Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir

 

 

Vergilər naziri Fazil Məmmədov bildirdi ki, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan sosial-iqtisadi inkişaf kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi ölkəmizin iqtisadi sahədə böyük uğurlara imza atmasına zəmin yaratmışdır. Bu fakt beynəlxalq reytinq agentliklərinin hesabatlarında da əksini tapıb.

Azərbaycanın strateji valyuta ehtiyatlarının artdığını və bütün bunların ölkədə sabit iqtisadi bazanı daha da möhkəmləndirdiyini diqqətə çatdıran Fazil MƏMMƏDOV dedi:

- Son illər maliyyə sabitliyi indeksinin dünyanın əksər ölkələrində mənfi saldo üzrə qeydə alınmasına baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılmış, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində ÜDM-in həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 13 milyard 150,7 milyon manat, qeyri-neft sahəsi üzrə isə 8,8 faiz artaraq 7 milyard 204,3 milyon manat təşkil etmişdir. Əhalinin ümumi gəlirlərinin 4,5 faiz artması fonunda inflyasiyanın səviyyəsi  cəmi 2 faiz olmuşdur.

Hesabat dövründə dövlət büdcəsinin mədaxili 106,1 faiz yerinə yetirilməklə büdcəyə səfərbər edilmiş 4 milyard 482,7 milyon manat vəsaitin 1 milyard 762,9 milyon manatı Vergilər Nazirliyinin, 330,4 milyon manatı Dövlət Gömrük Komitəsinin, 2 milyard 342,6 milyon manatı isə Dövlət Neft Fondunun hesabına təmin edilmişdir. Dövlət Neft Fondundan edilən transfertlər istisna olmaqla dövlət büdcəsinə daxilolmaların 36,7 faizi neft-qaz sektorunun, 63,3 faizi isə qeyri-neft-qaz sektorunun payına düşmüşdür.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri 4 milyard 374,3 milyon manat icra edilmişdir. Büdcə xərclərinin 21,8 faizi və ya 954,3 milyon manatı sosialyönümlü olmaqla, 2013-cü ilin birinci rübü ilə müqayisədə 58,2  milyon manat və ya 6,5 faiz çox təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə təhsil xərclərinə 8,5 faiz, səhiyyə xərclərinə 18,6 faiz çox vəsait yönəldilmişdir.

Ölkədə uğurlu investisiya siyasətinin aparılması nəticəsində bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyard 125,9 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2013-cü ilin birinci rübü ilə müqayisədə 7 faiz çoxdur.

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1014 sahibkara 44,7 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına da 2400-dən çox yeni iş yeri yaradılmışdır. Ayrılan güzəştli kreditlərin 76,5 faizi aqrar sektorun, 23,5 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilmişdir.

Möhtərəm cənab Prezident!

Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir.

Regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki dövlət proqramının icra olunduğu 10 il ərzində  regionlarda qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı 7,2 dəfə, vergi daxilolmaları 12,7 dəfədən çox artmışdır. Respublikanın şəhər və rayonları üzrə vergi gəlirlərinin artımı artıq Sumqayıt, Şirvan, Mingəçevir şəhərlərinə, eləcə də Abşeron və İmişli rayonlarına öz xərclərini tamamilə yerli gəlirlər hesabına təmin etməyə imkan yaratmışdır.

Hesabat dövründə müvafiq fərman və sərəncamlarınız ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" ölkəmizin bütün bölgələrinin hərtərəfli inkişafı sahəsində məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində müstəsna rol oynayacaqdır.

Təkcə bu ilin birinci rübündə regionlarda 100-ə yaxın sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 500-dək müəssisənin isə tikintisi davam etdirilir.

Möhtərəm cənab Prezident!

