Bir xanəgahın tarixi
Abidələrimiz
Müsəlman dünyasında mənəviyyat simvolu kimi nüfuz qazanmış xanəgah institutu Azərbaycanın orta əsr memarlığında əsas yerlərdən birini tutur. Xanəgah (xanə, ev, sığınacaq) şəxsi evləri olmayan sufilərin sığınacağı, dini-sufi mərasimlərinin, ibadət, oruc və s. ayinlərin birgə keçirildiyi yer, bəzən də təhsil mərkəzi olmuşdur. Xanəgahlar əsasən "müqəddəs uluların" - pirlərin məzarı ətrafında bir neçə tarixi mərhələdə formalaşır və əsas karvan-ticarət yolu üstündə tikilirdi.
Memarlıq-məkan həllinin mükəmməlliyi baxımından Pir Hüseyn xanəgahı Azərbaycan ərazisində olan xanəgahlar arasında yüksək yer tutur. Azərbaycan Respublikasının ölkə əhəmiyyətli abidəsi olan Pir Hüseyn xanəgahı Bakının 127-ci kilometrliyində Pirsaat çayı sahilində, Bakı-Salyan karvan-ticarət yolu üzərində, Hacıqabul rayonunun Qubalıbaloğlan kəndi ərazisindədir. Xanəgah kompleksi XI əsrin məşhur sufi şeyxi Pir Hüseyn (Şirvani) Rəvananın adı ilə bağlıdır. Belə tikililərdən çoxunun əsası Şirvanşah Gərşasbın oğlu Fəribürz və II Axsitanın oğlu II Gərşasbın vaxtında qoyulmuşdur.
Pir Hüseyn Yaxın Şərqdə Baba Kuhi adı ilə tanınan böyük sufi şairi və filosofu Məhəmməd Bakuvinin (948-1050) kiçik qardaşı olmuşdur. Şiraz şəhərində dəfn edilmiş Baba Kuhi sufi mənbələrində Böyük Şirvanlı (Şirvani Kəbir), qardaşı Pir Hüseyn ibn Əli isə Kiçik Şirvanlı (Şirvani Səğir) adlandırılmışdır. Həmdullah Qəzvininin yazdığına görə, Pir Hüseyn hicri 467-ci ildə (miladi 1074) vəfat etmişdir. Bu tarixə əsaslanaraq Pirsaat çayı sahilindəki xanəgahın əsasının XI əsrin ortalarında Pir Hüseyn tərəfindən qoyulduğunu söyləmək olar. Yazılı qaynaqlarda xanəgahdan sufizmlə bağlı ayrıca bina kimi məlumatların verilməsi tarixi XI əsrin sonu, XII əsrin başlanğıcından qabağa getmir. Bu baxımdan Pir Hüseyn xanəgahı regionun ilk xanəgahlarından biri sayıla bilər.
Şeyx Pir Hüseyn adıyla şöhrət tapmış əl-Hüseyn bin Əli xanəgah kitabələrində əzəmətli, görkəmli pir, sufilikdə III dərəcəyə çatmış (əl-salik), müqəddəslərin görkəmlisi, ruhani işləri ilə məşğul olan, imam kimi ləqəb və sifət dərəcələri ilə qeyd edilmişdir ki, bu da onun yaşadığı dövrün ən nüfuzlu şəxsiyyəti olduğunu göstərir. Filosof alim Pir Hüseyn təkcə Şirvan bölgəsində deyil, daha geniş ərazidə nüfuz sahibi idi və onun ziyarətinə ətraf bölgələrdən də gələnlər çox idi. Bu səbəbdən Pir Hüseyn xanəgahının böyük vəqf mülkiyyəti və torpaq sahələri vardı. İran tarixçisi Vəssafın (1264-1334) verdiyi məlumata görə, buranın zəngin təsərrüfatı, kitabxanası, külli miqdarda dövləti və qızıl külçələri mövcud imiş. Xanəgahın mühüm gəlir mənbələrindən biri, yəqin ki, xarici dövlətlərlə ticarət əlaqələri ilə bağlı olmuşdur. Belə ki, xanəgahın tikintisi üçün Şirvanın baş şəhərlərini güney və quzey ölkələri ilə birləşdirən iri və çox işlək karvan yolunun üstü, Pirsaat çayının sol sahili seçilmişdi. Şərqşünas-alim, professor V.A.Kraçkovskaya xanəgahın kitabələrini tədqiq edərkən kaşı parçalarınin kitabələrini yazan xəttatların xeyli səhv buraxdıqlarını aşkara çıxarmışdır. Türbənin kaşı kitabələrində Pir Hüseyn Rəvanan kimi yanlış qeydlər də var. Xəttatların ərəb qrafikası ilə yazılmış "Şirvanan" sözündən bircə "Şin" hərfini səhv yazdıqlarına şörə "Rəvanan" sözü alınmışdır. "Rəvanan" sözünü oxuyan alim səhvən Pir Hüseynin İranın İştəxr yaxınlığındakı Rəvan kəndindən olduğunu göstərir.
