Azərbaycan Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2014-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclası keçirilmişdir
Azərbaycan Prezidenti İlham
Əliyevin yekun nitqi
- İkinci rübdə və ilin sonuna qədər
görüləcək işlər çoxdur. Biz bu işlərin
hamısını yüksək səviyyədə görməliyik.
İlk növbədə, Dövlət
İnvestisiya Proqramı tam şəkildə icra edilməlidir.
Bu il bu İnvestisiya Proqramı kifayət qədər
böyükdür. İnvestisiyalar ölkəmizin
hərtərəfli inkişafına xidmət göstərir və
güclü iqtisadi potensialımızın
artırılmasına yönəlibdir.
İnfrastruktur layihələri proqram üzrə
aparılır və aparılmalıdır. Hələ ki
biz infrastruktur layihələrini tam şəkildə başa
çatdıra bilməmişik. Ancaq bu istiqamətdə
müsbət irəliləyiş vardır. Bu il də ənənəvi olaraq
qazlaşdırma, kənd yollarının, su və kanalizasiya
xətlərinin çəkilişi layihələri icra ediləcəkdir
və əslində icra edilir. Bəzi rayonlarda
bu layihələr başa çatıb. Bəzi
rayonlarda isə hələ ki işlər davam edir. İçməli su və kanalizasiya layihələri
hazırda əsas prioritet məsələdir. Çünki elektrik enerjisi ilə təminat,
qazlaşdırma sahəsindəki işlərin böyük əksəriyyəti
artıq görülübdür. Hazırda
kənd yolları, içməli su və kanalizasiya layihələri
daha da böyük investisiya tələb edir. Eyni zamanda, bu yaxınlarda Prezidentin Ehtiyat Fondundan
artezian quyularının qazılması üçün əlavə
vəsait ayrılmışdır. Bu da
insanları içməli su ilə təmin etmək
üçün çox önəmli bir addım
olacaqdır.
Bir sözlə, bu məsələlər Dövlət
İnvestisiya Proqramında öz əksini tapıbdır, icra
edilməlidir, maliyyə problemlərimiz yoxdur. Eyni zamanda,
sosial infrastruktur layihələri icra edilir. Biz burada da keyfiyyətə üstünlük verməliyik.
Məktəblərin, xəstəxanaların
tikintisi ən yüksək səviyyədə
aparılmalıdır. Əminəm ki, Dövlət
İnvestisiya Proqramının tam həcmdə icrası bu il də təmin ediləcəkdir.
Sosial proqramların icrası da dövlət büdcəsində
nəzərdə tutulub. Bu, dediyim kimi, daimi bir prosesdir. Biz çalışmalıyıq ki,
insanlarımız sosial təminat baxımından əziyyət
çəkməsinlər. Xüsusilə
aztəminatlı ailələr üçün sosial dəstək
daha da təsirli olmalıdır.
İnvestisiya Proqramımız böyük olduğuna
görə biz əlbəttə ki, makroiqtisadi vəziyyətə
də daim diqqət yetirməliyik. Hazırda makroiqtisadi
sabitlik təmin edilir, inflyasiya cəmi 2 faizdir. Ümid edirəm ki, ilin sonuna qədər
inflyasiyanı bu səviyyədə saxlaya biləcəyik.
Deyə bilərəm ki, Azərbaycan nadir
ölkələrdəndir ki, giriş sözümdə dediyim
kimi, əhalinin pul gəlirləri inflyasiyanı daim üstələyir
- 2 dəfə, 3 dəfə. Amma bu, daimi
üstələmədir. Bu göstərici
sadəcə olaraq gözəl bir iqtisadi parametr deyil, bu, əslində
insanların gündəlik həyatında böyük rol
oynayan bir amildir.
Biz çalışmalıyıq ki, xarici
investisiyaları ölkəmizin inkişafı
üçün lazım olan, prioritet təşkil edən
sektorlara cəlb edək. Bizdə xarici investisiyalar daha çox
neft-qaz sektoruna qoyulur. Bu da təbiidir.