"Ölkəmizin ən böyük sərvəti onun insanlarıdır" sözləriniz və maliyyə kapitalının insan kapitalına  çevrilməsi istiqamətində həyata keçirdiyiniz ardıcıl siyasət, sağlam və təhsilli gənc nəslin yetişdirilməsi ilə bağlı qəbul etdiyiniz qərarlar cəmiyyətdə böyük rəğbətlə qarşılanmışdır. Gənc nəslin sağlam böyüməsi yolunda Heydər Əliyev Fondunun əvəzsiz fəaliyyəti, habelə ən müasir standartlar səviyyəsində yeni uşaq bağçaları və körpələr evlərinin tikintisi və köhnələrinin təmiri xüsusilə təqdirəlayiqdir. Tərəfinizdən həyata keçirilən təhsil və inkişaf strategiyasının davamı olaraq cari ilin yanvarın 1-dən məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evləri 10 il müddətinə bütün vergilərdən azad edilmişdir.

Əhalinin sosial problemlərinin həlli, o cümlədən vətəndaşlara geniş çeşidli xidmətlərin göstərilməsi, bürokratik əngəlləri aradan qaldırmaqla vətəndaş-dövlət münasibətlərində şəffaflığın və "vətəndaş məmnunluğunun" təmin edilməsi məqsədilə bilavasitə müəllifi olduğunuz "ASAN xidmət" konsepsiyası, möhtərəm cənab Prezident, Sizin də qeyd etdiyiniz kimi, müasir Azərbaycanın brendinə çevrilmişdir. "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti dövründə 1 milyondan çox vətəndaşa keyfiyyətli xidmətlər göstərilmişdir.

Cari ilin fevral ayında Avropa Parlamentində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Vergilər, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə "İnnovasiya və Mobil imza-Avropa ilə yeni rəqəmsal inteqrasiya vasitəsi kimi" mövzusunda keçirilən konfransda ilk dəfə olaraq elektron imzalar vasitəsilə Vergilər Nazirliyinin və Estoniyanın Sertifikat Mərkəzləri arasında Anlaşma Memorandumu imzalanmışdır ki, bu da 2013-cü ilin may ayından etibarən Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilən müasir tipli Mobil imzanın "Asan İmza"nın beynəlxalq əməliyyatlarda tanınmasına və ölkələr arasında sərhədsiz rəqəmsal inteqrasiyaya nail olmağa imkan verir.

Elektron xidmətlərin dairəsinin daha da genişləndirilməsi və mütərəqqi ödəniş sistemlərinin tətbiqi məqsədilə imzaladığınız daha bir fərmanla "Asan ödəniş" sisteminin yaradılması barədə müvafiq tapşırıqlar verilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Vergilər Nazirliyinin birgə həyata keçirdiyi bu layihənin nəticəsi olaraq inzibati cərimələrin və məhkəmə qərarı ilə ödənilməli olan vəsaitlərin onlayn rejimdə ödənilməsi vətəndaş-məmur münasibətlərini minimuma endirəcək, ölkə vətəndaşlarının bütün sahələrdə Sizin diqqət və qayğınızla əhatə olunmasının daha bir bariz nümunəsi olacaqdır.

Ölkəmizdə maliyyə əməliyyatlarının şəffaflığının təmin edilməsi və nağd ödənişlərin məhdudlaşdırılması müasir elektron ödəniş xidmətlərinin daha da genişləndirilməsinə zərurət yaradır ki, bu məqsədlə də yaxın bir ildə müəyyən edilmiş meyarlara cavab verən obyektlərdə aidiyyəti banklarla birlikdə quraşdırılacaq POS-terminalların sayının 80 minə çatdırılması nəzərdə tutulmuşdur.

Möhtərəm cənab Prezident!

Ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir.

Bir sıra inkişaf etmiş ölkələrdə işsizliyin sayının artımı fonunda Azərbaycanda iş yerlərinin bağlanması kimi mənfi meyil olmamış, əksinə hesabat dövründə 29 minə yaxın yeni iş yeri açılmışdır.

Təsadüfi deyil ki, Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə Azərbaycan "yuxarı orta gəlirli" ölkələr kateqoriyasına aid edilmişdir.

