya (istehsalçıya) qarşı bu
Qaydaların 5.52-ci -5.59-cu bəndlərindəki tələblər
istehlakçı tərəfindən müvafiq sənədlər
əlavə edilməklə yazılı şəkildə irəli
sürülməlidir.
18.
İstifadədə olmuş qeyri-ərzaq mallarının
satışının xüsusiyyətləri
18.1. Bu
Qaydaların 5.10-cu bəndində göstərilən məlumatlarla
yanaşı, istifadədə olmuş qeyri-ərzaq
mallarına dair istehlakçılara aşağıdakılar
barədə də məlumat verilməlidir:
18.1.1 malın vəziyyəti və
qüsurları (çatışmazlıqları);
18.1.2. mala dair
görülmüş sanitariya–epidemioloji tədbirlər;
18.1.3. texniki xüsusiyyətləri (mürəkkəb
texniki mallar üçün);
18.1.4. malın təyinatı və onun təyinatı
üzrə və ya digər məqsədlər
üçün istifadə imkanları.
18.2.
İstifadədə olmuş qeyri-ərzaq mallarının vəziyyəti,
xüsusiyyətləri, o cümlədən qüsurları
(çatışmazlıqları) haqqında məlumatlar əmtəənin
yarlığında göstərilməlidir.
18.3.
Müəyyən olunmuş tələblərə
uyğunluğun təsdiq edilməsi, yararlılıq və ya
xidmət müddəti haqqında məlumat verilməsi tələb
olunan istifadədə olmuş qeyri-ərzaq malları
satışa təqdim edildikdə, lakin belə məlumatların
verilməsi mümkün olmadıqda, satıcı bu haqda
istehlakçını xəbərdar etməlidir.
18.4.
İstifadədə olmuş tibbi təyinatlı mallar, dərman
preparatları, şəxsi gigiyena əşyaları, ətriyyat-kosmetika
malları, məişət kimyası malları, corablar, alt
paltarları, körpə uşaqlar üçün paltarlar və
müvafiq sanitariya işlənməsindən keçməyən
və bu barədə müvafiq təsdiqedici sənədləri
(sertifikatı) olmayan paltarların, birdəfəlik istifadə
üçün nəzərdə tutulmuş qabların
satışı qadağandır.
18.5.
İstifadədə olmuş mallara satışqabağı
baxış keçirilməli, növlərinə və
istehlak xüsusiyyətlərinin itirilməsi əlamətlərinə
görə ayrılmalı, xarici əlamətlərinə
görə keyfiyyəti, malın işə
yararlılığı, komplektliyi və lazımi sənədlərin
mövcudluğu yoxlanılmalıdır.
18.6.
Əgər istifadədə olmuş malın üzərində
təmizləmə, yuma, dezinfeksiya,
dezinseksiya aparılmayıbsa və ya bu barədə
müvafiq təsdiqedici sənədlər mövcud deyildirsə,
satıcı malı satışqabağı bu əməliyyatlardan
keçirməlidir.
18.7.
İstifadədə olmuş texniki mürəkkəb məişət
əşyaları satılan zaman istehlakçıya əmtəə
çeki ilə yanaşı (satıcıda mövcud
olduğu zaman), müvafiq texniki sənədlər (texniki
pasport və ya onu əvəz edən sənədlər,
istifadə qaydaları barədə təlimat), həmçinin
zəmanət talonu verilməlidir.
18.8.
İstifadədə olmuş lazımi keyfiyyətdə olmayan qeyri-ərzaq
malı satıldıqda, malda mövcud olan qüsurlar,
çatışmazlıqlar barədə istehlakçıya
məlumat verilmədikdə, istehlakçı öz
seçimi ilə bu Qaydaların 5.52-5.59-cu bəndlərində
nəzərdə tutulan tələbləri irəli sürə
bilər.
18.9. Bu Qaydaların 5.52.3-cü və 5.52.4-cü
yarımbəndlərində göstərilən tələblər
əmtəənin xarakterindən və ya öhdəliyin
mahiyyətindən başqa digər hal yaratmadığı
halda irəli sürülə bilər.
19. Meyvə-tərəvəz məhsullarının
satışı
19.1. Meyvə-tərəvəzlərin,
meyvə-tərəvəz yarımfabrikatlarının,
yabanı meyvələrin və giləmeyvələrin təzə,
qurudulmuş, emal edilmiş, konservləşdirilmiş şəkildə
pərakəndə satışı meyvə-tərəvəz
mağazalarında, pavilyonlarda və digər ticarət obyektlərində
həyata keçirilir.
19.2. Ticarət
obyektlərində, eləcə də mövsümi və səyyar
ticarət obyektlərində, arabalarda, açıq tərəvəz
bazarlarında təzə meyvə-tərəvəz məhsullarının
qəbuluna və satışına həmin məhsullar
fitosanitar nəzarəti orqanları tərəfindən
yoxlanıldıqdan sonra icazə verilir.
19.3. Meyvə-tərəvəz
satışını həyata keçirən obyektlər
texniki normalara uyğun lazımi mexaniki vasitələrlə və
inventarlarla təmin edilməlidir.
19.4.
