Mənəviyyat dərsləri
Yaxud Aydın Mirzəzadənin
"Müdriklik dərsləri" kitabını oxuyarkən
Bu gün insanları "yaxşı kitab" buraxmaqla təəccübləndirmək çox çətindir! Çünki bütün mövzularda, həm də ən müxtəlif poliqrafik keyfiyyətdə o qədər kitab çap edilib ki...
Maraqlı kitab yazıb oxucuları cəlb etmək də asan məsələ deyil! Çünki hərənin bir maraq dairəsi olduğundan hamının marağını bir kitabla təmin etmək istəyi yəqin ki, uğursuz alınar.
Dəbdə olan mövzuda nəsə yazıb heyrətləndirmək arzusu da ağlabatan görünmür. Çünki dəblər o qədər sürətlə dəyişir ki, kitab yazıb çap edənəcən başqaları yaranır.
Bəs insanları (başqa sözlə, oxucuları) dəbdə olmayan, amma yaxşı və maraqlı kitabla sevindirmək olarmı?
Sən demə, mümkün imiş! Və belə bir mümkün nümunəni Milli Məclisin deputatı Aydın Mirzəzadə bu günlərdə nəşr etdirdiyi "Müdriklik dərsləri" kitabı ilə göstərdi. Həm də lap çoxdan, keçmişdən unudulan ənənəni yenidən yada saldı.
Dünyanın hər yerində müdriklər tərəfindən yazılan, insanları ədalətə, zəhmətə, xeyirxahlığa, sədaqətə, bir-birinə hörmət etməyə, şükranlığa və digər mənəvi keyfiyyətlərə çağıran kitablar zaman-zaman meydana çıxıb. Hamının yaxşı tanıdığı "Qabusnamə", "Əxlaqi-Nasir", "Gülüstan", "Büstan" və digərləri belə əsərlərdəndir. Hətta onların bəzilərindən dərslik kimi də istifadə olunub. Amma son zamanlar bu ənənə tamam unudulmuşdu.
Çap və elektron mətbuatın tənqid üzərində kökləndiyi, ucuz sensasiyalara aludəçilik göstərildiyi, əksər televiziya kanallarında yalnız "pislərə", mentalitetimizə zidd mənəviyyat sahiblərinə geniş yer verildiyi bir vaxtda insanları mənəviyyatlı olmağa və saflığa çağıran kitabın işıq üzü görməsi təqdirəlayiq və sevindiricidir.
"Müdriklik dərsi" ən əvvəl mahiyyətinin xeyirxahlığına və təmizliyinə görə diqqət çəkir. Birlikdə oxuyaq:
"Bir gün ABŞ universitetlərindən birində professor dərsə başlayarkən tələbələrinə üz tutub deyir:
- Fərz edin ki, bu gün dünyanın son
günüdür. Sabah bu vaxt hər şey bitəcək. Xilas ola
bilməyəcəksiniz. Bu gün nə edərdiniz?
Tələbələr
müxtəlif cavablar verirlər:
- İbadət edib Allahdan günahlarımın
bağışlamasını diləyərdim.
-
Bütün sevdiklərimlə vidalaşardım.
-
Vaxtımı ailəmlə keçirərdim.
- Anama, ya
da atama baş çəkərdim.
-
Dostlarımla əylənərdim.
- Ən sevdiyim yeməyi yeyərdim.
- Meşədə
gəzərdim.
- Günəşin
batmasını və doğmasını izləyərdim.
- İncitdiyim insanlardan üzr istəyərdim.
-
Özümdə cəsarət tapıb onu sevdiyimi söyləyərdim.
Müəllim tələbələrin cavablarını
bir-bir lövhəyə yazır. Sonra gülümsəyərək
deyir:
-
Uşaqlar, bunları etmək üçün dünyanın
son günü olmalıdır məgər?".
