İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası

 turizm nazirlərinin birinci toplantısı keçirilmişdir

 

 

Aprelin 11-də Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası turizm nazirlərinin birinci toplantısı keçirilmişdir.

Tədbirdə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclas cari ilin yayında Türkiyədə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısına hazırlıq xarakteri daşımışdır.

Nazirlərin görüşündən bir gün əvvəl Türk Şurasının turizm üzrə işçi qrupunun ikinci iclası keçirilmişdir.

Turizm nazirlərinin görüşünün məqsədi tarixi İpək Yolu üzərində yerləşən və quruma üzv ölkələr arasında turizm sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, xalqların tarixi-mədəni mirasları ilə təbii gözəlliklərinin təbliğinin gücləndirilməsidir. Gündəlikdə İpək Yolu üzərində ortaq turizm paketinin özəl sektorla əməkdaşlıq şəraitində reallaşdırılması, peşə təhsili, üzv və üçüncü ölkələrdə müştərək turizm sərgilərinin, infoturların təşkili və s. məsələlər yer almışdır.

Görüşdə turizm sahəsində əməkdaşlığa dair Protokol imzalanmışdır.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammiti turizm mövzusuna həsr olunacaqdır. Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qurumun ötən ilin avqustunda Qəbələdə keçirilmiş III Zirvə toplantısında irəli sürülmüşdür.

 

Azərbaycan.-2014.- 13 aprel.- S.3.