Dövlət sanitariya nəzarəti orqanlarının rəsmi
icazəsi olmayan yerlərdə, həmçinin qanunvericiliklə
müəyyən edilmiş hallarda fitosanitar tələblərə
uyğunluğu sertifikatlaşdırılmamış meyvə-tərəvəz
məhsullarının satışı qadağandır.
19.5.
Qablaşdırılmış meyvə-tərəvəz məhsulları
haqqında istehlakçılara onların xüsusiyyətləri
nəzərə alınmaqla, bu Qaydaların 5.10-cu bəndində
göstərilən məlumatlarla yanaşı, məhsulun
emalının xüsusi üsulları, reklam xarakterli məlumatlar,
yığım (tədarük) tarixi, qablaşdırma tarixi,
saxlanma şərtləri, malların normativ tələblərin
məcburi şərtlərinə uyğunluğunu təsdiq
edən sənəd barədə də məlumat verilməlidir.
19.6. Meyvə-tərəvəz
məhsulları ticarət zalında xüsusi
ayrılmış yerlərdə çıxdaş olanlar
ayrıldıqdan sonra satışa
çıxarılmalıdır.
19.7. Meyvə-tərəvəz
məhsulları rəflərdə, piştaxtalarda, kasetlərdə,
zənbillərdə, yeşiklərdə yerləşdirilməlidir.
19.8.
Piştaxtada, şüşə rəflərdə və
vitrində malın adı, növü, ədədlə və
ya çəki ilə satış qiyməti göstərilməlidir.
19.9.
Satış prosesində keyfiyyəti aşağı
düşən meyvə-tərəvəz məhsulları
müəyyən edilmiş qaydada yenidən qiymətləndirilərək
satışa təqdim oluna bilər.
20.
Malların səyyar (mövsümi) satışının
xüsusiyyətləri və xidmətlərin göstərilməsi
20.1. Səyyar
(mövsümi) ticarət və xidmət küçələrin,
səkilərin hərəkət hissəsində, dövlət
müəssisə və təşkilatların binalarına,
tarixi və mədəniyyət abidələrinə, təhsil
müəssisələrinə bitişik ərazilərdə
həyata keçirilə bilməz.
20.2.
Müəyyən edilmiş sahələrdən kənarda səyyar
(mövsümi) ticarət və xidmət fəaliyyəti
qadağandır.
20.3. Səyyar
(mövsümi) ticarət və xidmət zamanı icazə verilməyən yerlərdə
aşağıdakı malların satılması (xidmətin
göstərilməsi) qadağandır:
20.3.1. qiymətli metallardan və qiymətli
daşlardan olan məmulatların;
20.3.2. ancaq elektrik şəbəkəsindən
qidalanan mürəkkəb texniki malların (radio, televizor,
elektrik məişət cihazları və digər elektrik
mallarının);
20.3.3. səsgücləndirici cihazlardan istifadə etməklə
audiokasetlər və audiovizual əsər və
fonoqramların, elektron-hesablayıcı maşınlar
üçün proqramların (onların nüsxələrinin);
20.3.4. dondurma, alkoqollu içkilər, pivə,
istehsalçı tərəfindən
qablaşdırılmış çörək-bulka və qənnadı
məmulatları istisna olmaqla, bütün növ qida məhsullarının;
20.3.5. insanların sağlamlığına və ətraf
mühitə mənfi təsir göstərə bilən digər
məhsulların.
20.4.
Malların və məhsulların bilavasitə səkilərə,
torpağın, yaşıllıqların, ağacların,
yeşiklərin və s üzərinə qoyularaq
satışı qadağandır.
20.5. Səyyar
(mövsümi) ticarət və xidmət fəaliyyətinin həyata
keçirildiyi yerdə verilmiş icazənin surəti
asılmalıdır.
20.6. Səyyar
(mövsümi) ticarət və xidmət fəaliyyətini həyata
keçirən hüquqi və fiziki şəxslər
aşağıdakıları yerinə yetirməyə
borcludurlar:
20.6.1. fəaliyyət növünün
aparılması üçün müəyyən edilmiş
tələblərə və qaydalara əməl etməyə;
20.6.2. ayrılmış ərazidən kənarda fəaliyyətə
yol verməməyə;
20.6.3. icazə verilmiş fəaliyyət
növündən başqa digər fəaliyyəti həyata
keçirməməyə;
20.6.4. ətrafda yaşayan və istirahət edən əhalinin
narahatçılığına səbəb olan hərəkətlərə
yol verməməyə;
20.6.5. ictimai asayişi pozmamağa;
20.6.6. sanitariya normalarına əməl etməyə;
20.6.7. səyyar (mövsümi) ticarət və xidmət
fəaliyyəti başa çatdıqdan sonra
ayrılmış ərazinin əvvəlki vəziyyətini bərpa
etməyə;
20.6.8. səlahiyyətli dövlət
orqanlarının mütəxəssisləri tərəfindən
icazə verilmiş sahələrdə müvafiq fəaliyyət
növünün həyata keçirilməsi qaydalarına,
istismar şərtlərinə və əhaliyə xidmətin
təşkilinə nəzarət edilməsinə şərait
yaratmağa.