XIX əsrdən başlayaraq Pirsaat çayı sahilindəki bu xanəgahı müxtəlif mütəxəssislər İ.Bartolomey (1858), B.Dorn (1861), R.Xaki (1923), V.Sısoyev (1923), B.Denike (1936), S.Rayqorodski, E.Kanukov, M.Əliyev (1939), K.Kraçkovskaya, Ə.Ələsgərzadə, L.Bretanitski, M.Nemət və başqaları tədqiq etmişlər. 1939-1940-cı illərdə xüsusi ekspedisiya arxeoloji qazıntılarla yanaşı, xanəgah kompleksində memarlıq ölçü işləri, rəsm, foto və estamp çəkilişləri aparmışdır. Sonrakı dövrlərdə də xanəgah kompleksində ölçü və tədqiqat işləri aparılmış, onun bərpa edilməsi məqsədilə layihə işlənmiş və 1970-ci illərdə bu dəyərli abidədə çox keyfiyyətsiz və yarımçıq "bərpa əməliyyatı" keçirilmişdir.
Təəssüflər olsun ki, orta əsr mənbələrində Pirsaat çayı sahilində salınmış xanəgah kompleksi haqqında bir məlumat əldə edilməmişdir. Bu səbəbdən çox dəyərli abidənin inşaat tarixi və memarları haqqında bilgiləri yalnız kompleksin tərkibindəki binaların memarlıq-bədii özəlliklərinə və bu binalar üzərindəki inşaat kitabələrinə əsasən əldə etmək mümkün olmuşdur.
Xanəgahın şimal qala divarlarına bitişik uzanan iri salonun funksiyası indiyəcən araşdırıcılar üçün qaranlıq qalıb. Onu sufi mərasimlərinin keçirildiyi salon - camaatxana hesab etmək olardı. Ancaq bu salonun şərq hissəsində təndirin aşkar edilməsi və həmin hissədə suaxarı qala divarlarından bayıra çıxarılmış daş "qabyuyan" quraşdırılması həmin salondan mətbəx-aşxana kimi də istifadə edildiyini göstərir. Ola bilsin ki, bu salon universal xarakterli olub mövsümə və tələbə görə müxtəlif məqsədlər üçün istifadə edilirmiş. Həmin salona cənubdan və qərbdən iki hücrənin qapısı açılır. Salonun şərq divarına bitişik uzunsov hücrənin qapısı isə həyətə çıxır. Memar camaatxana salonu ilə bu hücrənin divarları arasındakı bucaqda minarə yerləşdirməklə kompleksin dominantı üçün çox uğurlu yer seçmişdir.
Şəhərdən kənarda, bəzən elə şəhər içərisində tikilmiş xanəgahların çoxunda minarə ucaldılmırdı. Gözəl quruluşlu minarənin olması buranın yüksək nüfuzundan və iqtisadi imkanlarından soraq verir. Minarə, şübhəsiz ki, karvan yolunu nəzarət altında saxlayan qüllə və karvanların hərəkətini istiqamətləndirən mayak rolu da oynamışdır. Belə abidələrin beynəlxalq ticarətdə əhəmiyyətini nəzərə alsaq, bütövlükdə Pir Hüseyn xanəgahının qalaçasından həm də buradan keçən karvan yolunun təhlükəsizliyi üçün istifadə edildiyini söyləmək olar.
