Qafqaz Müsəlmanları İdarəsi
Şabran
və Siyəzəndə
müşavirələr keçirmişdir
Qafqaz
Müsəlmanları İdarəsinin (QMİ) sədri
şeyxülislam Allahşükür Paşazadə aprelin 12-də
Şabran və Siyəzən rayonlarında olmuşdur.
AzərTAc
xəbər verir ki, QMİ-nin sədri əvvəlcə
Şabrana gəlmişdir. Şeyxülislam
Allahşükür Paşazadə əvvəlcə
ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində
ucaldılmış abidəsini ziyarət etmişdir.
Sonra
Heydər Əliyev Mərkəzinin konfrans zalında rayonda fəaliyyət
göstərən dini icmaların rəhbərləri və
dindarların iştirakı ilə müşavirə
keçirilmişdir.
Müşavirədə
Şabran Rayon İcra Hakimiyyətinin başçısı
Novruz Novruzov çıxış edərək ölkəmizdəki
nümunəvi tolerantlıq mühitindən, insan hüquq və
azadlıqlarının, o cümlədən vicdan və dini
etiqad azadlığının yüksək səviyyədə
qorunmasından danışmışdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda mövcud dini durum barədə danışmışdır. Müstəqillik illərində Azərbaycanda dinə və dini icmaların fəaliyyətinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayan şeyxülislam çox sayda məscidin bərpa olunduğunu, yeni ibadətgah yerlərinin yaradıldığını diqqətə çatdırmışdır. Vətəndaşların Prezident İlham Əliyevin yürütdüyü siyasətdən, dini dəyərlərə olan ehtiramından ətraflı bəhs olunmuşdur.
Bildirilmişdir ki, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması, təhrikçi dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması istiqamətində bir sıra işlər həyata keçirilir. Görülən tədbirlərin əhali tərəfindən razılıqla qarşılandığı, dindarların maarifləndirilməsi ilə bağlı belə görüşlərin əhəmiyyəti vurğulamışdır.
QMİ-nin sədri son vaxtlar islamda cihad və şəhadət kimi müqəddəs məqamlara dair təhrifli düşüncələrin məqsədli şəkildə cəmiyyətimizə sirayət etdirilməsinə cəhdlər göstərilməsindən təəssüfləndiyini bildirmişdir. Şeyxülislam demişdir: “Bizi narahat edən bir məqam da odur ki, bəzi xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim edilməsidir. Müharibə şəraitində yaşadığımız bir dövrdə bəzi vətəndaşlarımızın digər ölkələrdə baş verən iğtişaşlarda, məzhəb qarşıdurmalarında guya dinin təəssübünü çəkmək adı ilə dinc əhaliyə yönəlik qərəzli və təmənnalı savaşı, çoxsaylı günahsız insanların məhvinə bais olması dinimizin mahiyyətinə ziddir”.
Görüşdə akademik Vasim Məmmədəliyev çıxış edərək dindarların maarifləndirilməsinin vacibliyindən söz açmış, bu cür tədbirlərin əhəmiyyətindən danışmışdır. Azərbaycan xalqında dinə həqiqi inamın olduğunu, dinlər, məzhəblər arasında heç bir qarşıdurma olmadığını, səmimi münasibətlərin formalaşdığını vurğulayan akademik dini parçalanmanın xalqımıza yad bir keyfiyyət olduğunu diqqətə çatdırmışdır.
Bakı İslam Universitetinin rektoru Sabir Həsənli çıxışında bildirmişdir ki, hər bir işdə elmi düşüncəyə, elmi təfəkkürə əsaslanmaq lazımdır. O, İslam yolunu seçən gəncliyin daha savadlı, dünyagörüşlü olmasının vacibliyini qeyd etmişdir.
Şeyxülislam Allahşükür Paşazadə Şabrandakı Xıdırzində məscidini ziyarət etmişdir. Buradakı dini icmanın nümayəndələri ilə görüşdən sonra məscidin təmiri üçün 10 min manat yardım ayrılmış və müxtəlif dini ədəbiyyatlar təqdim olunmuşdur.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür
Paşazadə və nümayəndə heyətinin üzvləri
Şabrandan sonra Siyəzən
rayonunda olmuş, burada dindarlarla görüşmüş, məscidlərin
imamlarına, dini icmaların rəhbərlərinə
tövsiyələrini vermişlər.
Azərbaycan.-2014.- 13 aprel.- S.4.