20.7. Səyyar
(mövsümi) ticarət və xidmət zamanı sanitariya norma və qaydalarının tələblərinə
riayət olunmalıdır.
20.8.
Dövlət sanitariya nəzarət orqanları tərəfindən
rəsmi icazə verilməyən yerlərdə və
satışına icazə verilmiş çeşiddən kənara
çıxmaqla ərzaq məhsullarının səyyar
satışı qadağandır.
21. Kredit
müqaviləsi üzrə malların satışının
xüsusiyyətləri
21.1.
Malların kredit müqaviləsi üzrə satışı
mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq, pərakəndə ticarət obyektləri
tərəfindən həyata keçirilir. Bu
zaman ödəniş mal istehlakçıya verildikdən sonra
hissə-hissə ödənilir.
21.2. Malların kreditlə
satışında ödənişin müddəti
alqı-satqı müqaviləsi ilə müəyyən
edilir. Müqavilədə müddət müəyyən
edilmədikdə, istehlakçı mülki qanunvericilikdə
nəzərdə tutulmuş müddətdə öhdəliyi
yerinə yetirməlidir.
21.3.
Malı təhvil almış istehlakçı müqavilədə
nəzərdə tutulan müddətdə ödənişi həyata
keçirmədikdə, satıcı malın qiymətinin
ödənilməsini və ya malın qaytarılmasını
tələb edə bilər.
21.4.
Satıcı müqavilədə göstərilmiş malı verməkdən imtina edərsə,
istehlakçı öhdəliyin icrasını
dayandırmaqla və ya icrasından imtina etməklə, zərərin
əvəzinin ödənilməsini tələb etmək
hüququna malikdir.
22.
Bazarlarda ticarətin təşkili
22.1.
Mülkiyyətçinin razılığı ilə
bazarın ərazisində qanunvericiliyə uyğun olaraq,
aidiyyəti dövlət orqanları ilə
razılaşdırılmaqla, pərakəndə ticarət
(xidmət) obyektləri yerləşdirilə bilər.
22.2.
Bazarların ərazisində satışı qadağan edilən
malların siyahısı, göstərilən xidmətlərin
növü və dəyəri, bazarın idarəetmə,
dövlət baytarlıq, fitosanitar xidmətlərinin yerləşdikləri
məntəqə, mal qrupları üzrə
ixtisaslaşmış ticarət zonaları haqqında məlumatlar
görünən yerdə (girişdə) yerləşdirilməlidir.
22.3.
Bazarın fəaliyyətinin tənzimlənməsi məqsədi
ilə bazarın rəhbəri (mülkiyyətçisi) və
onun ərazisində daimi fəaliyyət göstərən pərakəndə
ticarət, ictimai iaşə, məişət və digər
xidmət obyektləri arasındakı münasibətlər
müqavilələr əsasında tənzimlənir.
22.4.
Bazarın fəaliyyətinin tənzimlənməsi məqsədi
ilə bazarın rəhbəri (mülkiyyətçisi) tərəfindən
aşağıdakılar təşkil edilməlidir:
22.4.1.
sanitariya-gigiyena və yanğından mühafizə
qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət
etməklə masaların, arabaların və digər ləvazimatların
ticarət cərgələrində (zonalarında) yerləşdirilməsi,
həmçinin istehlakçıların və
satıcıların müstəqil hərəkəti
üçün şəraitin yaradılması;
22.4.2.
qeyri-ərzaq mallarının satışı
üçün xüsusi yerlərin ayrılması;
22.4.3. müxtəlif mal qruplarının
satışı üçün xüsusi şərait
yaradılmış yerlərin ayrılması;
22.4.4. ticarət obyektlərinin və digər tikililərin
qüvvədə olan sanitariya, əməyin mühafizəsi, əhalinin
sağlamlığının və ətraf mühitin
qorunması, yanğından mühafizəsi, habelə
malların istehsalı, saxlanılması və
satışı üzrə tələblərə uyğun
olaraq müvafiq avadanlıqlarla (tərəzilərin, sanitar
geyimlərinin və digər ticarət inventarlarının
kirayəyə verilməsi şərtilə) təmin edilməsi;
22.4.5. lokal rabitə vasitəsilə elan və
reklamların verilməsi;
22.4.6. satıcılara qiymət
kağızlarının verilməsi;
22.4.7. ət və ət məhsullarının
doğranması üçün satıcıların
xüsusi avadanlıqlarla, cihazlarla, alətlərlə təmin
edilməsi;
22.4.8. satıcıların malların
saxlanılması üçün xüsusi şəraitli
soyuducularla, digər kamera və anbarlarla təmin edilməsi;
22.4.9. bazarın rəhbəri (mülkiyyətçisi)
ilə mal satan arasında bağlanılan müqaviləyə
uyğun olaraq, bazarlarda piştaxtadan, masadan, arabadan,
maşından və digər vasitələrdən istifadə
üçün ödənilmiş pula görə ödəmə
qəbzinin (və ya kassa mədaxil orderinin) verilməsi;
22.4.10. qida üçün yararsız olan ərzaq məhsullarının
zərərsizləşdirilərək məhv edilməsi
üçün util peçinin təşkil edilməsi;
22.4.11. qanunvericiliyə uyğun olaraq, aidiyyəti
dövlət nəzarəti orqanlarının müvafiq
göstərişlərinin icra edilməsi.
