Mədəniyyətlərarası dialoq məkanı

 

15 aprel Beynəlxalq Mədəniyyət Günüdür

 

 

Hər il aprel ayının 15-də bütün dünyada Beynəlxalq Mədəniyyət Günü geniş şəkildə qeyd edilir. Həmin günün tarixə düşməsinə hələ 1935-ci ilin 15 aprelində imzalanmış "Bədii, elmi müəssisə və tarixi abidələrin qorunması haqqında"  Vaşinqton razılaşması (Rerix paktı) səbəb olmuşdur. 1998-ci ildə isə "Mədəniyyətin müdafiəsi beynəlxalq liqası" adlı ictimai təşkilat həmin tarixin "Beynəlxalq Mədəniyyət Günü" kimi qeyd olunması təşəbbüsü ilə çıxış etmişdir. O vaxtdan başlayaraq 15 aprel əksər ölkələrdə Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur, mədəniyyətin müxtəlif sahələrinə dair fəal müzakirələr, diskussiyalar aparılır.

Son illər əksər ölkələrdə milli identikliyin, mental-əxlaqi xüsusiyyətlərin qorunub saxlanılması, habelə kütləvi mədəniyyət stereotiplərindən qaçma meyillərinin güclənməsi müşahidə olunur. Bu da təsadüfi deyil. Müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi, dini dəyərlərinin qorunması zərurətini müasir dövrün aktual məsələlərindən birinə çevirmişdir. Özünəməxsusluğu şərtləndirən bu amillər hər bir xalqın dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, pakali dəyərləri, qlobal planda maddi-mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir. Milli kimliyi ifadə edən dəyərlər eyni zamanda hər bir xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsidir.

Ümumiyyətlə, mədəniyyət tarixən dəyişən, sosial tələblərlə şərtlənən anlayış olub, konkret tarixi dövrün məhsulu, onun siyasiiqtisadi təsirinin nəticəsidir. O insan şüurunu, fərd, cəmiyyət və dövlətin məişətini, fəaliyyətini, həyat tərzini, millət və xalqların adətlərini, mədəni irsini, milli-bəşəri dəyərləri, etikestetik normaları və s. əhatə edir.

Mədəniyyət istiqamətində dövlət siyasəti digər sahələrlə, o cümlədən iqtisadiyyat, siyasət və sosial sfera ilə sıx şəkildə bağlıdır. İqtisadiyyatı zəif olan, əhalisinin həyat səviyyəsi və elmi potensialı aşağı olan ölkələrdə müasir mədəniyyət siyasətini uğurla reallaşdırmaq olduqca çətindir. Başqa sözlə, mədəniyyət siyasəti zəif olan ölkələrdə intellektual inkişaf da aşağıdır. Deməli, iqtisadi inkişaf  bilavasitə elmi nailiyyətlərin, yeni texnologiyaların, habelə insanların təhsil vəziyyəti və mədəni-mənəvi inkişaf səviyyəsindən asılıdır.

Respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi sürətlənir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması məsələlərinə xüsusi diqqət yetirilir.

Hazırda dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsi bu sahədə qəbul edilmiş proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir. 2003-cü ildən ölkədə teatr, kino, muzey, kitabxanaturizmin inkişafını təmin edən 5 dövlət proqramı qəbul edilmiş, mədəniyyətin müxtəlif sahələri ilə bağlı xeyli sərəncam və fərmanlar imzalanmışdır. Bu sırada "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı", "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı", "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı, "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı", "2009-2013-cü illər üçün Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı" və digər sənədləri göstərmək olar. Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" da müvafiq istiqamətdə aparılan işlərə mühüm töhfədir.

Bu il aprelin 14-də dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalanmışdır. Həmin sərəncamda Azərbaycan mədəniyyətinin inkişafı, daxilixarici təhdidlərdən qorunması, dünya mədəniyyətinə uğurlu inteqrasiyası, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi başlıca  məqsəd kimi irəli sürülmüşdür. Sənəddə xüsusi vurğulanmışdır ki, Konsepsiyanın həyata keçirilməsi üzrə dövlət proqramlarının layihələri altı ay müddətində hazırlanıb Azərbaycan Prezidentinə təqdim edilməlidir.