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş Əmək Məcəlləsinə olan dəyişikliklər vətəndaşların əmək hüquqlarının qorunmasına və layiqli pensiya təminatına olan dəstəyinizi bir daha sübut etmişdir. Əmək müqaviləsinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması əmək hüquqlarının qorunması ilə yanaşı, qeyri-leqal məşğulluğun aradan qaldırılmasına, bu sahədə elektron nəzarət sisteminin qurulmasına imkan verəcəkdir.

Fazil Məmmədov sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından danışaraq bu istiqamətdə xüsusi dövlət proqramlarının icra olunduğunu söylədi. Vergilər naziri "Sənaye ili" çərçivəsində vergi güzəştlərinin tətbiqinin sənayenin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

* * *

Dünyada hökm sürən iqtisadi və maliyyə böhranı dövründə iqtisadiyyatımızın daha da gücləndiyini, ölkəmizin enerji sahəsində yeni uğurlara imza atdığını bildirən enerji naziri Natiq ƏLİYEV dedi:

- Hesabat dövründə keçən ilin müvafiq dövrü ilə müqayisədə bütün mənbələr hesabına ölkə iqtisadiyyatına, xüsusilə mədənçıxarma və emal sənayesinə əsas kapitala yönəldilən vəsaitin həcmi artımla müşayiət olunmuşdur. İnkişaf edən Azərbaycanın iqtisadi gücünün və beynəlxalq nüfuzunun artmasında energetika kompleksinin mühüm və həlledici rolu vardır, bu sahə inkişafının yüksək səviyyəli dövrünü yaşayır.

Ölkənin neft-qaz və energetika sahəsinə böyük həcmli investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqi nəticəsində respublikamızda bu sahədə böyük nailiyyətlər əldə olunmuşdur. Hesabat dövründə 10 milyon 562 min ton xam neft, 7 milyard 677 milyon kubmetr təbii qaz hasil edilmişdir. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 255 min ton xam neft və 557 milyon kubmetr qaz çoxdur. 2014-cü il yanvarın 29-da "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqlar blokunun tammiqyaslı işlənməsi proqramı çərçivəsində yeni istismara verilmiş "Qərbi Çıraq" platformasından ilk neft hasil olunmuşdur və bu əlamətdar hadisə müasir neft tariximizin növbəti uğuru kimi qiymətləndirilməlidir. "Qərbi Çıraq" platforması dənizin 170 metr dərinliyində quraşdırılmışdır və onun layihə gücü gündəlik 25 min ton xam neft və təxminən 8 milyon kubmetr qaz hasil etmək potensialına malikdir. İldə bu platformadan təxminən 8,2 milyon ton neft və 2,8 milyard kubmetr qaz hasil ediləcəkdir. Hasilata başlamış və yeni texnologiyalar üzərində inşa edilmiş bu platforma gələcəkdə hələ uzun illər boyunca dünya səviyyəli qurğu kimi Azərbaycanda neft hasilatının həcminin sabit səviyyədə saxlanılmasını təmin edəcəkdir.

Məruzə etmək istərdim ki, Sizin "Azəri-Çıraq-Günəşli" yataqlarında 2011-2012-ci illərdə neft hasilatının həcminin kəskin surətdə azalması ilə əlaqədar "BP-Azərbaycan" şirkətinin rəhbərliyinin ünvanına söylədiyiniz haqlı tənqid və iradlarınız, habelə texniki problemlərin tezliklə aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi haqqında verdiyiniz ciddi tapşırıqlar müsbət nəticələnmişdir. Belə ki, 2013-cü ilin yekun nəticələrinə əsasən AÇG yataqlarından 30 milyon 623 min ton proqnoz göstəricilərinə qarşı 32 milyon 717 min ton və ya 2,1 milyon ton xam neft artıq hasil edilmişdir. Bu ilin birinci rübündə isə 7 milyon 694 min ton neft əvəzinə 7 milyon 908 min ton neft hasil olmuşdur ki, bu da proqnozda nəzərdə tutulandan 214 min ton çoxdur.

Möhtərəm cənab Prezident!