22.5.
Bazarda aşağıdakılara yol verilmir:
22.5.1. qanunvericiliklə müəyyən edilmiş
keyfiyyət və təhlükəsizlik tələblərinə
cavab verməyən malların və məhsulların
satışına;
22.5.2. satış üçün xüsusi şəraiti
olmayan yerlərdə (obyektlərdə) tez xarab olan ərzaq məhsullarının
satışına;
22.5.3. Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsi tərəfindən
damğalanmamış tərəzidən və digər
ölçü cihazlarından istifadəyə.
23. İctimai iaşə xidmətlərinin
göstərilməsi
23.1.
İcraçı istehlakçılar üçün
qanunvericiliyə zidd olmayan davranış qaydalarını
müəyyən etmək (siqaret çəkilməsinin məhdudlaşdırılması,
salona daxil olarkən üst geyiminin girişdə qarderoba təhvil
verilməsi və s.) hüququna malikdir.
23.2.
İctimai iaşə obyektlərində göstərilən
xidmətlərin siyahısı icraçı tərəfindən
sərbəst olaraq müəyyən edilir.
23.3.
İctimai iaşə obyektlərində kənardan
alınmış məhsulların satışı və əlavə
xidmətlərin göstərilməsi zamanı
yaranmış münasibətlər müvafiq satış və
ya xidmət qaydaları ilə tənzimlənir.
23.4.
İctimai iaşə obyektlərində hazırlanan məhsulların
hər birinin kalkulyasiyası olmalıdır. Menyu
və çeşid siyahısı hər bir yemək və məhsul
üzrə tərtib edilmiş kalkulyasiya vərəqlərinə
əsaslanmalıdır. İctimai iaşə
obyektlərində istehlakçılarla hesablaşmalar
zamanı nəzarət-kassa aparatının çeki ilə
yanaşı, göstərilmiş ictimai iaşə xidmətinin
dəyərini (çekdəki məbləği) təsdiq edən
və xidmətin tərkibinə daxil olan yemək və məhsulların
adları göstərilmiş hesab təqdim edilməlidir.
23.5.
İcraçı öz təşkilatının adı, yerləşdiyi
ünvanı, tipi (növü), dərəcəsi
(kateqoriyası), iş rejimi, təklif olunan kulinariya məhsulları
və göstərilən xidmətlər barədə zəruri
informasiyanı istehlakçılara
çatdırmalıdır.
23.6.
Göstərilən xidmətləri düzgün seçə
bilməsi üçün istehlakçının tələbi
ilə icraçı ona aşağıdakılar barədə
məlumatları verməlidir:
23.6.1. xidmətlərin siyahısı və icra şərtləri;
23.6.2. xidmətlərin qiymətləri və ödəniş
şərtləri;
23.6.3. təklif olunan iaşə məhsullarının
firma adı və tərkibi;
23.6.4. təklif olunan xörəklərin, alkoqollu və
sərinləşdirici içkilərin pay həcmləri və
qiymətləri;
23.6.5. istehsal olunan iaşə məhsullarının
və göstərilən xidmətlərin istinad edildiyi
normativ sənədlər.
23.7.
İstehlakçılara məhsul və xidmətlər barədə
məlumatlar mülkiyyətçi və ya obyektin rəhbəri
tərəfindən təsdiq edilmiş menyu, çeşid
siyahısı və yaxud digər üsullarla
çatdırılmalıdır.
23.8.
İstehlakçıya məlumatlar Azərbaycan dilində, zəruri
hallarda isə digər dillərdə də verilməlidir. İstehlakçı ona təklif olunan iaşə məhsullarının
əsas istehlak xassələri, keyfiyyəti, həmçinin
xörəklərin hazırlanma texnologiyası barədə əlavə
məlumatlar (kommersiya sirri təşkil edən məlumatlardan
başqa) almaq hüququna malikdir.
23.9.
İcraçı qarşılıqlı razılıq və
şərtlər əsasında hər bir istehlakçıya
xidmət göstərməyə borcludur. Xidmət
şərtləri, o cümlədən qiymətlər
(qanunvericiliklə müəyyən edilmiş ayrı-ayrı
istehlakçı kateqoriyalarına güzəştli xidmətlərin
göstərilməsi halları istisna olmaqla) bütün
istehlakçılar üçün eyni (bərabər)
müəyyən edilməlidir.
23.10.
Əvvəlcədən sifariş əsasında göstəriləcək
xidmətlər müqavilələrin, sifariş qəbzlərinin
və ya digər sənədlərin tərtib edilməsi ilə
rəsmiləşdirilir. Həmin sənədlərdə
icraçı və istehlakçıların adı,
soyadı, xidmət növü və onun qiyməti, ödəniş
şərtləri, sifarişin qəbulu və icra tarixi,
sifarişi qəbul edən şəxsin imzası və digər
məlumatlar öz əksini tapmalıdır. Rəsmiləşdirilmiş sənədin bir
nüsxəsi sifarişçiyə (istehlakçıya) təqdim
olunmalıdır.