Bundan başqa Azərbaycanda tarixi abidələrin yerləşdiyi məkanlarda müasir tələblərə cavab verən işlərin aparılması məqsədilə ötən ilin sentyabrında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində muzey ekspozisiyalarının yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında ölkə rəhbərinin ayrıca sərəncamı olmuşdur. Bunun üçün Prezidentin Ehtiyat Fondundan Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 2 milyon manat vəsait ayrılmışdır.

Son aylarda ölkə rəhbərinin sərəncamları ilə xalq yazıçısı, Azərbaycan teatr səhnəsinin müasir simasının formalaşmasında mühüm xidmətləri olan görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100, Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150, Azərbaycan ədəbiyyatında mühüm yer tutan, böyük şairmaarifçi Mirzə Şəfi Vazehin 220, milli teatrkino tarixində xüsusi xidmətləri ilə seçilən, həmişə sevilən, yaddaşlarda iz qoyan tanınmış sənətkar, respublikanın xalq artisti Lütfəli Abdullayevin 100, Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, maarifçi, alimşair Abbasqulu Ağa Bakıxanovun 220, uzun illər estrada orkestrinin bədii rəhbəri və baş dirijoru kimi səmərəli fəaliyyət göstərmiş, ölkənin müasir musiqi mədəniyyəti xəzinəsinə layiqli töhfələr vermiş, xalq artisti, bəstəkar Tofiq Əhmədovun 90, respublikanın xalq artisti Barat Şəkinskayanın anadan olmasının 100 illiyi ilə bağlı yubileylərin dövlət səviyyəsində keçirilməsi qərara alınmışdır.

Hazırda respublikada muzey işinin dünya standartları səviyyəsinə çatdırılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, şəbəkəsinin genişləndirilməsi, mövcud muzeylərin yenidən qurulması, muzey fondlarının komplektləşdirilməsi, yeni muzey komplekslərinin yaradılması, kitabxana işinin yenidən qurulması, kitabxana-informasiya xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi, informasiya texnologiyalarından istifadənin miqyasının genişləndirilməsi, kitabxana fondlarının zənginləşdirilməsi, milli kino sənayesinin inkişaf etdirilməsi, mədəni irsin qorunması, tarix və mədəniyyət abidələrinin aşkar edilməsi, bərpası və mühafizəsi, ölkənin mədəniyyət obyektlərinin təmiri və yenidən qurulması, yeni mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsi və digər məsələlərlə bağlı genişmiqyaslı işlər görülmüşdür.

Dövlət qayğısı nəticəsində son 10 ildə mədəniyyət sahəsində böyük investisiya proqramları həyata keçirilmiş, bir sıra mədəniyyət ocaqları, mədəniyyət mərkəzləri təmir edilmişdir: 7 yeni teatr binası və konsert-tamaşa salonu, Beynəlxalq Muğam Mərkəzi tikilib istifadəyə verilmiş, Heydər Əliyev Sarayı, Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan  Dövlət Kukla Teatrı, Akademik Milli Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binaları əsaslı şəkildə təmir olunmuş, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin yeni binası tikilmişdir.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında" və "Müasir İncəsənət muzeyinin yaradılması haqqında" sərəncamlarından irəli gələn vəzifələr də uğurla həyata keçirilmişdir. Dövlət başçısının digər bir sərəncamı ilə yeni tikilməkdə olan Muğam Mərkəzi ilə üzbəüz ərazidə Xalça Muzeyi inşa olunmuşdur. 2013-cü ilin dekabrında muzeyin yeni binasının maddi-texniki təminatı haqqında ölkə Prezidenti sərəncam imzalamışdır. Həmin sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılmışdır.

Bu illər ərzində Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi mədəni irsinin qorunması da daim diqqət mərkəzində olmuşdur. Mədəniyyət və Turizm Nazirliyi dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasətindəki təcrübəsini nəzərə alaraq, Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirmişdir. Bundan başqa qeyri-maddi irsin bərpası, qorunması və hərtərəfli inkişafı ilə bağlı  Dövlət Proqramı  hazırlanmışdır.

"2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramı çərçivəsində keçirilən beynəlxalq səviyyəli tədbirlər də müsbət ənənəyə çevrilmişdir. 2014-cü ildə Qəbələ "Azərbaycanın əfsanələr paytaxtı",  Balakən "Azərbaycanın folklor  paytaxtı", Abşeron isə "Azərbaycanın sənətkarlıq paytaxtı" seçilmişdir. Bu il Qəbələ, Balakən və Abşeron rayonlarında nominasiyalara uyğun olaraq təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, "dəyirmi masa", konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və digər maraqlı tədbirlər təşkil olunmuşdur.