Pir Hüseyn xanəgahının qala divarları içərisində necə inkişaf edib formalaşdığını yalnız kitabələri ilə aydınlaşdırmaq mümkündür. Buranın ən qədim kitabəsi indi giriş qapısı üzərindədir. Altı daş lövhədən yığılan həmin iri kitabədə bu tikintinin hicri tarixi ilə 641 - miladi 1243-cü ildə başa çatdırıldığı bildirilir. Respublika Milli Elmlər Akademiyasının Tarix muzeyində saxlanılan başqa bir kitabədə isə göstərilir ki, "Bu tikintinin memarı Şeyxzadə Həbibulla bin Şeyx Hacı Məhəmməddir". Hələ 1861-ci ildə öz dövrünün görkəmli şərqşünası sayılan B.Dorn bu kitabə haqqında məlumat verərək qeyd etmişdi ki, daş kitabə "məscidin girişi önündə düşüb qalıb".
Pir Hüseyn xanəgahının böyük bədii dəyəri olan gəc oyma naxışlı mehrabı 1940-cı ildə MEA-nın N.Gəncəvi adına Ədəbiyyat Muzeyinə gətirilərək burada divara quraşdırılmışdır. Mehrabın yaşıl kaşı çubuqlarından yığılmış kitabəsinə Şirvanşah Əbülfəth Fərruxzad bin Axsitanın adı və inşaat tarixi - hicri 665 - miladi 1267-ci il həkk olunmuşdur.
Xanəgahın minarəsinin giriş qapısı üstündə XIII əsr üçün səciyyəvi olan süls xətti ilə oyulmuş böyük bir daş kitabədə bildirilir ki, "Ulu Şeyx Pir Hüseynin xanəgahında olan bu minarə tikilisi ədalətli padşah Menku Buqa xaqanın dövründə... Arqun ağanın vəsaiti və yardımı ilə" ucaldılmışdır.
Silindrik gövdəli minarənin səkkizüzlü təməlində, minarəyə giriş qapısından sol tərəfdə onun Şirvanşah II Axsitanın hakimiyyəti dövründə hicri 654 - miladi 1256-cı ildə ucaldıldığını bildirən məlumat daş kitabə şəklində hörgüyə daxil edilmişdir.
Minarənin silindrik gövdəsi üstündə, stalaktit karnizin altında olan başqa bir kitabədə Şirvanşah Gerşasb bin Axsitanın əmri ilə hicri 693 - miladi 1294-cü ildə tikildiyi göstərilir. Ondan sağdakı daş lövhədə oyulmuş ikisətirlik yazıda "Minarənin memarı Şəmsəddin Məhəmməd Əbil Abbas, Mahmud bin İbrahimin əməli" məlumatı həkk olunmuşdur. Bu kitabələr göstərir ki, minarənin inşaatı 1256-cı ildə Şirvanşah II Axsitanın zamanında başlamış və 1294-cü ildə onun oğlu Gerşasb zamanında tamamlanmışdır.
Minarənin ilk kitabəsi maraqlı bir tarixi faktı açıqlayır. Elxani tarixçisi Fəzlullah Rəşidəddinin yazdığına görə, Menku Xaqanın (1251-1260) əmri ilə oyrat elindən olan Arqun ağa hələ Hülaku xandan (1256-1265) öncə "həmin məntəqəyə bitikçi (katib) vəzifəsinə" göndərilmişdir. Arqun ağa sonra baş əmirlərindən biri kimi Hülaku xanın xidmətində olmuş, həm də tikinti-abadlıq işlərinin, eləcə də böyük saray məclislərinin təşkilində önəmli rol oynamışdır. Abaqa xanın (1265-1282) vəziri və qudası olan Arqun ağa dövlətdə böyük nüfuz sahibi idi, kitabədən göründüyü kimi, Pir Hüseyn xanəgahı minarəsinin tikintisinə vəsait ayırmış və yardım etmişdir. Minarədəki sonuncu kitabənin tarixi dəyəri odur ki, burada həm memarın, həm də icraçının (yəqin ki, bənnanın) adları göstərilmişdir.