23.11.
Sifarişlər telefon və digər rabitə vasitələri
ilə qəbul edilə bilər.
23.12.
İcraçı istehlakçıya onunla
razılaşdırılmış müddətdə xidmət
göstərməyə borcludur.
23.13.
İcraçı istehlakçıya normativ sənədlərin
məcburi tələblərinə və sifariş şərtlərinə
uyğun olan keyfiyyətli xidmət göstərməlidir. Təqdim edilən malların (məhsulların)
keyfiyyəti və təhlükəsizliyi müvafiq
normativ-texniki sənədlərin tələblərinə
cavab verməlidir.
23.14.
İstehlakçı ona təklif olunan iaşə məhsullarının
həcmini (çəkisini) yoxlamaq hüququna malikdir. İcraçı istehlakçıya iaşə məhsulunun
həcminin (çəkisinin) yoxlanılması
üçün müvafiq şərait yaratmalıdır.
23.15.
İcraçı göstərilən xidmətlərin keyfiyyətinə
və təhlükəsizliyinə görə qanunvericiliklə
müəyyən olunmuş qaydada məsuliyyət
daşıyır.
23.16.
İctimai iaşə məhsullarının istehsalı və
istehlakının təşkili (xidmət göstərilməsi)
normativ sənədlərin məcburi tələblərinə
uyğun olaraq, xüsusi hazırlıq və profilaktiki tibbi
müayinədən keçmiş işçilər tərəfindən
həyata keçirilməlidir.
23.17.
İctimai iaşə obyektləri əsas fəaliyyəti ilə
yanaşı, növündən və dərəcəsindən
asılı olaraq, istehlakçılara əlavə (ödənişli)
xidmətlər də göstərə bilərlər. Əlavə xidmətlərin dəyəri menyu və
ya preyskurantda əks etdirilməlidir. İstehlakçıya
məcburi əlavə xidmətlərin göstərilməsinə
yol verilmir.
23.18.
İcraçı əvvəlcədən sifarişin
qarşılıqlı öhdəliklərlə müəyyən
edilmiş müddətdə yerinə yetirilməsinə təminat
verməlidir.
23.19.
Əvvəlcədən sifariş üzrə göstəriləcək
xidmətin icra müddətinin pozulduğu və ya keyfiyyətsiz
yerinə yetirildiyi hallarda istehlakçı
aşağıdakıları tələb edə bilər:
23.19.1. sifarişin icrası üçün yeni
müddətin müəyyən edilməsini;
23.19.2. göstərilən xidmətin qiymətinin
aşağı salınmasını;
23.19.3. icraçının hesabına
(istehlakçını qane edən müddətdə)
nöqsanların aradan qaldırılmasını və ya
müvafiq keyfiyyətdə oxşar iaşə məhsulunun
hazırlanmasını, yaxud onun digər məhsulla əvəz
olunmasını;
23.19.4. xidmətdən imtina edilməsini.
23.20.
Sifariş üzrə göstəriləcək xidmətin icra
müddətinin pozulmasına görə istehlakçı ona
dəymiş ziyanın tam həcmdə ödənilməsini
tələb edə bilər. Zərərin
ödənilməsi qanunvericiliklə müəyyən
olunmuş müddətlərdə həyata keçirilir.
Əgər icraçı xidmət müddətinin
pozulmasının ondan asılı olmayan səbəblərdən
və ya sifarişçinin təqsiri üzündən
baş verməsini sübuta yetirərsə,
istehlakçının tələbi ödənilmir.
23.21.
İctimai iaşə obyektlərində məhsulun
hazırlanması zamanı istifadə olunan suyun keyfiyyəti
normativ-texniki sənədlərin tələblərinə
uyğun olaraq aşağıdakı şərtlərə
cavab verməlidir:
23.21.1. ictimai iaşə obyektində içməli, təmizləmə
və digər məqsədlər üçün kifayət
qədər və uyğun təzyiqdə isti və soyuq su
olmalıdır;
23.21.2. su anbarları, qablar üstüörtülü,
təmiz olmalı və asanlıqla yoxlanıla biləcək
yerdə yerləşdirilməlidir;
23.21.3. istifadə olunan su qanunvericilikdə nəzərdə
tutulmuş tələblərə və gigiyena normalarına
cavab verməlidir.
23.22.
İctimai iaşə xidmətinin təşkili zamanı
qanunvericiliklə müəyyən edilmiş sanitariya
qaydalarının və gigiyenik normativlərin tələblərinə
ciddi riayət olunmalıdır.
24. Məişət
və digər növ xidmət obyektlərində xidmətlərin
göstərilməsi
24.1.
İcraçı istehlakçıya göstərilən xidmətlərin
(yerinə yetirilən işlərin) icra yerini (səyyar qəbul
məntəqələri və digər yerlər) və şəraitini
nəzərə almaqla, onların dəyərinin ödəniş
forması və qaydası haqqında məlumat verməlidir.
24.2.