Artıq 20 ildir bu, belədir. Yəqin, nəzərə alsaq ki, biz indi
böyük enerji layihələrini icra edirik, belə də
olacaqdır. Ancaq biz çalışmalıyıq
ki, digər sektorlara da xarici və özəl investisiyaları
daha böyük həcmdə cəlb edək. Çünki hazırda infrastruktur layihələrinin
icrasına dövlət investisiyaları qoyulur. Biz dövlət kreditlərindən istifadə edərək
iqtisadiyyatın real sektorlarını da canlandırırıq.
Ancaq çalışmalıyıq ki, xarici
investisiyaları sənaye inkişafının
artırılmasına, kənd təsərrüfatına,
turizm, xidmət, İKT sektorlarına da cəlb edək. Əlbəttə ki, bu, o qədər də asan məsələ
deyildir. Çünki hələ ki
dünyanı bürümüş iqtisadi və maliyyə
böhranının fəsadları yaşanır, hələ
aparıcı dünya iqtisadiyyatlarının iqtisadi
inkişafı onlar üçün lazımi səviyyədə
təmin edilməyib. Ona görə xarici
investisiyaları cəlb etmək o qədər də asan məsələ
deyildir. Nəzərə almalıyıq
ki, dünyanın əksər ölkələri bu işlərlə
məşğuldur. Ancaq biz elə bir
şərait yaratsaq və ümumiyyətlə, Azərbaycanda
islahatlarla, biznes mühitinin
yaxşılaşdırılması və ümumi
inkişafla bağlı mənzərə çox müsbət
olduğu üçün hesab edirəm ki, əgər bu məsələləri
düzgün təşkil etsək, biz xarici investisiyaları
daha çox lazım olan sahələrə yönəldə
bilərik. Biz bu məsələlər ətrafında
işləməliyik.
Sahibkarlığın inkişafı ilə əlaqədar
işlər artıq yolundadır. Həm maliyyə
resursları, həm məsləhət, tövsiyə xarakterli
tədbirlər görülür ki, sahibkarlar aldığı
güzəştli kreditlərdən daha da səmərəli
şəkildə istifadə etsinlər. Bu,
əlbəttə ki, emal sənayesinin, kənd təsərrüfatının
inkişafında özünü gələcəkdə də
göstərəcəkdir.
Ərzaq təhlükəsizliyi məsələləri
bu sahədə prioritet təşkil edir. Eyni zamanda,
hesab edirəm ki, biz Azərbaycanda istehlak edilən və
istehsalı mümkün olan digər məhsulların
istehsalı ilə ciddi məşğul olmalıyıq.
Onların arasında tikinti materiallarının
istehsalı hesab edirəm ki, diqqəti çəkməlidir.
Çünki istehsalı mümkün olan
bütün məhsullar Azərbaycanda istehsal edilməlidir və
biz idxaldan asılılığımızı
azaltmalıyıq. İlk növbədə,
iqtisadiyyatı inkişaf etdirmək və yeni iş yerlərini
yaratmaq üçün. Eyni zamanda, biz ixrac
imkanlarımızı da artırmalıyıq. Mən əminəm
ki, indi kənd təsərrüfatı ilə bağlı
aparılan islahatlar - məhsuldarlığın
artırılması, subsidiyalarda şəffaflığın
təmin edilməsi, kənd təsərrüfatı
texnikasının daha da böyük həcmdə
alınması və digər tədbirlər nəticəsində
bizdə daha da böyük ixrac potensialı yaranacaq və
bizim artan daxili tələbat Azərbaycanda istehsal olunacaq kənd
təsərrüfatı məhsullarını həzm edə
bilməyəcəkdir. Ona görə ixrac
imkanlarımızı artırmalıyıq. İxraca çıxarılan məhsullar ən
yüksək dünya standartlarına cavab verməlidir. Biz yeni ixrac bazarları axtarmalıyıq və o
bazarlara çıxmalıyıq.