Azərbaycanda zəngin ənənələri olan kino sənətinin son illər inkişafa doğru meyillənməsi də məhz İlham Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlər sayəsində mümkün olmuşdur. Dövlət başçısı daim kino xadimlərinə xüsusi həssaslıqla yanaşır, onların müntəzəm olaraq fəxri adlar verir, Prezident təqaüdləri ilə təmin edir. Azərbaycan Prezidentinin imzaladığı "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamda isə istifadəsiz qalmış kinoteatrların yenidən qurulması, onların müasir avadanlıqlarla təchiz edilməsi, yeni filmlərin istehsalı, xarici şirkətlərlə müştərək filmlərin çəkilməsi və digər vacib məsələlər öz əksini tapmışdır. Bununla yanaşı, dövlət başçısının müvafiq sərəncamları ilə Azərbaycanda milli serialların çəkilməsi üçün dövlət büdcəsindən ölkə telekanallarına 5 milyon manat vəsait ayrılmış, eyni zamanda əcnəbi filmlərin Azərbaycan dilinə dublyaj olunması təmin edilmişdir.

Ötən ilin dekabrında "Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında ölkə Prezidenti xüsusi sərəncam imzalamışdır. Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni-mənəvi sərvətlər xəzinəsində "Kitabi-Dədə Qorqud" özünəməxsus layiqli yer tutur. Qəhrəmanlıq dolu keçmişimizi parlaq əks etdirən bu misilsiz və möhtəşəm sənət abidəsi milli varlığımızın özünüdəkində mühüm rol oynamışdır. Əcdadlarımız barəsində yaradılmış ən böyük və məşhur oğuznamələrdən ibarət "Kitabi-Dədə Qorqud" həm də ana dilimizin tükənməz ifadə imkanlarını özündə yaşadır. Azərbaycanın tarixi coğrafiyasını bütün genişliyi ilə əhatə edən monumental epos xalqımıza məxsus qədim adət-ənənələrin, ulu babalarımızın dünyagörüşünün, mənəvi aləminin və yüksək bədii zövqünün öyrənilməsində qiymətli mənbədir. 2015-ci ildə "Kitabi-Dədə Qorqud"un dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur. Ötən dövr ərzində abidənin tədqiqi istiqamətində çoxsaylı elmi araşdırmalar aparılmış, eposu təşkil edən boyların süjet və motivləri əsasında ədəbi əsərlər yazılmış, təsviri sənət nümunələri yaradılmışdır. 1975-ci ildə "Dədə Qorqud" boylarına həsr olunan iki seriyalı bədii film çəkilmiş, 2000-ci ildə isə abidənin 1300 illik yubileyi UNESCO xətti ilə beynəlxalq səviyyədə böyük təntənə ilə qeyd edilmişdir.

"Dədə Qorqud" dastanlarının azərbaycançılıq məfkurəsi baxımından müstəsna əhəmiyyəti, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz rolu  nəzərə alınaraq  ölkə rəhbərinin sərəncamı ilə çoxseriyalı bədii televiziya filmi üzərində işlərə başlanmışdır. Bu filmin çəkilişi ilə bağlı ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə  2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat  Fondundan ilkin olaraq  Mədəniyyət    Turizm  Nazirliyinə 1 milyon manat vəsait ayrılmışdır.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq bu gün Azərbaycan dünyada həm də mədəniyyətlərarası dialoq məkanı kimi tanınır. "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında 2013-cü ilin 29 may - 1 iyun tarixlərində Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bunun əyani sübutu olmuşdur.  Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etmişlər.

Forumun açılış mərasimindən əvvəl  -  mayın 29-da Dənizkənarı Milli Parkda Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə Ümumdünya Mədəni Müxtəliflik Gününə həsr olunmuş "Mədəni müxtəliflik üçün nəsə et" qlobal kampaniyasının kulminasiya tədbiri keçirilmişdir. Həmin tədbir çərçivəsində Azərbaycanın təşəbbüsü ilə "5 A - Mədəniyyətlərarası Əməkdaşlıq Platforması" çərçivəsində hər qitədən mədəni müxtəlifliyi təbliğ edən bir layihənin təqdimatı olmuşdur. BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən Bakı Forumu üçün elan edilən şüarlar müsabiqəsinə və "Mədəni müxtəliflik üçün nəsə et" qlobal kampaniyasına sosial şəbəkələrdə qısa müddətdə bir milyondan çox insan qoşulmuşdur.