Sifarişlərin qəbul edildiyi xidmət obyektlərində
bu məlumatlar istehlakçı üçün rahat və
görünən yerdə yerləşdirilməklə,
aşağıdakıları əhatə etməlidir:
24.2.1. istehlakçıların hüquqlarının
müdafiəsi ilə məşğul olan dövlət və
ictimai qurumlar haqqında məlumatları;
24.2.2. göstərilən əsas və əlavə
xidmətlərin (işlərin) siyahısını;
24.2.3. təklif olunan xidmətlərin (işlərin)
və onların icrası zamanı istifadə olunan
materialların, ehtiyat hissələrinin qiymətlərini;
24.2.4. istehlakçıya təklif olunan
hazırlanacaq məmulatların (yerinə yetirilən işlərin)
nümunələrini (modelini) nümayiş etdirən vitrinləri
(moda jurnallarını, albomları və s.);
24.2.5. xidmət göstərilməsində
(işin yerinə yetirilməsində) istifadə edilən əsas
və köməkçi materialların istehlakçıya təklif
olunan nümunələrini;
24.2.6. icraçının iş rejimi, hüquqi
ünvanı və telefon nömrəsi haqqında məlumatları.
24.3.
Göstərilən xidmət və icraçı haqqında
istehlakçıya düzgün olmayan məlumatların verilməsi
onun (istehlakçının) həyatına,
sağlamlığına və ya əmlakına ziyan
vurulması ilə nəticələnərsə, sonuncu
müqaviləni pozmaqla (Azərbaycan Respublikasının
qanunvericiliyi ilə daha yüksək məsuliyyət nəzərdə
tutulmamışdırsa), ona dəymiş ziyanın tam həcmdə
ödənilməsini tələb edə bilər.
24.4.
İcraçı öz fəaliyyət növünə
uyğun olan xidmətlər (işlər) üzrə
sifarişləri qəbul edir. Xidmət göstərilməsi
(işlərin yerinə yetirilməsi) üçün
sifarişlər bilavasitə xidmət obyektlərində,
onların filiallarında, iş, təhsil,
yaşayış və istirahət yerlərində qəbul
edilə bilər. Xidmət göstərilməsi (işin yerinə
yetirilməsi) üçün sifariş
aşağıdakı məlumatları əks etdirən
müqavilə ilə, habelə nağd pul hesablaşmaları
aparılan zaman çek, qəbz və digər ciddi hesabat
blankları tərtib edilməklə rəsmiləşdirilir:
24.4.1. icraçının hüquqi ünvanı,
sifarişçinin adı və soyadı, ünvanı və
telefonu;
24.4.2. sifarişin qəbul olunması tarixi, yerinə
yetirilməsi müddəti və avans məbləği;
24.4.3. xidmətin (işin) növü, onun yerinə
yetirilməsi üçün icraçı və
istehlakçı tərəfindən təqdim olunan
materialların (əşyaların) tam adı;
24.4.4. xidmətin qarşılıqlı
razılaşdırılmış dəyəri və
miqdarı;
24.4.5. təmirə verilən məmulatın zavod
nömrəsi;
24.4.6. tərəflərin məsuliyyəti;
24.4.7. sifarişçinin və qəbul edənin
imzaları;
24.4.8. tərəflərin razılığı ilə
digər məlumatlar.
24.5. Məmulatların
hazırlanması üçün sifarişlər nümunələr,
moda jurnalları və ya sifarişçinin təqdim etdiyi
eskizlər üzrə qəbul edilir. İcraçı
istehlakçının razılığı əsasında
məmulatın nümunə və hazırlanma texnologiyasından
kənarlaşmalara (əgər kənarlaşma
istehlakçının həyatı,
sağlamlığı, mülkiyyəti və ətraf
mühit üçün təhlükə yaratmırsa) yol
verə bilər.
24.6.
İcraçı normativ sənəddə nəzərdə
tutulmuş və ya istehlakçı ilə müqavilədə
müəyyən edilmiş müddətdə malın (göstərilən
xidmətin nəticələrinin) təyinatı üzrə
istifadə edilməsinə təminat verməlidir.
24.7.
Müəyyən edilmiş vaxtdan artıq istifadə edilməsi
istehlakçıların həyatına,
sağlamlığına, onların əmlakına və ya ətraf
mühitə təhlükə yarada və ya zərər vura
bilən mallara (işlərə, xidmətlərə) xidmət
müddəti (yararlılıq müddəti) müəyyən
edilməlidir.
24.8.
İstehlakçı müqavilə üzrə nəzərdə
tutulmuş iş (xidmət) üçün çəkilmiş
xərclərin dəyərini ödəməklə, istənilən
vaxt xidmət göstərilməsi (iş görülməsi)
haqqında müqaviləni poza bilər.
24.9.
Sifariş yerinə yetirildikdən sonra, icraçı dəyəri
istehlakçı tərəfindən ödənilmiş
ehtiyat hissələri və onların qalıqları barədə
ona (istehlakçıya) məlumat verməli, dəyişdirilmiş
hissələri və detalları sifarişçiyə
qaytarmalıdır.
24.10.