Belə olan halda biz gələcəkdə
sahibkarlığın və kənd təsərrüfatının
yüksəlişi üzrə çox dinamik inkişaf yolu ilə
gedəcəyik, bu inkişafı təmin edəcəyik. Çünki
bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda
demoqrafik vəziyyət çox müsbətdir, əhalimiz ildən-ilə
artır. Son məlumata görə
artıq 9 milyon 500 min səviyyəsinə
çatıbdır. Ermənistanı götürsək,
hər il Ermənistanı təxminən
80-100 min arası insan tərk edir və bu ilin birinci
rübünün statistikasına görə, 20 mindən
çox insan tərk edibdir. Əlbəttə
bu, depopulyasiyadır. Bir müddətdən sonra orada
ümumiyyətlə, 1 milyondan az əhali
olacaq. Ancaq olmayan iqtisadi inkişafı, necə
deyərlər, təmin etmək üçün bu, onlar
üçün əlverişlidir. Çünki
əgər fərz etsək ki, Ermənistanda da Azərbaycandakı
kimi əhali artır, onda tamamilə müflisləşmə
baş verəcəkdir və səfalət daha da böyük
ölçülərlə ölçüləcəkdir.
Baxmayaraq ki, bu gün də yoxsulluq səviyyəsində
yaşayanların sayı Ermənistanda 35 faizdir. Yəni, demək istəyirəm ki, kənd təsərrüfatının
inkişafı Azərbaycanda müsbət demoqrafik
dinamikanı da nəzərə almalıdır.
Mən regionların sosial-iqtisadi inkişafı ikinci
Dövlət Proqramını müzakirə edərkən bu məsələlərlə
bağlı kifayət qədər geniş
danışmışam, tapşırıqlarımı
vermişəm. Əlavə sözlərə ehtiyac
yoxdur. Sadəcə, demək istəyirəm
ki, kənd təsərrüfatında aparılan islahatları
dərinləşdirmək üçün yaxın günlərdə
yeni sərəncam imzalanacaq və əminəm ki, bu sərəncamın
çox müsbət təsiri olacaqdır.
Bizim ümumi daxili məhsulumuzun böyük hissəsini
bu gün qeyri-neft sektoru təmin edir. Bu, müsbət
haldır və iqtisadi şaxələndirmə siyasətimizin
nəticəsidir. Ancaq əgər biz ixrac
strukturuna baxsaq, görərik ki, burada mütləq əksəriyyət
neft-qaz sektorunun payına düşür. Yəqin
ki, bu, təbiidir. Çünki bu rəqəmlər
və hasilat o qədər böyükdür ki, əlbəttə,
qeyri-neft sektoru bu templərlə ayaqlaşa bilmir. Ancaq yenə də çalışmalıyıq ki,
biz qeyri-neft ixrac potensialımızı artıraq, gücləndirək.
Buna nail olmaq üçün keyfiyyət
yüksək olmalıdır, əlavə məhsul istehsal
edilməlidir. Biz yeni bazarlara
çıxmalıyıq və çıxacağıq.
Bildiyiniz
kimi, 2014-cü il "Sənaye ili" elan
edilmişdir və sənayeləşmə ilə
bağlı düşünülmüş siyasət
aparılır. Mən artıq bu barədə
danışmışam. Bir daha demək
istəyirəm ki, hər bir rayonda sənaye zonaları
yaradılmalıdır. Fevral ayında bu
göstəriş verilmişdir və bu göstəriş
icra edilməlidir. Əlbəttə ki,
bizim əsas sənaye mərkəzlərimiz müəyyən
edilib. Bu, ənənəvi mərkəzlərdir.
Bakı, Sumqayıt, - Sumqayıt nəinki Azərbaycanın,
Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir,
- Gəncə, Mingəçevir şəhərləri bizim əsas
sənaye mərkəzlərimizdir. Ancaq
dediyim kimi, bütün rayonlarda sənaye zonaları
yaradılmalıdır və sənayenin inkişafı daha da
sürətlə getməlidir.
Nəqliyyat sektorunun inkişafı ilə bağlı
demək istəyirəm ki, yaxın günlərdə Heydər
Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə
veriləcəkdir. Bu, dünya miqyasında ən gözəl
aerovağzal komplekslərinin arasında olacaqdır, həm
xarici görünüşü, həm daxili
rahatlığı çox gözəldir, ən yüksək
standartlara cavab verir. Nəzərə alsaq
ki, Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər
artıq adi hal alıbdır, əlbəttə, bu aeroportun
ölkəmizin ümumi inkişafında rolu çox
böyük olacaqdır. Bu, ölkəmizə
bir giriş qapısıdır. Əlbəttə,
yeni aerovağzal kompleksinin tikintisi hesab edirəm ki, tarixi hadisədir.