Zati-alilərinizin uğurla həyata keçirilən enerji siyasəti nəticəsində respublikamızın təbii qazla təchizatı sahəsində mühüm irimiqyaslı praktiki işlər görülmüşdür və davam etməkdədir.

Energetika Nazirliyi tərəfindən "Qazdan istifadə Qaydaları"nın hazırlanması, təsdiq və tətbiq edilməsi ölkə ərazisində qazlaşdırma prosesinin nizamlanması və təkmilləşdirilməsi üçün mühüm rol oynamışdır.

Həyata keçirilən tədbirlər sayəsində qaz və elektrik enerjisi ilə təmin olunan əhali abunəçilərinin sayı  ildən-ilə artmışdır. Qazla təmin edilən rayonların sayı 67-yə çatdırılmış, müxtəlif bölgələrdə qaz təminatı bərpa edilmiş və nəticədə əhalinin əvvəllər külli məbləğdə digər yanacaq növünün əldə edilməsinə yönəldilmiş xərcləri kəskin şəkildə, yəni dəfələrlə azaldılmışdır. Hazırda respublikada təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 677 minə çatmışdır, sayğaclaşdırmanın səviyyəsi isə 99 faizə yüksəlmişdir. Eyni zamanda, respublika ərazisində "SMART" tipli sayğacların quraşdırılması davam edir və bugünədək 500 mindən artıq bu tipli sayğaclardan istifadə edilir. Bunun nəticəsində enerji haqqının yığımı son illərlə müqayisədə 2,1 dəfə artaraq 93,3 faiz olmuşdur.

Məmnunluq hissi ilə bildirirəm ki, Sizin imzaladığınız "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" və "Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamlarınız milli energetikamızda yeni eranın başlanğıcını qoymuşdur. Müasir qaz-turbin tipli "Şimal" Elektrik Stansiyasının istifadəyə verilməsi, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının tikilməsi, buxar-qaz tipli "Sumqayıt" və "Cənub" elektrik stansiyalarının istifadəyə verilməsi son beş il ərzində Azərbaycan energetika sisteminin generasiya gücünü 30 faizə yaxın artırmış və yeniləşdirmişdir. Hazırda bu göstərici 7105 meqavata çatdırılmışdır ki, bu da orta hesabla 24 milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə və 2,1 milyard kilovat-saata qədər elektrik enerjisinin ixracına imkan yaradır.

Bununla əlaqədar xüsusi vurğulamaq istərdim ki, energetika sistemində izafi güc hesabına qərb-şərq və şimal-cənub energetika dəhlizləri vasitəsilə neft və təbii qazın ixracı ilə yanaşı, elektrik enerjisinin də Avropa, Rusiya və İran istiqamətində ötürülməsi respublika üçün çox vacibdir. Bu məqsədlə qonşu dövlətlərin energetika sistemləri ilə əlaqələrin gücləndirilməsi üçün "Azərenerji" ASC tərəfindən İran ilə cənubda, Rusiya ilə şimalda və Gürcüstan ilə qərb istiqamətində yeni enerji təsərrüfat obyektləri quraşdırılmışdır. Azərbaycan-Gürcüstan-Türkiyə elektrik enerjisi verilişi dəhlizi yaradılaraq Qərbi Avropa ölkələri ilə enerji mübadiləsinin təşkili istiqamətində 2014-cü ildən başlayaraq 350 meqavat, 2015-ci ildən isə 700 meqavat güc ötürmək imkanı yaranacaqdır. Yüksək diqqətinizə çatdırmaq istərdim ki, bununla əlaqədar Energetika Nazirliyi tərəfindən sadaladığım ölkələrlə müvafiq hökumətlərarası sənədlər hazırlanıb imzalanmışdır.

2014-cü il fevralın 5-də regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Sizin, cənab Prezident, tərəfinizdən verilmiş tapşırıqların yerinə yetirilməsi üçün Energetika Nazirliyi ölkədə enerji potensialına tələbatın daim qabaqlanması və bunun üçün gələcəkdə elektrik stansiyalarının tikilməsi, elektrik təsərrüfatının yeniləşməsi, qazlaşdırılmanın 95-98 faizə çatdırılması məqsədilə təkliflər və onların əsasında inkişaf proqramları işləyib hazırlamışdır.

"Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 mart tarixli fərmanının icrasını təmin etmək məqsədilə Energetika Nazirliyi elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada təşkilinin prosedur, müddət və xərclərin azalması üçün mövcud qanunvericiliyə dəyişikliklər edilməsi barədə bir sıra təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişdir.

Hörmətli iclas iştirakçıları!

Son illər ölkəmizdə enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində aparılan tədbirlər dövlətimizin başçısının diqqət mərkəzindədir. Enerji resurslarından səmərəli və qənaətlə istifadə edilməsinə lazımi şəraitin yaradılması mühüm amilə çevrilir. Aparılan araşdırmalardan aydın olur ki, respublikamızda bu sahədə enerji resurslarına ümumi tələbatın təxminən 40 faizinə qənaət etmək potensialı vardır, həmçinin bu tədbirlərin həyata keçirilməsi ekoloji mühitin qorunmasına müsbət təsir edəcəkdir. Əldə etdiyimiz nəticələrə diqqət yetirsək, görürük ki, qənaətcil elektrik stansiyalarının tikilib istifadəyə verilməsi, fiziki cəhətdən köhnəlmiş enerji bloklarının yenidən qurulması, habelə enerjinin istehsalında 97,8 faiz təbii qaz yanacağından istifadə edilməsi nəticəsində son 10 ildə hər kilovat-saat elektrik enerjisinin  istehsalına yanacaq sərfi 413 qramdan 2013-cü ildə 303,7 qrama qədər azalmışdır.

Bununla belə, elektrik stansiyalarının adambaşına düşən qoyuluş istehsal gücü yaxın gələcəkdə Azərbaycanın bu göstərici üzrə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatması üçün yeni tikiləcək elektrik stansiyalarının hesabına energetika sisteminin ümumi gücü 10 min meqavatdan yüksək həddə çatdırılmalıdır. Bu səviyyəni təmin etmək üçün əsaslı tikintiyə əlavə 4 milyard manat vəsait cəlb edilməlidir. Nəticədə ölkədə adambaşına düşən elektrik enerjisinin həcmi Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsinə qədər yüksəlib 3600 kilovat-saatdan artıq olacaqdır.

Natiq Əliyev energetika sahəsində fəaliy

yətin beynəlxalq normalara və təcrübəyə uyğun qurulması baxımından qanunvericiliyin təkmilləşdirilməsi üçün görüləcək işlərdən bəhs etdi. Energetika Nazirliyində Elektron Hökumət Portalına qoşulma prosesindən danışan Natiq Əliyev nazirlikdə elektron xidmətlərin sayının artdığını dedi, son illərdə enerji layihələri ilə bağlı imzalanan saziş və qəbul olunan qərarların əhəmiyyətini vurğuladı.

* * *

Azərbaycanda təhsil sahəsində qazanılan uğurlardan danışan təhsil naziri Mikayıl CABBAROV bu sahədə gedən inkişaf proseslərindən, təhsilin inkişafı üzrə dövlət strategiyasının əhəmiyyətindən danışdı. Təhsil ictimaiyyəti adından strategiyanın qəbuluna görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Bu sənədin insan kapitalının inkişaf etdirilməsi üçün mühüm əhəmiyyətə malik olduğunu bildirərək dedi:

- Hörmətli cənab Prezident!

Sizin təhsil sektoruna göstərdiyiniz qayğı nəticəsində son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülmüş, 2700-dən çox yeni məktəb tikilmiş, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşmışdır. Təhsil Nazirliyi tərəfindən ötən il 177 təhsil obyektində cari təmir işləri aparılmış, 370 fizika, kimya və biologiya laboratoriyaları müasir avadanlıqla təchiz olunmuş, 104 əmək kabineti üçün tam avadanlıq dəsti və elementlər alınmışdır. Son bir il müddətində Təhsil Nazirliyi üzrə aparılan işlər əvvəlki dövrə nisbətən öz strukturuna, qiymətinə və keyfiyyətinə görə xeyli optimallaşmışdır. Bunun hesabına məktəblər üçün daha çox miqdarda zəruri avadanlığın alınması mümkün olmuşdur.