Xanəgahın fəaliyyətdən dayandığı və tərk edildiyi tarix bəlli deyil. 1861-ci ildə bu kompleksi və ətrafını diqqətlə nəzərdən keçirmiş məşhur şərqşünas akademik B.Dorn ürək ağrısı ilə yazmışdır: "Aydındır ki, bu yer bu mahalın əhalisinin sevimli məskəni olduğundan onun bütün ərazisi əvvəllər gözəl işlənmiş və zəngin becərilmişdir. İndi, əlbəttə, bütün bunlar viranəliyin ağır mənzərəsini əks etdirir". Sözsüz ki, kompleksin çevrəsindəki ərazi xanəgahın öz tarixi missiyasını dayandırması, dini və iqtisadi mövqeyini itirməsi nəticəsində dağınıq duruma düşmüşdür. Yazıqlar olsun ki, çox dəyərli memarlıq əsəri olan kompleksin özü də bəlkə də yüz illərcə sürmüş biganəliyin, sayğısızlığın və özbaşınalığın qurbanına çevrilmişdir. Xanəgahda ilk ciddi araşdırmalar aparmış şərqşünas alim B.Dorn abidənin inşaat kitabələri haqqında bu gün böyük elmi dəyər daşıyan məlumatlar vermişdir. Onun Pir Hüseyn xanəgahında qeydə aldığı kitabələrin tarixçəsinin ən sonuncuları hicri 823 - miladi 1420 və hicri 1049 - miladi 1639-cu illərə aiddir. Birinci kitabədə, alimin yazdığına görə, Şirvanşah I Xəlilullahın göstərişi ilə xanəgahın qala divarlarında bərpa və möhkəmləndirmə işləri aparıldığı bildirilmişdir. Qəbirüstü yazı olan ikinci kitabədə Şeyx Cəmaləddinin adı da olmuşdur. Yəqin ki, həmin kitabə kompleksin tərkibindəki səkkizüzlü qülləvari türbəyə aid imiş. Bu kitabələrin indi harada olduğu bəlli deyil.
Şeyx Pir Hüseynin məzarı ətrafında tikilmiş xanəgahın çox nüfuzlu müqəddəs yer kimi həm Şirvan əhalisi və Şirvanşahlar, həm də qonşu və uzaq ölkələrin əhalisi arasında böyük hörməti vardı. Tarixçi Vəssafın (XIV əsr) yazdığına görə, 1318-ci ildə Şirvanı fəth etmiş Qızıl Orda xanı Özbək Pir Hüseyn xanəgahını ziyarət etmiş, öz əmirlərinə burada tutduqları əsirləri azad etmək və taladıqlarını geri qaytarmaq əmri vermişdir. Tarixçi vurğulayır ki, Özbək xan ziyarətgaha zəngin bəxşişlər - qızıl külçələri və qiymətli dərilər hədiyyə etmişdir. Pirsaat xanəgahı uzun müddət bölgənin dini-mənəvi həyatının bir mərkəzi kimi fəaliyyət göstərmişdir. Bu yüksək ictimai mövqe - nüfuzlu dini-ideoloji mərkəz xanəgahın memarlıq həllində öz əksini tapmışdır.
İndi xanəgahın tikintisinin öncədən işlənmiş layihə əsasında aparıldığını söyləmək mümkün deyil. On ədəd bəlli olan müxtəlif tarixli daş kitabəsi, eləcə də bir qədər qarışıq plan-məkan quruluşu xanəgah kompleksinin qala divarları içərisində tədricən, həm də bir neçə memarın başçılığı ilə böyüyüb formalaşdığını göstərir. Xanəgahı dövrələyən indiki qala divarları və həcmli giriş baştağı 1243-cü ildə tikilsə də, Pir Hüseyn türbəsi və ona bitişik məscidin əsası, yəqin ki, XI əsrdə qoyulmuşdur. Kompleksin minarəsi 1256-1294-cü illərdə, ən son tikilisi - qülləvari türbə isə XVII əsrdə inşa edilmişdir.
General-şərqşünas İ.Bartolomey hələ 1858-ci ildə Pir Hüseyn xanəgahını çox acınacaqlı vəziyyətdə görmüşdür. Abidənin yüksək tarixi-bədii dəyərini hiss edən alim kompleksin tərkibindəki Şeyx türbəsinin kaşı bəzəyini "açıq dağıntıya və zorakı zərbələrə məruz qaldığından" xilas etmək məqsədi ilə Tiflisə, yaxud Sankt- Peterburqa köçürmək təklifini vermiş, ancaq buna nail olmamışdır. Xanəgahın kaşı lövhələrinin tək-tək şəxslər tərəfindən daşınma tarixi elə həmin ildən başlamışdır. Üç il sonra akademik B.Dorn türbənin yazı frizinin kiçik bir bölümünü Moskvaya aparıb Asiya (indiki Şərq Ölkələri Xalqlarının Mədəniyyəti) muzeyinə təhvil vermişdir.