Magistral yolların tikintisi qrafik üzrə davam edir. Biz burada da əsas
diqqəti keyfiyyətə yönəltməliyik. Çünki magistral yollarımızın əksəriyyəti
tikilib, indi işlər davam edir. Ancaq
keyfiyyət ön planda olmalıdır.
Dəmir yolumuzun bərpası layihəsi aparılır,
yeni vaqonlar, elektrovozlar alınmalıdır. Müvafiq
göstərişlər verilibdir. Əlbəttə
ki, dəmir yolumuzun inkişafı ilə bağlı dövlət
proqramı icra edilir.
Bu ilin yay aylarında yeni tikilən beynəlxalq dəniz
limanının birinci mərhələsi artıq
tamamlanmalıdır. Bu, böyük bir layihədir. Ələtdəki liman Xəzər dənizində ən
böyük beynəlxalq dəniz limanı olacaqdır. Qarşıya vəzifə qoyulubdur ki, bu ilin
yayında artıq limanın birinci hissəsi istifadəyə
verilsin. Ondan sonra ikinci mərhələdə
işlər davam etsin.
Hesab edirəm ki, buna nail olmaq mümkündür. Belə olan
halda indiki dəniz limanı şəhərin mərkəzindən
köçürüləcəkdir və onun yerində
ictimai yerlər yaradılacaqdır. Onsuz da
artıq o limandan Zığ istiqamətinə yeni bulvar -
Ağ şəhər bulvarı salınır. Onun indiki uzunluğu təqribən 2 kilometrdən bir
qədər çoxdur. Orada yeni ictimai
zonalar yaradılır. Əlbəttə
ki, oradan limanın mümkün qədər tez
köçürülməsi imkan yaradacaq ki, tezliklə biz o
zonanı da vətəndaşların sərəncamına verək.
Oradan dəmir yolu xətləri də
çıxarılacaqdır. Səkkizzolaqlı
sahil avtomobil yolu, gözəl bulvar tikilir. Yəni,
onsuz da yeni beynəlxalq dəniz limanı yaxın zamanlarda tam
fəaliyyətə başlayacaqdır. Amma
heç olmasa, birinci mərhələni biz yay aylarında
artıq istifadəyə verməliyik.
Şəhər nəqliyyatı ilə bağlı əlavə
tədbirlər görüləcəkdir. Metro tikintisi
sürətlə gedir. Bildiyiniz kimi, biz
metro stansiyalarının sayını 70-ə
çatdırmaq əzmindəyik. Buna nail
olacağıq. Bütün işlər qrafik
üzrə gedir. Şəhərə ən
yüksək standartlara cavab verən yeni sərnişin
avtobusları gətiriləcəkdir. Bakıda
yeraltı parkinqlər tikilibdir. Bu da
tıxac probleminin həllinə bir dəstəkdir. Yerüstü parkinqlər də
yaradılmalıdır. İnkişaf
etmiş şəhərlərdə olduğu kimi, bizdə də
yaxın aylarda küçələrdə parkinq
avtomatları quraşdırılacaqdır ki, insanlar
maşınlarını orada rahat park edə bilsinlər.
Bu sahədə də şəffaflıq təmin
edilməlidir.
Bakı gözəl, müasir, inkişafda olan şəhərdir. Əlbəttə
ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə
küçələrdə əlində çubuq parkinqlə
məşğul olan tənzimləyiciləri görmək
mümkün deyildir. Bu, bizə
yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər,
yığdıqları pulları hara verirlər, kimə
ötürürlər. Mən başa
düşürəm ki, indi yerüstü parkinq
olmadığı üçün bunların
sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli
olmalıyıq. Amma normal, şəffaf
park avtomatları quraşdırılandan sonra əlbəttə
ki, əlində çubuq olan vətəndaşları biz gərək
digər işlərlə təmin edək.
Bizim bu il ordu quruculuğu ilə bağlı
böyük proqramlarımız vardır. Tikintilərlə
bağlı proqram vardır, nəinki silah-sursat alınır,
eyni zamanda, tikinti işləri aparılır. Mən onların arasında Hərbi Dəniz Qüvvələri
bazasını xüsusilə qeyd etmək istəyirəm.