Forum çərçivəsində bir çox mövzularda müxtəlif sessiyalar, dünyada ilk dəfə mədəniyyət və turizm sahələrinə məsul olan nazirlərin 1-ci konfransı, Avropa, Amerikaİslam dünyasında ictimaisiyasi sahədə fəal olan BMT-nin İnkişaf edən Liderlər proqramı üzvlərinin birinci Məzunlar sammiti kimi qlobal əhəmiyyətə malik tədbirlər təşkil olunmuşdur. Ümumilikdə 4 gün ərzində Forum çərçivəsində 29 tədbir keçirilmişdir.

Forumda əldə olunmuş razılığa əsasən, 2013-cü ilin dekabrında Bakıda Azərbaycanın sədrliyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin VIII Sessiyası və Qeyri-maddi mədəni irs üzrə Konvensiyanın 10 illik yubiley keçirilmişdir.

Azərbaycan mədəniyyətinin inkişafında, onun dünyaya tanıdılmasında, təbliğində, dünya mədəniyyətinə inteqrasiyasında Heydər Əliyev Fondununonun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri vardır. Məhz bu fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan muğamı bəşəriyyətin şifahiqeyri-maddi şah əsərləri siyahısına, Azərbaycan aşıq sənəti, milli bayramımız olan Novruz bayramı, Azərbaycanın ənənəvi xalçaçılıq sənəti, habelə tar ifaçılığı sənəti UNESCO-nun bəşəriyyətin qeyri-maddi irs üzrə reprezentativ siyahısına daxil edilmişdir. Son illərdə Heydər Əliyev Fondunun xəttilə Moskvada Azərbaycanın görkəmli mütəfəkkiri Mirzə Fətəli Axundzadənin abidəsinin açılışı olub, Bakıda Beynəlxalq Rostropoviç Musiqi Festivalları keçirilib, Fransada "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində  "Azərbaycan günləri" adı altında silsilə tədbirlər təşkil edilib, Miluz şəhərinin "Sin" teatrında Azərbaycan Dövlət Xalq İnstrumental Musiqi Ansamblının konserti olub. Moskvada,  Romada, Vyanada, Parisdə "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgiləri açılıb, Fransanın Lion şəhərində Azərbaycan muğamı gecəsi, Londonda "YARAT!" Müasir İncəsənət Məkanının sərgisi keçirilib, Bakıda "Azərbaycan ailəsi" beşinci film festivalı, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində Vaqif Mustafazadənin həyat və yaradıcılığına həsr olunmuş musiqi albomu nəşr edilib, "Eurovision Bakıda" filminin və kitabının təqdimat mərasimi olub, Kann şəhərində "Arşın mal alan" filmi nümayiş etdirilib, Qəbələdə Beynəlxalq Musiqi festivalları təşkil edilib, UNESCO-da azərbaycanlı mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr edilmiş beynəlxalq simpozium, Parisdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin  həyat və yaradıcılığına və  Azərbaycan şairi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş sərgilər nümayiş etdirilib. Bu il fevralın 27-də Parisdə görkəmli rəssam, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Salahovun "Əsrlərin qovuşuğunda" adlı fərdi sərgisi açılıb.

Ümumilikdə, ölkə rəhbərinin 10 illik fəaliyyəti dövründə milli mədəniyyət infrastrukturunun formalaşdırılması, bu sahəyə dövlət səviyyəsində diqqət və qayğının artırılması məsələsi prioritetlik təşkil edir. Bütün bunlar isə  Azərbaycanda ictimai mühitin saflaşdırılmasına, mədəni-mənəvi dəyərlərin total şüurda möhkəmlənməsinə xidmət edir. Ən əsası, bir vaxtlar üzləşdiyi tənəzzül mərhələsini çoxdan geridə qoymuş Azərbaycan mədəniyyəti artıq özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2014.- 15 aprel.- S.11.