Aydın Mirzəzadə
təqdim etdiyi əhvalatları müxtəlif kitablardan
köçürməklə bir yerə toplamayıb. Böyük əmək sərf etməklə
"seçmə əməliyyatı" aparıb,
oxuduqlarını, eşitdiklərini, şahidi
olduqlarını ürəyinin və beyninin süzgəcindən
keçirməklə orijinal əsər yaratmağa
çalışıb. "Mənbələri"
şərti formada beş qrupa bölmək
olar.
Haçansa
ayrı-ayrı müdriklərin dediklərini
saf-çürük etməklə zövqünə uyğun
olanları götürüb:
"Qədim yunan filosofu Diogen bir dəfə heykəlin
qarşısında duraraq təkidlə ondan pul istəyirdi. Ondan niyə belə etdiyini
soruşanda cavab verdi:
- Özümü rədd cavabına öyrəşdirmək
istəyirəm".
Eşidərək
yaddaşında saxladıqları:
"Qarışqanın
belində çanta harasa getdiyini görürlər.
Səfərinin son mənzilini soruşurlar:
-
Sevgilimin yanına gedirəm.
- Axı,
yolu uzaqdır, çata bilməzsən.
- Heç olmasa, onun yolunda ölərəm."
Ailələrində
baş verənləri:
"Anam ata-anasını balaca ikən itirmişdi və
evdə özündən bir qədər böyük
qardaşı və özündən kiçik bacısı
ilə birgə yaşayırdı. Müharibədən sonra kiçik
bacısı ev işlərinə
baxır, dayım və anam isə tarlada işləyirdilər.
Bir gün Novruz bayramı ərəfəsində anam
tarlada briqadada işləyərkən rayondan bir qrup gəlir və
hər bir işçiyə bir tikə şirin kökə
paylayır. Kökə bir nəfərə belə azlıq
edirdi. Ancaq anam ona dəyməyərək
evə, qardaş-bacısına aparmaq qərarına gəlir.
Axşam evə gələndə məlum olur ki, belə
kökələri digər yerdə işləyən
dayıma və evdə qalan xalama da paylayıblar.
Və hər kəs fikirləşib ki, yəqin kökə
ancaq buna verilib və onu axşama qardaş-bacısı
üçün saxlayıb".
Eşidib
gördüklərinə "düzəlişlər" edərək
məramına uyğunlaşdırdıqları:
"Şəhər avtobusunda gedən bir yaşlı
qadın bir kişinin əlini özündən qabaqdakı
cavan oğlanın cibindən
çıxardığını görür. O, qışqıraraq
kişinin cibə girdiyini bildirir.
Çox
yaxşı geyinmiş və mədəni danışan kişi heç bir cibə girmədiyini bildirir.
Bundan hiddətlənən avtobus sərnişinləri
oğlandan cibini yoxlamağı xahiş edirlər. Cavan oğlan utana-utana cibində cəmisi 20 qəpik
olduğunu və orda oğurlanmalı heç nə
olmadığını bildirir. Sərnişinlər
"20 qəpiyə də göz dikir, haram olsun"
qışqıraraq kişini döyməyə
hazırlaşırlar. Kişi yenə
sakit şəkildə heç bir cibə girmədiyini
bildirir.
Cavan oğlan təkid etdiklərinə görə cibini
yoxlayır və oradan 20 qəpik və... 50 manat
çıxır.
Hamı
sükutla və təəccüblə kişiyə b
axır.
Kişi gülümsəyərək deyir:
- İki-üç dəfə cavan oğlanın cibindən
20 qəpiyi çıxardığını və köks
ötürdüyünü gördüm. Ona kömək
etmək istədim, ancaq ehtiyat elədim ki, götürməz.
Ona görə də sakitcə cibinə pul
qoydum, amma bu nənə işimin üstünü
açdı. Çox istərdim ki, cavan
oğlan birdən cibindən 50 manat pul tapaydı.
Sərnişinlər
kişiyə çox sağ ol deyirlər,
hətta onu qucaqlayıb öpənlər də olur.