Artıq neçə ildir ki, bu böyük baza
tikilir. Ümid edirəm ki, biz bu il bu
bazanı artıq açacağıq. Digər
hərbi şəhərciklərdə tikinti-quraşdırma
işləri aparılır. Yeni hərbi
bazalar tikilir. Bütün şəhərciklərdə,
hərbi hissələrdə, hərbi bazalarımızda ən
yüksək standartlar tətbiq edilir. Çünki
bizim zabitlərimiz, əsgərlərimiz yaxşı şəraitdə
xidmət göstərməlidirlər.
Ümid edirəm ki, yaxın illərdə bir dənə
də köhnə, dağılmış, qəzalı vəziyyətdə
hərbi hissə, yaxud da ki, tikili olmayacaqdır. Əfsuslar
olsun ki, bu sahəyə əvvəlki illərdə diqqət
göstərilmirdi. Biz bunu açıq deməliyik.
Bizim əsgərlərimiz, zabitlərimiz ən
yüksək şəraitdə xidmət aparmalıdırlar və
yaşamalıdırlar. Ona görə qarşıya vəzifə
qoyulub və vəsait ayrılıb ki, qısa müddət ərzində,
bəlkə də növbəti iki il ərzində
hərbi hissələrdə bir dənə də qəzalı,
yararsız, köhnə tikili olmasın.
Eyni zamanda, hesab edirəm ki, biz yeni tikilmiş gəmiqayırma
zavodundan da bu məqsədlər üçün istifadə
etməliyik. Çünki bildiyiniz kimi, bu zavodda istənilən gəmi
istehsal oluna bilər. Artıq zavoda ilkin
sifarişlər də verilməyə
başlamışdır. Hesab edirəm ki,
Müdafiə Nazirliyi də hərbi gəmilərin tikintisi ilə
bağlı bu zavoda sifariş verməlidir. Əlbəttə ki, Maliyyə Nazirliyi bu məsələnin
maliyyə tərəfini təmin etməlidir. Hesab edirəm
ki, biz bu il artıq bu işə
başlamalıyıq. Çünki gəminin
tikintisi çox vaxt aparacaqdır. Biz burada
da vaxt itirməməliyik ki, həm zavod tam gücü ilə
işləsin, həm də biz hərbi donanmamızı
müasirləşdirək.
Bu il məcburi köçkünləri evlərlə
təminetmə proqramı davam etdiriləcəkdir. Keçən
il 20 mindən çox köçkün
yeni evlərə, mənzillərə
köçmüşdür. Bu il də ən
azı 20 min köçkün köçəcəkdir. Bu proqram icra edilir, davam etdirilir. Yerlər
müəyyən edilibdir. Burada heç bir yubanma, ləngimə
ola bilməz. Maliyyə problemi də ola bilməz. Ona görə burada
hər şey qrafik üzrə gedir.
Qarabağ müharibəsi veteranlarının və əlillərin
problemləri həll edilir. Bir müddət bundan əvvəl
imzaladığım sərəncam əsasında bu
kateqoriyadan olan 80 min insanın sosial təminatı
yaxşılaşdırılmışdır. Bu proses
davam etdiriləcəkdir. Müharibə veteranları,
müharibə əlilləri, şəhid ailələri
üçün daha da yaxşı şərait
yaradılacaqdır. Bilirsiniz ki, evlər
tikilib, mənzillər paylanır, əlillər
üçün minik maşınları nəzərdə
tutulubdur. Ümid edirəm ki, bu il
növbədə dayanan müharibə əlilləri və
şəhid ailələri minik maşınları ilə tam
şəkildə təmin ediləcəklər. Növbəti
üç-dörd il ərzində
növbədə dayanan şəhid ailələrinin və
müharibə əlillərinin hamısı yeni mənzillərlə
və fərdi evlərlə təmin ediləcəkdir. Bu göstəriş verilibdir. Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işlərlə
məşğuldur. Dövlət investisiya
xərclərində də bu məsələ nəzərə
alınmalıdır.
Neft-qaz sektorunda işlər yaxşı gedir. Həm ölkə
daxilində, həm xarici tərəfdaşlar burada
investisiyaları artırırlar. Yeni tikilən
platformalar, qazılan quyular bizim enerji potensialımızı
artırır. Qazlaşdırma prosesi də
uğurla gedir və əminəm ki, biz istədiyimiz rəqəmə
yaxın zamanlarda çatacağıq.
