Vətənpərvərlik
Vətənə bağlılıqdan yaranır
Vətənimizin aranlı-dağlı hər guşəsinin özünəməxsus, təkrarsız, insanı valeh edən əsrarəngiz gözəllikləri onun övladları tərəfindən sevilməsini şərtləndirən səbəblərdəndir. Altı da, üstü də təbii sərvətlərlə zəngin olan Azərbaycanın hər qarış torpağının əvəzi yoxdur. Qucağında doğulub boy atdığımız üçün ana torpağı göz bəbəyi kimi qorumaq isə bizim ən müqəddəs vətəndaşlıq borcumuzdur.
Təəssüf ki, Vətənimizin sərvətlərlə zəngin torpağı ötən əsrin sonlarında bir daha erməni vandallarının təcavüzünə məruz qaldı. Qarabağın zirvəsi sayılan dağlar azğın düşmənin əsarətinə keçdi. Ana torpaq uğrunda sinəsini düşmən gülləsinə sipər edənlərin arasında Laçında doğulub, onun uğrunda şəhid olan, yaxud əlilə çevrilənlər də az deyil.
Erməni təcavüzünün qurbanlarından olan Laçın rayonunun əhalisi də, aparılan danışıqlar səmərə vermədiyi təqdirdə, Ali Baş Komandanın əmri ilə uşaqdan-böyüyə kimi işğal altında olan torpaqları azad etmək, qisası qiyamətə qoymamaq əzmindədir. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında Prezidentin uğurla apardığı siyasəti birmənalı şəkildə bəyənir, eyni zamanda, müharibə şəraitində döyüşə hazırlığın başlıca şərt olduğunu da unutmurlar.
Buna görə də rayonun təhsil müəssisələrində bir qayda olaraq vətənpərvərlik mövzusunda söhbətlər aparılır, Qarabağ savaşında igidlik göstərmiş laçınlı döyüşçülərlə gənclərin müntəzəm görüşləri təşkil olunur. Eləcə də yuxarı sinif şagirdlərinin hərbi hissələrdə əsgər və zabitlərlə görüşləri təşkil edilir, hərbi həyatla tanışlıq istiqamətində müxtəlif formatlı tədbirlər keçirilir. Müəllimlər bildirirlər ki, hərbi dərslərin tədrisi zamanı şagirdlərin bacarıqları, sağlamlığı, psixoloji durumu, fənnə maraqları ilə yanaşı, onlarda vətənpərvərik hisslərinin aşılanması da diqqətdə saxlanılır.
Rayonumuzun orta məktəblərində hərbi biliklərə yiyələnmək istiqamətində təhsil proqramının imkanlarından bacarıqla istifadə olunur. Azərbaycan tarixinin məktəblərdə daha dərindən öyrənilməsinə böyük əhəmiyyət verilir.
Mükəmməl elmi biliyə malik zabit kadrların hazırlanması istiqamətində məqsədyönlü işlər aparılır. Gənclərdə hərbiyə maraq və həvəsi daha da artırmaq üçün məktəblərdə tədrisin səmərəliliyinə ciddi fikir verilir. Yeri gəlmişkən, ötən tədris ilində hərbi akademiyalara 4, hərbi liseyə isə 7 nəfər laçınlı gənc qəbul olunmuşdur. 2014-cü ildə 30-dan çox gənc hərbi akademiyalara, 20-dən artıq şagird isə hərbi liseyə qəbul olunmaq arzusunu bildirmişdir. Aparılan sorğuların ilkin nəticələrinə görə, 2014-cü ilin məzunları olacaq gənclərin xeyli hissəsi xüsusi təyinatlı təhsil müəssisələrində oxumaq arzusunda olduqlarını bildirmişlər. Təbii ki, müəllimlər tərəfindən həmin gənclərə lazımi diqqət və qayğı göstərilir. Hərbi akademiyalarda oxumaq istəyən gənclər arasında qızların olması isə xüsusi rəğbət doğurur.
Vətənpərvərlik təbliğatını səmərəli təmin etməyin bir yolu da keçmiş döyüşçülərə diqqət və qayğının artırılmasıdır. Buna görə də rayonda bu məsələyə xüsusi önəm verilir - keçmiş döyüşçülərlə görüşlər keçirilir, onların problemlərinin həlli, xüsusən, işlə təmin olunmaları üçün hər vasitədən istifadə olunur, onlara lazımi maddi və mənəvi dəstək verilir, mənzil problemlərinin yaxşılaşdırılması üçün daxili imkanlardan istifadə edilir.
Rayon 21 ildən artıq işğal altında olduğundan, şagirdlərin Laçınla bağlı təsəvvürlərinin zənginləşdirilməsi məqsədilə bütün tədris ocaqlarında təbliğat-təşviqat işləri gücləndirilir. Belə təbliğat formalarından biri də ata-baba yurdlarına aid gözəl təbiət mənzərələrini əks etdirən stendlər hazırlanmasıdır. Bu vasitədən Laçın məktəblərində səmərəli istifadə olunur. Həmin stendlərin qarşısında müxtəlif tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə hazırda hər bir məktəb üçün Laçın rayonunun işğaldan əvvəlki kəndlərinin adları yazılan və haqqında qısa məlumat verilən xəritənin əks olunduğu stendlər də hazırlanır.
Rayonun mətbu orqanı olan "Laçın" qəzetində dərc edilən, rayon icra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilən (bölgənin tarixi, o yurdların yetişdirdiyi xalq və Milli Qəhrəmanlar haqqında) məzmunlu, oxunaqlı yazılar da gənclərdə hərbi vətənpərvərlik hisslərini yüksəldir.
Laçınlılarla vətənə qayıdış istiqamətində aparılan işlərin ana xəttini bir deviz təşkil edir: "Hər laçınlı ailəsindən vətənə bir zabit!"
Babək ASLANOV,
Qarabağ müharibəsi veteranı
Azərbaycan.-2014.- 13 aprel.- S.7.