İki dövlət proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063 şagirdə bir kompyuter düşdüyü halda, hazırda hər 18 şagirdə bir kompyuter nisbəti təmin olunmuş, məktəblərin 39 faizi internet şəbəkəsinə qoşulmuşdur. Təhsilin infrastrukturu ilə bağlı məsələlərin əhəmiyyətli hissəsi həll olunduğu halda, bu gün ölkənin inkişaf tempinin tələblərinə cavab verən keyfiyyətin artırılması, təhsilin məzmununun yenilənməsi, müəllimlərin peşəkarlığının yüksəlməsi ön plana keçir.

Şəxsiyyətin inkişaf etdirilməsi üçün zəruri olan keyfiyyətlərin formalaşması məktəbəqədər təhsil sistemində baş verir. Bu mənada Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın yeni təşəbbüsü, məktəbəqədər təhsil müəssisələrinin inkişaf proqramı böyük əhəmiyyətə malikdir. 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin qısa müddət ərzində uğurla icra olunduğu kimi, qeyd edilən layihənin köməyi ilə də mövcud problemlərin aradan qaldırılmasına əminik.

Dövlət bağçaları şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, bu sahədə özəl sektorun payının artırılması da vacibdir. Məktəbəqədər təhsil müəssisələrinin 10 il müddətinə mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilməsi özəl sektorun iştirakının stimullaşdırılması yolu ilə məktəbəqədər təhsil ilə əhatə faizini artırmağa imkan yaradır.

Ötən ildə nazirlik tərəfindən təhsil sistemində şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi, kadr potensialının səriştə baxımından gücləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Sizin tapşırığınıza əsasən ümumtəhsil məktəblərini bitirən bütün şagirdlərə attestat verilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilmiş, ötən dərs ilində 90 mindən çox məzunun hamısı attestat almışdır. Bu qərar minlərlə gəncə təhsillərini davam etdirmək üçün yeni imkanlar açdı.

Hazırda məktəb müəllimlərinin işə qəbulu mərkəzləşdirilmiş imtahan vasitəsilə həyata keçirilir. Ötən il 3286 vakant yer müsabiqəyə çıxarılmışdır. İmtahanlarda 15030 nəfər iştirak etmiş, onlardan 1281 nəfər işə qəbul olunmuşdur. Əvvəlki illərdən fərqli olaraq vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmamış, müəllimlərin peşəkarlığı əsas meyar kimi götürülmüşdür. Bu imtahan, həmçinin müəllimlərin peşə hazırlığında olan boşluqları aşkarlamışdır. İndi müəllim hazırlığı sistemində paradoksal vəziyyət yaranmışdır. Təkcə ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji kadrların sayı real tələbatı təxminən 2 dəfə üstələyir.

Bundan başqa, təəssüf hissi ilə qeyd etməliyəm ki, sistemin daxilində qanunazidd işə qəbul edilən xeyli sayda insan da vardır. Bu problemin həlli üçün biz həm inzibati tədbirlər görürük, həm də peşə standartları üzərində işləyirik. Müəllimlərin peşəkarlıq səviyyəsinin könüllü əsaslarla yoxlanılması nəzərdə tutulur. Keçiriləcək attestasiya nəticəsində uğur əldə edən müəllimlərə aldıqları dərəcələrə görə diferensiallaşdırılmış əməkhaqqının verilməsi nəzərdə tutulur. Attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər təşkil olunacaq, növbəti attestasiyaya hazırlaşmaq üçün imkan yaradılacaqdır.

Əhəmiyyətli yeniliklərdən biri də ucqar kənd məktəblərinə göndərilən müəllimlər üçün həvəsləndirmə tədbirlərinin daha geniş tətbiqidir. Belə ki, ötən illərdə bu tədbirlər 800 yerə tətbiq olunurdusa, 2013-cü ildə həmin yerlərin sayı 2500-ə çatdırılmışdır. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan məktəblərin bazasında xüsusi istedadlı uşaqlar üçün təmayüllü məktəblər şəbəkəsinin yaradılması planlaşdırılır.