Əlbəttə ki, TANAP layihəsinin icrası artıq
başlamışdır. TANAP layihəsi XXI əsrin
layihəsidir. "Şahdəniz-2",
TANAP və TAP Avropanın ən böyük infrastruktur layihələridir.
Artıq tenderlər elan edilibdir. Ümid edirəm ki, yaxın zamanlarda biz tikintiyə
başlayacağıq. Artıq keçən ilin
sonlarında bu layihəyə start verildi. Hazırlıq
işləri başlamışdır. Azərbaycan
bu layihənin icrasında liderlik keyfiyyətlərini
nümayiş etdirir. Hesab edirəm, tam əminəm
və bilirəm ki, bizim siyasətimiz, enerji siyasətimiz, cəsarətli
siyasət olmasa idi, bu layihə heç vaxt reallaşa bilməzdi.
Bu layihələrin təşəbbüskarı
Azərbaycandır. Əsas rol oynayan da Azərbaycandır.
Bütün riskləri Azərbaycan öz üzərinə
götürübdür. Maliyyə risklərini,
texniki risklərin hamısını Azərbaycan öz üzərinə
götürüb. Əminəm ki, biz bu
layihəni də uğurla icra edəcəyik.
Çünki bugünə qədər təşəbbüskarı
olduğumuz bütün enerji layihələrində biz
uğur qazanmışıq. Bakı-Supsa,
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri
artıq reallıqdır. Uzun illər fəaliyyət
göstərir. Ona görə əminəm
ki, biz bu böyük layihələri də şərəflə
icra edəcəyik.
Ətraf mühitin qorunması ilə bağlı bir
neçə söz demək istərdim. Bir neçə il bundan əvvəl Azərbaycanda "Ekologiya
ili" elan edilmişdi. Xatırlayıram, o vaxt biz
"Ekologiya ili"ndə görülən işləri
müzakirə edərkən mən demişdim ki, "Ekologiya
ili" hər il olmalıdır. Çünki ətraf mühit, xüsusilə Bakı
və Abşeron yarımadası üçün əsas məsələlərdən
biridir. Burada illər, əsrlər boyu
neftlə çirklənmiş gölməçələr,
yerlər, ekoloji cəhətdən məqbul olmayan mənzərə
vardır. Biz son illərdə bu istiqamətdə
çox böyük işlər görmüşük.
Çünki neft hasilatı Azərbaycanda
artıq 200 ilə yaxındır ki, aparılır. Ancaq əfsuslar olsun ki, ekoloji vəziyyətə diqqət
lazımi səviyyədə olmamışdır. Yadınıza salın, Bibiheybət buxtası nə
gündə idi, bir fəlakət mənzərəsi idi.
İndi ora tamamilə təmizlənib. Buruqlar yerində qalıb, ətrafı təmizlənib.
İndi göstəriş vermişəm ki,
orada, o buruqların arasında ağacəkmə kampaniyası
da başlasın. Biz oranı
yaşıllıq zonaya çevirməliyik. Şəhərin mərkəzində yod zavodu fəaliyyət
göstərirdi. Sonra fəaliyyəti
dayandırılmışdır. Ancaq orada
qalan o yod çöküntüləri ətraf mühitə
nə qədər böyük ziyan vururdu. Biz oranı da təmizlədik, o məsələ də
ən yüksək səviyyədə öz həllini
tapmışdır. Balaxanı
zibilxanası yanırdı, tüstü verirdi. O
tüstü bütün şəhəri
bürümüşdü, nəfəs almaq mümkün
deyildi. Nəinki Balaxanı sakinləri,
bütün şəhər o tüstüdən əziyyət
çəkirdi. Biz oranı da təmizlədik.
İndi poliqonda bir dənə də olsun
tullantı, zibil yoxdur. Ağaclar əkilib,
tüstü də yoxdur. Böyük maliyyə
vəsaiti hesabına zibilyandırma zavodu tikilib fəaliyyət
göstərir. Yəni, belə misallar
çoxdur. Ağacəkmə kampaniyası zamanı on
milyondan çox ağac əkilibdir və bu proses davam
etdirilir.