İcraçı xidmət göstərilməsində
(işin yerinə yetirilməsində) istifadə məqsədi
ilə istehlakçı tərəfindən təqdim edilən
materialların, ehtiyat hissələrinin və digər əşyaların
düzgün istifadəsi üçün məsuliyyət
daşıyır. İstehlakçıdan qəbul
edilmiş materiallar, ehtiyat hissələri və digər əşyalar
yararsız hala salındıqda və ya itirildikdə,
icraçı 1 ay müddətində onu
istehlakçının razılığı ilə eynitipli
və keyfiyyətli malla (əşya ilə) əvəz etməlidir.
Müəyyən səbəblərə görə
əvəz edilməsi mümkün olmadıqda,
istehlakçıya həmin materialın (əşyanın) dəyəri
və vurulmuş ziyanın məbləği icraçı tərəfindən
ödənilməlidir.
24.11.
İcraçı istehlakçıya
aşağıdakılar barədə məlumat verməlidir:
24.11.1. istehlakçının təqdim etdiyi
materialların və ehtiyat hissələrinin keyfiyyəti və
yararlılığı;
24.11.2. hazırlanmış məhsullardan və yerinə
yetirilmiş işlərin (göstərilən xidmətlərin)
nəticələrindən təhlükəsiz və səmərəli
istifadə;
24.11.3. icraçıdan asılı olmadan yerinə
yetirilən işin (göstərilən xidmətin) keyfiyyətinə
xələl gətirə biləcək amillər;
24.11.4. qanunvericilikdə nəzərdə tutulmuş
digər məlumatlar.
24.12.
İcraçı aşağıdakıları təmin etməlidir:
24.12.1. təyin edilmiş iş rejiminə riayət
edilməsini;
24.12.2. göstərilən xidmətlər (yerinə
yetirilən işlər) haqqında məlumatlar verilməsini;
24.12.3. göstərilən xidmətin (yerinə yetirilən
işin) lazımi keyfiyyətə, standartların tələblərinə
və müqavilənin şərtlərinə uyğun
olmasını;
24.12.4. hazırlanmış (təmir edilmiş) məhsulların
təyin edilmiş müddətlərdə təhvil verilməsini;
24.12.5. göstərilən xidmətin (yerinə yetirilən
işin) təhlükəsizliyini;
24.12.6. hazırlanmış (təmir edilmiş) məhsullar
üzrə müəyyən edilmiş müddətlərdə
zəmanət öhdəliklərinin yerinə yetirilməsini.
24.13.
İcraçı sifarişi müqavilə ilə və ya
digər sənədlərlə müəyyən edilmiş
müddətlərdə yerinə yetirməlidir. Sifarişin
icra müddəti, başlanğıc və son müddəti
qeyri-iş gününə təsadüf etdikdə, icra
müddəti növbəti iş günündən
hesablanır.
24.14.
Qarşılıqlı razılıq əsasında xidmətin
(işin) istehlakçının evində və ya digər
yerdə (məsələn, bağ sahəsində) icrası
zamanı, icraçı müəyyən edilmiş müddətdə
(vaxtda) işçilərin xidmət obyektinə gətirilməsini
təmin etməli, istehlakçı isə öz növbəsində
xidmət göstərilməsi (işin yerinə yetirilməsi)
üçün lazımi şərait yaratmalıdır.
24.15. Qəbul
edilmiş sifarişin icrasına
başlanılmadığı və ya xidmətin (işin)
gedişatı zamanı sifarişin müəyyən
edilmiş müddətdə yerinə yetirilmədiyi, habelə
sifarişin icra müddəti pozulduğu hallarda
istehlakçı icraçıdan
aşağıdakıları tələb edə bilər:
24.15.1. sifarişin icrasına başlanılması və
ya onun tam yerinə yetirilməsi üçün yeni müddətin
müəyyən edilməsini;
24.15.2. sifarişin yerinə yetirilməsinin digər
şəxsə tapşırılmasını
(icraçının hesabına);
24.15.3. xidmətə (işə) görə haqqın
müvafiq məbləğdə azaldılmasını;
24.15.4. müqaviləni pozmağı və vurulmuş
ziyanın ödənilməsini.
24.16.
Sifarişin icrasına başlamaq (və ya onu tam yerinə
yetirmək) üçün müəyyən edilmiş yeni
müddət müqavilədə və ya digər sənəddə
öz əksini tapmalıdır.
24.17. Yeni
müəyyən edilmiş müddətlərin pozulduğu
hallarda, istehlakçı müqavilənin pozulmasını və
vurulmuş ziyanın ödənilməsini tələb edə
bilər.
24.18.
Sifarişin icrasına vaxtında başlanılmaması və
ya xidmətin (işin) ləng gedişatı sifarişin
müəyyən edilmiş müddətə icrasının
qeyri-mümkünlüyünə səbəb olarsa, bu zaman
icraçı istehlakçıya dəyən zərəri
ödəməyə borcludur.
24.19.
Yerinə yetirilmiş sifarişin müqavilə və ya digər
sənəd üzrə müəyyən edilmiş qəbul
müddətinin pozulması halları üçün
müqavilə sənədlərində müxtəlif cərimə
şərtləri nəzərdə tutula bilər.
24.20.