1907-ci il ekspedisiyasının (rəhbərlər: A.N.Kazakov, A.B.Şelkovnikov, arxeoloq S.V.Ter-Avetisyan) çəkdiyi fotolarda başlı-başına buraxılmış xanəgah kompleksində kaşı lövhələrin vəhşicəsinə sındırılması əks olunub. Bu ekspedisiya məsciddə kaşı bəzəyinin bir qisminin artıq boş qalmış yuvaları və izləri ilə rastlaşmışdı. Ekspedisiya kaşı lövhələrin bir hissəsini Tiflisə, keçmiş Qafqaz Muzeyinə aparır. İndi Gürcüstanın Dövlət Muzeyində Pir Hüseyn türbəsindən aparılmış 15-dən çox kaşı lövhə saxlanılır.
Xanəgahın kaşı lövhələrinin Avropada muzeylərə və şəxsi kolleksiyalara satışı da XIX əsrin ikinci yarısından başlayıb. Mühafizəsiz qalmış və taleyin öhdəsinə buraxılmış xanəgahın kaşı bəzəyinin talan edilib satılması prosesində yerli əhalinin - Qubalıbaloğlan kənd sakinlərinin də "əməyi" az olmayıb. Bunları nəzərdə tutan V.Kraçkovskaya yazmışdır ki, "Rusiya, Qərbi Avropa və Amerikada antikvar ticarət aparan işgüzar qubalılar türbənin kaşılarını sonuncusunadək qoparmışdılar". Xanəgahın kaşılarını Parisdə satanlardan isə M.Kələkyan və madam Duffentyunun adları çəkilir. Qeyd edilməlidir ki, 1913-cü ildə Parisdə xanəgahın kaşıları daha çox satılıb və həmin ildən abidədə kaşı lövhələrin sayı kəskin azalıb.
Pir Hüseyn xanəgahı ilə bir də 1907-ci ildə Muğan arxeoloji ekspedisiyası maraqlanır. Bu ekspedisiyanın üzvləri kompleksin xarabalıqlarının ilk sxematik planını, türbənin divarlarındakı bütün kitabənin rəsmini, binaların və bina detallarının, yazı və kaşı bəzəyinin fotolarını çəkir. Bu çəkilişlər indi türbə interyerinin elmi bərpası üçün böyük dəyər daşıyır. Türbənin iç memarlıq bəzəyində ornament və kitabələrin düzülüşü və bədii üslubu haqqında ən sanballı sənəd həmin ildə çəkilmiş fotolardır. Ekspedisiyanın çəkdiyi rəsm və fotolara, ən başlıcası isə dünyanın müxtəlif muzeylərində saxlanılan kaşı lövhələrə əsaslanaraq görkəmli araşdırıcı V.Kraçkovskaya Pir Hüseyn türbəsinin talan edilmiş kaşı bəzəyinin xarakterini keçən əsrin ortalarında analitik təhlil yolu ilə xeyli aydınlaşdırmışdır.
Pir Hüseyn xanəgahına ən böyük dağıdıcı zərbəni erməni quldur dəstəsi vurmuşdur. Qubalıbaloğlan kənd sakinlərinə əsaslanan rus alimi V.Sısoyev 1925-ci ildə nəşr etdirdiyi məqaləsində bildirir ki, Pir Hüseyn türbəsinin "...kaşılarının ümumiyyətlə böyük bölümünü xanəgahı 1918-ci ildə zəbt etmiş, sonra isə Ermənistana getmiş erməni hərbi dəstəsi sındırmışdır". Əlbəttə, Bakıda törətdikləri ağlagəlməz vəhşiliklərdən sonra daha da azğınlaşmış erməni yaraqlıları təkcə kaşı lövhələri sındırmaqla kifayətlənməmiş, bu nadir memarlıq əsərini bütünlüklə xarabalığa çevirərək oranı tərk etmişdilər.
Türbə interyerində bütün divarların aşağı hissəsi (təqribən 145 sm hündürlükdə) kaşı bəzəyi ilə örtülü olmuşdur. V.Sısoyevin müşahidələrinə görə, əvvəllər türbənin dörd divarının hər biri və hətta giriş qapısının divarı 2,25 arşın (160 sm) hündürlüyündə kaşı lövhələri ilə bəzədilibmiş.