Ona görə biz ekoloji vəziyyətlə bağlı
məsələləri daim diqqət mərkəzində
saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də
narahat edən məsələ ağacların kəsilməsi
məsələsidir. Buna yol vermək
olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi
məsuliyyət tətbiq etməliyik. Ağackəsmə
tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin rəyi ilə haradasa ağac ya
köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə
bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki
illərə nisbətən daha da müsbətdir. Ancaq
biz istədiyimizə tam şəkildə nail ola
bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq
ağacları kəsirlər, yerləri düzəldirlər
ki, ev tiksinlər. Bu,
vicdansızlıqdır, bu, biabırçılıqdır,
bu, cinayətdir.
Ona görə aidiyyəti qurumlar təklif versinlər,
biz ağacları kəsənlərə qarşı daha da
ciddi tədbir görməliyik. Onlar məsuliyyətə
cəlb edilməlidir. Bir daha demək istəyirəm
ki, şəhərdə bir dənə də olsun ağac
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi,
rəyi olmadan kəsilə bilməz. Bu, mənim
son xəbərdarlığımdır.
Biz bu aydan başlayaraq "Avro-4" standartına
keçmişik. Bu da əminəm ki, havanın tərkibini
böyük dərəcədə
yaxşılaşdıracaqdır. Çünki
verilən məlumata görə, havanı çirkləndirən
əsas amil sənaye müəssisələri yox,
maşınlardır. Burada "Avro-4"
standartının tətbiq edilməsi hesab edirəm ki, bunun
qarşısını alacaqdır. Eyni
zamanda, əlbəttə biz bunu da deməliyik ki, Azərbaycanda
istehsal olunan yanacağın keyfiyyəti də
yaxşılaşdırılmalıdır. Bakıda yeni neftayırma zavodunun tikintisi nəzərdə
tutulur, tikiləcəkdir, ancaq bu, vaxt aparacaqdır.
Haradasa bəlkə 3 il-4 il vaxt
aparacaqdır. Çalışmalıyıq və
hökumət də öz təkliflərini versin ki, o tikilənə
qədər Azərbaycanda istehsal olunan yanacağın keyfiyyətini
biz necə yaxşılaşdıra bilərik. Hesab edirəm ki, biz bu məqsədlər
üçün də maliyyə resursları ayıra bilərik.
Bakıda mövcud olan göllərin təmizlənməsi
proqramı da artıq başlayır. Bu göllərin
siyahısı mənə verilibdir. Burada 9
göl vardır. Amma bu gölləri
heç göl adlandırmaq da düzgün deyildir. Çünki göl təbii, təmiz bir su hövzəsidir,
bu göllər isə ekoloji fəlakət mənzərəsidir.
İllər boyu bu göllərə kanalizasiya, çirkab
suları, neftlə çirklənmiş sular, lay suları
axıdılıb. Bu göllər şəhərin
içində, şəhərin mərkəzində bir
ekoloji fəlakətdir. Ona görə bu məsələ
ilə bağlı artıq bütün göstərişlər
verilibdir. Biz daha bundan sonra bu vəziyyətlə
barışa bilmərik. Bu məqsədlər
üçün nə qədər lazımdırsa, o qədər
də vəsait ayrılacaqdır. Bu
çirkab su hövzələrini biz təmiz göllərə
çevirəcəyik. Bakı indi parklar
şəhəridir. Bakı olacaq təmiz
göllər şəhəri. Bu vəzifəni
mən bu gün qarşıya qoyuram və hesab edirəm ki,
biz tezliklə bu işlərə başlamalıyıq. Sözün düzü, artıq biz
başlamışıq. Bu sahədə təcrübəsi
olan xarici şirkətlərlə artıq müqavilələr
də bağlanıbdır. Biz ən
ağır, ekoloji və texniki cəhətdən ağır
olan layihədən başlamışıq. Bu da Böyükşor gölünün təmizlənməsidir.
Böyükşor gölünün ərazisi
11 kvadratkilometrdir. Yəni, min hektardan
böyükdür. Böyükşor
gölünü biz hələlik iki yerə
bölürük. Bənd tikiləcəkdir.