Qanunda və ya müqavilədə digər hal müəyyən
edilməmişdirsə, icraçı müqavilə üzrə
şərtləşdirilmiş işi öz materialı və
vəsaitləri ilə yerinə yetirməyə borcludur və
materialın keyfiyyəti üçün məsuliyyət
daşıyır.
24.21.
Əgər icraçı zərərin
qarşısıalınmaz qüvvənin təsiri və ya
istehlakçının maldan, işin, xidmətin nəticələrindən
istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ
gəldiyini sübuta yetirərsə, məsuliyyətdən
azad edilir.
24.22.
Sifariş üzrə icra olunmuş işlər və ya göstərilmiş
xidmətlər tam şəkildə istehlakçılara
çatdırılmalıdır.
24.23.
İcra olunmuş işlərdə və ya göstərilmiş
xidmətlərdə çatışmazlıqlar aşkar
edildikdə, istehlakçı aşağıdakılardan
birini tələb edə bilər:
24.23.1. göstərilmiş xidmətdə (yerinə
yetirilmiş işdə) mövcud olan
çatışmazlıqların əvəzsiz olaraq aradan
qaldırılmasını;
24.23.2. göstərilmiş xidmətin (yerinə
yetirilmiş işin) dəyərinin müvafiq məbləğdə
azaldılmasını;
24.23.3. əvəzi ödənilməməklə, eyni
növlü materialdan müvafiq keyfiyyətdə digər məmulatın
hazırlanmasını və ya işin təkrar yerinə
yetirilməsini (paltarların yuyulması və ya kimyəvi təmizlənməsi,
təmir işləri və s.), yaxud öz vəsaitləri və
ya üçüncü şəxsin hesabına
çatışmazlıqların aradan
qaldırılmasına çəkilmiş xərclərin
ödənilməsini.
24.24.
Göstərilən xidmətdə (yerinə yetirilən
işdə) mövcud olan çatışmazlıqlar müəyyən
olunmuş müddətdə aradan qaldırılmazsa,
istehlakçı müqaviləni ləğv etməklə,
vurulmuş ziyanın ödənilməsini tələb edə
bilər. İstehlakçı həmçinin
göstərilən xidmətdə (yerinə yetirilən
işdə) çatışmazlıqlar və yaxud müqavilə
şərtlərindən kənarlaşmalar aşkar etdikdə,
həmin müqaviləni ləğv edə bilər. Müqavilənin ləğvi
istehlakçının yazılı ərizəsinə (ləğv
edilmə səbəbləri göstərilməklə) əsasən
həyata keçirilir. Ərizəyə
müqavilə əlavə olunur. Pulun, həmçinin
xammal və materialların istehlakçıya
qaytarılması ilə bağlı xərclər
icraçının hesabına ödənilir.
24.25. Bu
Qaydaların 24.15-ci bəndində nəzərdə tutulan tələblər
aşağıdakı hallarda istehlakçı tərəfindən
irəli sürülə bilər:
24.25.1. yerinə yetirilmiş sifarişin qəbulu
zamanı və ya zəmanət müddətində;
24.25.2. icra olunmuş sifarişin qəbul edildiyi tarixdən
qanunvericiliklə müəyyən edilmiş müddətdə (sifariş üzrə zəmanət
müddəti müəyyən edilmədikdə);
24.25.3. sifarişin icrası zamanı
çatışmazlıqlar aşkar edildikdə.
24.26. Xidmət
göstərilməsi (işin yerinə yetirilməsi)
zamanı aşkar edilmiş çatışmazlıqlar
istehlakçının təyin etdiyi müvafiq müddətdə
icraçı tərəfindən aradan
qaldırılmalıdır.
24.27.
Yerinə yetirilmiş sifarişin qəbulu zamanı istehlakçı
tərəfindən aşkar edilmiş
çatışmazlıqlar tərəflər arasında
razılaşdırılmış müddətdə (əgər
müqavilə üzrə daha az müddət
müəyyən edilməmişdirsə) aradan
qaldırılmalıdır. Çatışmazlıqların
aradan qaldırılması üçün istehlakçı
tərəfindən müəyyən edilmiş (və ya tərəflərlə
razılaşdırılmış) müddət, tərəflərin
imzaladıqları müqavilədə və ya digər sənəddə
öz əksini tapmalıdır. Çatışmazlıqların
aradan qaldırılması ilə bağlı müəyyən
edilmiş müddətlərin pozulmasına görə
icraçı qanunvericiliklə müəyyən olunmuş
qaydada məsuliyyət daşıyır.
24.28. Xidmətin
(işin) və onun yerinə yetirilməsi üçün
istifadə edilən materialların, ehtiyat hissələrinin dəyəri
və ödəniş forması tərəflər
arasında qarşılıqlı razılıq əsasında
müəyyənləşdirilir.
24.29. İstehlakçı öz istəyindən
asılı olaraq, müqavilə bağlanılan (sifariş qəbul
edilən) zaman ona göstəriləcək hər hansı
xidmətin (işin) tam və ya qismən dəyərini əvvəlcədən
ödəyə bilər.
Azərbaycan.-2014.- 13 aprel.- S.3.