Azərbaycan Prezidenti İlham Əliyevin İrana
səfəri ikitərəfli əlaqələrin və regional əməkdaşlığın
inkişafı baxımından mühüm
əhəmiyyətə malikdir
Azərbaycan
Prezidenti İlham Əliyevin İrana səfəri iki ölkə
arasında əlaqələrin və regional əməkdaşlığın
inkişafı baxımından mühüm əhəmiyyətə
malikdir.
AzərTAc
xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı
səfiri Möhsün Pakayin Prezident İlham Əliyevin İrana
səfərinin nəticələri ilə bağlı
keçirdiyi mətbuat konfransında demişdir.
Səfərin əhəmiyyətindən danışan M.Pakayin Prezident İlham Əliyevin iranlı həmkarı Həsən Ruhani və ölkənin Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşlərində aparılmış hərtərəfli müzakirələrin önəmini vurğulamışdır. Diplomat, həmçinin səfər zamanı Azərbaycan ilə İran arasında imzalanmış sənədlərin əhəmiyyətini qeyd etmişdir. Bildirilmişdir ki, bu sənədlərdən biri də “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş”dir. Həmin stansiyaların tikilməsi iki ölkənin elektrik enerjisinə tələbatı təmin etməklə yanaşı, Araz çayının suyunun səmərəli istifadəsinə də zəmin yaradacaqdır.
Ölkələrimiz arasında əlaqələrin inkişafında hökumətlərarası komissiyanın fəaliyyətini qeyd edən səfir bildirmişdir ki, bu quruma hər iki tərəfdən yeni sədrlərin təyin edilməsi komissiyanın fəaliyyətində dönüş yaradacaq və onun işinin sürətlənməsinə səbəb olacaqdır. Komissiya işə başlayandan sonra iki ölkə arasında energetika, turizm və digər sahələrdə əməkdaşlıq daha da möhkəmləndiriləcəkdir.
Diqqətə çatdırılmışdır ki, hər iki ölkənin əməkdaşlığı həm də regional təhlükəsizliyin təmini baxımından önəmlidir. Buna görə də səfər zamanı keçirilən görüşlərdə bölgədəki sabitlik naminə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir bildirmişdir
ki, İran Prezidenti Həsən Ruhani
bu problemin ədalətli
şəkildə, beynəlxalq hüquq
normaları çərçivəsində həllinin vacibliyini vurğulamışdır.
Azərbaycan.-2014.- 15 aprel.- S.6.