Bu bənd, eyni zamanda, avtomobil yolu olacaqdır.
Həm nəqliyyat üçün, həm bu təmizləmə
işlərini mərhələlərə bölmək
üçün biz bu işləri görürük.
Birinci mərhələdə gölün tikilən
Olimpiya Stadionuna yaxın olan hissəsi təmizlənəcəkdir. O sahənin ərazisi 300
hektardır. Orada təmiz, şəffaf su
olacaqdır. Gölün ətrafında
gözəl bulvar tikiləcəkdir. Bizim Dənizkənarı
Bulvarımız vardır. İndi, bundan
sonra Böyükşor Bulvarımız da olacaqdır və
gözəl yaşıllıqlar salınacaqdır,
ağaclar, kollar əkiləcəkdir, istirahət zonaları və
təmiz bir göl olacaqdır.
İkinci mərhələdə isə gölün qalan
böyük hissəsi də təmizlənəcəkdir. Beləliklə,
biz şəhərimizdə yeni, gözəl istirahət,
sağlamlıq zonası yaradacağıq. Dediyim kimi, bir neçə ildən sonra Bakı təmiz,
gözəl göllər şəhəri kimi artıq öz
sözünü deyəcəkdir. Düzdür, burada
görüləsi işlər çoxdur, doqquz göldən
söhbət gedir, - ancaq çalışmalıyıq ki,
növbəti 5 ya 6 il ərzində yerinə
yetirək. Əlbəttə ki, bütün bu
işlər dövlət büdcəsində nəzərə
alınmalıdır. Maliyyə resursları
burada əlbəttə ki, təmin ediləcəkdir və
bütün işlər ən yüksək səviyyədə
aparılmalıdır.
Nəhayət,
biz artıq bu il Birinci Avropa Oyunlarına
hazırlığın həlledici mərhələsinə qədəm
qoyuruq. Bütün işlər cədvəl
üzrə gedir. Bu yaxınlarda Avropa
Olimpiya Komitəsinin prezidenti və Koordinasiya Komitəsi
Bakıda idilər. Bakıda
hazırlıqla bağlı gedən işlərə
çox yüksək qiymət verdilər. Bütün idman obyektlərində tikinti işləri
gedir. Olimpiya Stadionu, Su İdmanı Sarayı, Gimnastika
Arenası, Atıcılıq Mərkəzi tikilir, digər
obyektlərdə təmir işləri aparılır, yollar
çəkilir. İdmançılar
üçün Olimpiya Şəhərciyi demək olar ki,
hazırdır. Yəni, biz hazırlıq
işlərini davam etdiririk, aparırıq.
Bir daha demək istəyirəm ki, biz bu oyunları
Olimpiya Oyunları səviyyəsində keçirmək istəyirik. Bəziləri
bilmirlər ki, bu oyunlar həm idman növlərinin və həm
də idmançıların sayına görə Olimpiya
İdman Oyunlarına çox yaxındır. Hazırlıq və tikinti baxımından
Qış Olimpiya Oyunlarından daha böyükdür.
Bizdə gələn il yarışacaq
idmançıların sayı Qış Olimpiya Oyunlarında
idmançıların sayından 2 dəfə çoxdur. Ona görə bu, böyük bir sınaqdır,
böyük bir çağırışdır. Nəzərə
alsaq ki, Yay Olimpiya Oyunlarına hazırlıq müddəti 7
ildir, bizdə isə cəmi 2 il
yarımdır. Ancaq biz güclü dövlətik,
bizdə bütün işlər düzgün təşkil
olunur və həll edilir. Güclü
siyasi iradə, texniki imkanlarımız vardır, səfərbərlik
təmin edilibdir. Yəni, bu oyunları biz
elə keçirəcəyik ki, bu, gələcək Olimpiya
Oyunları üçün də nümunə olsun. Azərbaycan özünü dünyaya yenidən
müasir, dinamik inkişaf edən, güclü dövlət
kimi təqdim edəcəkdir. İlin sonuna
qədər görüləsi işlər çoxdur. Bu işləri görmək üçün sizin
hamınıza uğurlar arzu edirəm.
Sağ olun!
AzərTAc
Azərbaycan.-2014.- 15 aprel.- S.3;4.