Azərbaycan Prezidenti İlham Əliyev Bakıda tikilən
Su İdmanı
Sarayında inşaat işlərinin gedişi ilə
tanış olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, xanımı
Mehriban Əliyeva və ailə üzvləri aprelin 17-də
Bakıda tikilən Su İdmanı Sarayında inşaat
işlərinin gedişi ilə tanış olmuşlar.
2015-ci
ildə Avropa ölkələri arasında tarixdə ilk dəfə
Bakıda təşkil olunacaq Olimpiya Oyunlarına
hazırlıq məqsədilə genişmiqyaslı tədbirlər
həyata keçirilir. Dövlət
başçısının tapşırığı ilə
ən yüksək standartlara cavab verən müasir idman
kompleksləri inşa edilir, mövcud idman obyektləri əsaslı
şəkildə yenidən qurularaq istifadəyə verilir.
Prezident
İlham Əliyev Azərbaycanda su idmanı növlərinin
inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli
yarışların təşkili məqsədilə 2012-ci il
avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su
İdmanı Sarayının tikilməsi haqqında sərəncam
imzalamışdır. Su İdmanı Sarayının layihələndirilməsini
Koreya Respublikasının "Securo CO.LTD" şirkəti
qısa müddətdə başa çatdırmış və
inşaat işlərinə başlanılmışdır.
Gənclər
və idman naziri Azad Rəhimov Su İdmanı Sarayında layihə
əsasında görülən işlərlə
bağlı dövlət başçısına məlumat
verdi.
Bildirildi
ki, Su İdmanı Sarayı üçün 6 hektar torpaq sahəsi
ayrılmışdır. Ümumi sahəsi 66 min kvadratmetr olan
saray Beynəlxalq Üzgüçülük
Federasiyasının tələblərinə tam cavab verir.
Sarayda üç üzgüçülük hovuzu olacaqdır.
Uzunluğu 50, eni 25 metr olacaq hovuz yarışlar
üçün nəzərdə tutulmuşdur. İkinci
hovuzda isə məşqlər keçiriləcəkdir.
Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni
20 metrdir. Bundan başqa, sarayda fitnes zalları, restoran, konfrans
zalı, ofislər, digər işçi və köməkçi
otaqlar fəaliyyət göstərəcəkdir.
Su
İdmanı Sarayının ərazisində köməkçi
bina və qurğular, 500 yerlik yerüstü avtomobil
dayanacağı yaradılacaqdır. Sarayda keçiriləcək
idman yarışlarını 6 min tamaşaçı izləyə
biləcəkdir. Burada idmançıların məşq etmələri,
respublika və beynəlxalq səviyyəli
yarışların təşkili üçün hər
cür şərait olacaqdır. Tikinti işlərini xarici və
yerli şirkətlər icra edir.
Dövlət
başçısına və xanımına Avropa Oyunları
Parkının layihəsi əsasında aparılacaq inşaat
işləri barədə də məlumat verildi.
Bildirildi
ki, 18 hektar ərazidə inşa ediləcək Avropa
Oyunları Parkı üç idman qurğusundan - su polosu,
çimərlik voleybolu və futbolu, basketbol
yarışları qurğularından ibarət olacaqdır. Bu
qurğular arasında ikimərtəbəli funksional
keçidin inşası da nəzərdə tutulur. Burada
dörd hissədən ibarət funksional sahələrin
yaradılması üçün də xüsusi ərazi
ayrılmışdır. Avropa Oyunları Parkında iclas və
konfrans zallarının, kafe və funksional otaqların
inşası da nəzərdə tutulur. Parkda həmçinin
mətbuat və yayım üçün çəkiliş
qurğuları sahəsi, avtomobil dayanacağı və digər
xidmət sahələri də yaradılacaqdır.
Görülən
işlərlə yaxından tanış olan dövlət
başçısı müvafiq
tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-2014.-
18 aprel.- S.1.