Təhsilin məzmununun təkmilləşdirilməsindən söhbət getdikdə dərslik mövzusuna toxunmamaq olmur. Problemi həll etmək üçün onun kökünə varmaq lazım gəlir. Kökü isə müəllifdir. Daha doğrusu, müəlliflərin az olmasıdır. Buna baxmayaraq, dərslik siyasəti sahəsində də müsbət irəliləyişlər olmuşdur. Görülmüş tədbirlər nəticəsində bu il dərslik yazan müəlliflərin sayı xeyli artmışdır. Gözləyirik ki, bu artım dərsliklərin keyfiyyətinə də öz təsirini göstərəcəkdir. Müəlliflik iddiasında  olan mütəxəssisləri dərslik yazmağa təşviq etmək üçün ikinci və üçüncü yer tutan dərslik müəlliflərinə pul mükafatının verilməsini nəzərdə tutmuşuq.

Yeni atılmış addımlardan biri də məktəb direktorlarının   gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan şəxslərin yalnız müsabiqə yolu ilə seçilməsi və peşə təlimlərinə cəlb olunmasıdır.

Dövlət tərəfindən ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər davam etdirildiyi bir vaxtda əfsuslar olsun ki, hələ də təhsil müəssisələrinin ərazilərinin  kənar şəxslər tərəfindən zəbt olunaraq özbaşına tikinti işlərinin aparılması cəhdləri baş verir. Bu isə məktəb infrastrukturunun genişlənməsi zərurəti yarandıqda əlavə problemlərə gətirib çıxarır. Göstərilən halların qarşısının alınması üçün yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində təxirəsalınmaz və təcili tədbirlərin görülməsini həyata keçiririk.

Son 25 ildə ilk dəfə olaraq peşə məktəbləri üçün 11 təlim avtomobili və 37 kənd təsərrüfatı texnikası sifariş olunmuş, habelə internat və idman məktəbləri üçün yeni avtobuslar alınmışdır. Əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması üçün yerli və xarici tərəfdaşlarla birlikdə peşə təhsili sahəsində yeni layihələrin icrasına başlanmışdır. İki gün bundan əvvəl "Sənaye ili" çərçivəsində Koreya hökuməti və şirkətləri ilə avtomatlaşdırılma, elektronika, avtomobil və inşaat sahələri üçün kadr hazırlayacaq Peşə Tədris Mərkəzinin yaradılması barədə saziş imzalanmışdır.

Ölkədə insan kapitalının sürətli inkişafı məqsədi ilə Zati-aliləriniz tərəfindən təsdiq olunmuş 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı çərçivəsində indiyədək 2612 azərbaycanlı gənc Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın tanınmış universitetlərində ali təhsil almağa göndərilmişdir. Dövlət vəsaiti hesabına xaricdə təhsil hətta ən zəngin dövlətlər üçün nadir hadisədir. Müstəqil Azərbaycan üçün bu fakt əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ənənəni dövlət başçısının davam etdirməsini xalqımızın gələcəyi üçün yönəlmiş tarixi addım kimi dəyərləndirilməlidir. Bu gün proqramın məzunu olmuş 634 nəfərin bir qismi müxtəlif dövlət qurumlarında, ali təhsil müəssisələrində   özəl sektorda məsul vəzifələrdə çalışır, bir qismi isə təhsillərini növbəti səviyyədə uğurla davam etdirirlər. Proqramın icra müddəti növbəti ildə sona çatdığı üçün hazırda tapşırığınızla yeni proqramın layihəsi üzərində iş gedir. Burada prioritet yalnız azərbaycanlı tələbələrin xarici universitetlərə göndərilməsi deyil, göstərişinizə uyğun olaraq, həmçinin xarici mütəxəssislərin elmi-pedaqoji kadrların Azərbaycanın ali təhsil müəssisələrinə cəlb edilməsi olacaqdır. Eyni zamanda, xarici universitetlərdə dərs deyən azərbaycanlı professorların vətənə qayıtmasını stimullaşdırmaq üçün hazırlıq işi aparılacaqdır. Bununla bağlı xaricdə çalışan elmi- pedaqoji kadrlarımız haqqında məlumat bazasının yaradılmasına başlanmışdır.