1683-1684-cü ilin qışında 77 gün Azərbaycanda olmuş həkim-səyyah Engelbert Kempfer Pir Hüseyn xanəgahını səyahət etmiş, xanəgahın qrafik rəsmini çəkmiş və bu abidə haqqında xeyli məlumat vermişdir. E.Kempfer əlyazmalarında qala divarlarındakı merlonların (şiş ucların), minarədəki pillələrin sayını, ətrafda olan hər şeyi incəliklərinə kimi təsvir etmişdir. E.Kempfer əlyazmalarında Pir Hüseyn xanəgahının çox önəmli ziyarətgahlardan biri oldugunu özəlliklə qeyd etmişdir.
Şirvanın daş plastikası ilə yanaşı, cənublu sənətkarların gətirdiyi gözəl gəc oymaçılığı və çoxrəngli kaşı dekoru xanəgahın memarlıq baxımından tarixi dəyərini xeyli artırmışdır. Xanəgah kompleksinin gəc dekoru Təbriz, Mərənd, Urmiya, Naxçıvan və Həmədan məscidlərinin məşhur gəc mehrabları ilə (XI-XIII əsrlər) bir qaynağa bağlıdırsa, zərnaxışlı (lüstrlü) kaşı bəzəyinin Təbriz, Şiz (Təxti-Süleyman) və Sultaniyyə abidələrinin memarlıq bəzəyinə daha yaxın olduğunu göstərir.
Pir Hüseyn türbəsindən kaşıların daşınması prosesi Sovet hakimiyyəti dövründə başa çatdırılmışdır. Türbənin böyük pannosunun kaşılarının çoxu 1925-ci ildə Sankt-Peterburqa aparılmışdır. İndi Dövlət Ermitajının kolleksiyasında xanəgahdan aparılmış 123 zərnaxışlı ulduz, 325 firuzəyi lövhə və başqa kiçik kaşı parçaları saxlanmaqdadır. 1936-cı ilin oktyabrında xanəgahda zərnaxışlı bəzəklərdən cəmi üç kiçicik fraqment (ikisi türbədə, biri məsciddə) qalmışdı və onlar gəc mehrabla birlikdə 1940-cı ildə Nizami adına Ədəbiyyat Muzeyinə köçürüldü. Bu muzeydə türbənin yazı frizinin də beş lövhəsi saxlanılır. Avropa və Amerikanın muzey və şəxsi kolleksiyalarında olan Pir Hüseyn xanəgahı kaşıları haqqında isə dəqiq məlumatımız yoxdur. Bütövlükdə Azərbaycanın heç bir memarlıq abidəsi dünya muzeylərində təmsil olunmaq baxımından Pir Hüseyn xanəgahı ilə müqayisə oluna bilməz. Bu yolla abidə dünya şöhrəti qazansa da, onu vaxtında və indi də qoruya bilmədiyimizdən bizdə ciddi milli mənəvi narahatlıq doğurmalıdır.
Türbənin böyük pannosunun kaşılarının xeyli hissəsinin Sankt-Peterburqda Dövlət Ermitajı fond kolleksiyasında, həmçinin Tbilisidə, Gürcüstan Dövlət Muzeyinin fondunda qorunduğunu nəzərə alıb bu unikal maddi-mədəni irs nümunələrinin vətənə geri qaytarılması mexanizmi barədə düşünməyin vaxtı gəlmişdir.
Postsovet məkanı dövründə xanəgahın ərazisində bir neçə dəfə araşdırma işləri aparılsa da, Pir Hüseyn xanəgahı geniş və hərtərəfli tədqiq edilməmişdir. Keçən əsrin 70-80-ci illərində aparılmış bərpa işləri bu kompleksdə çox ciddi təhriflərə - pozuntulara səbəb olmuşdur. Bir neçə il öncə xanəgahda aparılmış geniş bərpa işləri də keyfiyyəti ilə o qədər seçilmir. İndi xanəgah kompleksinin və çevrəsinin elmi əsaslarla və beynəlxalq standartlara uyğun bərpası zəruriyyəti ilə də üz-üzəyik.
Cəfər
QİYASİ,
AMEA-nın müxbir üzvü,
memarlıq doktoru, professor
Kamil İBRAHİMOV,
tarix üzrə elmlər
doktoru, professor
Azərbaycan.-2014.- 13 aprel.- S.7.