Ağlamsınan
nənə çantasından bir böyük alma
çıxararaq deyir:
- Sən
nə gözəl insansan. Xahiş edirəm, bu
almanı məndən götür. Qorxuram
ki, heç kəs görmədən onu sənin cibinə qoya
bilməyəm".
Ən nəhayət,
öz tapıntıları və fikirləri:
"Bir qisim insanların arzusu bir aya həyata keçə
bilər. Onlar isə onu bütün həyatın arzusuna
çevirirlər.
Kimsə dünən ağıllı idi və
dünyanı dəyişməyə çalışdı. Amma sonra
müdrik oldular və özlərini dəyişməyə
başladılar.
Sən daim üzün keçmişə durmaqla,
arxanı gələcəyə çevirmiş olursan.
Axarın əleyhinə tərəf üzmə. Axarla üzmə.
Sənə lazım olan tərəfə üz.
Özündə yaxşı nə varsa, dünyaya ver. Və
dünya özündə yaxşı nə varsa, sənə
verəcək.
Sənin
fikirlərin hardadırsa, s
ən də
ordasan. Elə elə ki, fikirlərin sənə
lazım olan yerdə olsun".
Kitabdakı
müxtəlif "dərs"lər insanları nəyə
çağırır? Təbii ki, mənəvi
zənginliyin ən müxtəlif cəhətlərinə.
Məsələn:
Alicənablığa:
"Yaxşılıq
elədin - yaddan çıxart,
Sənə yaxşılıq elədilər - yadda
saxla."
Azərbaycan
qadınına, onun adının təmizliyinə hörmətlə
yanaşmağa:
"Keçmiş dövrlərdə Azərbaycanın
əyalətlərinin birində ailəsi ilə mehriban
yaşayan bir bəy var imiş. Bir gün qohum-əqrəbası
və dostları bəyin arvadını boşamaq istədiyini
eşidirlər. Buna təəccüb edən qohumlar və
tanışlar onun yanına gedərək bunun səbəbini soruşurlar. O deyir:
- Bunu deyə
bilmərəm, o hələ ki, mənim həyat yoldaşımdır. Desəm, ailəmə və hələ ki arvadım
olan insanın üstünə kölgə düşər.
Boşanmadan
bir müddət sonra qohumlar və tanışlar onun yanına
gələrək həyat yoldaşını
boşamasının səbəbini soruşurlar. O deyir:
- İndi deyə bilmərəm. Boşanmış qadındır,
niyə adına söz gəlsin.
Bir
müddətdən sonra həmin qadın ərə
gedir. Qohumlar və tanışlar yenidən bəyin
yanına gələrək indi keçmiş
yoldaşını boşamasının səbəbini
soruşurlar. O deyir:
- İndi isə heç deyə bilmərəm. Ailə qurub, niyə adına söz gəlsin, Allah xoşbəxt eləsin".
Qəlb genişliyinə və
insanları anlamağa:
"Bir
idmançının etirafından:
Güləş
üzrə mötəbər
yarışların final mərhələsinə
çıxış və cempion olmaq şansı məndə
idi. Finaldan əvvəl eşitdim ki, rəqibimin
anası 3 gün əvvəl vəfat edib və o, qələbə
qazanaraq onu anasının xatirəsinə həsr etmək istəyir.
Final
yarışında heç kəsə hiss etdirmədən,
ona uduzdum. Hakim onun əlini yuxarı
qaldıranda mən də gizlicə sevinirdim. O isə həm
ağlayır, həm də gülürdü. Məşqçim
yarışdan sonra "buraxdığım səhvlərə"
görə məni xeyli danladı, ancaq mən ona heç nə
demədim.
Həmin gün evə
gedib, heç nə demədən anamı qucaqlayıb, xeyli
sakitcə durdum".