Bugünkü dünya rəqabət dünyasıdır. Uşaqlarımızın gələcək rəqibləri hazırda Çində, ABŞ-da, Çilidə və istənilən digər ölkədə böyüyürlər. Deməli, bizim təhsil sistemimiz çevik və ömür boyu öyrənmək imkanlarına malik kadrları formalaşdırmağı bacarmalıdır. Belə vəziyyət yaxşı təhsil alanların vətənində öz potensialını tam realizə etməsi və bununla ölkənin inkişafına töhfə verə bilməsini təmin edən təhsil sisteminin və təhsil mühitinin yaradılması vəzifəsini qarşımızda qoyur. Ali təhsil müəssisələrinin müasirləşdirilməsi istiqamətində bir sıra islahatların aparılması zəruridir. Ali məktəblərin nizamnamələri yenidən işlənməli, rektorların və digər idarəetmə strukturlarının hesabat müddəti, məsələn, 5 ildən bir tərtib olunmalıdır. Bu, bir tərəfdən şəffaflığın təmin olunması baxımından irəli atılmış addım olacaq, digər tərəfdən onların fəaliyyətinin davam etdirilməsi üçün əsas kimi çıxış edəcəkdir. Növbəti tədris ilindən başlayaraq ali təhsil müəssisələri üzrə "sabah qrupları"nın, yəni, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qrupların təşkili nəzərdə tutulur. Bu yeniliyin məqsədi təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Bu layihə 32 ali  təhsil müəssisəsində 52 ixtisas üzrə təhsil alan 20 min tələbəni əhatə edəcəkdir. Növbəti akademik ildən başlayaraq nazirlik öz imkanları hesabına ali təhsildə pilot layihə kimi tələbə qrantları və kreditləri sisteminin işə salınmasını planlaşdırır. Layihə uğurlu olduğu halda bununla bağlı müvafiq dövlət proqramı hazırlanacaqdır.

Möhtərəm cənab Prezident!

Təhsil sisteminin sürətli transformasiyasına nail olmaq barədə göstərişinizin icrasının təmin edilməsi üçün idarəetmənin təkmilləşdirilməsi istiqamətində Təhsil Nazirliyinin Aparatında struktur dəyişiklikləri edilmişdir. Təhsil sistemindəki mənfi hallarla mübarizənin gücləndirilməsi məqsədilə daxili nəzarət şöbəsi yaradılmış və daxil olan siqnalların birbaşa həmin şöbədə araşdırılması təmin edilmişdir. Ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilmiş, 21 şəxs barəsində digər intizam tənbehi görülmüşdür. İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir. Nəticədə aparılan statistika göstərmişdir ki, korrupsiya faktları ilə bağlı nazirliyə daxil olan müraciətlərin sayı bir neçə dəfə azalmışdır. Bundan  çıxış edərək bildirirəm ki, təhsil məsələlərində baş verən mənfi hallara qarşı Sizin tapşırığınıza əsasən Təhsil Nazirliyinin mövqeyi gələcəkdə  də barışmaz olacaq, təhsil sistemində mövcud mənfi hallarla mübarizədə ardıcıl yanaşma tətbiq ediləcəkdir.

Möhtərəm cənab Prezident!

Sizi əmin etmək istərdim ki, ölkəmizin tərəqqisi və davamlı inkişafı naminə həyata keçirdiyiniz strateji kurs respublikanın çoxmilli təhsil kollektivi tərəfindən dəstəklənir və gələcəkdə də dəstəklənəcəkdir.

 

Azərbaycan.-2014.- 15 aprel.- S.2;3.