Xoş və
xeyirxah əməllərə üstünlük verməyə:
"Bir gün baba nəvəsinə
deyir:
- Hər
bir insanın içində iki şirin vuruşmasına bənzəyən
mübarizə gedir. Şirlərin biri pisliyin tərəfindədir
- paxıllıq, pislik, tənbəllik, eqoizm, əsasız iddia,
yalan. Digər şir xeyirxahlıq tərəfindədir:
sülh, məhəbbət, ümid, mehribanlıq, sadiqlik,
işgüzarlıq.
Babasının
söhbətindən xoşhallanan nəvə soruşur:
- Bəs,
sonda hansı şir qalib gəlir?
Qoca gülümsəyərək cavab verir:
- Sən tərəfində durduğun və yemlədiyin
şir".
Həyatda
mübariz olmağa:
"Arzun
var-ona tərəf qaç,
Qaça
bilmirsən - ona tərəf yeri,
Yeriyə
bilmirsən - ona tərəf sürün,
Sürünə
bilmirsən - üzün arzuya tərəf dayan...
... və sən mütləq arzuna
çatacaqsan".
İlk əvvəl
yaxşını, müsbəti görməyə:
"Bir nəfər
ağ kağıza qələmlə bir nöqtə qoyub, ətrafındakı
insanlara göstərir və soruşur:
- Nə
görürsünüz?
Cavab
verirlər:
- Nöqtə.
- Bir az iridir.
- Qələmi
bərk basdığınızdan kağız az
qalıb cırılsın.
Həmin
şəxs kağızı aşağı salıb susur və
bir qədər sonra deyir:
- Niyə
heç biriniz ağ kağızı
görmürsünüz?"
Mənəvi
borcu dərk etməyə:
"Bir fotoqraf Şərq ölkələrinin birində
qucağında balaca qardaşını aparan, özü ondan
bir az böyük olan bir qız görür.
Fotoqraf
ona deyir: "Yükün ağırdır."
Qız
fotoqrafa, onu şoka salan cavab verir: " Yük
deyil, qardaşımdır."
Şükranlığa:
"Yuxudan
durub fikirləşdi... "Allah, mənə..." və
dayandı... Nə barədə xahiş etsin?...
Gözəl ailə var... İş var... nəfəs
alır, görür və eşidir... Yeriyir və tükənmək
qorxusu yoxdur... Dostlar var və o da kiminsə dostudur... Daha nə
lazımdır?... Aha, tapdı... "Allah, bütün bunlara görə sağ ol və
məni bunlardan məhrum eləmə!"
Bu kitabı oxuyanda sevinir, özündə bir mənəvi
rahatlıq tapırsan. Düşünürsən ki, nə yaxşı həyatda
bu kitabda "rastlaşdığın" kimi insanlar hələ
də var. Həm də sən demə, insanın
özünü xoşbəxt sayması üçün həyatı
başa düşməsi və malik olduqlarını qiymətləndirməyi
bacarması da vacibmiş.
Biz
övladlarımıza təkcə mənzil, maşın,
var-dövlət və s. verib getməli deyilik!
Çalışmalıyıq ki, onlara bir təmiz ad da qoyaq! Həm də nə vaxtsa gərəkləri olacaq təcrübəni
çatdıraq, mənəviyyatlı olmağı,
xalqımızın ən qiymətli dəyərlərinə
sahib çıxmağı öyrədək.
Sonuncuları
hamımızın adından dostumuz Aydın Mirzəzadə də etdi.
Özü də bütün Azərbaycan gəncləri
üçün!
Ən nəhayət!
Bu qeydlərdə bəlkə də kitabdan
lazım olduğundan çox sitat gətirilib. Təsadüfi deyil. Məqsəd həm də
"Müdriklik dərsləri"ni
tapıb oxuya bilməyənlərə onun necə maraqlı və
gərəkli kitab olduğunu anlatmaqdır.
Bəxtiyar SADIQOV
Azərbaycan.-2014.- 13 aprel.- S.5.